ŞƏRƏFLƏ YAŞANMIŞ ÖMÜR

 

Vaqif Əlinin 70 yaşına

 

 

 

Hər bir insan övladının həyatda öz ömür yolu, tale qisməti olur. Dünyanın qəza-qədərinə baş əyməyənlər, yaşanan ömrə bir tanrı lütfü kimi baxanlar həmişə, hər yerdə istəklərinə nail olmağı və həyatdan kam almağı bacarırlar. Ömür şərəflə yaşananda, göz-könül tox olanda, nəfsə hakimlik eləməyi bacaranda həyatın mənası daha çox artır. Bu, həm də insan ömrünün dəyərini, qiymətini şərtləndirir.

 

Belə dəyərli şəxsiyyətlərdən biri də gözəl ziyalı, ömrünün uzun illərini pedaqoji fəaliyyətə sərf etmişeyni zamanda səmimi söz adamı, gözəl poetik nümunələrin müəllifi kimi tanınan şair Vaqif Əlidir. O, 70 il bundan qabaq qədim oğuz tayfalarının məskəni olan Ağstafa rayonunun Tatlı kəndində dünyaya göz açıb. Atası Əli kişi Böyük Vətən müharibəsində alman faşistlərinə qarşı qanlı döyüşlərdə igidliklə döyüşərək yaralanmışdı. Buna baxmaraq Əli kişi on nəfərdən ibarət olan böyük bir ailəni öz halal zəhməti ilə dolandırmağı bacardı. Ailənin ikinci övladı olan Vaqifin doğulduğu torpaq tarixən sözə, seirə, saza xüsusi münasibətilə seçilib. Burada doğulan hər bir körpənin beşiyi başında saz çalınıb, söz qoşulub həmişə. Mayası sözdən, şeirdən tutulan insanların isə içində yaşayan bu müqəddəs sevgiilahi hisslər, bir ömür boyu onların ruhunu oxşayır, yol yoldaşı olur, Təsadüfi deyil ki, böyük Səməd Vurğun bu yerləri nəzərdə tutaraq –Şairlər vətəni bizim tərəflər.-deyirdi. Belə bir məkanda doğulub pərvazlanmışdı Vaqif Əli. Hələ lap uşaqlığından qarış-qarış dolaşdığı Həsənsu bölgəsinin hər bir cığırında, dolayında izi qalmışdı onun. Orta məktəbdə də biliyi, bacarığı və çalışqan olmasına görə yaşıdlarından . sinif yoldaşlarından fərqlənirdi. Onunla bir yerdə Tatlı məktəbində təhsil almış sinif yoldaşları xatırlayır ki, Vaqif sinifdə ən yaxşı oxuyan şagird olub. Müəllimlər belə bir şey lazım olanda çox vaxt ondan soruşurmuş. Elə sinif yoldaşları da dərslərdən başa düşmədiklərini- məsələ, misal, tapşırıq və cümlələri də ondan öyrənirmişlər. O, həm də lap uşaqlıqdan zəhmətkeş olub. Heç bir işdən qorxub çəkinməzmiş. İdman yarışlarında həvəslə iştirak edər, ictimai işlərdə də yoldaşlarına nümunə olarmış. Amma əsas diqqətini oxumağa, öyrənməyə yönəldərdi. Əlinə keçdiyi ədəbiyyat kitablarıni acgözlüklə oxuyar, yaddaşına həkk edərdi.

 

Orta məktəbi bitirəndən sonra Gəncə Pedaqoji İnstitutuna mnüvəffəqiyyətlə imtahan verərək tarix-filologiya fakültəsinə daxil olur. Orta məktəbdən əxz etdiyi vərdişlərini burada da davam etdirir. Qaynar həyat eşqicoşqunluğu ilə dolu olan tələbəlik illəri də sanki quşun qanadında uçub gedir. 1967-ci ildə institutu başa vuran Vaqif müəllim öz doğma kəndinə-Tatlıya qayıdaraq müəllimlik fəaliyyətinə başlayır. Aydın məsələdir ki, müəllim sənəti ən müdəddəs və ülvi bir sənət kimi həmişə böyük hörmətə layıq olub. Amma bu sənəti də dəyərə mindirən, nüfuzunu qaldıran müəllim xüsusi hörmət sahibi kimi cəmiyyətdə qəbul olunur. Vaqif müəllim də məhz belə azsaylı pedaqoqlardan biri kimi onilliklər boyu gənc nəslə örnək olaraq onların təlim-tərbiyəsinin keşiyində dayanıb. Bu illər ərzində saysız-hesabsız şagirdə yüksək səviyyədə təlim keçən Vaqif müəllim, onların gələcək həyat yolunun formalaşmasına da əhəmiyyətli təsir göstərib.Tatlı məktəbində tarix-ədəbiyyat müəllimi olmaqla yanaşı, müxtəlif vaxtlarda təşkilatçı müavin, təlim-tərbiyə işləri üzrə direktor müavini, şagird-istehsalat briqadasının rəhbəri vəzifələrini daşıyıb. Vaqif müəllim, şagirlərini təkcə elmin, biliklərin yoluna çıxarmaqla kifayətlənməyib, həm də onları düz yola çəkib, halal zəhmətlə dolanmağı, doğma vətəni ürəkdən, candan artıq sevməyi öyrədib. Təsadüfi deyildi ki, o vaxtın şagirdləri səxavətdə,səmimiyyətdə, ürəyiyumşaqlıqda, güzəştə getməkdə və halallıqda öz sevimli müəllimləri olan Vaqif müəllimə bənzəməyə çalışıblar. O, təcrübəli bir pedaqoq kimi daima öz həmkarlarına da qiymətli tövsiyələrini , məsləhətlərini verib. Vaqif müəllim nüfuzlu bir təhsil işçisi olaraq dəfələrlə respublika müəllimlər qurultayının nümayəndəsi olub. Çoxillik səmərəli pedaqoji fəaliyyətinə görə " Ali kateqoriyalı müəllim” adına da layiq görülüb.

 

2000-ci ildə yüksək ixtisaslı və nüfuzlu bir təhsil işçisi kimi pedaqoji fəaliyyətini başa vuraraq təqaüdə çıxsa da, heç vaxt məktəbdən ayrılmır, vaxt tapan kimi gəlib müəllimlərlə görüşür. Hər gəlişində də məktəbdəki vəziyyətlə maraqlanır, öz dəyərli məsləhətlərini verir. Vaqif müəllim bir xeyriyyəçi kimi məktəbin ehtiyaclarının ödənilməsi üçün əlindən gələni də heç vaxt əsirgəmir.

 

Bu sadaladıqlarımız öz işinin pərvanəsi və ustadı olan bir müəllim kimi Vaqif müəllimin ömür yolu fraqmentlərinin azacıq bir hissəsidir. Hansı yaşdaharada olmasından asılı olmayaraq Vaqif müəllimin içində həmişə bir yanğı, bir istək dolaşıb – şeirə, poeziyaya tükənməz sevgi... Və bu sevgi onu sənətin geniş üfüqlərinə pərvazlandırıb. Uzun illər bədii yaradıcılıqla məşğul olaraq, bir-birindən səmimi, maraqlı poeziya nümunələri yaradıb. Dövri mətbuatda, müxtəlif dərgilərdə şeirləri işıq üzü görüb. Vaqif Əli imzası ilə tanınan şairin şeirləri dillərdə dolaşaraq el məclislərini bəzəyib. Xanəndələr onun şeirlərini muğamat üstündə zilə çəkiblər. Aşıqlar qara sazlarını sinələrinə basıb, onun qoşmalarını, gəraylılarını oxuyub. Qazax kimi böyük ədəbi ənənələri olan köklü bir saz-söz beşiyində onu ayrıca ahəngi,toxunulmaz mövqeyi var. Bütün bunlar isə heç kimə elə də asan gəlməsin. Belə bir şeir-sənət ocağındqa isə yalnız allahın bəxş etdiyi istedad sayəsində üzə çıxmaq, ayaqda qalmaq mümkün olan işdir. Qazax ədəbi mühitində adı hörmətlə anılan Vaqif Əlinin indiyəcən 7 kitabı işıq üzü görüb. Müxtəlif təltiflərə layıq görülüb, " Qızıl qələm” mükafatçısıdır. 2008-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şairin yaradıcılığı çoxşaxəlidir, geniş mövzuları əhatə edir. Müxtəlif janrlarda, həm də çeşidli üslublarda qələmini sınayan şairin yazdığı əsərlər onu əhatə edən həyatın demək olar ki, əksər sahələrini əhatə edir. Mövzuları isə xeyli çoxdur: vətənpərvərlik, vətənə tükənməz sevgi, el - oba, torpaq təəssübkeşliyi, ana təbiətə bağlılıq, ataya, anaya məhəbbət və hörmət, halallıq, inam, sədaqət, etibar və.s...Nədən yazmasından, hansı mövzuya müraciət etməsindən asılı olmayaraq Vaqif Əlinin bütün yaradıcılığını oluşduran bir məqam var - səmimiyyət və ürəkdən gələn hisslər... Qələmə aldığı hər misranın şairin içindən gəldiyi ilk andaca hiss olunur. Həm də hər bir şeirində şair öz əqidəsinə sadıqliyi ilə seçilir. Vaqif Əlinin, xüsusilə son dövr yaradıcılığına nəzər salanda şeirlərinin kamil bir insan, dünyagörmüş ağsaqqal tərəfindən yazıldığını duymaq olur.

 

Vaqif Əli gözəl lirik şeirlərlə yanaşı maraqlı poemalar da qələmə alıb. Onun öz məşhur yerlisi, Azərbaycanın görkəmli şəxsiyyətlərindən biri , ölkəmizdə meşə təsərrüfatının böyük təşkilatçısı olmuş Sosialist Əməyi Qəhrəmanı Mehdi Mustafayevə həsr olunan " Təbiət vurğunu” və başqa bir zəhmətkeş eloğlusu, eyni qəhrəman titulunun sahibi olan üzümçü briqadir Fərzalı Abbasovdan bəhs edən " Zəhmətlə ucalan insan” poemalarını xüsusilə qeyd etmək olar. Hər iki əsər öz-özlüyündə zəhmət adamlarına şəninə yazılan bir səmimiyyət dastanını xatırladır. Əsərlərin hər ikisində namuslu əmək və ağır zəhmətlə qazanılan əsl el məhəbbəti poeziyanın diliylə , həm də ustalıqla tərənnüm edilib.

 

Amma təbii ki, Vaqif Əlinin yaradıcılığının əsas mayasını müxtəlif mövzularda qələmə aldığı lirik , fəlsəfi şeirlər təşkil edir. Bu şeirlərin mayası isə ənənəvi Qazax şeir məktəbinin havasından yoğrulub:

 

Akif Səməd suyu duru çeşmədi,

 

Şeirləri bir-birindən seçmədi.

 

Qəlbləri oxşadı, dildən düşmədi-

 

İlhama gətirmiş İncə dərəsi.

 

Məmməd İlqar şeir-sənət dünyası,

 

Bu sirli obanın qeyrət qalası.

 

Onunla fəxr edir eli-obası-

 

Ürəkdən sevirmiş İncə dərəsi.

 

Yaxud başqa bir şeirindəki misralara nəzər salaq:

 

Şükür olsun Yaradana,

 

Vaqif heyran bu dövrana.

 

Keçmişləri ana-ana,

 

Çal, ay aşıq, gələk cuşa –

 

Bu gün, layıqdi alqışa.

 

Vaqif Əlinin Vətən ünvanlı şeirlərində əsl el-oba adamının səmimi hissləri və torpaq sevgisi ustalıqla öz ifadəsini tapır:

 

Düşmən tapdağında torpaqlarımız,

 

Ayaqlar altında qalıb, ey Vətən.

 

Bizdən ümid uman oylaqlarımız

 

Yad əldə saralıb, solub, ey Vətən.

 

Beləcə, həm yüksək səviyyəli bir müəllim, həm də səmimi bir şair ömrü yaşayıb Vaqif müəllim. Onun ən böyük əsəri isə heç şübhəsiz ki, doğma ailəsi və boya-başa gətirdiyi gözəl balalarıdır. Bu gün onun övladları , öz atalarına görə hər yerdə böyük iftixar hissi ilə əllərini ürəklərinin üstünə qoyub gəzirlər. Elə əzizimiz Vaqif Əli də ömrünün bu çağında – yaşadığı ömür yoluna nəzər salıb, arxada qalan illərinə baxanda heç şübhəsiz ki, qürur hissi keçirir. Dünyada halallıqla və zəhmətlə yaşamaqdan şərəfli nə ola bilər ki?

 

70 yaşınız mübarək, Vaqif Əli!

 

 

Ehtiram

Şərq.- 2015.- 21 oktyabr.- S.14.