MERKEL QARABAĞLA BAĞLI DOĞRU DANIŞDI, AMMA...

Almaniyanın münaqişə ilə bağlı mövqeyi birmənalı qarşılanmır

 

"Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”. Bu barədə Almaniya kansleri Angela Merkel Berlində Ermənistan Prezidenti Serj Sərkisyanla görüşdən sonra keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Qarabağ münaqişəsinin həllinin əsasında Helsinki yekun aktının üç əsas prinsipinin durması önəmli uğurdur: "Bu prinsiplərə millətin öz müqəddəratını təyin etməsi, ərazi bütövlüyügüc tətbiqindən imtina məsələləri aiddir. Biz bu üç prinsipi dəyişməməliyik və hər şeyi etmək lazımdır ki, qan tökülməsin və insanlar ölməsin. Regionda uzunmüddətli sülhü bərqərar etmək üçün bu istiqamətdə səylər daha fəal olmalıdır və həll axtarılmalıdır”.

A.Merkelin açıqlamasını şərh edən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli "Şərq”ə bildirib ki, bunu Qərbin mövqeyində Azərbaycanın xeyrinə nisbiolsa, irəliləyiş saymaq olar. Ekspertin qənaətincə, əsas müəmma millətin öz müqəddəratını təyin etməsi prinsipi ilə bağlıdır: "Madrid prinsiplərində bu məsələ müxtəlif cür yozulur. Azərbaycan, təbii ki, bunu öz ərazi bütövlüyü çərçivəsində yüksək səviyyəli muxtariyyət kimi görür. Amma Ermənistan ilk addım kimi Dağlıq Qarabağa müstəqillik verilməsini tələb edir”.

Ekspert hesab edir ki, Madrid prinsiplərini irəli sürən Qərb dövlətlərinin bu məsələdə konkret mövqe bildirməsi də məsələni qəlizləşdirir: "Merkelin ərazi bütövlüyü prinsipini önə çəkməsi bir qədər irəliləmədir. Əslində, belə də olmalıdır. Dünyada 5500 xalq var, onların yalnız 200-ü öz müqəddəratını müstəqil dövlət kimi müəyyən edib. Həmin 200 xalqın içində ermənilər də var, yəni bu hüquqları təmin edilib. Ona görə də, Dağlıq Qarabağın hüquqi statusunun müəyyən edilməsi üçün referendumun yalnız keçmiş muxtar vilayətdə keçirilməsi Helsinki prinsiplərinin pozulmasıdır. Referendum bütün Azərbaycanda keçirilməlidir”. Politoloq Cümşüd Nuriyev isə söyləyib ki, ümumiyyətlə, Serj Sərkisyanın Almaniyaya səfəri Ermənistan xarici siyasətinin ən böyük səhvi idi: "O, Rusiyanı Merkelə satdı. Hadisələrin gedişatı göstərir ki, hazırkı durum Azərbaycanın xeyrinədir”. Almaniyanın həmsədrliyə gətirilməsinə toxunan ekspert deyib ki, bunun Dağlıq Qarabağ münaqişəsinin həllinə təkan verəcəyi inandırıcı deyil: "Türkiyə və Pakistan həmsədrlikdə təmsil olunarsa, bundan bir ümid gözləmək olardı. İndiki məqamda Fransanı çıxarıb, əvəzinə Almaniyanı gətirəcəklər. Yenə də Xristian klubu olacaq. Berlin üzdə Azərbaycanı dəstəklədiyini söyləyir. Amma bizim buna tam zəmanətimiz yoxdur”.

 

Nihat,

Ayyət

Şərq.- 2016.- 8 aprel.- S.5