SOSİAL YARDIMI  KƏSMƏK OLMAZ

 

Bu gün Azərbaycanda çox böyük sayda ailə bu müavinətlə dolanır”

“Ünvanlı sosial yardımı ləğv etməkdənsə, proqram təkmilləşdirilməli və daha şəffaf, liberal SOSİAL mexanizmlər tətbiq olunmalıdır”

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev ünvanlı sosial yardımın verilməsindən danışıb. Millət vəkilinin sözlərinə görə, ünvanlı sosial yardımın dağıdılmaması istiqamətində nazir Səlim Müslümov tərəfindən bir sıra işlər görülməsinə rəğmən yenə də bu yardımın bir hissəsi dağıdılır. Məhz bu səbəbdən də M.Quliyev ünvanlı sosial yardımın ləğv edilməsini və vətəndaşlara yardım edilməsi üçün başqa mexanizmlərin hazırlanmasını təklif edib.

Millət vəkili Vahid Əhmədov həmkarının təklifi ilə razılaşmadığını deyib: "Ünvanlı sosial yardım imkansız ailələr üçün nəzərdə tutulub. Onu ləğv etsələr, imkansız ailələr nə ilə dolanacaq? Əgər ünvanlı sosial yardımın verilməsini prezident, dövlət məsləhət bilibsə, bu niyə və nəyə görə ləğv olunmalıdır? İndiki vəziyyətdə insanların həyat şəraiti ağır, problemləri çoxdur. Belə bir vaxtda sosial yardımın ləğv edilməsi yanlış olar”.

V.Əhmədov müavinətlərin düzgün verilməməsi ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib: "Müavinətlər qanunauyğun şəkildə paylanır. Bu ildən isə elektron variantda verilir. Müraciətlər də internet üzərindən aparılır. Tamamilə olmasa da, şəffaflıq müəyyən qədər təmin olunub. Ona görə də sosial yardımı kəsmək olmaz. Bu gün Azərbaycanda çox böyük miqdarda əhali bu müavinətlə dolanır. Hər gələn deyir ki, mənim ehtiyacım var. Mən Qubada seçicilərlə görüşümdə də neçə adam qəbul edirəmsə, hamısı sosial yardım almamasından şikayətlənir. Sənədlərini göndərirəm, yoxlayandan sonra aldığım cavab belə olur - "ona düşmür” ".

Deputat onu da əlavə edib ki, sosial müavinətin hər müraciət edən ailəyə verilməməsi təbiidir: "Araşdırılır, kimin həqiqətən ehtiyacı olursa, ona da verilir”.

 

İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı Vüqar Bayramov da ünvanlı sosial yardım proqramının ləğvinin tərəfdarı olmadığını deyib. Onun sözlərinə görə, ünvanlı sosial yardımlar xeyli sayda vətəndaşların bu yardım paketindən istifadəsinə imkan yaradır: "Mənə elə gəlir ki, ünvanlı sosial yardımı ləğv etməkdənsə, proqram təkmilləşdirilməli və daha şəffaf, liberal mexanizmlər tətbiq olunmalıdır. Etiraf edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ünvanlı sosial yardımların verilməsi prosesində şəffaflığın artırılması fonunda xeyli işlər görülüb. Səlim Müslümov nazir təyin olunandan sonra müsbətə doğru xeyli irəliləyişlər əldə olunub. Ünvanlı sosial yardımların müddətinin uzadılması, proseduraların sadələşdirilməsi və bu yardımı alanların dairəsinin genişləndirilməsi kimi addımlar bu qəbildəndir. Amma bu sahədəki bütün problemlərin həlli zaman tələb etdiyindən şəffaflığın daha da gücləndirilməsinə ehtiyac var. Bu isə nazirlik əməkdaşlarının maaşlarından və əhalinin maddi təminatından asılıdır”.

 

Vətəndaşlara kiçik qrantlarfaizsiz kreditlərin verilməsinin arzuolunan olduğunu vurğulayan V.Bayramovun sözlərinə görə, ünvanlı sosial yardım alan ailələrin bir qisminin yoxsulluq səviyyəsindən çıxması üçün bu, mühüm addımdır. Eyni zamanda, biznesə dəstək layihələri həyata keçirilməlidir ki, ünvanlı sosial yardımların səmərəliliyini artırmaq mümkün olsun.

 

Şəymən

Şərq.- 2016.- 24 fevral.- S.6