141 YAŞLI AZƏRBAYCAN MƏTBUATI BU GÜN...

 

Murad Alıyev: “Bu gün artıq Azərbaycan elektron KİV-ləri dünya mətbuatı üçün istinad mənbəyinə çevrilib”

Elməddin Muradlı: “Reketçiliklə məşğul olan jurnalistlərin də qarşısını ala bilsək lap yaxşı olar”

Bu gün (dünən) Azərbaycanda Milli Mətbuat Günüdür. Mətbuat bayramının məhz bu gün qeyd olunması Azərbaycan xalqının ilk mətbu orqanı olan "Əkinçi” qəzetinin nəşrə başlaması tarixinə əsaslanır. Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi böyük çətinliklərdən sonra 1875-ci il iyulun 22-də Bakıda ana dilində "Əkinçi” qəzetinin ilk sayını nəşr etdirə bilib. Bütün Qafqazda əks-səda doğuran "Əkinçi” qəzeti 1875-1877-ci illər ərzində nəşr edilib və cəmi 56 sayı işıq üzü görüb. Ancaq bu qəzetin Azərbaycan mətbuatının formalaşmasında müstəsna əhəmiyyəti olduğu bildirilir. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Prezidentin sərəncamı ilə "Əkinçi” qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başlayıb. Hər ilin bu günü ölkədə rəsmi və qeyri-rəsmi tədbirlər keçirilir, mətbuat işçiləri müxtəlif mükafatlarla təltif edilir.

Qeyd edək ki, "Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb. Azərbaycanda maarifçilik hərəkatının formalaşmasında əsas rol oynamış "Əkinçi”nin əsas məqsədi fanatizmi, cəhaləti aradan qaldırmaq, xalqı elmə, maarifə, tərəqqiyə çağırmaq, onun elmi-mədəni səviyyəsini yüksəltmək olub. Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynayan Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini verib. Yarandığı 141 il ərzində Azərbaycan milli mətbuatı zəngin və mənalı bir inkişaf yolu keçib. Azərbaycan xalqının qədim ədəbi və mədəni irsə malik olması, Şərq və Qərb sivilizasiyasının qovuşduğu məkanda formalaşmış mədəniyyəti demokratik milli mətbuatın gələcək inkişafı üçün möhkəm zəmin yaradıb. Məlum olduğu kimi, mətbuatın, ilk növbədə, funksiyası cəmiyyəti obyektiv, tərəfsiz və qərəzsiz informasiya ilə təmin etməkdir. Bu, ancaq o hallarda pozula bilər ki, ortada ümumi ictimai, milli və dövlətçilik maraqları olsun. Belə hallarda, ümumxalq maraqları naminə müəyyən məsələlərdə bəzi informasiyaları cəmiyyətin maraqlarına uyğun şəkildə təqdim etmək olar. Amma bundan başqa, heç bir halda jurnalist öz prinsipiallığını heç bir siyasi qrupun maraqlarına, heç bir maraqlı xarici dairələrin tələblərinə və onların istəklərinə güzəştə getməməlidir. Yalnız bu halda millət kimi biz inkişaf edə bilərik və bu da nəticə etibarilə milli mətbuatımızın da inkişafına gətirib çıxara bilər. Əlbəttə ki, Azərbaycan mətbuatının zəngin tarixi ənənələri mövcuddur. Əgər bir qədər geriyə qayıtsaq, 1875-ci ildə milli mətbuat yaratmağın hansı şəraitdə mümkün olduğunu gözümüzün önündən keçirsək, görəcəyik ki, o dövrdə olan istər siyasi, iqtisadi, sosial şərtlər, istərsə də intellektual və maliyyə şərtləri arzuolunan səviyyədə deyildi. Siyasi müstəqilliklə bərabər, digər bütün müstəqillikləri, yəni, iqtisadi, maliyyə, ideoloji, mənəvi, mədəni və s. müstəqillikləri olmayan bir ölkənin, məhz işğal altında bir mətbuat nümunəsi yarada bilməsi tarixi nöqteyi-nəzərdən mühüm bir hadisə idi. Bu şərtləri nəzərə alsaq, Azərbaycanın böyük ziyalısı Həsən bəy Zərdabinin nə qədər ağır, çətin şərtlər altında tarixi bir missiyanı həyata keçirməyi bacardığını daha aydın dərk edərik. Hesab edirik ki, o dövrdə Həsən bəy Zərdabi tərəfindən "Əkinçi” qəzetinin çap etdirilməsi həm də bir neçə onillik sonra müşahidə edəcəyimiz milli düşüncənin, siyasi, ideoloji dünyagörüşünün əsaslarını təşkil edib. Bundan sonrakı Azərbaycan mətbuatı müxtəlif mərhələlərdə müxtəlif tendensiya və istiqamətlər üzrə inkişaf edib, dövrün spesifik xüsusiyyətlərinə uyğun üzərinə götürdüyü məsuliyyətli vəzifəni uğurla yerinə yetirməyə çalışıb.

141 yaşlı Azərbaycan mətbuatı ilə bağlı fikirlərini öyrənmək üçün bir neçə baş redaktorla əlaqə saxladıq.

"Report” informasiya agentliyinin baş redaktoru Murad Alıyevin qənaətincə, Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra ölkə mətbuatı kifayət qədər böyük inkişaf yolu keçib: "Təbii ki, müstəqillik dövrünün yeni-yeni çağırışları var. Və 1998-ci ildə mətbuat, KİV üzərindən senzuranın götürülməsi milli mətbuatın inkişafında dönüş nöqtəsi oldu. Media işçilərimizin artıq zamanın çağırışlarına daha adekvat cavab verməsi üçün şərait yaranıb. Fikrimcə, XXI əsrin elə ilk 10 ilində dünya mətbuatının keçdiyi inkişaf yolu bütövlükdə XX əsr mətbuatın inkişafını qabaqlayır. Bu da əsasən elektron texnologiyaların, rəqəmsal yayımın inkişafı ilə bağlıdır. Məhz bu dönəmə müstəqil ölkənin söz carçısı kimi qədəm qoyan Azərbaycan mətbuatı da beynəlxalq təcrübəni geniş şəkildə tətbiq eləməyə başladı. Bu gün artıq Azərbaycan elektron KİV-ləri dünya mətbuatı üçün istinad mənbəyinə çevrilib. Ötən illər ərzində Azərbaycan jurnalistikasının da peşəkarlıq səviyyəsi kifayət qədər artıb.

Buna da əsas səbəb kimi KİV-lər arasında rəqabət mühitinin formalaşması, ayrı-ayrı məsələlərə hər redaksiya tərəfindən fərqli yanaşmaların sərgilənməsi, medianın artıq cəmiyyətin müxtəlif problemlərinə çevik reaksiya verməsini göstərmək olar. Əgər cəmiyyəti narahat edən məsələlər dərhal mətbuat tərəfindən işıqlandırılırsa, demək olar ki, media öz üzərinə düşən missiyanı yerinə yetirib.

Azərbaycan mətbuatı ötən dövr ərzində daha bir sınaq qarşısında qalıb - torpaqları işğal altında olan Vətənin haqq səsini dünyaya çatdırmaq, Ermənistan aqressiyasının əsl üzünü göstərmək. Bu məsələ də mətbuatımızın digər ölkələrin KİV-ləri ilə sıx əlaqələrin qurulmasına, hazırlanan materialların dünya oxucusunun diqqətinə çatdırılması üçün müxtəlif dillərdə yayılmasının vacibliyini gündəmə gətirdi. Artıq demək olar ki, ermənilərin yalan məlumatlarla dünyanı çaşdırmaq cəhdi öz effektini vermir, Dağlıq Qarabağ probleminin səbəbləri, həlli istiqamətində görülən işlər Azərbaycan mediası tərəfindən daha operativ şəkildə dünya mediasına çatdırılır”.

Həmkarımızın sözlərinə görə, Azərbaycanda medianın inkişafı ilə bağlı dövlət hər zaman xüsusi bir təşəbbüslə çıxış edir, medianın inkişafını şərtləndirən xüsusi dövlət proqramları qəbul olunur: "Eyni zamanda, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsilə medianın işini stimullaşdırmaq, dövlətin bu sahəyə qayğısını mərkəzləşdirilmiş şəkildə təmin etmək məqsədilə müəyyən tədbirlər həyata keçirilir. Həmçinin, Azərbaycanda dövlət mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı mühüm addımlar atır. Artıq jurnalistlər üçün inşa olunan ikinci binada mənzillərin ehtiyacı olan media nümayəndələrinə təqdim olunması gözlənilir. Bu da öz növbəsində dövlət tərəfindən göstərilən humanizmin göstəricisidir”.

"Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı isə Azərbaycan mətbuatının bugünkü durumunun bir o qədər də ürəkaçan olmadığını deyib: "Mətbuatımız həddindən artıq sıxıntılı vəziyyətdədir. Bəzi qəzetlər dövlət dəstəyi ilə maliyyələşir, bəziləri isə Allah ümidinə qalıb. "Bu gün var, sabah yoxdu” şərtləri altında çap olunur. Elektron kütləvi informasiya vasitələrinin sponsorsuz fəaliyyət göstərməsi mümkünsüz hala çevrilib. Media qurumlarının maddi cəhətdən dövlətdən və ayrı-ayrı qurumlardan, şəxslərdən asılı olması isə istənilən halda obyektivlik və şəffaflığa mənfi təsir edir. Müstəqil mətbuat termini bugünkü reallıq üçün bir o qədər də özünü doğrultmur. Amma ümumi yanaşsaq dövlətin mediaya dəstəyi və qayğısı qaneedicidir. Azərbaycan milli mətbuatının imkanlarının genişlənməsi, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı davamlı və sistemli şəkildə sərəncamlar imzalanır.

Elə dünən cənab Prezident Milli Mətbuat Gününün 141 illiyi ilə bağlı 2 sərəncam imzalayıb. Ölkə başçısı mətbuat işçiləri üçün yaşayış binasının tikintisinin davam etdirilməsi məqsədi ilə 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 3 milyon manat ayırıb. Eyni zamanda ölkədə nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün də 1 milyon ayırıb. Bütün bunlar təqdirəlayidir. Mətbuatın inkişafına bir dəstəkdir, amma çox istərdim ki, mətbuat dövlətin əlinə baxmağa meyilli olmasın. O zaman biz mətbuatda çox maraqlı layihələrin, reportajların, müsahibələrin şahidi ola bilərik. Reketçiliklə məşğul olan jurnalistlərin də qarşısını ala bilsək lap yaxşı olar”.

E.Muradlı jurnalistlərin peşəkarlığı ilə bağlı da bəzi narahatedici məqamların olduğunu deyib: "Obyektiv və subyektiv səbəblərdən mətbuata qarşı təzyiqlər olur. Amma bu təzyiqlərin dövlətlə bir bağlılığı yoxdur. Ayrı-ayrı məmurların şəxsi düşüncəsinin məhsuludur. Yuxarıda da dediyim kimi, ölkə başçısı hər zaman mətbuata dəstək olub, jurnalistlərin yanında olduğunu hiss elətdirib. Amma bir çox hallarda özlərini "padşah” kimi aparan kiçik məmurların mediaya qarşı haqsız və qərəzli münasibətinin şahidi oluruq”.

 

Şəymən

Şərq.- 2016.- 23 iyul.- S. 11.