AUTİZMLİ UŞAQLARI DÖRD DİVAR ARASINDA SAXLAYIRLAR

Nəticədə bu uşaqlar vəhşi kimi böyüyürlər

“Ailələr var ki, evlərini satıb övladlarının müalicəsinə xərcləyirlər”

Millət vəkili Qənirə Paşayeva parlamentdə autizmli xəstələrin problemlərini qaldırıb və təcili qanun və dövlət proqramının qəbul olunmasına, bu uşaqların təhsil, təlim və reabilitasiyası üçün xüsusi Mərkəzin yaradılmasını vurğulayıb.Aprelin dünyada autizmli xəstələrlə bağlı ay elan olunduğunu deyən millət vəkili ombudsmanın ilk hesabatının müzakirəsi zamanı İnsan Haqları üzrə Müvəkkilin də bu təkliflə çıxış etdiyini deyərək övladları autizm sindromundan əziyyət çəkən ailələrin Milli Məclis və hökumətdən bunu gözlədiyini deyib. Autizmli uşaqlara zamanında yardım göstərməklə onların həyatını, gələcəyini çox hallarda xilas etməyin mümkün olduğunu deyən Q.Paşayeva müalicələrin bahalı olması, bu sahədəki mütəxəssislərin azlığı, əhali arasında bu istiqamətdə maarifləndirmənin zəifliyinin ailələri xəstəliklə mübarizədə çətin vəziyyətdə qoyduğunu deyib."Autizm DefektolojiPsixoloji Yardım Mərkəzi” İctimai Birliyinin sədri Çiçək Məmmədli Azərbaycanda autizmli doğulan uşaqların sayının digər ölkələrlə müqayisədə daha çox olduğunu deyib. Bir neçə il əvvəllə müqayisədə artıq problemin Azərbaycanda tanındığını vurğulayan Birlik sədri deyib ki, vəziyyət ürəkaçan olmasa da, ən azından məlumat var: "Bu gün autizmin ən çox aşkarlandığı ölkələr sırasında Azərbaycan ikinci yerdədir. Lakin bizdə autizmi, sadəcə, tanıyırlar. Bu barədə nə qanunvericilik bazası, nə də həmin uşaqlar üçün reabilitasiya mərkəzi var. Qanunda xüsusi qayğıya ehtiyacı olan uşaqların sırasında autizmli uşaqlar yoxdur. Buna görə də autizmli uşaqlar başqa diaqnozla əlillik alırlar. Onların görmə, eşitmə qabiliyyətlərində heç bir problem olmasa da, nitqi qüsurlu kimi sənəd alırlar. Bu uşaqların digər problemi onlar üçün məxsusi məktəblərin olmamasıdır. Autizmli uşaqlar daun və digər sindromu olanlarla birlikdə, onların təhsil proqramları üzrə təhsil alır. Lakin onlar üçün xüsusi proqramlar hazırlanmalıdır. Autizm yüksək davranış pozuntusu olduğuna görə ənənəvi tədris aparılan məktəbə gedə bilməzlər. İşlərin primitiv səviyyədə aparılması autizmli uşaqların 100 faizlik sağalmasına problem yaradır. Xəstəliyin müalicəsindən ən effektiv üsul olan duyğusal terapiya ilə bağlı məlumatlar azdır”. Ç.Məmmədlinin sözlərinə görə, xüsusi bağçaların, məktəblərin olmaması autizmli uşağı dörd divar arasında qalmağa məcbur edir. Nəticədə bu uşaqlar vəhşi kimi böyüyürlər. Ekspert hesab edir ki, yalnız imkanı olanlar reabilitasiya kursu keçir. Əksəriyyətin isə reabilitasiya imkanı yoxdur: "Hazırda bizim mərkəzdə 30-a yaxın uşaq müalicə ala bilir, imkanı olanlar özəl mərkəzlərə gedir. Əlbəttə, imkanı olmadığına görə müalicə ala bilməyənlər də var. Ona görə dövlət tərəfindən araşdırma və bərpa mərkəzi yaradılmalıdır, xəstəliyin diaqnostikası aparılmalıdır. Daha sonra məktəb və digər problemləri həll edilməlidir. Bu sahədə mütəxəssislərin də sayı azdır. İndi hər kəs bir təlim kursu açır, amma insanları aldadırlar. Ailələr var ki, evlərini satıb övladlarının müalicəsinə xərcləyirlər. Milli Məclisdə bu məsələ bir neçə dəfə müzakirə edilsə də, qərar qəbul edilməyib. Ümid edirəm, bundan sonra müəyyən addımlar atılacaq”.

Şəymən

Şərq.- 2016.- 8 aprel.- S.12