“VIŞKA” AZƏRBAYCAN MƏTBUATININ ƏN QOCAMANIDIR

 

Bu qəzet oxucularını hələ də qoruyub saxlayır

 

 

Azərbaycanın mətbuat tarixində xüsusi yeri olan qəzetlərdən biri də "Vışka”dır. Yarandığı gündən bu qəzetin səhifələrində Azərbaycan tarixini, mədəniyyətini, incəsənətini, xüsusi ilə neft tarixini əks etdirən maraqlı yazılar dərc edilib. Azərbaycanda siyasi, ictimai, iqtisadi, sosial vəziyyət həmişə eyni olmayıb. Ancaq heç nəyə baxmayaraq, "Vışka” fəaliyyətini davam etdirib. "Vışka”çılar onu yarı yolda buraxmayıb, bu qəzetin yaşaması üçün əllərindən gələni əsirgəməyiblər.

 

1927-ci ilin mayında "Bakinski raboçi” qəzetində verilmiş bir məqalədə sübut edilirdi ki, yeni çap orqanının yaradılmasına ehtiyac var. Tezliklə bu istiqamətdə işlər görülüb, yeni qəzetin nəşrinə hazırlıqlara başlanılıb. 1928-ci ilin 4 yanvarından 8 fevralınadək bir sıra vacib məsələlər barədə müzakirələr, məsləhətləşmələr aparılıb. Gələcək nəşrin istiqaməti, məqsədi, tirajı, formatı, dövriliyi müəyyən edilib. Bu məsələlər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin 11 və 16 saylı tarixi protokollarında əks olunur.

 

Yeni qəzetin necə adlandırılması ilə bağlı müxtəlif fikirlər səsləndirilib. Hesab olunurdu ki, bu mətbuat orqanı oxucularına ilk sözü öz adı ilə deməlidir. Adı onun qayəsini, istiqamətini, məqsədini əks etdirməlidir. Oxuculara təqdim olunacaq qəzet ilk növbədə neft-qaz sənayesini, bu sahədə çalışan insanların həyatını, arzularını, problemlərini işıqlandırmalı idi. Ona veriləcək ad da bunlara uyğun olmalı idi: "Qazmaçı”, "Neft üçün”, "Vışka”... Bunların hər biri məqsədə müvafiq, Azərbaycanın zəngin təbii yeraltı sərvətləri, "qara qızıl”ı ilə bağlı idi. Müzakirələr, məsləhətləşmələr aparılıb və nəhayət, sonunda "Vışka” adının üzərində dayanıblar. 1928-ci il martın 1-də qəzetin ilk sayı dərc olunub.

 

Redaksiya heyəti 10 nəfərdən ibarət olub. Qəzetin iki redaktoru: Mixail LifşitsBoris Barxaşov, Bakı Sovetindən Frenkin, Kooperasiyadan Piterski, Həmkarlar İttifaqından Qutin...

 

Redaksiya heyətinin çox hissəsi isə fəhlə-müxbirlərdən ibarət olub. İlk sayında qəzetin redaksiyasının yerləşdiyi ünvan belə qeyd olunub: Azərbaycan prospekti 7.

 

1928-ci ilin 1 mart səhəri "Vışka” adlı qəzet köşklərdə görünüb. 15 min tirajla işıq üzü görən yeni qəzetin ilk sayı mətbəə rəngi qurumamış əllərdə gəzdi. Qəzetin ikinci sayı 20 min, üçüncü sayı isə 25 min tirajla oxuculara təqdim olundu. 1929-cu ildə artıq "Vışka” 45 min tirajla çıxarılıb.

 

İlk saylarından qəzetin mövzu dairəsi geniş olub. "Vışka” öz oxucularına istər ölkə daxilində, istərsə də xaricdə baş verən ən yeni, mühüm xəbərləri çatdırıb. Onun səhifələrində məhkəmə xronikası da verilir, sosial həyatdakı çatışmazlıqlar da qeyd olunub, problemlər tənqid, müsbət cəhətlər nümunə kimi göstərilərək təbliğ edilib. Amma əlbəttə ki, "Vışka” bir mətbuat orqanı kimi üzərinə götürdüyü vəzifəyə uyğun olaraq ilk növbədə neft-qaz sənayesinin keçmişini, o illərini və gələcəyini əks etdirən yazılara üstünlük verib. Fəaliyyətinin başlanğıcından qəzet çalışıb ki, Bakı fəhlələrinə, xüsusilə, neftçilərə "Qara qızıl” adlanan sərvətin dəyərini, Vətənin xilası üçün onun nə qədər əhəmiyyətli olduğunu izah etsin.

 

"Vışka” yalnız gündəlik həmsöhbət, xəbərlər verən qəzet deyil, həm də öz oxucularına köməkçi olmaq istəyirdi və demək olar ki, buna nail ola bilib. Bütün bunlar "Vışka”çıların daim yenilik axtarışları, yorulmaz əməyi, səyi nəticəsində reallaşıb. Qəzetin əməkdaşları neft-qaz sənayesi müəssisələrindən hazırladıqları materialları dərc etdirməklə işlərini bitmiş hesab etmirdilər. Bu fəhlə qəzetinin fəaliyyətinə neftçilər arasında müəyyən təbliğat, maarifləndirmə aparmaq da daxil idi. Neft müəssisələrində çalışan fəhlələrin fəallığını artırmaq üçün "Vışka”nın yaradıcı heyəti toplantılar keçirir, qəzetin oxucularının bütün suallarına cavab verən məlumat bürosu yaratdılar.

 

Jurnalist peşəkarlığı ilə hazırlanan materiallar "Vışka”nın səhifələrində qəzetçilik məharəti ilə yerləşdirilib. Qəzetin rəhbərləri və əməkdaşları öz oxucularını yormamaq, usandırmamaq üçün daim yeni ideyalar, rubrikalar düşünüblər. "Vışka”nın iki səhifəsi hekayələr, elmi-texniki yeniliklər, müxtəlif xəbərlər, müsabiqələrin keçirilməsinə ayrılıb.

 

"Vışka” neftçilərlə...

 

"Vışka” qəzeti sovet hakimiyyəti illərində Azərbaycan neft-qaz sənayesi ilə, bu sahədə çalışan insanlarla bir addımlayırdı. 1930-cu ilin əvvəllərində Bakı fəhlələri beşillik planı yerinə yetirmək uğrunda yarışırdılar. Beşillik planın qısa müddətdə yerinə yetirilməsi üçün neftçilər üzərlərinə düşəndən qat-qat artıq işlər görüblər. "Vışka”çılar isə, demək olar ki, daim onların yanlarında idilər. "Vışka”nın müxbirləri tez-tez zavodlarda olurdular. Redaksiya səfərlər təşkil edir, reydlər keçirirdi.

 

1931-ci ilin 1 aprelində neftçilər beşillik planı iki il yarıma yerinə yetirdikləri barədə raport veriblər. "Vışka” bu xəbəri böyük ruh yüksəkliyi ilə oxuculara çatdırdı. O illərdə təkcə Azərbaycanda deyil, Sovet İttifaqının digər respublikalarında da fəhlə qəzetləri buraxılıb. Onlar da "Vışka”nın səsinə səs verir, bütün dünyaya Azərbaycan əməkçilərinin qəhrəmanlıqları haqqında xəbərlər yayılıb. Hətta xarici ölkələrin qəzetləri də bu xəbərə biganə qalmırdılar. Almaniyadan "Vışka”ya belə bir teleqram gəlmişdi: "Sizin qələbəniz bizi böyük yüksəlişə ruhlandırır”.

 

1931-ci ilin avqustunda Bakı fəhlələrinin yarışına "Qırmızı Əmək Bayrağı” ordeni ilə nöqtə qoyulub. Onların qazandıqları uğurda "Vışka”çıların da əməyi var idi.

 

"Vışka” bir sıra təşəbbüslərlə çıxış edib. Qəzetin təşəbbüsü ilə Bakı fəhlələri ilə Donbas mədənçiləri yarışıblar. 1933-cü il martın sonunda fəhlələrdən ibarət heyətlə "Vışka” qəzetinin bir qrup əməkdaşı Donbas şaxtaçılarının görüşünə gediblər. Bir müddət sonra "Koçeqarka” qəzetinin rəhbəri Nikolay İzotov "Vışka” qəzetinin yubileyində iştirak etmək üçün Bakıya gəlib.

 

Sovet hakimiyyəti dövründə böyük əhəmiyyət verilən növbəti beşilliklərdə də Azərbaycan neftçiləri gərgin çalışıblar. Beşilliklər Sovet Azərbaycanına mükafatlar, tərifnamələr gətirib. "Vışka” qəzetinin əməkdaşları da bu yarışmalarda müxtəlif janrlarda qələmə aldıqları yazıları ilə iştirak ediblər.

 

1937-ci ildən 1938-ci ilədək "Vışka”nın redaktoru təcrübəli elmi işçi, görkəmli siyasi xadim A.Qindin olub.

1939-cu ilin martında "Vışka” qəzetini "Bakinski raboçi” qəzeti ilə birləşdiriblər. Bir il sonra - 1940-cı ilin 1 fevralında "Vışka” qəzeti yenidən müstəqil nəşr olunmağa başlayıb və qəzet 40 min tirajla işıq üzü görüb.

 

Müharibələrdən çıxan "Vışka”

 

1941-ci ilin 22 iyununda Böyük Vətən müharibəsi başlayıb və "Vışka” qəzetinin də çox əməkdaşı öz geyimlərini hərbi formaya dəyişiblər. "Vışka”çılar müharibənin davam etdiyi ağır günlərində nəşr etdikləri qəzetin hava, su kimi döyüşçülərə lazım olduğunu düşünür, daha böyük əzmkarlıqla çalışırdılar. Müharibə günlərində "Vışka” qəzeti öz oxucularından ayrılmadı. Digər mətbuat orqanlarımız kimi onun da üzərinə mühüm vəzifələr düşürdü. Böyük qələbəyə ümidlər yaradılmalı idi. Qəzetin redaksiyasında isə gərgin gedir, yeni rubrikalar yaradılır, həmin rubrikalarda dərc olunan yazılarda vətənpərvərlik hissləri əks olunub.

 

Əmək cəbhəsində də "Vışka” qəzeti bir mətbuat orqanı kimi ön sıralarda idi. O illərin çağırış şüarı bu idi: "Hər şey cəbhə üçün, hər şey düşmən üzərində qələbə üçün!”. "Vışka” da bu şüarı öz qayəsinə çevirmişdi. Müharibənin ilk ilinin bir neçə ayı ərzində qəzetin səhifəsində 20-yə yaxın neft briqadasının necə işlədiyindən bəhs olunan məqalələr verildi. O dövrdə Bakı neftçiləri əsl qəhrəmanlıqlar göstərirdilər. İşçi qüvvəsi azalmış, bir çoxları cəbhəyə yollanmışdı. Buna baxmayaraq, Azərbaycan neft sənayesində işlər ləngimirdi. Yeni neft quyuları qazılır, buruqlar qurulub.

 

"Vışka” Qarabağ müharibəsi zamanı da millətin acısını səhifələrində işıqlandırmağa çalışıb. Nəzərə alsaq ki, "Vışka” o mətbuat orqanlarından idi ki, birbaşa dövlətin başında olanların qanunları çərçivəsində fəaliyyət göstərməliydi və hələ sovet dövləti dağılmamışdı, onda belə bir çətin məqamda milli dəyərlərə önəm vermək, Qarabağ müharibəsinin həqiqətlərindən yazmaq, Qərbi Azərbaycandan köç düşənlərin, doğma yurd-yuvalarından qovulan minlərlə soydaşımızın dərdini mətbuat vasitəsilə çatdırmaq heçasan deyildi. Daha sonralar isə qəzet Qarabağda gedən qızğın müharibələrdən reportajlar hazırlayıb. Müharibənin ən gərgin məqamlarından xüsusi buraxılışlarla çıxış edib. Bu isə o zamanlar üçün qəhrəmanlıq demək idi. Vaxtı ilə, yəni Sovet rejimində "Vışka” qəzetinin demək olar ki, yaradıcı heyətinin böyük əksəriyyətini ermənilər, ruslar, yəhudilər təşkil edib. Təxminən 90 nəfər işçidən ibarət olan gündəlik siyasi qəzetdə cəmi 4-5 azərbaycanlı çalışırdı və məhz bu azərbaycanlı yazarlar sayəsində "Vışka” Qarabağ həqiqətlərini cəmiyyətə çatdırmağa çalışıb. Müasir elektron mediasının, informasiya rəqabətinin çoxaldığı dönəmdə belə, "Vışka” qəzeti oxucularını hələ də qoruyub saxlayır. Qəzet bu günə qədər yaşayırsa, burada çalışan hər bir jurnalistin əməyinin nəticəsidir.

 

Şəymən

Şərq.- 2015.-24 oktyabr.- S.11.