UŞAQ HÜQUQLARI JURNALİST ETİKASININ ƏLİFBASI OLMALIDIR

Peşəkar media diqqətlidir, lakin daha çox saytlar reytinq xətrinə qaydaları kobud şəkildə pozur

Milli Məclisin Mədəniyyət komitəsinin iclasında "Kütləvi informasiya vasitələri haqqında” qanuna əlavə və dəyişiklik müzakirəyə çıxarılıb. Komitə sədri Rəfael Hüseynovun təqdim etdiyi layihədə qanunun 11-ci maddəsinə (İnformasiyanın yayılmasına, informasiya mənbəyinin açıqlanmasına yol verilməyən xüsusi hallar) əlavə olunan bəndə görə, "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən və "İnformasiya əldə etmək haqqında” qanuna uyğun olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərinin olduğu kimi yayılmasına yol verilməyəcək.Maddənin 4-cü bəndi isə dəyişdirilərək belə verilir: "yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yaymasına yol verilmir”. Bəndin hazırda qüvvədə olan variantı isə belədir: "Cinayət etməkdə təqsirləndirilən yetkinlik yaşına çatmayanların və ya qanuni nümayəndələrinin razılığı olmadan onların şəxsiyyəti barədə hər hansı məlumatı yaymasına yol verilmir.R.Hüseynovun sözərinə görə, belə bir əlavə və dəyişikliklərdə məqsəd bəzən mətbuat vasitələrində hər hansı məlumatın vaxtından əvvəl, şişirdilmiş formada verilərək mövzunun daha arzuolunmaz nəticəyə çatmasının qarşısını almaqdır, bütün hallarda KİV-in işini məhdudlaşdırmaq demək deyil.

Qeyd edək ki, layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru, media eksperti Qulu Məhərrəmli Azərbaycan mediasında uşaq hüquqlarının pozulmasını daha çox kiçik yaşlılara aid informasiyalarda dəqiq adların verilməsi, bəzən onların fotolarının göstərilməsi ilə izah edib: "Nöqsanların əsas səbəbi jurnalistlərin peşə etikasından, uşaq hüquqlarından və beynəlxalq konvensiyalardan bixəbər olmalarıdır. Uşaq hüquqları ilə məşğul olan təşkilatlar bu sahədə müəyyən aparır, lakin bu işlər 7-8 il əvvəl olduğu kimi ardıcıl, sistemli və səmərəli deyildir”.

Peşəkar medianın təqsirləndirilən və ya zərərçəkmiş uşaqlarla bağlı informasiyaların verilməsində diqqətli olduğunu vurğulayan media eksperti deyib ki, uşaqların hüquqlarını daha çox yeni yaradılan saytlar pozur: "Jurnalistikanın peşə kodeksi və etikasından xəbərdar olan media nümayəndələri heç vaxt bu cür səhvlərə yol vermiruşaq adlarını şərti olaraq təqdim edir. Amma məqsədi cəmiyyəti maarifləndirməkdən daha çox reytinq yığmaq olan bəzi saytlar həmin uşaqların gələcəyini düşünmədən onların adlarını və şəkillərini yayımlayırlar. Hansı ki bu kimi xəbərlər uşaqların bioqrafiyasına mənfi nüans kimi yazılır”.

Media eksperti, hüquqşünas Ələsgər Məmmədlinin sözlərinə görə, uşaqlarla bağlı yazılar mediada işıqlandırılarkən bu addım onların hüquqları çərçivəsində atılmalıdır: "Azərbaycan mediasında uşaq hüquqlarının qorunmasına ən çox zədə vuran TV-lərdir. Çünki onlar görüntülü şəkildə bunu edir. Qəzet və onlayn media da bu xətanı təkrarlayır. Belə ki, kriminal xəbərlər hazırlayan zaman ümumiyyətlə medianın məsuliyyəti ikiqat artıq olmalıdır.

 

Uşaqları şəxsiyyətinə yönələn zərərlərdən qorumaq üçün spesifik yanaşma olmalıdır. Yəni cəmiyyətdə uşaqlarla bağlı narahatlıq doğuran problemlər işıqlandırılmalı və bu zaman təməl hüquqlar pozulmamalıdır. Zəruri hallarda gizlilikya addəyişmə prinsipləri gözlənilməlidir. Kriminal xəbərlər hazırlayan zaman ümumiyyətlə, medianın məsuliyyəti ikiqat artıq olmalıdır. Burada həm zərər görənlərin yaşının 18 yaşdan aşağı olması onları qorumanı zəruri edir, həm də şübhəli kimi saxlanılır. Bizim jurnalistlər 2-ci halda, yəni zərər verən kimi şübhəli qismində saxlananya istintaqa cəlb edilənləri demək olar ki, heç vaxt qorumur və onların hətta kamera önündə "etiraf”larını yayırlar. Mən bunu çox sıx müşahidə edirəm. Hesab edirəm ki, bu yanlışlıqlar aradan qaldırılmalı və uşaq hüquqları media etikası - jurnalist etikasının əlifbası olmalıdır və hər bir jurnalist bu məsələyə diqqət göstərməlidir”.

 

Uşaq Hüquqları üzrə QHT Alyansının milli əlaqələndiricisi Nabil Seyidov da hesab edir ki, uşaqlarla bağlı xəbərlər hazırlanarkən onlar haqqında şəxsi məlumatların verilməsi KİV-ə qadağan edilməlidir: "Belə məlumatların mediada açıqlanması uşaqların hüquqlarını pozmaqla bərabər, onların inkişafına mənfi təsir göstərir”. Ekspertin sözlərinə görə, həm cinayətin qurbanı olmuş, həm də cinayət törətmiş uşaqlarla bağlı məlumatlarda onların ad, soyadlarının, ünvanlarının, fotovideo görüntülərinin verilməsi uşaqların cəmiyyətdə tanınmasına səbəb olur. Bu isə həmin uşaqların icmalarında, təhsil aldıqları məktəblərdə onlara qarşı mənfi imicin formalaşması ilə nəticələnir və uşaqların həyatında, psixologiyasında fəsadlar yaradır: "Bu məlumatların yayımlanması, uşaqların cəmiyyətdə tanınması ilə bağlı olaraq, onların məktəbə getməsi problemə çevriləcək. Çox vaxt həmin uşaqlar məktəblərini, yaşadığı ünvanı dəyişmək məcburiyyətində qalırlar. Uşaqlar daim qorxu içində yaşayır ki, onları kimsə tanıya bilər. Bu isə onların normal inkişafına, həyat tərzi sürməsinə mənfi təsir göstərir”.

 

N.Seyidov deyib ki, barələrində belə məlumatlar yayılan uşaqlar ailədən, cəmiyyətdən təcrid olunur, özlərinə qapanırlar. Bəzi hallarda isə gələcəkdə xoşagəlməz yollara əl atmağa məcbur olurlar, özlərinə qəsd edə bilirlər, güclü psixi sarsıntı keçirirlər: "Onlarda somatik pozuntular baş verə bilər. Bu da nəinki həmin uşaqlara, digər ailə üzvlərinə də mənfi və uzunmüddətli təsir göstərir”. "KİV haqqında” qanunun müvafiq maddəsinə nəzərdə tutulan dəyişiklikləri təqdir edən Seyidovun sözlərinə görə, layihənin qəbulundan sonra uşaqlar cinayətin qurbanı olduğu və cinayət törətdikdə onların adlarının, soyadlarının verilməsi, görüntülərinin yayımlanmamasına ciddi nəzarət olunmalıdır. Bu halda uşaqların ad və soyadlarının baş hərfləri yazılmalı, ya da şərti adlardan istifadə olunmalıdır.

 

Sosioloq, jurnalist Lalə Mehralı isə hesab edir ki, əksər vaxtlarda mətbuat uşaqları müdafiə etməkdən daha çox onlara zərər verir, hüquqlarını tapdayır: "Məsələn, yetkinlik yaşına çatmayan uşaqlar haqqında material işləyəndə, habelə cinsi zorakılığa məruz qalmış, intihar etmiş uşaqlar barədə məqalə dərc edəndə, uşaqların şəklini yayımlayırlar. Bu yolverilməzdir, yayımlasa belə, üzü görünməməlidir. Mətbuat kimsəsizlərin, çarəsizlərin silahıdır, zərərsiz, amma kəsərli silah. Uşaqlar bu siyahıda birincidir, onların müdafiəyə daha çox ehtiyacı var, istismara məruz qalan, döyülən, söyülən, zorakılıq görən uşaqları çox vaxt mətbuat aşkarlayır, lazımi orqanlara xəbər verir. Rast gəlmiş olarsınız, valideynləri tərəfindən fiziki zorakılığa məruz qalan qız uşağı vardı, onu da mətbuat aşkar etmişdi, amma uşağın üzünü də yayımlamışdılar, bu doğru deyildi. İntihara cəhd etmiş, ehtiyatsızlıqdan kiçik qardaşını öldürmüş azyaşlıların şəklini yayımlamaq düzgün deyil”.

 

Jurnalistlərin Həmkarlar İttifaqları Təşkilatının (JuHİ) sədri Müşfiq Ələsgərli də hesab edir ki, uşaqların başına gələn hadisələrin işıqlandırılması istiqamətində ciddi nöqsanlar var. Xüsusən də, azyaşlıların müxtəlif növ cinayət əməllərinə cəlb olunması ilə bağlı məsələlərdə çox ciddi problemlər var. Bilirsiniz ki, uşaqların cinayətkarlığa cəlb olunması halları son zamanlar artaraq qlobal səviyyəli bir problemə çevrilib. Azərbaycanda isə uşaqların zorakılığa məruz qalması və insan alverinin qurbanına çevrilməsi, orqan mafiyası tərəfindən oğurlanması kimi hallar daha çox müşahidə olunur. Və təəssüflə qeyd etməliyəm ki, bu kimi hadisələrin işıqlandırılması zamanı media nümayəndələri bir sıra yanlışlıqlara yol verirlər. Qaydalara əsasən uşaqlar haqqında məlumatlar onların özünün, valideynlərinin və ya himayəsində olduqları şəxslərin razılığı əsasında dərc olunmalıdır. Amma elə məsələlər var ki, hətta valideynlərin razılığı olsa belə, qanunvericilikdə uşaqların adlarının çəkilməsinə icazə verilmir. Buraya özündən asılı olmayaraq cinayət əməlinə cəlb olunmuşya başına açıqlanması məqbul olmayan hadisə gələn uşaqların mətbuatda adının hallandırılması məsələsi daxildir. Əks təqdirdə, uşaq haqqında pis reputasiya formalaşır və gələcəkdə ona zərər verə biləcək, onu cəmiyyətdə "gözü kölgəli” edəcək informasiyalar əslində data-bazalarda qorunub saxlanılır və istənilən şəxs istədiyi zaman həmin məlumatı əldə edə bilir. Buna görə də, zorakılığa və ya hansısa xoşagəlməz hadisəyə məruz qalan uşaqlar cəmiyyətə şərti adlarla təqdim olunmalıdır. Amma uşaqların itkin düşməsi və ya oğurlanması haqqında informasiyalarda onların adını da, şəkillərini də tam şəkildə yerləşdirmək olar”.

(Davamı olacaq...)

Şəymən

Şərq.- 2016.- 14 aprel.- S.11