MƏTBUATDA YENİ
ƏLİFBA MƏSƏLƏSİ VƏ CƏLİL
MƏMMƏDQULUZADƏ
Buludxan Xəlilov, filologiya üzrə elmlər doktoru, professor
Bəli, müəllimlərin də heç biri türk dilini bilmir: nə Firudin Köçərli cənabları bilir, nə Sultanməcid Qənizadə, nə Rəşidbəy Əfəndizadə, nə Bakıda kitab yazan müəllimlər, nə Gəncədə axundlar, nə İrəvanda və qeyri şəhərlərin müəllim və qəzet müxbirləri - şairlərdən nə keçənlər, nə də indiki sabirlər, tahirlər, nə Abbas ağa Qayıbovlar”.
Bununla da Cəlil Məmmədquluzadə türkoloji düşüncəyə önəm verir, türk dilini (Azərbaycan dilini) bilən mollaların, axundların (Mir Məmmədkərim, Məhəmmədhəsən, Mirzə Abdulla Qazızadə, Əli Əfəndi Əfəndizadə, Həsən Tahirzadə, Talıbzadə), mühərrirlərin (Əhməd bəy Ağayev, Ə.Haqverdiyev, M.Ə.Rəsulzadə, N.Nərimanov, Əliskəndər Cəfərzadə, Ü.Hacıbəyov, Ö.F.Nemanzadə), müəllimlərin (F.Köçərli, S.Qənizadə, R.Əfəndizadə və s.), şairlər (M.Füzuli, Xətai, Sabir və s.) düşüncəsinə hörmətlə yanaşır, onları bir növ geniş oxucu kütləsinə təqdim edirdi. Hər kəsə türkoloji düşüncə sahiblərini tanıdırdı. Bu cür türkoloji düşüncənin inkişafına xidmət Cəlil Məmmədquluzadənin özəl və özünəməxsus keyfiyyətidir.
Birinci Türkoloji Qurultayda dilin təmizliyi, terminologiya məsələləri də geniş müzakirə obyekti olmuşdur. Bu məsələlər də Cəlil Məmmədquluzadənin yaradıcılığında ana xətti təşkil edir. Cəlil Məmmədquluzadə dilin təmizliyi ilə bağlı yazdığı felyetonlarda yenə də türkoloji fikrin hər bir oxucuda formalaşmasına və onun inkişafına xidmət etmişdir. Mətləbi başa salmaq üçün demişdir ki, "... bizim Cəfərin anasının ev təmizləməyilə osmanlıların dil təmizləməklərində bir fərq görmürəm”. Bunu 1909-cu ildə "Molla Nəsrəddin” jurnalında yazdığı "Təmizləmək” felyetonunda gündəmə gətirirdi. O, "Təmizləmək” felyetonunda yazırdı: "Pəh-pəh! Zalım oğlu kim bilir, nə qədər zəhmətdən sonra kəşf edib ki, "babalarımız ərəb və fars sözlərini dilimizə ondan ötrü qarışdırıblar ki, hər yerdə olsa, islamlar bir-birilərinə tanış olsunlar”.
Heç belə doğru söz ömrümdə eşitməmişdim! Bax, filosofluq, tarix bilməklik buna deyərlər. Yoxsa, Əhməd Müdhət, Nəcib Asim və Vələd Çələbi kim cahillər, hey uzun türk tarixləri yazıb göstərirlər ki: "Babalarımızın köçəriliyi, cahangirliyi, islam dinini ərəb dililə öyrənməkləri, "alimliyi” ərəb və fars dillərini bilməkdə qanmaqları, "Məsnəvi”yi fars dililə yazmaqları, öz millətlərinin gələcəyini layiqilə düşünməməkləri... və qeyrə, qeyrə dilimizə ərəb və fars sözlərinin dolmağına səbəb olub”.
Bunlar da sanki söz danışırlar. Sözün
doğrusu, "C.Y.” cənablarınındır ki, buyurub; əgər
belə olmasa, ərəbistanlı bir ərəb hardan
farsın dilini qanır və şirazlı hardan Azərbaycan
türkcəsini başa düşür? Əgər
belə olmasa idi, müsəlmanlar hardan bir-birilərini belə
gözəl tanıya bilərlərdi?” Cəlil
Məmmədquluzadə "Molla Nəsrəddin”in üslubuna
uyğun şəkildə ərəb, fars kəlmələrinin
türk dillərində özünə geniş meydan
almasının səbəblərini açıqlayır, həm
də onun həllinin vacib olduğunu oxucu kütləsinə
çatdırırdı. Məhz Cəlil
Məmmədquluzadə belə bir maarifləndirici yolu tutaraq
türkoloji düşüncənin formalaşmasında və
inkişafında vətəndaş-ziyalı mövqeyini
ortalığa qoyurdu. Təhsil, maarif sahəsində irəli
getmək üçün əlifbanın böyük önəm
daşıdığını əhəmiyyətli bir iş
sayırdı. Əgər "Yeni Əlifba
Komitəsi”nin gündəmə gətirdiyi əlifba məsələsi
XX əsrin 20-ci illərindən sonra müzakirə obyekti
olmuşdusa, Cəlil Məmmədquluzadə bu məsələni
XX əsrin əvvəllərində müzakirə obyektinə
çevirmişdi. Əslində Cəlil Məmmədquluzadə
"Yeni Əlifba Komitəsi”nin üzvlərini, fəallarını
əlifba məsələsində də hərəkətə
gətirmiş, yardımçı rol oynamışdır.
O, XX əsrin əvvəllərində bu məsələni dəfələrlə
felyetonlarında müzakirə obyektinə çevirmişdir.
1913-cü ildə yazdığı
"Əlifba” felyetonunda əlifba ilə bağlı oxucu
kütləsini maarifləndirir, onları
düşünüb-daşınmağa məcbur edir,
papaqlarını qabaqlarına qoyub fikirləşməyə məcbur
edirdi. Başa salmaq, anlatmaq Cəlil Məmmədquluzadənin
yolu, üslubu idi. Bu mənada o,
"Əlifba” felyetonunda yazırdı: "Lazımdır
avam camaatı başa salmaq, yoxsa birdən-birə desən ki,
"bu Balkan davası bizim əlifbamızın davasıdır”,
əlbəttə, bu sözlər damnan düşmə
sözə bənzəyəcək; dəxi heç kəsin
qulağına girməyəcək. Sözü
lazımdır ehmalca demək, "pişiyim-pişiyimnən”
demək. O demişkən, "söz var ki, dağa
çıxardar, söz var dağdan endirər”. Yoxsa avam camaat nə sənin məqaləni oxuyar, nə
də oxusa, təsdiq eləyər; qalarsan meydanda tək-tənha.
Və bir
də səndən də savayı qəzetçi var: kimdir əlifba
sözünü danışan? Sözün var, - söz de! Davadan yazırsan, topdan-tüfəngdən
danış; Balkan hara, əlifba hara?” Cəlil Məmmədquluzadə
"Əlifba” felyetonunda yenə də "Molla Nəsrəddin”
sayağı yazır: "Bəlkə eşitmiş
olarsınız, Albaniya tayfasını ki, osmanlılar arnaud
deyirlər, - bunlar həmin millətdirlər ki, miqdarı ikicə
milyon ola-ola yapışıb osmanlıların yaxasından və
deyir ki, "gərək izn verəsən biz ərəb hürufatı
əvəzinə latın hürufatı qəbul
edək, ya da ki, xəncəri əldən yerə
qoymayacağıq”.
Bu
sözləri deməkdə arnaudlar belə xəyal eləyirlər:
onlar bilirlər ki, nə qədər ərəb hürufatilə
yazı-pozu eləyirlər, mətbuatları tərəqqi
tapmayacaq, milli ədəbiyyatları puç olacaq, dillləri
hörmətdən düşəcək və axırda
özləri də arnaudluqdan çıxıb, qeyri bir
güclü millətə qarışıb, yox olacaqlar; necə
ki, bizlər və bizdən də savayı sair müsəlman
qardaşlar”. Cəlil Məmmədquluzadə bu
cür uzaqdan başlamaqla əsas hədəfə doğru gəlməyi
bir üslub kimi seçmişdir. Onun əsas
hədəfi türk xalqlarının ərəb əlifbasından
istifadə etməsi məsələsi idi. Və bu əlifbanın çətinliklərini
başa düşdüyü üçün onu yeni əlifba
ilə əvəz etmək idi. Ancaq bunu
arnaudların mövqeyindən başlayır və əsas hədəfə
gəlirdi. "Əlifba” felyetonunda davam edərək
yazırdı: "Budur mənim sözüm, əzizim ta niyə
atılıb düşürsən: ya gərək tarixə
belin bağlı ola, ya da ki, yeri-göyü yox yerdən xalq
eləyən bir Allaha ki, arnaud kimi bir bic milləti yaradıb,
ötürüb bu dilsiz-ağızsız Osmanlının
üstünə; deyir ki, mənə azadlıq ver, məni
idarə eləməyə sənin ləyaqətin yoxdur, sənin
şalvarın gendir, nə bilim zehin dardır, özün
kobudsan, mənə dil lazım, mətbuat lazımdır, yoxsa
bu ərəb heroqlifləri bizi bir yana çıxartmaz, bu
hürufata biz layiq deyilik; buna layiqdir müqəddəs ərəblər,
farslar, naxçıvanlılar, kitaylılar, yəcuclar.
Pəh, pəh,
pəh! Sözə bax sən Allah! Dilin lal olsun
söz danışan!” Bundan artıq əlifba
ilə bağlı əsl həqiqəti demək
mümkün idimi? Hər halda
mümkün olanı Cəlil Məmmədquluzadə deyirdi və
onun dedikləri, yazdıqları türkoloji düşüncənin
formalaşmasında və inkişafında qaynaq, mənbə
rolunu oynayırdı. Bir daha qeyd edirik ki,
onun dedikləri, yazdıqları hər bir kəsin
türkoloji düşüncəsinə, ancaq hansısa alimin,
türkoloqun dedikləri və yazdıqları məhdud bir
dairənin türkoloji düşüncəsinə xidmət
edirdi. Bu da əsas verir deyək ki, Cəlil
Məmmədquluzadə türkoloji düşüncənin
formalaşmasında və inkişafında əvəzsiz bir
xidmət göstərirdi. Onun xidməti
avam kütləyə maariflənməyi, təhsil
almağı, doğma ana dilində yazmağı,
oxumağı bacarmasını başa salmaqdan ibarət idi.
Milli mənliyi, kimliyi, hansı dinə xidmət
etməsi, hansı vətənin, məmləkətin
övladı olmasını anlatmaq idi. O bunu
bacarırdı və hətta avam kütləni də
düşünməyə məcbur edirdi. Bu mənada
1914-cü ildə yazdığı "Dili tutulub” felyetonunda
oxuyuruq: "Necə ki, insan ölüb torpaq olur, bu torpaqdan ot, meyvə və çörək bitir və
insanlar yeyir və insanlardan yenə dübarə övlad
törəyir və yenə ölür və yenə dirilir və
belə-belə yenə min-min illər keçir və yenə
əflak dolanır, habelə Göyçayda, Tiflisdə,
Bakıda oxunan dilimiz.
Əcəl ki, tamam oldu, millətin dili yox olur; yəni
tutulur. Nə eybi var, müsəlman olmasın, rus olsun, firəng
olsun, axırda yenə hamı öləcək və
bunların yerinə təzə millətlər dünyaya gələcəklər.
Budur təbiətin qanunu!”
Cəlil Məmmədquluzadə dəfələrlə əlifba
məsələsini təhlil, müzakirə obyektinə
çeviribdir.
"Yeni Əlifba Komitəsi”nin
Krım-Türküstan ellərinə səfərindən
beş ay qabaq "Təzə əlifba” adlı felyetonunda bir
daha öz mövqeyini ortalığa qoyub. Bu məqalə
də bir daha təsdiq edir ki, Cəlil Məmmədquluzadə
"Yeni Əlifba Komitəsi” əməli fəaliyyətə
başlayana qədər öz məqalələri ilə
faydalı işlər görmüşdür. Açıq şəkildə qeyd etmişdir ki, yeni
əlifbanı hazırlayan, bişirən və ortalığa
çıxaran vardır. Əlbəttə
yeni əlifbanı hazırlayan, insanları bu baxımdan
maarifləndirən, yeni əlifbanı bişirən və
ortalığa qoyanlardan biri də Cəlil Məmmədquluzadə
idi. O özü də "Təzə əlifba”
felyetonunda bu məsələyə işarə edir. O
yazır: "Adam bir çanax dadlı aşı
qabağına qoyub, yeyəndə gərək bilə ki, bu
aş harada bişib və kim bişirib. İnsafdan
uzaqdı ki, qaşığı götürüb,
başını aşağı salasan və
maçhamaç ilə yeyəsən və xalqı da
şişirdəsən. Amma heç
soruşmayasan ki, görəsən, bu aşı bişirən
kimdi”. Cəlil Məmmədquluzadə "Adam bir
çanax dadlı aşı
qabağına qoyub, yeyəndə gərək bilə ki, bu
aş harada bişib və kim bişirib” deyəndə "Təzə
əlifba”nı da bişirib ortalığa qoyanın kim
olduğunu, daha doğrusu, bu əlifbanın özünə
yer alması yolunda zəhməti olanları yada salmağı
işarə edirdi. O cümlədən o yada düşənlər
içərisində onun da zəhməti əvəzsiz idi.
Cəlil Məmmədquluzadə yeni əlifbanın, təzə
əlifbanın tərəfdarı olanları bir vaxtlar "vətən
xaini” hesab edənlərin olduğunu, indi isə bunun
müştərilərinin sayının artdığını
"Təzə əlifba” felyetonunda qeyd edirdi. O yazırdı:
"Söhbət bu təzə latın əlifbası
üstündədir.
Bir vaxt
var idi ki, yeni hürufatçıları az
qalırdılar adam içindən qovub çıxardalar.
"Budu, gəldi səfahətin kanı”. Bir vaxt var idi
ki, yeni hürufatçıların adını vətən
xaini qoymuşdular.
Amma indi gəl, gör. Bu yeni əlifbanın
üstünə indi o qədər müştəri
tökülüb ki, heç bilmirsən bişirən kimdi,
düşürən kimdi”.
Cəlil Məmmədquluzadə yeni əlifbanın
müştərilərinin sayı artdıqdan sonra bu yeni əlifbanı
bişirənlərə macal verilmədiyini də bir kinayə
ilə, istehza ilə qeyd edirdi. Həmin macal verilməyənlərdən
biri də Cəlil Məmmədquluzadənin özü idi və
o, buna işarə də edirdi. Bu mənada "Təzə
əlifba” felyetonunda yazırdı: "Hərə əlinə
bir qaşıb alıb, hücum çəkiblər bir nimçə
dadlı yeni əlifba aşının üstünə.
Hətta dünən küçə ilə keçərkən
gördüm təzə qonaqların bir neçəsi
qollarını çırmayıb, düşüblər
nimçənin üstünə. Aşı bişirənlərin
biri aşağıdan yuxarı elə hey haray təpirdi ki, ay
nainsaflar, axır bir mənə də macal verin.
Qolları çırmaqlı cavanlar heç qulaq
asmırlar.
Axır atalar deyiblər ki, bir nimçə ləzzətli
aşı ki, qoydular qabağına, insafdan uzaqdı ki, onu yeyəndə
soruşamayasan ki, bu aşı bişirən kimdi,
düşürən kimdi?”
Doğrudan da, Cəlil Məmmədquluzadə yeni əlifbanı
hələ XX əsrin əvvəllərindən "bişirən,
düşürən” kəslərdən biri olmuşdur. Ancaq
görünür ki, bu məsələdə Cəlil Məmmədquluzadəyə
biganəlik, laqeydlik olmuşdur. Və bu
biganəlik, laqeydlik də "Təzə əlifba”
felyetonunda, felyetonun məzmununda aydınca görünür.
Birinci Türkoloji Qurultayda orfoqrafiya məsələləri
də müzakirə olunubdur. Cəlil Məmmədquluzadə
orfoqrafik məsələlərinə də biganə
qalmamışdır. Bu məsələdə də hələ
Birinci Türkoloji Qurultaydan əvvəl kütlənin başa
düşəcəyi bir üslubda maarifləndirici iş
görmüşdür. Onun azadfikirliliyi bu
istiqamətdə olan yazılarında da qabarıq şəkildə
görünür. Bu mənada Cəlil Məmmədquluzadənin
"Sirkə” felyetonu orfoqrafiyamızın o vaxtkı taleyi ilə
bağlı ədibin mövqeyini yüksək səviyyədə
təqdim edə bilir. Bu felyetonun məzmunundan
aydın olur ki, dörd ədib görüşüb
bakılı ədib yoldaşlarından birinin evinə
balıq yeməyə gedirlər. Onlardan
biri bir neçə gün qabaq Bakıya qonaq gəlmiş ədib
olur. Bu ədiblər balıq yeyən zaman
onların arasında mübahisə yaranır ki, balıq
sözünə balıq, yoxsa balıx desinlər. Bax bu məqamı Cəlil Məmmədquluzadə o
qədər ustalıqla təsvir edir ki, burada onun həm ədib
kimi istedadını, həm də dilin qayda-qanunlarını
bilən dilçi kimi elmini görməmək olmur.
Əsərdən parçalara diqqət edək: "Birinci
bakılı ədib yoldaşımız çəngəli
ilə balığın tikələrini seçə-seçə
ev sahibi ədib yoldaşımıza belə
diqqət tutdu:
-Mən
ölüm, ay Əhməd Fitrət (ev sahibi ədib
yoldaşımızın adıdır), o yediyin
balığın adını ata-anamız "balıx” qoyub,
sən də elə "balıx” de, "balıq” demə”.
Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru,
professor
Şərq.-
2016.- 26 aprel.- S.11