20 YANVARI NECƏ TƏQDİM
ETMƏLİYİK?
Zahid Oruc: “Mən
artıq qaboyun səsini eşitmək istəmirəm”
Elşad Miri: "20 Yanvar
uşaqlara, gənclərə
qəhrəmanlıq günü
kimi aşılanmalıdır"
1990-cı il 20 Yanvar günü Azərbaycan öz müstəqilliyini ortaya qoyub. Həmin gün həlak olan insanlar bizim istiqlal şəhidlərimizdir. Hadisədən 25 il ötməsinə rəğmən biz hələ də bu hadisəni təqdim etməyin yolunu tapa bilməmişik. Cəmiyyətdə "20 Yanvar” faciəsini bir qrup insanlar şərəf günü, digər bir qrup insanlar isə faciə günü kimi adlandırırlar.
Halbuki 20 Yanvar təkcə yüzlərlə insanı itirdiyimiz gün yox, həm də mübarizə, müstəqillik tarixinin önəmli bir hissəsidir. Amma həmin gün efirdə ağlaşmalar, matəm mahnıları ilə müharibə filmləri verilir. Hər il təkrar-təkrar nümayiş olunan kadrlar isə hadisəni insanların gözündə sadəcə adiləşdirir. Təkcə televiziyalar deyil, idarə, müəssisələr, orta və ali məktəblərdə təşkil olunan tədbirlərdə də matəm ab-havası üstünlük təşkil edir. Amma bu cür təqdimat hadisənin əsl mahiyyətini kölgədə qoyur, onun mübarizə tarixi olduğunu unutdurur.
20 Yanvarın necə təqdim edilməsinə dair əlaqə saxladığımız müsahiblər
Millət vəkili Zahid Oruc matəm mahnıları, faciə üslubunun insanların təfəkküründə ağır izlər qoyduğunu bildirib. Onun sözlərinə görə, 20 Yanvar hadisələri də bir çox hisslərin, mübarizə əzminin nüvəsində baş verib: "Mübarizə aparmayanların qanı tökülmür. Hər bir millətin tarixində mübarizə tarixi var. Həmin hadisələri gələcək nəsillərə çatdırmaq üçün hansı üsulların seçilməsi çox önəmlidir. Bəzi xalqlar öz məğlubiyyətlərini gələcək nəsillərə elə çatdırırlar ki, bu, gələcəkdə məğlubiyyət doğurmasın.
Mən artıq qaboyun səsini eşitmək istəmirəm. Düzdür, milli musiqi aləti kimi çox dəyərlidir. Amma 20 Yanvar-matəm ruhu, faciə üslubu, insan təfəkküründə ağır iz qoyur. Ancaq həmin gün elə təqdim olunmalıdır ki, insanlarda nikbin həyat motivləri, qəhrəmanlıq hissləri gələcəyə inam düşüncələri formalaşdırsın. Bunun üçün həm yeni filmlər çəkmək, həmin hadisələrin iştirakçıları ilə görüşlər təşkil etmək olar. Bundan başqa gənclər hadisələri sadəcə xəritə, tarix dərslərindən öyrənməməlidir. Çünki 20 Yanvar müstəqilliyə gedən yolun qapısıdır”.
"Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı isə bildirib ki, həmin gün şəhid olanların qəhrəmanlığı bir dastan olaraq, tariximizin ən şərəfli yerində olmalıdır: "Əlbəttə, bu günün böyük bir matəm olduğunu heç kim inkar etmir. Amma bir şey anlaşılmalıdır ki, o şəhidlər müstəqillik uğrunda canlarını fəda ediblər. Bizə müstəqil dövlət qazandırmaq üçün şəhid olublar. Bu həm də gənclərin örnək götürəcəyi, fəxr edəcəyi bir qəhrəmanlıq dastanıdır. O şəhidlərin hər biri haqda filmlər çəkmək, kitablar yazmaq, bu qəhrəmanlığın təbliğində başqa yollar tapmaq olar”.
İlahiyyatçı Elşad Miri hər hansı günün matəm kimi qeyd olunmasının islamda qəbul edilmədiyini deyib: "İlkin dövrlərdə müsəlmanların ən böyük dəstəkçilərinin öldükləri il hüzn ili kimi qeyd olunurdu. Peyğəmbər Məkkədən Mədinəyə köçəndən, islamla bağlı qaydalar dəqiqləşəndən sonra matəm mərasimləri heç zaman keçirilməyib. Bədr, Uhud döyüşlərində yüzlərlə şəhid verilib. Amma onlar üçün heç vaxt yas saxlanmayıb. Hər hansı günün matəm kimi qeyd olunması islam dininin mahiyyətinə ziddir. 20 Yanvar məsələsinə gəldikdə isə bu gün uşaqlara, gənclərə qəhrəmanlıq günü kimi aşılanmalıdır. Mən də belə edirəm.
Müstəqilliyimizin əldə olunmasında rolu olan şəxslər pessimist, ruh düşkünlüyü yaradacaq formada təqdim edilməməlidir. Ola bilər ki, həmin şəxslərin yaxınları üçün matəm günüdür. Amma qəhrəmanlıq tarixini matəm kimi qeyd etmək düzgün deyil”.
Şəymən
Şərq.-2015.-
14 yanvar.- S.6.