Məscidlərdə kitabxanaların olması  yaxşı haldır

Bakıdakı bəzi məscidlərdə kitabxanaların yaradılması istiqamətində işlər gedir. Bu barədə AzərTac-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov məlumat verib.

Sədr müavini bildirib ki, bu layihə təkcə Bakıda deyil, ölkənin bütün məscidlərində həyata keçirilir. Ən yaxşı kitabxananın İsmayıllı şəhər Cümə məscidində yaradıldığını vurğulayan G.İsmayılov qeyd edib ki, bu işlər mütəmadi həyata keçirilir: "Əslində bu, Prezident yanında Bilik Fondunun layihəsidir. Hazırda bir neçə bölgədəki məscidlərdə bu cür layihələr mövcuddur. Belə kitabxanalar artıq Bakıdakı məscidlərdə yaradılır. Məsələn, Əjdərbəy məscidində, İçərişəhər "Cümə məscidi”ndə Qaradağ rayonundakı "Müşfiqməscidində yeni kitabxanalar qurulur”.

Sədr müavini layihənin məqsədini açıqlayıb: "Məscidlərdə kitablar həmişə olub. Amma yeni yaradılan kitabxanalar vasitəsilə biz məscidlərə gələn insanların dini kitablarla yanaşı, həm dünyəvi ədəbiyyatları əldə edərək oxumasına çalışırıq. Bununla da insanların öz savadlarını, biliklərini daha da təkmilləşdirəcəklərini düşünürük”.

Qeyd edək ki, ötən il Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov da məscidlərdə kitabxanalar yaradılacağını bildirmişdi. İcraçı direktor qeyd etmişdi ki, məscidlərə tək ibadət yeri kimi yanaşmaq düzgün deyil: "Bu gün məscid təkcə

ibadət yeri deyil, həm əhalinin, dindarların tarixi kitablarla yaxından tanış ola biləcəyi yerdir. Biz məscidlərdə kitabxana yaratmaq istəyirik. Xristian ölkələrində bu praktika mövcuddur”.

Mövzu ilə bağlı "Şərq”ə danışan "Kulis.az” saytının baş redaktoru, yazıçı Qan Turalı məscidlərdə kitabxanaların olmasını müsbət hal kimi dəyərləndirdi:

- Sovet dövründə belə bir tendensiya hakim idi ki, dindarlara ayrı bir sinif, ayrı bir təbəqə kimi yanaşırdılar. Belə yanaşma tərzi tamamilə yanlışdır. Dindar da ölkənin digər vətəndaşları kimi hər cür konstitusion hüquqa malikdir. Məgər dindar bədii ədəbiyyat, yaxud elmi əsər oxuya bilməz, ya oxumamalıdır?! Belə yanaşma qətiyyən düzgün deyil. Mən bir sənədli film izləmişəm. Orada bir alim - ateist kilsənin kitabxanasına gəlir orada ateizmə aid kitablar olduğunu görür. Təəccüb edir ki, kilsədə belə məzmunlu kitablar var. Amma hər bir kitab oxumaq nəticə çıxarmaq üçündür. Gərək bizdə belə olsun. Niyə məscidlərdə kitabxanalar yaradılmasın ora ən müxtəlif məzmunlu kitablar təqdim edilməsin? Bu, çox yaxşı haldır ki, məscidlərdə kitabxanalar yaradılır. Orada klassik əsərlərə , bədii ədəbiyyata, müasir ədəbi nümunələrə , elmi əsərlərə , hətta ateist məzmunlu kitablara da yer verilməlidir. Mən bu qənaətdəyəm ki, əslində ateistlərlə dindarların müzakirə mövzusu eynidir - hər iki tərəf Allahdan danışır. Amma fərqli.

Qan Turalı məscidlərdə zəngin kitabxanaların yaradılmasının islamın düzgün təbliğində böyük əhəmiyyət daşıyacağını da vurğuladı:

- Məscidlərdə kitabxanaların olması son illər insanlarla kitablar arasında yaranmış uzun məsafəni xeyli qısalda bilər. Həm niyə hər zaman Yaxın Şərqdə, müsəlman aləmində münaqişələr silahla həll edilməlidir. Qoy münaqişələr mədəniyyətlə, elmlə, biliklə həllini tapsın. Kitab da ən böyük mədəniyyət nümunəsidir.

Q.Turalının fikrincə, məscid kitabxanalarının kitabla təmin edilməsi işi mütəxəssislərə tapşırılmalıdır:

- Məncə, bu işlə Azərbaycan Yazıçılar Birliyi deyil, Azərbaycan Yaradıcılıq Fondu "BilikFondu məşğul olmalıdır. Çünki Yazıçılar Birliyi kitab çap etmir. Amma "BilikFondu mətbəələrlə birgə işləyir onların belə təcrübəsi artıq var. "BilikFondu məktəbli kitabxanası layihəsi həyata keçirib. Bölgələrə, kəndlərə Azərbaycan yazıçılarının əsərlərini göndərirdilər. Məscidləri də təmin edə bilərlər.

 

Məlahət Rzayeva

Şərq.- 2016.- 3 fevral.- S.8