maşının qara günləri

Xəstə üçün bəzən bir dəqiqə 1 saat qədər uzun çəkir

Şahvələd Məmmədov : "Həkim briqadalarının sayı ən azı 6-7 dəfə artırılmalıdır"

 Dünən Bakı şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının fəaliyyətinə həsr olunan mətbuat konfransı keçirilib. Stansiyanın baş həkimi Rauf Nağıyev bildirib ki, "103” xidmətinə gündəlik 2000-3000 arası çağırış daxil olurbunlardan 200-ə yaxını ağır xəstə ilə bağlı olduğuna görə onlar hospitallaşdırılır. Onun sözlərinə görə, müraciətlərin bəziləri təcili yardıma aid olmayan çağırışlardır: "Buna baxmayaraq, bütün çağırışlar çeşidlənərək bölmələrin həkimlərinə ötürülüricra edilir. Stansiya günün 24 saatı ərzində Bakı şəhərinin bütün xəstə və zərərçəkən əhalisinə hadisə yerində və müalicə ocaqlarına çatdırılanadək təcili və təxirəsalınmaz tibbi yardım göstərmək məqsədi ilə fəaliyyət göstərir. Gün ərzində stansiyanın 138 həkim briqadası əhaliyə təcili yardım edir.Onun sözlərinə görə, stansiyaya səbəbindən asılı olaraq daxil olan çağırışlar iki qrupa bölünür. "Çox təcili çağırışlar qeydiyyata alındıqdan sonra 4 dəqiqədən gec olmayaraq təcili tibbi yardım briqadasına ötürülür. Bu təsnifata fövqəladə hallar, zərərçəkənlərin olduğu yol-nəqliyyat qəzaları, xəstənin huşunu itirməsi, uşaqlarda yüksək hərarətlə müşayiət olunan səpkilər, yeni doğulmuşlarla əlaqəli çağırışlar və s. aiddir.

"Həkimlərə fiziki təzyiq edilir

R.Nağıyev qeyd edib ki, təxirəsalınmaz çağırışlar isə qeydiyyata alındıqdan sonra, 60 dəqiqədən gec olmayaraq təcili tibbi yardım briqadasına ötürülməlidir. Bu çağırışlara arterial təzyiqin nəzərə çarpan dəyişiklikləri, allergiya, baş ağrısı, qarında, kürəkdə ağrı və s. çağırışlar aiddir”.

Baş həkim bildirib ki, çağırışlara gedən həkimlər bəzən xoşagəlməz münasibətlə qarşılaşırlar: "Orqanizmdə hansısa xəstəlik gizli formada gedərək ağırlaşma yaradır və təcili yardıma gecikmiş halda müraciət olunur. Əhalinin icbari tibbi müayinələrinin aparılmasına baxmayaraq, insanlar tibb müəssisələrinə vaxtında müraciət etmirlər. Bu da bəzən xəstəni ağır vəziyyətdən çıxarmağa həkimlərə mane olur. Nəticədə əhali tərəfindən belə hallar pis qarşılanır və həkimlərə qarşı hətta fiziki təzyiqlər də göstərilir. Bununla da həkimlərə olan münasibətdə mənfi rəy yaranır.

Yaxşı olar ki, insanlar vaxtaşırı tibb müəssisələrinə müraciət etsinlər, orqanizmdə gedən gizli proseslər vaxtında aşkar edilsin, vəziyyətin yüngülləşməsi müşahidə olunsun. Təcili yardımın da əsas prinsipi sırf ağır hallarda xəstəni bu vəziyyətdən çıxarmaqdan ibarətdir”.

 

R.Nağıyev əlavə edib ki, bu gün stansiyanın avtoparkında xüsusi nəqliyyat vasitələri var ki, bunlar da birdəfəlik 6 xəstəni götürmək qabiliyyətinə malikdir. Bu maşınlardan fövqəladə və xüsusi hallarda istifadə olunur.

Gecikmənin səbəbləri

Mətbuat konfransında təcili yardım həkimlərinin çağırışlara gecikmə səbəblərindən də danışılıb. Baş həkimin müavini İradə Əliyeva bildirib ki, stansiyaya gecikmələrlə bağlı şikayətlər əsasən ünvanların düzgün qeyd olunmaması ilə bağlıdır: "Bu problem daha çox Bakıətrafı qəsəbələrdə, yeni tikilən yaşayış massivlərində, həyət evlərində müşahidə olunur. Əsas üstünlük Binə qəsəbəsinə aiddir. Binədəki evlərin çoxunun ünvanları belə yoxdur. Orada hətta yollar da bərbad vəziyyətdədir. Çox vaxt təcili yardım maşınları yolda xarab olub qalır”.

İ.Əliyeva qeyd edib ki, əhaliyə xidmət səviyyəsinin artırılması məqsədi ilə Stansiya bölmələrinin müasirdaha çox funksiyalı yeni planşetlərlə təmin olunmasına başlanılıb. Stansiyaya daxil olan sorğulara gedişlərə nəzarət gücləndirilib: "Hazırda Stansiyanın sanitar avtomobillərinin hərəkət trayektoriyası xüsusi monitor vasitəsilə nəzarətdə saxlanılır. Gələcəkdə çağırışların hansı ünvandan daxil olmasının da monitor vasitəsilə təyini nəzərdə tutulub”.

Baş həkimin müavini bildirib ki, hazırda stansiyanın ştatında 2600-dən artıq işçi var: "Bura həkimlər, orta tibb işçiləri, sanitarlar və digər işçilər daxildir. Həmçinin stansiyanın 21 stansiyası və 21 filialı var”.

"Mənim xirtdəyimdən də yapışıblar...”

Uzun illərdir təcili yardım həkimi işləyən Şahvələd Məmmədov "Şərq”ə açıqlamasında gecikmə səbəbləri barədə ilginc məlumatlar verdi:

- Təcili Tibbi Yardım Stansiyasının heyəti yerləşdiyi ərazidə əhalinin sayına görə təyin edilir. Yeni Günəşli qəsəbəsindəki təcili yardım stansiyasında 4 həkim var. Bu stansiya təkcə Yeni Günəşliyə deyil, Qaraçuxura da baxır, həmin ərazidəki digər yaşayış massivlərinə də xidmət göstərir. Nəzərə almaq lazımdır ki, paytaxtda əhalinin sayı kəskin artıb. Əhalinin sayı 10 il, 20 il əvvəlki kimi deyil. Axşam vaxtı, əhalinin işdən çıxdığı vaxtlarda çağırışlar olur, yollarda tıxaclar, təcili yardım da gecikir. 4 həkim eyni vaxtda bütün çağırışlara necə çata bilər? Təcili yardım həkimlərinin sayı ilə əhali sayı arasında 50 faiz kəsir var. Səhiyyə Nazirliyindən xahiş edirik ki, təcili tibbi yardım stansiyası həkimlərinin sayı artırılsın. Bizə çağırışlar ratsiya vasitəsilə bildirilir, lakin xəstə yanında olduğumuzdan həmin çağırışlara vaxtında gedə bilmirik. Şəxsən mənim xirtdəyimdən tutublar ki, hardasan?! Demişəm, bax, bu sənəd, görürsən, çağırış daxil olub 22:00-da, mənə çatdırılıb 22:40-da. 5 dəqiqəyə bura gəlmişəm. 35 dəqiqə çağırış gecikib. Ona görə də həkim briqadalarının sayı ən azı 6-7 dəfə artırılmalıdır. Əlbəttə, əhalinin sayı burada nəzərə alınacaq. Ancaq bu da nəzərdən qaçmamalıdır ki, hazırda şəhərdə nə qədər qeydiyyatsız əhali yaşayır. Sənədsiz, ünvansız evlər xeyli çoxdur. Bu da təcili yardımın işini çətinləşdirir. Həm əhali sayına görə həkim sayı düzgün təyin edilmir, həm də çağırışlarda ünvanları tapmaq olmur. Yəni, təcili yardımın gecikmələrində bir yox, bir neçə səbəb var ki, bura əhalinin statistikası, qeydiyyat, ünvan problemi, yol infrastrukturu da daxildir. Əlaqədar qurumlar bu problemlərin həllini tezləşdirməlidir.

Ş.Məmmədov son vaxtlar təcili yardım maşınlarının hərəkətinin xeyli asanlaşdığını da bildirdi:

- Hiss olunur ki, bizdə də təcili yardım maşınlarına hərəkət zolağında yol vermək ənənəsi formalaşır. Xeyli irəliləyiş var bu məsələdə. Müşahidə edirik ki, hərəkət zolağındakı avtomobillər təcili yardım maşınının önündən çəkilir, yol verir. Təcili yardım maşını səsli siqnalla hərəkət edirsə, onun yolu təcili açılmalıdır. Hətta çox ağır xəstələr olanda təcili yardım maşını hər iki siqnalını (həm səsli, həm də işıqlı) işə salmaqla hərəkətin əksinə də gedə bilər.

Həkim əhalinin təcili yardım həkimlərinə kobud davranışlarının həm də narahatlıqdan qaynaqlandığını dedi:

- Hamımız üçün doğmalarımız, yaxınlarımız əzizdi. Xəstənin özünü də, yaxın adamına də keçirdiyi narahatlıq, həyəcandan dolayı elə gəlir ki, həkim gecikir. Xəstə üçünbir dəqiqə 1 saat qədər uzun çəkir. Bunlar psixoloji amillərdir. Həkim də gərək ailənin durumunu, keçirdiyi hissləri anlayışla qarşılasın. Amma əsas məsələ, həkimlərin sayını artırmaqdır. Həkim briqadalarının sayı yetərli olarsa, çağırışlara da vaxtında gedilər.

Rzayeva Məlahət

 

 

Şərq.- 2016.- 22 aprel.- S.8