“İŞIQ”DAN “AZƏRBAYCAN QADINI”NA GƏLƏN YOL...

Müstəqilliyin bərpasından sonra qadın mətbuatının yeni inkişaf mərhələsi başladı

1980-ci illərdə jurnalın tirajı 30 mindən 320 minə qədər artıb. Təsadüfi deyil ki, jurnalın 50 illiyi, 70 illiyi təntənə ilə qeyd edilibbu tədbirlər dövrünün məşhur qadınlarını - onların arasında ilk qadın kosmonavt Valentina Tereşkova da vardı. SSRİ-nin dağılmasını müşayiət edən siyasi, iqtisadisosial böhran ölkədə çap olunan dövri nəşrlərin əksəriyyətinin taleyində öz müdhiş rolunu oynayıb. "Azərbaycan qadını” jurnalı da bu baxımdan istisna olmayıb. Jurnal seyrək çıxmağa başlayıb, geniş oxucu auditoriyasını itirib. Yalnız 90-cı illərin ortalarında nəşrini bərpa etmək mümkün olub.

1993-cü ildə jurnalımızın 70 illik yubileyi ərəfəsində respublikada ictimai-siyasi durumun ağırlaşması, Qarabağ uğrunda qanlı döyüşlərin getməsi, vətən yolunda canını qurban verən şəhidlərimizə yas tutulması, jurnalın özünün düşdüyü böhranlı vəziyyəti bu tarixi qeyd etməyə imkan verməyib.

"Azərbaycan qadını” jurnalı 90-cı illərin ağrılı-acılı, şərəfli, mübarizəli günlərini də yaşayıb. Jurnalın rəhbərliyi və kollektivi, onun təəssübünü çəkən müəllifləri bu dövrün hadisələrini, cəbhədə hünər göstərən qızlarımızın, igid oğullar itirmiş şəhid analarının, çadır düşərgələrində əzab-əziyyət çəkən qadınların, uşaqların ağır, dözülməz həyatını "Azərbaycan qadını” ön səhifələrində müntəzəm işıqlandırıb. Kağız və maliyyə çatışmazlığı 1992-ci ildə jurnalın tirajının 5 minə düşməsinə və iki ayda bir dəfə çıxmasına səbəb olub. Bu tendensiya 1993-cü ildə də davam edib. 1994-cü ildə jurnalın cəmi 4, 1995-96-cı illərdə isə ikicə nömrəsi işıq üzü görüb. 1997-ci ildən isə "Azərbaycan qadını”nın tarixində daha yeni bir mərhələ başlayıb. Fatma Abdullazadənin baş redaktorluğu ilə işıq üzü görən jurnal yeni simasını əldə etmək, seçilmək, sevilmək üçün sözün əsl mənasında çox çırpınıb və 2009-cu ilin mayından təzə tərtibatla nəşrinə davam edib. İndi ictimai-siyasi, ədəbi-bədii jurnal adlandırılan "Azərbaycan qadını” daha nəfis tərtibatla Türkiyədə nəşr olunmağa başlayıb. Onun səhifələrində daha çox qadınların sosial problemlərinə və mədəniyyət yeniliklərinə yer verilib.

 

Bu gün Azərbaycanda jurnalistlərimizin də, qəzet və jurnalların sayı da xeyli artıb. Mətbuatımız dünya səviyyəsinə çatıb. Milli mətbuatımızın sıralarında qadın jurnalistlərimizin buraxdıqları rəngarəng qəzet və jurnallar görkəmli mühərrir ziyalılarımızın şərəfli yolunu davam etdirirlər.

 

Qadın mətbuatımızın bu gənc övladlarına "İşıq” nənənin nurunu, "Şərq qadını” ananın mübarizliyini, "Azərbaycan qadını”nın ləyaqətini, əqidə saflığını, bir də vətənpərvərliyini arzu edirik.

 

Əldə etdiyimiz məlumata görə, hazırda böyük ənənəsi və geniş oxucu auditoriyası olan "Azərbaycan qadını” jurnalının səhifələrini ölkənin ictimai həyatında mühüm rol oynayan müxtəlif layihələr, elmimizin, mədəniyyətimizin inkişafına təkan verən tədbirlər, eləcə də fəaliyyəti, yaradıcılığı ilə daim diqqət mərkəzində olan müasirimizlə maraqlı müsahibələr bəzəyir: "Azərbaycan qadını” jurnalı öz tarixi yoluna bu gün Fatma xanım Abdullazadənin baş redaktorluğu ilə davam edir və ildə dörd dəfə, Azərbaycan və rus dillərində, 10 min tirajla oxucuların görüşünə gəlir. Bu uzun yolun əvvəlində onu daha çox zərif cinsin nümayəndələrinin saysız-hesabsız problemləri düşündürürdü, indisə jurnal müasir Azərbaycan qadınının simasını, uğurlarını, qabaqcıl təcrübəsini geniş auditoriyaya təqdim etməyə can atır.

 

"Azərbaycan qadını” jurnalının hələlik sonuncu olan payız buraxılışında oxuculara biri-birindən maraqlı bədii-publisistik yazılar, eləcə də ölkəmizin həyatında parlaq hadisəyə çevrilən mühüm beynəlxalq layihələri əks etdirən materiallar təqdim olunub. Jurnalın səhifələrində yer alan "Azərbaycan-Vatikan: Dinlərarası dialoq” yazısında Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanım Mehriban Əliyevanın martın əvvəlində Vatikana rəsmi səfərindən bəhs olunub.

 

"Atəşgahda alovlanan məşəl” yazısında isə "Bakı-2015” ilk Avropa Oyunlarından danışılıb: "Aprelin 26-da Azərbaycanda tarixi hadisə yaşandı: Avropa Oyunları ilk odunu qədim atəşgahdan alıb... Dünyanın idman tarixində yeni səhifə yazıldı və əsrlərin yadigarı olan məbəddə "Bakı-2015”-in məşəli alovlandırılıb”.

 

İlk Avropa Oyunlarından bəhs olunan "Odlar Yurdunun Olimpiya alovu” yazısında Azərbaycanın birinci xanımı, "Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın çıxışı verilib.

 

Oxuculara təqdim olunan "III qlobal Bakı Forumu: Müasir dövrün çağırışları” məqaləsində müzakirə olunan məsələlərdən söhbət açılıb. "Mehriban Bakı...” yazısında isə ölkəmizin memarlıq nümunələrindən və funksional tikililərdən biri olan Bakı Konqres Mərkəzinin açılışından bəhs olunub. "Tarixə yeni baxış: Hədəf Bakıdır” məqaləsində Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi haqqında məlumat verilir. Filmdə İkinci Dünya müharibəsinin tarixinə tamamilə yeni baxış bucağından - neft uğrunda savaş prizmasından yanaşılıb.

 

Bu ilin mayında Azərbaycan xalqının böyük oğlu, görkəmli siyasi və dövlət xadimi, ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 11 illiyinə həsr edilmiş təntənəli mərasim keçirilib. Bu haqda "Şəxsiyyət və zaman” yazısında ətraflı məlumat verilib.

 

"Tarixi əlaqələr yeni mərhələdə” yazısında Vyetnam Sosialist Respublikasının Prezidenti Çionq Tan Şanqın mayın ortalarında Azərbaycana rəsmi səfərindən bəhs olunub.

 

Pakistan İslam Respublikasının rəhbəri Məmnun Hüseynin ölkəmizə səfəri haqqında məlumatlar "Ali missiya, ali mükafat” materialında yer alıb. Səfər çərçivəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva Pakistanın ali dövlət mükafatı - "Hilal-e-Pakistanordeni ilə təltif olunub.

 

Azərbaycanda müxtəlif beynəlxalq tədbirlərin keçirilməsi ənənə halı alıb. Bu tədbirlər sırasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun xüsusi yeri var. Forum artıq üçüncü dəfə Bakıda təşkil olunub. Bu haqda "Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” yazısında ətraflı söhbət açılıb.

 

Ölkəmizdə böyük təntənə ilə keçirilən IV Beynəlxalq muğam festivalında "Heydərbabaya salam” poeması əsasında yazılan kantatanın premyerası "Novruzgülü, qarçiçəyi açanda...” materialında təqdim edilib. Bakıda təşkil edilən Mstislav Rostropoviç adına VIII Beynəlxalq musiqi festivalı ilə bağlı mühüm məqamlar "Tükənməz yaradıcılıq eşqiylə” yazısında əksini tapıb. "Rəssamlar dünyanın şəklini çəkdi...” yazısında - bu il Azərbaycanın 56-cı Venesiya Beynəlxalq İncəsənət Sərgisində nümayiş olunan "Hüdudları aşaraq” və "Vita-Vitale” sərgilərində danışılıb: "Dünənin və bu günün əks olunduğu bu sərgilər tamaşaçıları gah daha yaxın keçmişə dəvət edir, gah da müasir dövrün aktual problemləri haqqında düşünməyə çağırırdı...”

 

Jurnalın bu nömrəsində həmçinin "Ötüb keçərkən” yazısı da qeyd olunub: "Aida Mahmudovanın Nyu-Yorkun "Leila Heller” qalereyasında açılan "Ötüb keçərkən...” sərgisi şəhər mühitinin lirik ab-havasını görməyə və hiss etməyə imkan verir”.

"Rənglərin ahəng qanunu” yazısında Azərbaycanın gənc dizayneri Fidan Ələkbərlinin, "Notların sehirli nağılı”nda Oqtay Zülfüqarovun həyat və yaradıcılığı öz əksini tapıb. "Bülbülün vəfalı yarı” yazısında isə Adelaida xanımın həyatını həsr etdiyi Bülbülün mədəni irsinin tədqiqindən və təbliğindən danışılıb.

"Zərif gücün təntənəsi” məqaləsində "Bakı-2015” Birinci Avropa Oyunlarında qalib gələn qadın idmançılarımızdan bəhs olunub.

"Azərbaycan qadını” jurnalının payız buraxılışında, həmçinin oxuculara "Musiqi məqamı” yazısında Əməkdar artist Nərgiz Əliyarbəyovanın, "Şüşədə gizlənən reallıq” yazısında fotoqraf-rəssam Fəxriyyə Məmmədovanın, eyni zamanda, gənc bəstəkar və musiqiçilərin yaradıcılığı təqdim olunub.

 

Şəymən

Şərq.- 2016.-18 fevral .- S.9