AZƏRBAYCAN MƏTBUATININ
ROLUNU KİÇİLTMƏK MÜMKÜN DEYİL
Media hər zaman cəmiyyətin
aparıcı funksiyasını yerinə yetirib,
ictimai maraqları qoruyub
(əvvəli ötən sayımızda)
Dördüncü hakimiyyət sayılan ictimai institut - kütləvi informasiya vasitələri cəmiyyətdə xəbərləmə funksiyasını yerinə yetirməklə yanaşı, bir növ nəzarətçi, nizamlayıcı, toplumun rəy və qərarlarına təsir gücünə malik bir mövqedədir. Daha dəqiq desək, cəmiyyətdə ictimai fikrin formalaşmasında, kütlələrin məlumatlandırılmasında və bilgiləndirilməsində medianın rolu danılmazdır. Amma Azərbaycanda vəziyyətin bir qədər fərqli olması barədə müxtəlif fikirlər səslənir. Bəziləri bu qənaətdədir ki, Azərbaycanda fəaliyyət göstərən KİV-lər bu missiyanın öhdəsindən lazımınca gələ bilmirlər. Bir çoxları isə ölkəmizdə ictimai fikrin formalaşmasında mətbuatın rolunun danılmaz olduğunu, xüsusi önəm daşıdığını vurğulayırlar. Bəs görəsən, bu barədə mətbuat nümayəndələri nə düşünür?
... Bəzi qüvvələr var ki, bilərəkdən Azərbaycan mətbuatının rolunu kiçiltməyə çalışırlar
Azərbaycanda dövlət və ictimai maraqların müdafiəsində mətbuatın özünəməxsus rolu olduğunu
deyən "Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə görə, ictimai rəyin
formalaşmasında, o cümlədən də milli maraqların müdafiəsində mediamız ciddi əhəmiyyət kəsb
edir: "Son zamanlar biz bir daha şahidi olduq ki, Azərbaycan mediası ictimai maraqlarınqorunmasında və cəmiyyətdə ictimai rəyin formalaşmasında böyük əhəmiyyətə malikdir.
Cəmiyyətin aparıcı funksiyasını yerinə yetirir. Azərbaycan dövləti də mətbuatın bu rolunu hər
zaman yüksək dəyərləndirib və qarşılıq olaraq da öz dəstəyini yetərincə verib. Cəmiyyətdə milli
mənlik şüurunun, ictimai rəyin, vətənpərvərlik duyğularının formalaşmasında mətbuatın çox böyük
rolu vardır ki, bu da elə ictimai maraqların müdafiəsinə yönəlib. Müstəqillik dönəmində Azərbaycan
mətbuatı keşməkeşli və əhəmiyyətli bir yol keçib. Bu dönəmdə cilalanıb, formalaşıb. Media
sahəsində fəaliyyət göstərən kifayət qədər vətənpərvər insan var ki, onlar hər zaman Azərbaycan
dövlətinin və cəmiyyətinin maraqlarını hər şeydən üstün tuturlar”.
Mətbuatın daim ölkədə baş verən ictimai-siyasi proseslərə təsiri olduğunu vurğulayan baş redaktor
deyib ki, bəzi qüvvələr var ki, bilərəkdən Azərbaycan mətbuatının rolunu kiçiltməyə çalışırlar:
"Amma yuxarıda da qeyd etdiyim kimi, ən azı Azərbaycanda baş verən son hadisələrə, həmçinin
ölkəmizə qarşı aparılan qərəzli kampaniyalarla mübarizədə mətbuatın oynadığı rola diqqət yetirsək,
mətbuatın nə qədər önəmli rola malik və ictimai rəyə təsir potensialında olduğunu görmək
mümkündür”.
... Mediaya "IV hakimiyyət” adı əbəs yerə verilməyib
Müasir cəmiyyətləri mediasız təsəvvür etməyin mümkünsüz olduğunu deyən "Kaspi” qəzetinin baş redaktoru İlham Quliyevin sözlərinə görə, ölkələrin həyatında baş verənlər, dünyada yaşananlar bizə məhz media vasitəsilə çatdırılır:
"Media həmçinin ictimai fikrin formalaşmasında, ölkədaxili və bəşəri problemlərlə bağlı ümumi fikrin yaradılmasında müstəsna rola malikdir. Bir qədər də konkretləşdirsək, mediaya "IV hakimiyyət” adı əbəs yerə verilməyib. Müasir dünyada medianı həm də yumşaq güc hesab edirlər. İndi böyük dövlətlər hər hansı bir ölkədə öz maraqlarını təmin etmək üçün təkcə top-tüfəngdən, ordudan istifadə etmirlər. Bu niyyətə düşənlər ilk növbədə hədəfə aldıqları ölkənin informasiya məkanını, mediasını nəzarət altına almağa çalışırlar. Və ya özlərinin transmilli informasiya şəbəkəsi vasitəsilə həmin ölkəyə qarşı hücuma keçirlər. Bu hücum bir növ real döyüşlərdə quru hücumundan əvvəl reallaşdırılan artilleriya hücumuna bənzəyir”.
Bu gün Azərbaycan mediasının da öz üzərinə düşən rolu lazımınca yerinə yetirdiyini hesab edən
baş redaktor qeyd edib ki, son vaxtlar ölkənin öz ciddiliyini qoruyub saxlaya bilən, cəmiyyətin,
vətəndaşların etimadını qazana bilmiş sanballı media qurumları var: "Həm dövlətə məxsus olan,
həm də özəl fəaliyyət göstərən kifayət qədər media qurumu var ki, ölkədəki ictimai rəyin
formalaşmasında xüsusi rol oynayırlar. Müasir dövrümüzün bir reallığı da həyatımıza daxil olan
sosial mediadır. Sosial media bir reallıqdır və ölkədə ictimai rəyin formalaşdırılmasında xüsusi rol
oynayır. Bu baxımdan, həm dövlətin müvafiq strukturları, həm də ənənəvi və internet media
resursları bu reallığı nəzərə almaq məcburiyyətindədirlər”.
Hərbi güclə yanaşı, "yumşaq güc” hesab edilən media vasitəsilə hazırda dünyada informasiya müharibəsi gedir
Ölkə.az saytının baş redaktoru Məmməd Gülməmmədov isə postmodern cəmiyyətlərdə medianın
mühüm güc və təsir vasitəsi olduğunu deyib. Onun sözlərinə görə, müasir dövrdə güc nümayişi və ya tətbiqi media vasitəsi ilə həyata keçirilir.
Bu səbəbdən informasiya cəmiyyətlərində manipulyasiya hallarına yol verilməməlidir. Bu gün media nəinki cəmiyyətin məlumatlandırılmasında, hətta beynəlxalq münasibətlərdə elə bir vasitəyə çevrilib ki, mən bunu hərbi güc qədər vacib hesab edərdim. Hərbi güclə yanaşı, "yumşaq güc” hesab edilən media vasitəsilə hazırda dünyada informasiya müharibəsi gedir: "Azərbaycan mediasına isə gəlincə, bizim mətbuatımız ötən illərlə müqayisədə xeyli inkişaf edib, dünyada sözümüzü demək üçün artıq gücə çevrilməyə başlayıb. Əlbəttə ki, bu, uzun bir prosesdir və transmilli mətbuatla rəqabətə girmək,onlarla yanaşı getmək, yaxud onlarla üz-üzə dayanmaq heç də asan deyil. Ancaq bizim medianın qət etməli olduğu yol çox uzundur, ən müsbət hal isə budur ki, dövlətimiz tərəfindən milli
mətbuatımızın inkişafı üçün ciddi dəstək var. Bu da bizə bu yolu daha da sürətlə keçməkdə kömək
edəcək”.
Mətbuat var olduğu bütün dönəmlərdə ictimai fikrin formalaşmasında, insanların informasiya ehtiyaclarının ödənməsində önəmli rol oynayıb
Modern.az saytının redaktoru Əfqan Qafarlı da Kütləvi İnformasiya Vasitələrinin cəmiyyətin ən
önəmli faktorlarından biri olduğunu deyib:
"Əgər söhbət ciddi mediadan gedirsə, təbii ki, onun ictimai rəyə təsirini inkar etmək mümkün deyil. Mətbuat var olduğu bütün dönəmlərdə ictimai fikrin formalaşmasında, insanların informasiya ehtiyaclarının ödənməsində önəmli rol oynayıb. Bu gün də belədir, yəqin ki sabah da elə olacaq. Əgər bir neçə ilə öncəyədək cəmiyyətin aktual problemlərinin ictimailəşməsində əsasən televiziya və çap mətbuatı-qəzetlər mühüm rol oynayırdısa, bu gün həmin funksiyanı elektron media - xəbər saytları və portallar da yerinə yetirirlər. O ki qaldı bugünkü Azərbaycan mediasının bu işlərin öhdəsindən yetərincə gəlib-gəlmədiyi məsələsinə, qısaca deyə bilərəm ki, 90-cı illərin sonu, 2000-ci illərin əvvəlləri ilə müqayisədə geriləmələr var. Bu da müxtəlif səbəblərlə əlaqədardır. Əsas səbəblərdən biri bugünkü Azərbaycan mətbuatının ciddi maliyyə problemindən əziyyət çəkməsidir. Medianı sıxan bu problem onu kimlərdənsə asılı vəziyyətə salıb, fəaliyyət sahəsində cizgilərini daraldıb.
Amma bugünkü cəmiyyətdə ictimai fikrin formalaşmasında, kütlələrin məlumatlandırılmasında və
bilgiləndirilməsində sosial şəbəkələrin də rolunu danmaq olmaz”.
Bu prosesdə mətbuatın payı çox azdır
Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə isə bildirib ki, Həsən bəy Zərdabi
"Əkinçi” qəzetini yaradanda qarşısına xalqı maarifləndirmək məqsədi qoymuşdu. Uzun illər
Azərbaycan mətbuatı maarifləndirmək missiyasını uğurla yerinə yetirdi:
"Amma sovet hökumətinin yaranmasından sonra keçmiş postsovet ölkələrində olduğu kimi, Azərbaycanda da mətbuatın missiyası dəyişdi.
SSRİ dövründə Azərbaycan mətbuatı hakim ideologiyanın təbliğat ruporuna çevrildi. Buna
baxmayaraq, peşəkar ənənələri qoruyub-saxlamaq, inkişaf etdirmək mümkün oldu. Hazırda
mətbuatın missiyası dəyişib.
Bu, təkcə Azərbaycana aid deyil. Mətbuat dünyanın əksər ölkələrində ictimai fikrin
formalaşmasında birbaşa iştirak etmir. Yəni, bu prosesdə mətbuatın payı çox azdır.
Təəssüflə qeyd etmək istərdim ki, çap mətbuatı sıradan çıxmaq təhlükəsi ilə üzləşib. Elektron KİVlər isə bu boşluğu tamamilə doldurmağa qadir deyil.
Hazırda mətbuatın qarşısında dayanan əsas vəzifə oxucunu informasiya ilə vaxtında təmin
etməkdir. Heasb edirəm ki, Azərbaycan mətbuatı bu vəzifənin öhdəsindən gəlir. Mövcud durumda
ictimai fikrin formalaşmasında mətbuatın rolunu qənaətbəxş qiymətləndirmək mümkün deyil, amma
vaxt gələcək ki, bu barədə də ürəkdolusu danışa biləcəyik.
Bizim cəmiyyətin də gözləntiləri nədirsə, mövcud medianın tiploji xüsusiyyətləri də ona adaptasiya olunur"Azxəbər.com”un saytının həmtəsisçisi Əfsələddin Ağalarov isə hesab edir ki, media istənilən bir cəmiyyətin tipoloji xüsusiyyətlərini özündə daşıyır. Yəni bu gün ABŞ mediası Amerika
vətəndaşlarının istəklərini, siyasi elitanın gözləntilərini və kapitalist sistemin mövcud tələblərinə
uyğun fəaliyyət göstərir: "Bu nümunə istənilən bir ölkə üçün keçərlidir. Bizim cəmiyyətin də
gözləntiləri nədirsə, mövcud medianın tiploji xüsusiyyətləri də ona adaptasiya olunur. İnformasiya
Azərbaycan insanı üçün nə dərəcədə önəmlidir? Bizim vətəndaşlarımız gündəlik həyatlarında
mətbuatı hara qoya bilirlər? İnsanlar hadisəni necə görmək istəyirlər? Bax, bütün bunlar medianı
cəmiyyətə bənzədir, onun tərkib hissəsi edir və nəticədə insanlar mətbuata baxıb özlərini görürlər.
Azərbaycan mətbuatı bu mənada tipoloji olaraq fərqlilik yaratmağın yerinə biri-birinə bənzəməyi
daha çox üstün tutur. Nəticədə spesifikləşmiş media orqanlarının sayı barmaqla sayılacaq qədər az
olur ki, bu da oxucu zövqünün formalaşmasını ləngidir”.
Şəymən
Şərq.-
2016.- 15 dekabr.- S.11