TÜRK
DÜNYASININ “TƏRCÜMAN”I
İsmayıl bəy
Qaspıralının nəşr etdirdiyi bu qəzet uzun illər
Azərbaycan ziyalılarının tribunası olub
Böyük
maarifçi Həsən bəy Zərdabinin həyat
yoldaşı Hənifə xanımın xatirələrində
belə yazılıb: "1879-cu ildə Krım türklərinin
dilində ilk qəzet buraxan İsmayıl bəy
Qaspıralı (Qaspirinski) Həsən bəyə məktub
yazıb "Tərcüman” adlı qəzet nəşr etmək
üçün ona xeyir-dua verməsini və qəzetə rəhbərlik
etməsini xahiş etdi. Bu məktub Həsən bəy
üçün böyük bir bayrama çevrildi. Həsən
bəy "bizim başqa bir qəzetimiz də olur, gələcəkdə
isə üçüncü, dördüncü və daha
çox qəzetlərimiz olacaq” deyərək uşaq kimi
sevinirdi. O, "Tərcüman”ı və onun
uğurlarını məhəbbətlə izləyirdi.
İsmayıl bəyə məsləhət görürdü
ki, ərəb və fars sözlərindən qaçsın,
eləcə də Krımda başa düşülən
spesifik sözlərdən uzaq olsun. İsmayıl bəy də
həmişə Həsən bəyin məsləhətlərinə
qulaq asar, onları nəzərə alardı. Ona görə də
son dövrlərdə qəzet qafqazlıların başa
düşəcəyi türkcədə çıxır və
buna görə də həvəslə oxunurdu”.
"Tərcüman” qəzeti nəşrə başladığı 1883-cü ildən 1903-cü ilə qədər Rusiya müsəlmanları kimi Azərbaycan türklərinin də yeganə mətbu orqanı olub. Mənbələr göstərir ki, Azərbaycan ziyalıları "Tərcüman”a abunə yazılıb, uzun müddət bu qəzetə "yeganə milli qida” kimi baxıblar. Çünki "Tərcüman”ın hər səhifəsi, hər cümləsi türk dünyasını, xüsusən, Rusiyada yaşayan müsəlman türklərini cəhalətdən oyanmağa, özünüdərkə, maarifə, elmə, haqları uğrunda savaşa səsləyirdi. Ona görə də İsmayıl bəy Qaspıralı müasirləri tərəfindən türk dünyasının hər yerində, eləcə də Azərbaycanda görkəmli maarifçi kimi təqdim edilib, ondan yüksək ehtiramla bəhs olunub. Çar Rusiyasının apardığı mürtəce siyasət nəticəsində türklər və müsəlmanlar dövlət quruculuğu və idarəetmədən tamamilə kənarda qalmış, cahil vəziyyətə salınmış, millət və məmləkətlər ayrı-seçkiliyə məruz qoyularaq məhvə məhkum edilmişdi. Necə deyərlər, işığı söndürülmüş, qapıları bağlanmışdı. Sönmüş qəlbləri nə ilə yandırmalı? Qəflət səhrasında sərilib qalmış qədim bir milləti nə ilə ayağa durquzmalı? Özünü dərk edəndən bu suallara cavab axtaran türk dünyasının böyük oğlu İsmayıl bəy Qaspıralı həyatının sonunadək bu amal uğrunda savaşdı. Mübarizəsinə "Dildə, işdə, fikirdə birlik” şüarı ilə başlayaraq bu işıqlı yolu Azərbaycan ziyalıları ilə həyatının sonunadək birlikdə davam etdirdi. Müəllimi hesab etdiyi böyük ziyalı Həsən bəy Zərdabinin xeyir-duası ilə bu işi davam etdirdi. Mənəvi qidası isə "Əkinçi”, "Ziya”, "Həyat”, "Füyuzat”, "Molla Nəsrəddin” oldu. O, xatirələrində Azərbaycan türklərinin daim maarifə, elmə-irfana doğru can atdığını xüsusi vurğulayırdı. Azərbaycandan çox şey öyrəndiyini etiraf edirdi. Mirzə Fətəli Axundovun və Həsən bəy Zərdabinin başında dayandığı Azərbaycan maarifçilik hərəkatı İsmayıl bəy Qaspıralı üçün əsl məktəb, nümunə rolu oynayıb. Ona görə də xatirələrində bütün fəaliyyəti boyunca Həsən bəy Zərdabini ehtiramla xatırlayıb. Qazandığı uğurların Zərdabi fenomeninin ciddi təsiri altında formalaşdığını, türk-müsəlman aləmini tənəzzüldən xilas etməyin vacibliyinə tapındığı bir zamanda qarşısında "Əkinçi”ni və Həsən bəy Zərdabini gördüyünü söyləyib. "Əkinçi”nin nəşrinin 30 illiyi münasibətilə yazdığı "Yaşa, Həsən bəy, yaşa!” adlı məqaləsində deyilir: "Birinci ovuc maarif buğdasını Həsən bəy ağamız səpdi. Bunun fidanları olaraq Tiflisdə "Ziyayi-Qafqaziyyə”, "Kəşkül” zühur etdilər... Lütfi-xuda ilə bir buğda da Krım yarımadasına düşdü ki, bundan da "Tərcüman”ımız zühura gəldi”. Həsən bəy də "Tərcüman”ın simasında "Əkinçi”nin ardıcılını görürdü. Bu qəzetin fəaliyyətini daim qayğı ilə əhatə edirdi. Onların əbədi dostluğu və birliyi millətinə sevgi üzərində qurulmuşdu. Onlar, doğrudan da, fədai idilər. Çarlığın ən parlaq ümidləri çürüdən zərbələrinə birlikdə sinə gərirdilər. Qaranlığa həbs edilmiş xalqların işığını birlikdə yandırırdılar. Həsən bəy Zərdabi də, İsmayıl bəy Qaspıralı da milli tərəqqi yolunda böyük bir maarifçi nəslinin yaranmasını hava, su kimi vacib sayırdılar. Onlar millət yolunda yanıb külə dönməkdən qorxmayan mücahidlər idilər. Yaxşı bilirdilər ki, xalq maariflənməsə, cəhalətdən xilas olmasa, müsəlman dünyasını məhvolma təhlükəsi gözləyir: "Biz müsəlmanlar elmdən vəba naxoşluğundan qaçan kimi qaçırıq” deyirdilər və dərindən "ah” çəkirdilər. Qaspıralı XIX əsr Avrasiya geosiyasi arealına görkəmli tatar maarifçisi, ümumtürk milli intibahının banisi və Rusiya türklərinin öndəri kimi daxil oldu. İsmayıl bəy Rusiya müsəlmanlarının geriliyinin səbəbini maarifsizlikdə, elmsizlikdə görürdü. Ona görə də həyatını türk dünyasında bu işığın yanmasına sərf etdi. "Millətin halına bələd olmadıqca, millətə xidmət mümkün olmayacaq” deyib mübarizəyə atıldı. İsmayıl bəy 1851-ci il martın 8-də dünyaya gəlib. Atası Baxçasaray yaxınlığındakı Qaspra kəndindən olduğundan İsmayıl Qaspıralı təxəllüsünü götürüb. On yaşına qədər Baxçasarayda yaşayıb, əlifbanı da burada Hacı İsmayıl müəllimdən öyrənib. 10 yaşında ikən Ağməscid gimnaziyasına daxil olub. Oradan Voronej hərbi məktəbinə, sonra da Moskva hərbi məktəbinə dəyişdirilib və təhsilini əla qiymətlərlə başa vurub. Lakin Rusiyanın hər guşəsində, xüsusən, Moskvada türk düşmənçiliyinin, türklərə qarşı dini, milli gücə malik fanatizmin genişlənməsi tatar gənci dəhşətə gətirib. Eyni zamanda, bu cür münasibət onun milli ruhunu dəyişdirib, içindəki türk düşüncəsini və azadlıq savaşını alovlandırıb. Onun fikrincə, çarlığın türklərə qarşı bu qədər alçaldıcı münasibətinin qarşısını yalnız elm, təhsil, mədəniyyət, dil, fikir və iş birliyi ilə almaq mümkündür. Bu birliyi yaratmaq üçün də ilk növbədə, mətbuat yaranmalıdır. O, məqalələrinin birində yazırdı: "Millətin tərəqqisi və gələcəyi üçün hər şeydən əvvəl, fikir lazımdır. Fikir oyanmadan tərəqqi etmək qeyri-mümkündür”. 1882-ci ildə Ünsizadə qardaşlarının mətbəəsində nəşr etdirdiyi "Tonğuc” və "Şəfəq” qəzetlərində fikri hərəkətə gətirmək və yüksəltməklə məşğul olub. Böyük gücə və sarsılmaz iradəyə sahib olan Qaspıralı qəzet buraxmaq üçün inadla, israrla çalışmaqla yanaşı, "Gənc Molla” imzası ilə Ağməsciddə rus dilində çıxan "Tavrida” qəzetinə müsəlmanların həyatından bəhs edən məqalələr yazıb, broşuralar, kitabçalar nəşr etdirib. 1881-ci ildə "Tonğuc” adlı 4 səhifəlik məcmuə buraxıb. Nəşrin 2-ci nömrəsi eyni adda qəzet kimi Tiflisdə Ünsizadə qardaşlarının "Ziya” mətbəəsində 1881-ci ildə işıq üzü görüb. Ümumiyyətlə, "Tərcüman”a qədər İ.Qaspıralı "Tonğuc” və "Şəfəq”dən sonra "Kəmər”, "Ay”, "Ulduz”, "Günəş”, "Həqiqət” və "Lətail” kimi məcmuə və qəzet adı ilə nəşrlər, eyni zamanda "Salnameyi-türki” və "Miratı-cədid” adlı almanaxlar buraxıb. Nəhayət, dəfələrlə rəsmi müraciətdən, təkrar-təkrar Peterburqa təpik döydükdən, nazirlərin qəbuluna düşdükdən sonra İ.Qaspıralı 1882-ci ilin avqust ayının 5-də "Tərcüman”ın nəşrinə icazə almağa müvəffəq olub. Lakin problem bununla bitməyib. Qəzet çapdan əvvəl senzuranın razılığı üçün Baxçasaraydan Peterburqa göndərilib, senzuradan keçdikdən sonra Krıma qaytarılıb və nəşr edilib. Bu hər dəfə belə təkrar olunub. Çox ciddi problemlərə baxmayaraq, qısa müddət ərzində Rusiya müsəlmanlarının məskunlaşdığı bütün ərazilərdə, eləcə də Türkiyədə, İranda, Misirdə, Əlcəzairdə, Hindistanda, Rumıniyada, Bolqarıstanda, Çinin Şərqi Türkistanında yayılan, böyük əks-səda doğuran, ilk vaxtlar cəmi 320 nüsxə çıxan "Tərcüman”ın tirajı sürətlə artıb və 20 mini keçib. Qaspıralının naşiri olduğu "Tərcüman” qəzeti, öndəri olduğu üsuli-cədid hərəkatı, geniş, çoxşaxəli maarifçilik çalışmaları digər Rusiya müsəlmanları kimi Azərbaycan türkləri ilə də sıx bağlı olub. Onların özünüdərkinə xidmət edib. İsmayıl bəy tam otuz bir il "Tərcüman”ın redaktoru və naşiri olub. "Tərcüman” qəzeti 35 il fəaliyyət göstərib. Qəzet 1883-cü ildən 1905-ci ilədək iki dildə - türk-tatar və rus dillərində, 1905-ci ildən 1918-ci ilədək isə yalnız türk-tatar dilində buraxılıb. Qaspıralı 1883-cü ildən 1914-cü ilədək qəzeti nəşr etdirib, ölümündən sonra isə bu vəzifəni oğlu Rüfət Qaspıralı həyata keçirib. Qəzetin son sayı 10 fevral 1918-ci ildə işıq üzü görüb. Qəzetin səhifələrində müntəzəm olaraq Bakı, Tiflis, Şuşa, Nuxa, Gəncənin adları hallanıb. Azərbaycan həyatının az qala məişət hadisələri belə, geniş şəkildə oxuculara təqdim olunub. Maarifçi-pedaqoq Sultan Məcid Qənizadənin təzə çapdan çıxan dərsliyi qəzetin bir neçə nömrəsində elə dərs vəsaiti kimi təbliğ edilib. "Tərcüman” qəzeti uzun illər Azərbaycan ziyalılarının da oxuduğu yeganə türk qəzeti idi. Bir maarifçi kimi dövrünün nüfuzlu ziyalısı, Zaqafqaziya müftisi Hüseyn əfəndi Qayıbov qəzetə 150 nəfər abunə yazdırıb. Yusif Vəzir Çəmənzəminli də xatirələrində rus-yapon müharibəsi başlanana qədər Azərbaycan ziyalılarının "Tərcüman” qəzetini sevə-sevə oxuduğundan və abunə yazıldığından bəhs edib. 1908-ci ildə Hacı Zeynalabdin Tağıyev İsmayıl bəy Qaspıralıya göndərdiyi məktubda yazırdı: "Sizin xidmətlərinizi saymaqla qurtarmaz. Sizin xidmətləriniz sayılsa, gərək Rusiya müsəlmanlarının dörddə bir əsrlik mədəniyyət tarixi yazılsın”. İsmayıl bəyin başçılıq etdiyi yeniləşmə hərəkatları əvvəlcə mədəni xarakter daşısa da, sonralar getdikcə siyasi mahiyyət alırdı. Türk dünyasının birliyi naminə düşündüyü və yaratdığı üsuli-cədid məktəbləri, xeyriyyə cəmiyyətləri, eyni zamanda, millətçilik cərəyanları Qafqaz üzərindən aşaraq Buxaradan keçməklə Türküstana, Kazan, Orenburq və Sibirə qədər gedib çatırdı. "Tərcüman” bütün türk ellərini gəzərək qapılardan-bacalardan işıq seli kimi qəflət yuxusuna dalmış insanların ağlına və ürəyinə axırdı. Qəzet və məcmuələrin sayı 30-u keçirdi. Nəticədə bir zamanlar Qaspıralının dediyi kimi, evlərindən qırağı görə bilməyən türklər indi yalnız özlərini və bir-birlərini görməkdən başqa, bir millət olduqlarını anlayırlar. Yalnız mədəni deyil, siyasi həyatda da millət kimi addım atırlar. Bundan ruhlanan Qaspıralı 1911-ci ildə Hindistana gedərək orada da "üsuli-cədid” məktəbini açır. Türkiyə səfərlərində oradakı irfanlara da vaxt itirmədən maarifin, elmin inkişaf etdirilməsini tövsiyə edirdi. İsmayıl bəy Rusiyada Türkiyə əleyhinə yazılan bütün məqalələrə sərt cavablar verirdi. Düşmənlərinin tez-tez təkrarladıqları "Türkiyə xəstə adam kimidir” istilahından yorulmuş İsmayıl bəy türkə, türkün qabiliyyətinə və həyati qüdrətinə olan sarsılmaz imanı ilə "zəncirlər qoparılsın, görün, onda sağlam nəsildən necə igidlər çıxacaq” deyir və türkün mədəniyyətini, ictimai-siyasi həyatını zəncirləyən bütün əngəllərdən xilas ola bilməsi üçün hər dövrdə düşündüklərini səmimi, açıq şəkildə yazmaqdan çəkinmirdi.
İsmayıl bəy "Tərcüman”la kifayətlənmirdi. Onun redaktoru olduğu onlarla qəzet nəşr olunurdu. 30-dan çox elmi əsər, dərslik və müxtəlif sahələri əhatə edən kitabları işıq üzü görürdü. "Aləmi-nisvan” (Qadın dünyası) qəzetinə Qaspıralının qızı, Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərlərindən biri Nəsib bəy Yusifbəylinin həyat yoldaşı Şəfiqə xanım rəhbərlik edirdi. Bu qəzetdə qadın azadlığı və hicab məsələlərində görünməmiş cəsarət nümayiş etdirir, qadınların üzüaçıq gəzə bilmələrini, qızların təhsil almalarını müdafiə edirdi. Tədqiqatçı-alim Aybəniz Kəngərlinin "İsmayıl bəy Qasprinski” kitabına və başqa mənbələrə istinadən hazırladığımız məqalədə Fuad Köprülünün 1933-cü ildə "Tərcüman” qəzetinin 50 illik yubileyi münasibətilə yazdığı məqalə də yer alır: "Son 40-50 sənə zərfində əski Rusiya çarlığı daxilində yaşayan milyonlarla türkün milli və mədəni intibahında ən böyük vəzifələri İsmayıl bəy Qasprinski görüb. Bütün həyatını bu işə vakf edərək minlərcə maneələr qarşısında müvəffəqiyyətlə yürüyüb”. Türk dünyasının böyük maarifçi-ziyalısı İsmayıl bəy Qasprinski 1914-cü ildə İstanbulda dünyasını dəyişdi və əbədi olaraq çox sevdiyi türk torpağına əmanət edildi. Böyük maarifçilərimiz Mirzə Fətəli Axundovun və Həsən bəy Zərdabinin başladığı yol İsmayıl bəy Qasprinski, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və başqa ziyalılarımızın işıqlı əməlləri ilə davam etdirilərək sonda milli ideologiyanın yaranmasına səbəb oldu.
İsmayıl
Məqalə Azərbaycan
Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyi ilə hazırlanıb
Şərq.- 2016.- 6 avqust.- S.11.