ŞƏHİD ADIN MÜBARƏKDİR, QARDAŞ!

Başını dik tut ATA, başını dik tut ANA! Şəhid oğlun Elvin gəlir! Qeyrət dolu zəfərlə gəlir! Şərəf dolu adla gəlir. Zirvələrdə dalğalanan bayrağa bükülü Şəhid gəlir! Sən ağlama, qurban olum, ANA! Heç belə qeyrətli oğul doğan ana da ağlayarmı, ANACAN! Dünya durduqca duracaq bir şey varsa, o da bənzərsiz əməl, yaxşılıq, bir də millət, xalq yolunda qazanılmış addır.

Bu adların ən ucası isə ŞƏHİDLİK adıdır. Bilirəm, Elvinlə bağlı ümidlərin çox idi, ATA! Bilirəm ki, 6 ay öncə kənddə böyük təmtəraqla toyunu etdiyin şərəfli oğlun Elvini çox sevirdin. Nəvələrinlə belə planların vardı... Ata, uca dərgaha yüksələnə kimi Elvin sənin oğlun idisə, indi Elvin böyük, bütöv bir xalqın oğludur. Hamımızdan çox ucalarda dayanan bir oğuldur. Bu adı qazanmaq isə hər kəsə qismət olmur. Bizim hər birimizin sevimlisi, qürurlusu olan Elvin Namazov şəhidlik adı ilə adını tarixə yazdı. 30 il, 50 il, 60 il keçəcək Elvinlə bir dövrdə yaşamış qocasından cavanına kimi hər kəs dünyadan köç edəcək, haqq dünyasına qovuşacaq. Amma heç birimizin adı tarixdə qalmayacaq. Yaşadı, öldü deyilən bir ömür aralığında özümüzə aid izimiz qala, ya qalmaya. Amma sənin oğlun, hamımızın sevimlisi Elvin isə nəsillərdən nəsillərə keçən adla yaşayacaq. Yaradanın hökmü belə verilib, nə etmək olar, Ata!? Azərbaycan torpaqlarının işğaldan azad edilməsi yolunda şücaət göstərərək qəhrəmanlıqla həlak olmuş Namazov Elvin Məmməd oğlu ilə tanış olaq:

Qısa arayış.

Namazov Elvin Məmməd oğlu 1990-cı ildə dünyaya dahilər bəxş edən "Artilleriya Allahı” general Alı ağa Şıxlınskinin, ilk hərbi təyyarəçi poruçik Fərrux ağa Qayıbovun, Molla Pənah Vaqifin, ilk Xalq şairi Səməd Vurğunun doğulduğu Qazax rayonu Yuxarı Salahlı kəndində dünyaya göz açıb. 2007-ci ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd orta məktəbini bitirib. 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2012-ci ildə həmin ali məktəbi leytenant hərbi rütbəsində bitirib. 2013-cü ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində bir illik kursda olmuşdur. 2014-cü ildən Müdafiə Nazirliyinin Xüsusi təyinatlılardan ibarət "N” saylı hərbi hissəsində kəşfiyyat komandiri vəzifəsinə təyin olunub. 2016-cı ildə baş leytenant hərbi rütbəsi verilmişdir. 2016-cı il aprel ayının 3-də döyüş tapşırığını yerinə yetirib qayıdarkən kəşfiyyat qrupu ilə birgə Tərtər rayonu ərazisində düşmənlə rastlaşmış və döyüşmüşdür. Döyüşdə aldığı güllə yarasından şəhid olmuşdur. 9 aprel 2016-cı ildə

doğulduğu Yuxarı Salahlı kənd qəbiristanlığında böyük izdiham və təntənə ilə dəfn olunmuşdur. Doğulduğu kənddə hamı abırlı, etikalı, tərbiyəli, ləyaqətli, sakit bir oğul kimi tanıyırdı. Elvin dərin tarixi keçmişi olan şərəfli bir soyun oğlu idi. Namzalar deyilən bu soy-kök kənddə həmişə ad-san qazanmış bir nəsil budağıdır. Deyilənə görə, bu soyun bir qolu da Türkiyənin Amasya şəhərindədir. Bu soydan doğulan oğlanlar pəhləvan cüssəli, şir biləkli olurlar. Elvinucaboylu, enlikürək, cüssəli bir oğul idi. Ali hərbi məktəbə daxil olandan sonra Elvin intensiv olaraq idmanla məşğul olmuşdur. Onun həyata baxışı çox nikbin idi. Hərbi sahədə bütün bilik və bacarığını qoyaraq əsl peşəkar hərbçi kimi yetişib ən yüksək hədəflərə irəliləmək istəyirdi. Lakin vətəni Azərbaycanı daha çox sevirdi. Onun işğal altında qalan hər qarış torpağına belə bələd idi. Lakin tale, qismət Elvinə uzun ömür bəxş etmədi. Qısa ömür yaşayan Elvin bu ömür payında böyük işlər gördü. Adı ilə bir elin adını ucaltdı. Vətən uğrunda candan keçərək gənc nəslə nümunə oldu. Onun dillərdə əzbər olacaq qəhrəmanlığı hələ yüz illər boyunca yaşayacaq. Şəhid adın mübarəkdir, qardaş. Uca ruhun qarşısında baş əyirik, ELVİN! Səni dünyaya gətirən ANAnın əllərindən öpürük! Sənə tərbiyə verən ATAya var ol deyirik! Səni dünyaya bəxş edən elə uca ol deyirik! Məkanın cənnət olsun. Rahat uyu, vətən oğlu!!!

 

Yusif Alı Afşar

Şərq.- 2016.- 12 aprel.- S.12