Birİ neçə universitet birləşdirilə bilər
Məlahət Mürşüdlü:
“Hazırkı zəmanə çeviklik və
optimal idarəetmə tələb edir”
Əjdər Ağayev:
“Azərbaycanda universitet yaratmaq
təsəvvürü çox bəsit olub”
Bakı Slavyan və Azərbaycan Dillər universitetlərinin birləşdirilməsi məsələsi yenidən gündəmə gəlib. Bu isə təhsil ekspertləri arasında müəyyən fikir ayrılıqlarına yol açıb.
Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü də Azərbaycan Slavyan Universiteti ilə Azərbaycan Dillər Universitetinin birləşdirilməsinin məqsədəuyğun olduğunu deyib: "Hər iki təhsil ocağında, demək olar ki, eyni ixtisaslar mövcuddur. Daha sonra Azərbaycan Texnologiya Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti birləşdirilərək onların adı Sənaye Universiteti ola bilər. Zənnimcə, Azərbaycan İncəsənət Universiteti ilə Azərbaycan Milli Konservatoriyasının birləşdirilməsinə də ehtiyac var”. Ekspertin fikrincə, universitetlərin birləşdirilməsinin müsbət tərəfləri olduğu kimi, mənfi cəhətləri də var: "Çünki XXI əsr informasiya-kommunikasiya texnologiyaları dövrüdür. Hazırkı zəmanə çeviklik və optimal idarəetmə tələb edir. İki universitet birləşdirilərsə, həmin təhsil ocağında oxuyan minlərlə tələbənin idarə olunması sual altında olacaq”. Adlarını sadaladığı ali təhsil müəssisələrinin birləşdirilməsinin vacib olduğunu deyən M.Mürşüdlünün dediyinə görə, onsuz da bu təhsil ocaqlarını bitirən gənclər nəticədə eyni peşənin sahibi olur. Keçmiş təhsil naziri, professor Firudin Cəlilov isə siyasi baxımdan həmin universitetlərin birləşdirilməsinin məqsədəuyğun olmadığını deyib.
Professor bu addımı ermənilərin əleyhinə işləyəcək vacib fakt kimi dəyərləndirib: "Bu gün Ermənistanda rus məktəbi yoxdur, bizdə isə məktəbdən daha artıq rus-Bakı Slavyan Universiteti var. Hesab edirəm ki, siyasi baxımdan manevr etmək üçün bu, lazımdır. Amma gələcəkdə bunlar birləşməli və bir universitet olmalıdır. Birmənalı olaraq bu fikri dəstəkləyirəm. Bizdə balaca-balaca və heç bir əhəmiyyəti olmayan bir neçə universiteti birləşdirmək lazımdır” (modern.az).
Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev də uyğun ixtisaslı universitetlərin birləşdirilməsinin vacib olduğunu deyib. Hər yerdə göbələk kimi yayılan universitetlərə ehtiyac görmədiyini vurğulayan ekspert deyib ki, belə universitetləri bitirənlərin nə idarəetmədə, nə də təlim səviyyəsində uğuru olur: "Azərbaycanda universitet yaratmaq təsəvvürü çox bəsit olub. Universitetləri valideynlərdən yığılan pulla açmaq olmaz. Belə universitetlər Avropaya inteqrasiya edə bilmir, beynəlxalq səviyyəyə çıxa bilmir və bilməyəcək. Onlar böyük universitetlərin bir komasıdır. "Qafqaz” və "Xəzər” Universitetlərindən başqa bütün özəl ali təhsil ocaqları valideynlərin hesabına açılıb və fəaliyyət də göstərməkdədir. Hesab edirəm ki, onların da əksəriyyəti birləşdirilməlidir”. Slavyan Universiteti ilə Dillər Universitetinin hər ikisinin pedaqoji təmayüllü olduğunu deyən ekspert bu ali məktəblərdə sadəcə ixtisaslar baxımından müəyyən fərqlilik olduğunu deyib. Düşünürəm ki, imkanların bir yerə toplanması, vahid strategiya ilə eyni istiqamətə yönəldilməsi baxımından bu birləşmə xeyirli ola bilər”.
Şəymən
Şərq.-
2016.- 22 aprel.- S.12