110 YAŞLI “MOLLA NƏSRƏDDİN”

Qərənfil Dünyaminqızı: “Mirzə Cəlilin bu xalq üçün etdikləri yüz ildir göz önündədir”

1906-cı ilin 7 aprelindən, yəni "Molla Nəsrəddin” jurnalının yaranmasından tam 110 il ötür. Azərbaycan jurnalistikası tarixində çox mühüm yer tutan məktəblərdən biri olaraq həmin jurnalonun yubileyi münasibətilə Bakı Dövlət Universiteti mətbuat tarixiideoloji metodları kafedrasının dosenti, Əməkdar jurnalist Qərənfil Dünyamin qızından götürdüyümüz müsahibəni "Şərq”in oxucularına təqdim edirik.

- Qərənfil xanım, necə düşünürsünüz, Molla Babanın 110 il əvvəl dedikləri ilə bugünkü olaylar arasında hansı bağlılıqlar var?

- Görkəmli mətbuatşünas-alim Əziz Mirəhmədov deyib ki, dünya şöhrətli mənəvi mədəniyyət abidələrimizdən biri olan "Molla Nəsrəddin” jurnalı tarixə Azərbaycan xalqının əvəzsiz mətbuat orqanı kimi daxil olub. "Mollanəsrəddin”çilərin dahiliyi onda idi ki, bu jurnalı cəmiyyət həyatının aydın güzgüsünə çevrilə bildilər. "Təbiətin və zəmanənin yaratdığı” jurnal təbiətdə və cəmiyyətdə nə var, hamısını öz güzgüsündə olduğu kimi əks etdirdi. Milli mətbuatımızın tarixində satirik jurnalistikanın bünövrəsini qoyan "mollanəsrəddin”çilər xalqa sözünü "gah qəzəbli istehza ilə, gah da zarafatyana” deyərək onu ayıltdı. Zəmanənin "dəlilərinə” və "ağlar-güləyənlər”inə üz tutaraq ədalətsizliyə, cəhalətə qarşı çıxdı. "Molla Nəsrəddin”ə rəhbərlik yox, ağsaqqallıq edən, bəzilərinin "qaradinməz” saydığı Mirzə Cəlil çoxlarını güldürsə də, özü xalqının bu cəhalətinə, zülmətinə için-için ağladı.

 

Dahi Sabir demiş: "Şairəm, çünki vəzifəm budur əşar yazım, pisi pis, əyrini əyri, düzü həmvar yazım” deyə vulkan kimi püskürdü. Bununla da Üzeyir bəy demiş, "mollanəsrəddin”çiliyi yaratdı. O "mollanəsrəddin”çilər ki, qaldırdıqları problemlərin əksəriyyəti bu gün də, sabah da və 100 ildən sonra da var olan, sorulan problemlərin çözülməsində ən etibarlı mənbədir. Məsələn, ana dilimizə, milli məsələyə münasibət, laqeydlik, biganəlik. Diqqət yetirək, 110 il bundan əvvəl "Molla Nəsrəddin” ana dilinə laqeydliyimizi belə təsvir edirdi: "... ey mənim türk qardaşlarım! Mən siz ilə türkün açıq ana dili ilə danışıram. Mən onu bilirəm ki, türk dili danışmaq eyibdir və şəxsin elminin azlığına dəlalət edir. Amma hərdənbir keçmiş günləri yad etmək lazımdır”. Bu günana dilimizdə danışmağı bacarmayan, hətta onu bəyənməyən bizim "obrazovannılar” yenə də yoxdurmu? Amma bu heço demək deyil ki, Mirzə Cəlil rus dilinin əleyhinə idi. O, yalnız öz ana dilinin müdafiəsinə qalxır və onu qorumağı, yaşatmağı tələb edərək "milli mənliyini, milli ruhunu saxlamağa” çağırırdı. Dildə də, dində də Mirzə Cəlilin içində "Cəlilçün məxsusi və daha yaxın bir dünya: Azərbaycan dünyası” var idio dünyanın problemləri Mirzəni bütün varlığı ilə narahat edirdi. Qarabağda günahsız müsəlmanların ev-eşiyini yandıran, qətlə yetirən ermənilərə dəstək olan çar hökumətinin nümayəndəsinə üzünü tutaraq deyirdi: "Ey yari-bivəfa, Qoloşapov! Heç bilirsənmi ki, kimi qırırsan, kimin evlərini topa tutursan, kimin məhəlləsinə od vurursan? Məgər Qarabağ müsəlmanlarını tanımırsan? Məgər müsəlmanlar sənin padşahın barəsində etdiyi rəftarların əvəzidir ki, sən müsəlmanlar barəsində eləyirsən?”. Fikir verin, bu sözlər 1906-cı illərdə deyilib. 1992-ci ildə Xocalı faciəsini yaradan ermənilərə dəstək yenə də ruslardan gəlmədimi? "Molla Nəsrəddin”də belə faktlar yüzlərlədir. Onları sadalasaq saysız-hesabsız qəzet səhifələri lazımdır. Yazıçı Anarın "Əbədi Mirzə Cəlil” adlandırdığı Molla əminin uzaqgörənliyi onda idi ki, hələ o zaman biz müsəlmanları ayıq-sayıq olmağa çağırırdı. Amma olduqmu? Molla əminin bu tövsiyələrinə əməl etdikmi? Təəssüflər ki, yox! Ona görə hələ də bu faciənin acılarını çəkirik.

 

- Siz həm də Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqatçısısınız. Nəyə görə AXC qurulanda C.Məmmədquluzadə jurnalın fəaliyyətini Bakıda davam etdirmədi? Bu zaman, o, nə işlə məşğul olduharada idi?

 

- Arxiv sənədlərindən, tədqiqat əsərlərindən və ən əsası Həmidə xanım Məmmədquluzadənin (Cavanşir) "Xatirələrim”dən belə bəlli olur ki, Mirzə Cəlil 1918-1920-ci illərdə, əsasən, Qarabağda, ömür-gün yoldaşı Həmidə xanımın malikanəsi olan Kəhrizli kəndində yaşayıb təsərrüfat işləri ilə yanaşı, yaradıcılıq işləri ilə də məşğul olub. "Anamın kitabı” pyesini 1918-ci ilin dekabrında yazmağa başlayıb, təxminən üç aya, 1919-cu il fevral ayının sonunda başa vurub. Hətta sənədlərdən və xatirələrdən belə bəlli olur ki, Mirzə Cəlil o zaman Əsgəran uğrunda döyüşlərdə iştirak edib. O, Həmidə xanımla birlikdə 1919-cu ilin iyun ayının 18-də Ağdamdan Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin sədri Nəsib bəy Yusifbəyliyə və parlamentin üzvləri Məhəmməd Əmin Rəsulzadəyə və Əhməd bəy Pepinova teleqram göndərir. Teleqramda onlar Ermənistanda azərbaycanlılara qarşı aparılan soyqırım siyasəti nəticəsində ev-eşiyindən didərgin düşüb, Qarabağ qubernatorluğuna pənah gətirmiş 50 minə yaxın soydaşımızı Mil düzünün yarım milyon desyatinlik torpaqlarında yerləşdirmək, 15 mindən yuxarı əmək qabiliyyətli qaçqını işlə təmin etmək barədə məlumat verərək bu işdə milli hökumətə dəstək olmaq fikrində olduqlarını bildirirlər: "Əziz vətənimizə məhəbbət naminə bizöz səsimizi qaldırır, bu qədər vacib və təxirəsalınmaz məsələnin tezliklə həllinə qoşuluruq”.

 

Səhv etmirəmsə, bu haqda "Azərbaycan " qəzetinin 1919-cu il tarixli, 140-cı sayında da informasiya verilib. Həmidə xanımın xatirələrindən bu da aydın olur ki, 1918-ci ilin sonlarında Qarabağda erməni-müsəlman qırğınının yenidən alovlanması nəticəsində Qarabağda aclıq, qıtlıq yaranır. Bu haqda Həmidə xanım "Xatirələrim”də yazırdı: "Həmin dövrdə Şuşada dəhşətli bahalıq vardı. Əhalinin kasıb təbəqəsi zillət içində idi. Şuşada doktor Mehmandarovun sədrliyi altında bizim Xeyriyyə Cəmiyyətimiz vardı. Cəmiyyətimiz Mardinli küçəsində yerləşirdi. Mən də doktor Mehmandarovla işləyirdim, onun köməkçisi idim. Bütün kasıbların, dul qadınların, yetimlərin və əlillərin siyahısı mənə verilirdi. Vəziyyət çox ağır idi. Bu barədə mən Mirzə Cəlilə yazdım, o da kənddən iki araba un göndərdi. Unun bir hissəsini kasıb müsəlmanlara payladım. Eynilə belə bir miqdarda da ermənilər üçün ayırdım. Deyirdilər ki, bu hadisə erməni zənginlərini çox utandırmış və pərt etmişdi”.

 

- Bir az da mollanəsrəddinçilərdən danışaq. Kimlər, necə bu jurnalı yaşadırdılar?

 

- Yazıçı Anarın təbirincə desək, bütün bir millətin müəllimi olmaq üçün bu dünyaya gələn Mirzə Cəlil "Molla Nəsrəddin”i yaratmaqla əvvəl böyük bir məktəb yaratdı. O məktəb ki, onun M.Ə.Sabir, Ə.Haqverdiyev, Ö.F.Nemanzadə, Ə.Nəzmi, Ə.Qəmküsar, S.Mümtaz və Məhəmmədəli Sidqi kimi müəllimləri var idi. Mirzə Cəlilin "Molla Nəsrəddin”in "sahibi-ixtiyar”ı adlandırdığı Ömər Faiq əfəndi başda olmaqla bütün "mollanəsrədin”çilər ruhən, qəlbən bu məktəbə, bu ocağa bağlı idilər. Ədəbiyyatşünas-alim Məmməd Arifin təbirincə desək, Mirzə Cəlil jurnalın beyni məqamında idisə, Sabir də qəlb, ruhu məqamında idi. Bir sözlə, dövrünün bənzərsiz üslub və kəlam sahibləri jurnalın ətrafına toplaşmışdılar. Odur ki, jurnal da Yaxın və Orta Şərq intibahında mühüm görmüş, böyük bir estetik fikir cərəyanının başçısı olmuşdur.

 

- Sizcə, bu gün "Füyuzat”, "İşıq” kimi mətbu orqanların bərpa olunması ilə yanaşı, "Molla Nəsrəddin”i də bərpa etmək olar? Bu necə edilə bilər?

 

- Bəli, bu gün "Füyuzat” və "İşıq” jurnalları öz fəaliyyətini davam etdirir. Mən özüm hər iki jurnalla yaxından əməkdaşlıq edirəm. "Füyuzatda Əhməd Kamal, Səid Səlmasi, Həsən Səbri Ayvazov, Abdulla Cövdət, Xalid Xürrəm Səbribəyzadə və başqa unudulmuş füyuzatçılar haqqında məqalələrim çap edilib. Onu da qeyd edim ki, hər iki jurnalın bu gün yetərincə oxucusu var və hazırda daha çox oxunan, sevilən, izlənən mətbu orqanlarındandırlar. Təbii, bu işdə jurnalın kollektivinin əməyi böyükdür. Onun yüksək keyfiyyətdə və xüsusi zövqlə çap edilməsində sözsüz ki, Milli İrs Mədəni Tarixi Araşdırmalar Fondu mühüm rol oynayır. Lakin hər iki mətbu orqanında çap olunan yazıların keyfiyyəti, məzmunu, oxunaqlılığı, əməkdaşlarla mütəmadi əlaqə saxlaması üçün işin ağırlığı daha çox "İşıq”ın məsul katibi Əsəd Aslanoğlunun və "Füyuzat”ın texniki şöbə müdiri Samir Ramizoğlunun üzərinə düşür. Bu, hər iki jurnalla yaxından əməkdaşlıq edən bir yazar kimi mənim şəxsi fikrimdir. Qaldı ki, "Molla Nəsrəddin”in yenidən çapına nail olmağa, mən yenə də öz şəxsi fikrimi deyəcəyəm. Düz 33 ildir ki, mətbuatdayam. Mənə elə gəlir ki, "Molla Nəsrəddin”in yenidən çapına nail olmaq çox məsuliyyətli bir işdir. İmzasına, sözünə hörmət edən hər bir yazar "Molla Nəsrəddin” ədəbi məktəbinə layiq yazar olmalıdır. Ən əsası xalqının görən gözü, eşidən qulağı və "bütün zamanların övladı, hər yeni nəslin yol yoldaşı” olan "Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!” deyə bütün varlığı ilə xalqına, vətəninə bağlı Mirzə Cəlil kimi bir "ağsaqqal” lazımdır ki, "zəmanənin və təbiətin” yaratdığı "Molla Nəsrəddin” yarada bilsin.

 

Sonda onu demək istərdim ki, bütün ömrü boyu "Ax unudulmuş vətən, ax yazıq vətən!...” deyə fəryad edən Mirzə Cəlil sevgisi ilə, sayğısı ilə, qayğısı ilə vətənimizi sevək, qoruyaq. Sonra Mirzə Cəlil dahiliyinə şübhə ilə yanaşarıq. Mirzə Cəlilin bu xalq üçün etdikləri yüz ildir göz önündədir. Ona irad tutanlara bir sual vermək lazımdır, bəs siz bu vətən üçünetmisiniz? Mirzə Cəlilin vaxtında, elə indinin özünəcən vətənə məhəbbəti gur səsli mikrofonlar vasitəsilə car çəkənlərin sayı az deyil. Bu "ədəbi inkarçılar, diqqəti çəkmək üçün bu sayaq "orijinallıq” edənlər, öz "vətənpərvərliklərini” daha artıq qiymətə satmağa can atan cır səsli cırtdanlar”a dahi Mirzə Cəlil yaxşı deyib: "Götürüb qarpız qabığını şappıltı ilə vurasan bu cür sözləri danışanın ağzından...”

 

Nurlan Ağa

Şərq.- 2016.- 7 aprel.- S.11