110 YAŞLI “DƏBİSTAN”...

 

Azərbaycanın ilk uşaq jurnalının tarixi öyrənilməlidir

 

 

XX əsrin əvvəllərində Azərbaycanda genişlənən maarifçilik işi bir sıra maraqlı nəşrlərin işıq üzü görməsini də zamanın tələbinə çevirdi. Əhalinin maariflənməsi üçün mətbu orqanların zəruriliyini diqqətə alan böyük ziyalılar məhdud imkanlarla da olsa, yeni qəzet və jurnalların nəşrinə başladılar. Belə bir zamanda "Dəbistan” adlı ilk uşaq jurnalının işıq üzü görməsi də yeni hadisə idi. Böyük maarifçi Əli İsgəndər Cəfərovun təşəbbüsü ilə 1906-cı ildə fəaliyyətə başlayan "Dəbistan” jurnalı mətbuat aləmində bir başlanğıc oldu. Görkəmli ziyalı Ə.İ.Cəfərov "Dəbistan” jurnalının razılığını əldə etmək üçün çox böyük zəhmətə qatlaşdı. O, ilk növbədə Bakı şəhər rəisinə göndərdiyi ərizədə belə yazırdı: "Bizdə Rusiyada xüsusiümumi müsəlman məktəblərində təhsil alan müsəlman uşaqlar üçün vaxtaşırı nəşriyyat olmadığından, biz bir xalq müəllimləri kimi müsəlman uşaqlar üçün Azərbaycan dilində ayda bir dəfə nəşr olunacaq illüstrasiyalı "Dəbistan” adlı bir jurnalı faydalı hesab edirik”.

Böyük çalışmaların sonunda jurnalın nəşrinə icazə verildi. 1906-cı il aprel ayının 16-da "Dəbistan”ın ilk nömrəsi işıq üzü gördü. Jurnal 1906-1908-ci illərdə ayda bir dəfə Bakıda nəşr olunurdu. Jurnalın idarəxanəsi Hacı Zeynalabdin Tağıyevin Bakıda Nikolayev küçəsindəki binasında yerləşirdi. Jurnalın oxuculara ünvanlanan, ön söz sayıla bilən sütununda "göndərilən yazıların sadə türkcə olmaları təmənna olunur” yazısı var. Bu xahiş və göstərişə "Dəbistan”ın, demək olar ki, bütün yazarları əməl etmişdilər. Jurnalın üz qabığında üç rəsm əsəri kollaj edilmişdi. Şəkillərin birində məscidin önündən keçərək nəvəsini məktəbə aparan nurani bir qoca ilə qoltuğunda dəftəri olan nəvə təsvir edilib. İkinci şəkildə yeni məktəbə aid atributlar göstərilir. İki rəsmin ortasında üfüqdən boylanan günəş və onun ərtafa saçdığı şüalar, bu şüaları örtməyə, qarşısını kəsməyə qüdrəti çatmayan buludların təəssüratı yaratmağa xidmət edən gürüntüləri verilib. Jurnalın nömrələrindəki səhifələrin sayı fərqli idi. Hər səhifə iki sütuna bölünüb, hər sütunda isə 30 sətirlik material yerləşdirilib. "Dəbistan” jurnalında klassik ədəbiyyatın öyrənilməsinə aid bir çox materialların işıqlandırılması bu mətbu orqanın dərs vəsaiti rolunu oynamasını göstərir.

 

"Dəbistan”ın məşhur simaları..

 

Amma jurnalın nəşri çox da uzun sürmür, onun son nömrəsi 1908-ci il mart ayının 10-da çıxır. Jurnalın çap olunmasında əsas məqsəd uşaqları maarifləndirmək, onlarda biliyə maraq oyatmaq, onları elmin müxtəlif sahələri, o cümlədən Azərbaycan və dünya ədəbiyyatı nümunələri ilə tanış etmək idi. Jurnal təlim-tərbiyə işində ailəyə kömək məqsədi ilə "Valideynə məxsus vərəqə” adlı əlavə ilə nəşr olunurdu. Burada uşaqların tərbiyə olunması haqqında valideynlərə tövsiyələr verilirdi. Jurnalın ilk sayının baş məqaləsində valideynlərə müraciətdə bildirilirdi ki, sinifdən xaric oxuelmi cəhətdən faydalı olan məqalələrin, hekayələrin, tapmaca və bilməcələrin oxunması uşaqlar üçün çox faydalıdır. "Dəbistan” jurnalında dövrün tanınmış ziyalıları və yazıçılarının imzalarını görmək mümkün idi. Jurnalda təhsil məsələləri ilə yanaşı, uşaqların təlim-tərbiyəsinə dair bədii əsərlər, görkəmli şəxsiyyətlər, yazıçılar haqqında, elmtexnika aləmində baş verən ən son yeniliklər, coğrafiya, fizika, heyvanat aləmi və s. haqqında yazılar dərc olunurdu. Silsilə məqalələrin bir neçəsinin müəllifi Qori şəhərində yerləşən Zaqafqaziya Müəllimlər İnstitutunda müəllim işləyən Firudin bəy Köçərli idi. İmzası yavaş-yavaş tanınmağa başlayan Məhəmməd Hadi də "Dəbistan”nı öz şeir və tərcümələri ilə rövnəqləndirirdi. Həsən bəy Zərdabi, Sultan Məcid Qənizadə, Süleyman Sani Axundov, Abbas Səhhət, Məhəmməd Hadi kimi görkəmli işıqlı fikir adamlarının "Dəbistan”dakı çıxışları jurnalın əhəmiyyətini xeyli artırırdı.

 

"Dəbistan” jurnalı uşaqları düzgün yola istiqamətləndirir”

 

Əli bəy Hüseynzadə 1906-cı il aprelin 27-də "Həyat” qəzetinin 91-ci nömrəsində dərc etdirdiyi "Dəbistan” - məqaləsində Azərbaycanın və bütövlükdə Şərqin türk-müsəlman əhlini qoz ağacının möhkəm kötüyünə bənzədərək deyirdi ki, qoz ağacının kötüyündən qəşəng mebel, qapı-pəncərə düzəltmək olur. Lakin bu incə, zərif, zövqoxşayan sənət əsərlərini yaratmaq üçün bacarıqlı, bütün ömrünü bu işə həsr edə bilən ustalar, yəni ziyalılar gərəkdir. Əli bəy Hüseynzadə belə "sənət abidələri” yaradılmasına uşaqların təlim-tərbiyəsindən başlamaq lazım gəldiyini bildirirdi. Onun sözlərinə görə, uşaq vaxtı kəsb olunan elm daşa nəqş olunmuş şəkil kimi əbədidir. Uşaqlıq dövrü keçəndən sonra cəhalət və qəflətin qarşısını almaq mümkün olmur. Körpə, yaş ağacı hər cür formaya salmaq, əymək, düzəltmək, istiqamətləndirmək asandır. Qurumuş ağacı isə yalnız yandırmaqla düzəltmək mümkündür. Bu baxımdan uşaqlar üçün nəzərdə tutulmuş "Dəbistan” jurnalı yaş ağacları, yəni uşaqları düzgün yola istiqamətləndirməklə məşğul idi: "Qaranlıq elə bir şeydir ki, onun bulunduğuhökm olduğu məkanlarda və zamanlarda insanözünü, nə ayinədəki surətini, nə də bulunduğu yerin daxilxaricini görə bilər. Bunları görmək və gördükcə istifadə edə bilmək ancaq işıq sayəsində mümkündür. Mənəvi zülmətlə mənəvi işıq da belədir: - maddi cəhətdən heç bir kitabı, hətta "Qurani-Kərim”i də qaranlıqda oxumaq mümkün olmadığı kimi, mənən də o cür dərin mənalı kitablardan heç bir elmsiz adam layiqli bir məna çıxara bilməz”.

 

Ağır şərtlər altında maarifçilik mübarizəsi

 

Jurnal dilinin sadə, xalqa yaxın olmasına çalışır, dil haqqında məqalələr dərc edir, çap olunan əsərlərdəki əcnəbi sözlərə aid lüğət və hər nömrəyə dair mündəricat verirdi. Məşhur yazarlar da uşaqlar üçün yazdıqları əsərləri nəşr olunmaq üçün jurnala göndərirdilər. Ə.İ.Cəfərov böyük satirik şair Sabirlə görüşlərin birində ona müraciət edir ki, "Dəbistan”a töhfə kimi məktəbə dair bir şeir yazsın. Sabir dərhal stolun üstündən kağızlardan birini götürüb, cibindən karandaşını çıxarır. Əlüstü "Məktəb şərqisi” şeirini yazır və bu şeir "Dəbistan”ın növbəti nömrəsində dərc olunur. Bundan başqa, jurnalda Sultan Məcid Qənizadənin, Həsən bəy Zərdabinin və bir çox başqa ədib və yazarların uşaqlar üçün əsərləri, rus ədiblərindən İ.Krılovun, A.Puşkinin, L.Tolstoyun əsərlərindən tərcümələr dərc olunurdu. "Dəbistan”da Azərbaycan şair-yazıçılarının əsərləri ilə yanaşı, əcnəbi dillərdən (əsasən rus dilindən) tərcümə olunmuş nağıl və hekayələr, tarix və təbiətə, coğrafiya və səyahətə dair yazılar, pedaqoji, ədəbi hekayələr, məqalələr çap olunurdu. Jurnalın daha da maraqlı olması və geniş yayılması üçün son səhifələrdə müxtəlif məktublar, redaksiyaya cavablar, uşaq nağılları, təmsil və tapmacalar dərc olunurdu. Suallara, tapmacalara düzgün cavab tapan uşaqlara 3 ay ərzində jurnalın çapdan çıxan yeni nömrələri göndərilirdi. Jurnalın hər nömrəsinin sonunda lüğət verilirdi. Burada ərəb və fars dillərində olan anlaşılmayan sözlərin mənaları yazılırdı. Bu dövrdə jurnal böyük sıxıntılarla işıq üzü görürdü. Onun bağlanma təhlükəsindən narahat olan böyük fədai Məhəmməd Əmin Rəsulzadə "İrşad” qəzetinin 7 dekabr 1906-cı il sayında yazırdı: "Məlum olduğu üzrə şəhərimizdə uşaqlara məxsus ayda iki dəfə nəşr olunan "Dəbistan” jurnalı 7 aydır ki, nəşr olunur. Demək olar ki, "Dəbistan” Rusiyada, bəlkə də aləmi-islamda əvvəlinci jurnaldır. Doğrudur, Türkiyədə "Cocuqlara məxsus qəzetə” çıxır, lakin Sultan Həmid idarəsinin senzurundan keçən bu jurnal boş müqəvvadan ibarət qalmışdır... Biçarə müdir həmi yazıçılıq ediyor, həmi təshih qılır, həmi poçta gediyor, həmi abunəçilərin adreslərini yazıyor, həmi də öz cibindən əlavə olaraq zərər qoyur. İştə baxın qardaşlar, insaf eləyin, bu rəvamıdır? Rəvamıdır ki, biçarə müəllim bu qədər cəfa və bəla çəksin, bu qədər əziyyətlərə qatlaşsın, nəhayətdə də kamali-yəs və ələm ilə güc-bəla düzələn, surətə düşən gözəl bir işi bağlasın getsin?! Nədir bu, ey müsəlman qardaşlar?! Bu nə bətalətdir, bu nə kəsalətdir, bu qədər himmətsizlik olarmı ki, bizdə var... Sizey atalar! Həmiyyətə gəliniz, nahaq yerə xərclədiyiniz pulların bir cüzisindən cüzisiöz övladınızın tərbiyəsində məsrəf edib bu jurnalı bağlanmağa qoymayınız! Kömək ediniz, 3-4 manata qızırqanıb daldasında yatmayınız?”.

 

"Dəbistan” qapandı!

 

Amma iki illik fəaliyyətdən sonra "Dəbistan” jurnalı maddi problemlər üzündən bağlanmaq məcburiyyətində qaldı. Ə.İ.Cəfərov artıq bağlanmaq ərəfəsində olan jurnalın axırıncı sayında yazırdı: "Oxucular, bəllidir ki, jurnalın axırıncı nömrəsi artıq gecikir. Mən işimi lazımi səviyyədə aparıram, bütün müsəlman əhalisi mənim işimə deyil, "Dəbistan”ın artıq qaçılmaz olan ölümünə, vəfatına acıyırlar. Bütün müsəlman cəmiyyəti dərin yuxudadır, hərəkətsizdir və çox baha da olmayan qəzeti almağa qadir deyildi. Və mən məcburiyyət qarşısındayam ki, öz həmvətənlərimin yuxudan oyanmasını gözləyim. Mən dərin təəssüflə öz istəkli balamın - "Dəbistan”ın həyatını bağlayıram. Tərəqqiyə gedən yolu dəstəkləmək asandır, ancaq onu yenidən bərqərar etmək çətindir”. Sabir "Dəbistan” jurnalının fəaliyyətini dayandırması ilə bağlı acı təəssüf hissi ilə şeir də yazmışdı.

"Dəbistan”ın qapanması bütün maarifçi təbəqəni məyus etdi. Bu münasibətlə "Molla Nəsrəddin” jurnalında Mirzə Cəlilin də bir yazısı çap olundu: "Bir il bundan qabaq sən başlayırdın "Dəbistan” jurnalı çıxartmağa və məndən məsləhət soruşdun. Yadındadır mən sənə nə dedim? Dedim jurnalı çıxartma, oxuyan olmayacaq. İndi, dadaş, keyfin necədi? Gətir görüm neçə müştərin var? De görüm neçə müsəlman şagirdi sənin "Dəbistan”ını oxuyur? Hanı jurnalın qədrini bilənlər? Demədimmi biz müsəlmanlara "Dəbistan”-zad lazım deyil? Hələ yaydı, qovun-qarpız vaxtıdı, nə "Dəbistan” bazlıqdı?..”.

 

İsmayıl

 

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb

 

Şərq.- 2016. - 19 iyul.- S.11.