RUSİYA MEDİASINDA
AZƏRBAYCAN HƏQİQƏTLƏRİ TƏHRİF OLUNUR
Arif Əliyev: “Döyüşlərin tezliklə sakit mərhələyə keçməsini ağıllı və düşünülmüş qərar hesab edirəm”Mehman Əliyev: “Biz Rusiya mətbuatında kifayət qədər azıq və bu işdə ermənilərə uduzuruq”
Elçin Şıxlı: "Rusiya KİV-nin
informasiya təxribatına qarşı səmərəli
mübarizə zəruridir”
Bəhruz Quliyev: "Bu da, erməni diasporunun əməlidir”
Son günlər cəbhədə yaşanan silahlı toqquşmalar ərəfəsində əksər Rusiya telekanalları ölkəmizin əleyhinə təxribat xarakterli dezinformasiyalar yaydı. "Azərbaycanı məğlubiyyət kimi təqdim edən bu televiziyaların məqsədi, xalqımızın döyüş əzmini qırmaq idi. Məhz buna görə də, az qala bütün Rusiya telekanalları biri-birini təkrarlayan proqramlar hazırlayırdılar. Hətta bəzi televiziyaların verilişlərinə dəvət etdiyi qonaqlar da eynilik təşkil edirdi.
Yəni proqramlara daha çox erməni mənşəli politoloq, jurnalist, deputat və alim dəvət edirdilər ki, onlar da dünyaya təxribat xarakterli məlumatlar üfürməklə məşğul idilər. Bir sözlə, cəbhədəki son gərginlik zamanı Rusiyadakı ermənilər kifayət qədər fəal iştirak edirdilər. Buna rəğmən, Rusiyanın siyasi elitası, mətbuatı və təhsil həyatında təmsil olunan azərbaycanlılar sanki ağızlarına su alıb oturmuşdular. Oradakı səfirimiz Polad Bülbüloğludan başqa bir nəfər ziyalı soydaşımızın tribunaya çıxıb, düşmənin informasiya təxribatının qarşısının alınması yönündə açıqlama verməsinin şahidi olmadıq. Maraqlıdır ki, görəsən, nədən bu ölkədəki ziyalılarımız, tanınmış telejurnalist və elm adamlarımız susqunluq nümayiş etdirdilər və Azərbaycana dəstək xarakterli açıqlamalar vermədilər?
Sualımızı cavablandıran "Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev "Şərq”ə söyləyib ki, Rusiya televiziyalarının məzmununu dəyişmək mümkünsüzdür. Çünki bu kanalların öz siyasəti deyil, dövlət siyasətidir. Onların ssenarisini və proqramı Rusiyanın Prezident Administrasiyasında hazırlanır: "Bu, yalnız Azərbaycanla bağlı olan məsələ deyil. Uzun müddət, rus təbliğatını izləyən bir adam kimi deyə bilərəm ki, Gürcüstan, Ukrayna, Suriya və Qarabağdakı son hadisələr zamanı Rusiya kanalları özlərini eyni aparırdılar. Aparıcıları da ki, dəyişməmişdi. Verilişlərin forması, aparılan təbliğat üsulu və hətta iştirakçıların da əksəriyyəti eyni idi. Efirlərə dəvət alanlar əvvəlcədən hazırlanmış adamlar idi. Məsələn, Ukrayna və Gürcüstan Rusiya TV-lərinin bu təxribatına qarşı yaxşı bir forma seçdi. Onlar ölkələrində həmin kanalların yayımını dayandırdılar. Biz də bunu edə bilərdik”.
Təşkilat sədrinin sözlərinə görə, bizim Rusiyada çox savadlı, bacarıqlı, rəhbər səviyyəsində çalışan jurnalistlərimiz və ziyalılarımız var: "Qəzet sahəsində Azər Mürsəliyev, televiziya sahəsində Nazim Rəhimov, Musa Mariksanov və s. kimi jurnalistlərimiz fəaliyyət göstərir. Amma onlar artıq Rusiya KİV-lərinin nümayəndələridir. Milli mənsubiyyətlərinə görə, azərbaycanlıdırlar. Azərbaycanla əlaqələrini davam etdirirlər. Moskvada fəaliyyət göstərən telekanalımız da var. Orada xeyli jurnalistlərimiz İnterAz.-da işləyir. Onların deməyə sözləri də var. Əfsuslar olsun ki, verilişlərə buraxılmırlar. Bu ölkə televiziyası və efiri bütövlükdə hakimiyyətin nəzarətindədir. Orda özfəaliyyət çox baha başa gəlir. Dövlət siyasətindən fərqli mövqedə dayanan teleşirkətlər, qəzet və saytlar sıradan çıxarılır. O vaxt NTV-ni dağıtdılar. Sonra da dövlətin nəzarətinə götürdülər. Tam məsuliyyətimlə deyirəm ki, Rusiya televiziyasının ideoloji məsələlərdə mövqeyi hakimiyyətin mövqeyidir. Orada özfəaliyyətdən söhbət belə gedə bilməz. Bu baxımdan, oradakı ziyalılarımızdan inciməyə əsasımız yoxdur. Əksinə, problemin həllini öz içərimizdə axtarmalıyıq”.
A.Əliyev vurğulayıb ki, Rusiya bir dövlət olaraq münaqişədə Ermənistanın mövqeyindən çıxış edir və Azərbaycana qarşı müəyyən addımlar atmağa da hazırdır: "Ona görə də, döyüşlərin tezliklə sakit mərhələyə keçməsini ağıllı və düşünülmüş qərar hesab edirəm. Gərginlik uzansaydı, Moskva arzuolunmaz addımlar ata bilərdi. Hətta davranışında buna hazır olduqlarını da göstərirdilər”.
Müsahibimiz diqqətə çatdırıb ki, bu məsələdə gözümüzü Rusiyadakı ziyalılara, jurnalistlərə deyil, Türkiyəyə dikməliyik: "Türkiyə və Azərbaycanın informasiya siyasətinin əlaqələndirilməsi indiki mərhələdə daha böyük rol oynaya bilər. Baxın, bu dəfə şimal qonşumuzun təbliğatının istiqaməti haçalı idi. Bir tərəfdən Bakı, digər yandan isə Ankara əleyhinə yazırdılar. Moskva yalnız Azərbaycana deyil, Türkiyəyə qarşı da informasiya təxribatı törədir. Onlar bizi bir ölkə kimi qavrayırlar. Biz də Rusiyaya qarşı informasiya siyasətimizi doğru apara bilsək, böyük uğurlar əldə edə bilərik. Türkiyənin media infrastrukturu çoxşaxəlidir və Azərbaycandan qat-qat böyük imkanlara malikdir”.
Ekspert onu da əlavə edib ki, son gərginlik dövründə Türkiyənin Azərbaycana informasiya dəstəyi qənaətbəxş idi: "Artıq əvvəlki səhvlərdən dərs götürdüyümüz nəzərə çarpırdı. Odur ki, Türkiyənin Azərbaycana yönəlik informasiya siyasətini qənaətbəxş hesab edirəm”.
"Turan” İnformasiya agentliyinin direktoru, politoloq Mehman Əliyev qeyd edib ki, biz Rusiyada öz imkanlarımızı, diasporumuzu möhkəmləndirməmişik. Lakin Ermənistan buna dair xüsusi iş aparıb: "Hətta o vaxt bizim orada güclənməyimizin qarşısı alınırdı. Moskvada jurnalistika fakültəsində oxuyanda eşitmədim ki, nə məndən qabaq, nə də məndən sonra bir nəfər azərbaycanlı qalıb, bu fakültənin aspiranturasını qurtarsın. O vaxt Rusiyada aspiranturanı bitirmək üçün Bakıdan xüsusi bildiriş göndərilməli idi. O bildirişə uyğun olaraq da Moskva həmin tələbəni aspiranturaya qəbul edirdi. Bizimkilər bu bildirişi vermirdi. Amma ermənilərdən Rusiyada yalnız jurnalistika fakültəsində hər il 3 nəfər aspiranturada oxuyurdu. O zaman bir ermənidən soruşdum ki, Ermənistanda nə qədər jurnalistə tələbat var ki, hər il Rusiyada 3-4 nəfər jurnalistika fakültəsində qalıb, aspiranturada oxuyur. Cavab verdi ki, bizə deyirlər ki, oxuyub Rusiyada qalın və orada xalqımıza, dövlətimizə xidmət göstərin. Bax, buna görə də, Rusiyada jurnalistika, bank, kino, elm və s. sahələrdə ermənilər bizdən kifayət qədər çoxdur. Bəli, biz Rusiya bazarlarında və ticarətində varıq. Qalan sahələrdə isə azlıq təşkil edirik. 20-30 ildə
ermənilər orda xeyli təbəqə yetişdirdilər. Rusiyanın imkanlarından faydalandılar. Biz isə etmədik. Bu gün də etmirik. Bu, çox böyük faciədir”.
M.Əliyev hesab edir ki, Rusiya KİV-də çalışan azərbaycanlıların sayı çox azdır: "Düzdü, demək olmaz ki, heç yoxdur. Var, amma onlar sakitcə işləyir. Məsələn, Azər Mürsəliyev "Kommersant” qəzetinin baş redaktorudur. Çox vətənpərvər və savadlı adamdı. Ölkəmizin xeyrinə imkan daxilində nə bacarırsa edir. Bir sözlə, biz Rusiya mətbuatında kifayət qədər azıq və bu işdə ermənilərə uduzuruq. Real vəziyyət budur”.
"Ayna-Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı Rusiya mediasının Azərbaycanla bağlı siyasətinin xoşagəlməz olduğunu və qərəz üzərində formalaşdığını bildirdi:” Rusiya KİV-lərinin Azərbaycanın xeyrinə hər hansı bir informasiya təqdim etdiyini yadıma sala bilmirəm. Onlar həmişə qərəzli olublar. Suriya olayları ilə bağlı Türkiyəyə qarşı da qərəzli münasibət sərgilədilər. Ondan öncə isə Ukrayna məsələləri ilə əlaqədar Ukraynaya qarşı belə bir qərəzli münasibət ortaya qoyuldu. Ümumiyyətlə, KİV-lər ictimai tələbi, ictimai sifarişi yerinə yetirir. Bu baxımdan, Rusiya cəmiyyyətinin əksəriyyəti hesab edir ki, dünyada ruslardan gözəl, onlardan daha üstün ikinci bir millət yoxdur. Odur ki, onlar Dağlıq Qarabağ problemi ilə bağlı məsələyə də yalnız öz nöqteyi-nəzərlərindən yanaşırlar. Ruslar hər zaman ermənilərin tərəfində olublar. Dağlıq Qarabağ və onun ətrafındakı rayonları da işğal edən erməni deyil, rusların özü olub. Rusiya ermənilərin arxasında durmasaydı, ermənilər ömürlərində belə bir şey edə bilməzdi”.
E.Şıxlı hesab edir ki, Rusiya KİV-lərinin Azərbaycanla bağlı qərəzli informasiya siyasətinə qarşı sistemli mübarizə aparmaq, bu mübarizəni vahid mərkəzdən koordinasiya etmək lazımdır: "Rusiya KİV-lərinin Azərbaycana qarşı qərəzli təbliğatına gəlincə, bu təbliğata qarşı hamı - həm Azərbaycan mediası, həm ölkəmizdəki rəsmi dövlət qurumları, həm də Rusiyadakı Azərbaycan diaspor təşkilatı bir yerdə, mərkəzləşdirilmiş, qarşılıqlı şəkildə uzlaşdırılmış halda həyata keçirməlidir. Bu, Rusiya KİV-nin informasiya təxribatına qarşı səmərəli mübarizə baxımından zəruridir. Heç kim ayrı-ayrılıqda informasiya müharibəsi aparmamalıdır. Normal, məntiqli və operativ qərarlar verən düşüncə mərkəzi olmalıdır. O mərkəzdə strateji plan hazırlanmalıdır və bu plana uyğun olaraq sadaladığımız strukturlar, tərəflər öz işini qurmalıdır”.
SİA Holdinqin rəhbəri Bəhruz Quliyev bildirib ki, Ermənistan torpaqlarımızla yanaşı, informasiya məkanımıza da təcavüz edib: "İnformasiya məkanı deyəndə, yalnız ölkə daxilindəki informasiya resurslarını deyil, xarici media orqanlarını da nəzərdə tuturam. Azərbaycanla bağlı məlumatı özlərinə sərf edən formada yayırlar. Bu da, erməni diasporunun əməlidir. Bilirik ki, ermənilər müxtəlif ölkələrdə, o cümlədən Rusiyada kifayət qədər tanınmış mətbuat vasitələrinə öz adamlarını yerləşdirə biliblər. Lazımi məqamda da həmin orqanlar vasitəsilə ölkəmizin əleyhinə dezinformasiyalar tirajlayırlar. Bu, zaman-zaman özünü göstərib. Lakin xaricdə olan azərbaycanlı jurnalistlər bununla əlaqədar hələ də ciddi iş ortaya qoymurlar. Demirəm ki, heç bir iş görməyiblər. Görüblər. Təəssüflər olsun ki, hələ də erməni xəbər maşını bizi üstələyir”.
Baş yazar hesab edir ki, belə anlarda aparıcı media quruluşlarımız əməkdaşlıq etdiyi xarici KİV-ləri mütəmadi olaraq məlumatlandırmalıdır: "Azərbaycan reallıqlarını xarici vətəndaşlara göstərmək üçün səfərbər olmağımıza zərurət yaranıb. Bu işdə yalnız səfirliklər, diplomatik korpuslar deyil, xaricdəki soydaşlarımız da mövqe ortaya qoymalıdırlar. Baxın, sosial şəbəkələrdə hər kəsin əcnəbi dostu var. Vətəndaşlarımız o dostlarına vətən uğrunda mübarizəyə hazır olduğumuzu bildirməlidirlər. Azərbaycan reallıqlarını dünyaya çatdırmaq yalnız jurnalistlərin deyil, hər bir vətəndaşın borcudur”.
(davamı var)
Ayyət Əhməd
Şərq.-
2016.- 12 aprel.- S.11