Mediyada İqtisadi  təhlil  yetərincə deyil

Qadir İbrahimli: “Qəzet redaktorları özləri iqtisadi təhlilin inkişafında maraqlı olmasalar, mövcud problemi aradan qaldırmaq mümkün olmayacaq

Azər Mehdiyev: “Hazırda ölkə mətbuatında iqtisadi araşdırmalar aparmaq qabiliyyətində olan jurnalistlər var

Qərb mətbuatında ixtisaslaşma elə sürətlə gedir ki, bizlər bu sürəti heç təsəvvür belə edə bilmirik. Belə ölkələrdə futboldan yazan müxbir voleybol, yaxud neftdən yazan jurnalistə dolların kursu barədə yazı tapşıra bilməzsən. Amma bizdə... Bizdə vəziyyət başqa cürdür. Jurnalistikada ixtisaslaşmanın olmaması hələ də medianın əsas problemi olaraq qalmaqdadır. Bəzən siyasətdən yazan müxbir sosial sahəyə baş vurur, mədəniyyətdən yazan müxbiriqtisadi təhlil yazır və s. Sonda isə qəzet səhifələrini peşəkarlıqdan uzaqgülünc yazılar doldurur. İxtisaslaşmanın doğurduğu problemlərdən biri də Azərbaycan jurnalistikasında iqtisadi təhlillərin az olmasıdır. Çox az sayda media orqanına rast gəlmək olar ki, beynəlxalq aləmdə və ölkədə baş verən iqtisadi dəyişikliklərlə bağlı düzgün təhlil versin. Jurnalistlərin iqtisadi təhlil bacarığı və ümumiyyətlə qəzetlərdə gedən iqtisadi yazılarla bağlı durumu dəyərləndirmək üçün bir sıra iqtisadçı-ekspertlərlə əlaqə saxladıq. Onlar da Azərbaycan mətbuatında yaşanan iqtisadi təhlil çatışmazlığını ixtisaslaşma problemi ilə əlaqələndirib.

(əvvəli ötən sayımızda)

İqtisadçı-ekspert Qadir İbrahimli də Azərbaycan jurnalistikasında iqtisadi təhlilin səviyyəsinin çox aşağı olduğunu deyib. Bunun isə təbii ki, həm obyektiv, həm də subyektiv səbəbləri var: "Azərbaycan mətbuatında ixtisaslaşmanın olmaması sahə jurnalistikasının da formalaşmasına mane olur. 90-cı illərdə Azərbaycan mətbuatında ixtisaslaşma vardı. Mədəniyyət, siyasət, iqtisadiyyat, idman yazarları üçün ayrıca şöbələr fəaliyyət göstərirdi. İndiki situasiyada isə jurnalistlər hər sahədən yazır. Əksər redaksiyalarda ixtisaslaşma olmadığı üçün jurnalist araşdırmaları da məhduddur”.

 

Azərbaycandan fərqli olaraq, beynəlxalq təcrübədə jurnalistika fakültələrinin olmadığını vurğulayan Q.İbrahimlinin sözlərinə görə, xarici ölkələrdə iqtisadçılar, hüquqşünaslar, psixoloqlar müəyyən kurslar keçməklə jurnalist kimi fəaliyyətə başlayır: "Yəni ki, iqtisadiyyatı qurtarır, 2-3 ay təlim keçdikdən sonra mediada iqtisadi təhlillərlə çıxış etməyə başlayır. Azərbaycanda isə bu gün iqtisadi təhlilə çox az hallarda rast gəlmək olar. 90-cı illərdə müəyyən qədər bu ənənə vardı, amma sonrakı dövrdə bu ənənə unuduldu və jurnalistlər hər şeydən yazmağa başladılar. Amma bir şeyi nəzərə almalıyıq ki, bir jurnalistin bütün sahələr üzrə yazı yazması xoşagələn hal deyil, bu, aksiomadır. Siyasət yazarı eyni zamanda iqtisadiyyatdan da yazacaqsa, o təhlil çiy alınacaq. Dediyim kimi, Azərbaycan jurnalistikasında çox ciddi ixtisaslaşma problemi var və təəssüf ki, bu problemin aradan qaldırılması istiqamətində irəli sürülən hər hansı bir təşəbbüs görmürəm”.

 

Atılması zəruri olan addımlara gəldikdə isə Q.İbrahimli Azərbaycan jurnalistikasında ixtisaslaşma probleminin aradan qaldırılması üçün inzibati addımların atılmasının əleyhinə olduğunu deyib: "Mətbuatda iqtisadi təhlillərin, siyasi analizlərin inkişafında və jurnalistlərin ixtisaslaşmasında qəzet redaktorlarının özləri maraqlı olmalıdırlar. Özünün iqtisadi təhlilləri ilə gündəmə gəlmək istəyən qəzetlər İqtisad Universitetinin sonuncu kurs tələbələri ilə maraqlanmalı və iqtisadi təhlil qabiliyyəti yüksək olanları jurnalistikaya cəlb etməlidir. Atılması zəruri olan addım budur. Çünki bu məsələ inzibati yollarla aradan qaldırılacaq bir məsələ olmadığı üçün məqbul hesab etmirəm. Azərbaycan bazar iqtisadiyyatı şəraitində yaşadığı üçün bütün problemlər sadəcə təşəbbüslər yolu ilə öz həllini tapmalıdır. Qəzet redaktorları özləri Azərbaycan jurnalistikasında iqtisadi təhlilin inkişafında maraqlı olmasalar, mövcud problemi aradan qaldırmaq mümkün olmayacaq”.

 

Ekspertin sözlərinə görə, indiki situasiyada Azərbaycan mətbuatında iqtisadi təhlillərin nəzərə çarpmaması jurnalistlərin bilgisizliyindən qaynaqlanmır. Daha doğrusu, iqtisadçı məsələnin birtərəfli qiymətləndirilməsinin əleyhinə olduğunu deyib: "Hər bir media orqanının funksiyası günün aktual problemlərini şərh etmək və təhlillər yaymaqdır. Təbii ki, bu işin də qeyri-peşəkarlara tapşırılması görülən işin keyfiyyətinə kölgə salır. İqtisadi bilgiləri az olan bir siyasət yazarının ərsəyə gətirdiyi iqtisadi təhlildə təbii ki, çatışmazlıqlar olacaq”.

 

Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərlinin sözlərinə görə, mediada peşəkarlıq problemi sadəcə iqtisadi təhlillərlə bağlı deyil, eyni zamanda bu çatışmazlıq siyasi təhlillərin aparılması, hərbi, kriminal, idman yazılarında da özünü büruzə verir. Bunun da səbəbi Azərbaycan mediasında ixtisaslaşma prosesinin həddindən artıq zəif getməsidir: "Azərbaycan mediası artıq inkişaf etmiş bir mediadır və onun inkişaf etməsi üçün kifayət qədər şərait yaradılıb. Bütün bunlara rəğmən, təəssüf ki, hələ də jurnalistlərin ixtisaslaşması ilə bağlı müəyyən problemlər var. Dünya mediasında da jurnalistlər idman, kriminal, siyasət, hərbi sahələr üzrə ixtisaslaşırlar və bu, praktikada özünü doğruldub. Azərbaycanda da bu proses artıq çoxdan yekunlaşmalı idi. Hansı ki real cəhdlər də olub. Bizim təşkilatımız da ixtisaslaşma ilə bağlı təlimlər keçirib. Lakin hələ də bu məsələ tam mənada öz həllini tapmayıb. Hesab edirəm ki, kriminal, hərbi, siyasi, iqtisadi sahədə ixtisaslaşmış jurnalistlərimizin olması bu istiqamətlər üzrə yazılan yazıların da oxunaqlığına təsir edər. Aparılan təhlillər, araşdırmalar nə qədər peşəkar olarsa, həmin materiallara oxucu marağı və tələbi də bir o qədər çox olar”.

 

Sosial və hərbi sahədən yazan jurnalistlər üçün müəyyən seminarların, treninqlərin keçirilməsindən söz açan M.Ələsgərli iqtisadiyyatdan yazan jurnalistlər üçün bu cür təlimlərin keçirilmədiyinə də toxunub. Onun sözlərinə görə, mediada peşəkar iqtisadi təhlil qabiliyyəti olan jurnalistlərin az olmasının bir səbəbi də bununla bağlıdır.

 

JuHİ sədrinin sözlərinə görə, iqtisadi təhlillərin zəif olmasının tək səbəbi bu sahə üzrə ixtisaslaşmış jurnalistlərin az olması ilə bağlı deyil: "İqtisadi təhlil probleminin ortaya çıxmasında bu sahə üzrə açıqlama verən ekspertlərin də müəyyən rolu var. İqtisadçı-ekspertlərin sayı çox məhduddur. Eyni adamın eyni mövzu ilə bağlı 7-8 mətbuat orqanına açıqlama verdiyinə şahid oluruq. Hesab edirəm ki, iqtisadiyyatdan yazan jurnalistlərin peşəkarlığının artırılması ilə yanaşı, bu sahə üzrə proqnoz verəcək ekspertlərin formalaşması məsələsi də öz həllini tapmalıdır”.

 

Jurnalistləri qiymətləndirmək istəmədiyini vurğulayan iqtisadçı-ekspert Azər Mehdiyevdeyib ki, problemlər var, amma bunlar daha çox medianın durumuona olan tələbatla bağlıdır. Əgər bizim mediada ciddi iqtisadi araşdırmalara ehtiyac olarsa, jurnalistlər zəruri bilik və bacarıqları əldə edəcəklər. Bu baxımdan, ilk növbədə medianın özünün durumu daha ağırdır.

 

İndiki situasiyada cəmiyyətdə iqtisadi təhlillərə xeyli tələbat olduğunu vurğulayan ekspert deyib ki, media qurumları müstəqil və ciddi iqtisadi araşdırmalar aparmaq iqtidarında deyillər: "Bir tərəfdən, həmin media qurumlarının sahibləri dərin və əsaslı araşdırmalarda maraqlı görünmür, onlar araşdırmadan məhz öz istədikləri nəticələri görmək istəyirlər. Digər tərəfdən, media qurumlarının ciddi iqtisadi araşdırmaları maliyyələşdirmək imkanları (maddi baxımdan) məhduddur. Çünki jurnalist bəzən belə araşdırma üçün aylarla vaxt sərf etməli, səfərlər etməlidir ki, bu da ciddi maliyyə tələb edir. Üçüncüsü, belə araşdırma üçün müvafiq mühit olmalıdır: statistik məlumatlara çıxış, araşdırma üzrə maraqlı tərəflərin şərh vermək istəkləri, araşdırmanın nəticələri ortaya çıxanda jurnalistinmedia rəhbərinin təhlükəsizliyinin təminatı, araşdırmanın cəmiyyətdə reaksiyası adekvat olmalı və s.

 

Başqa məsələlər də var ki, ciddi araşdırmaları media üçün maraqlı etmir. Əgər ciddi iqtisadi araşdırmalara tələbat olarsa, bu araşdırmaların qərəzsizliyi məsələsi gündəmə gəlir. Nəhayət, jurnalistlərin peşəkarlığı və iqtisadi araşdırma aparmaq qabiliyyəti məsələsi ortaya çıxır. Hazırda ölkə mətbuatında iqtisadi araşdırmalar aparmaq qabiliyyətində olan jurnalistlər var, amma onların da imkanları məhduddur. Əgər tələbat artarsa, jurnalistlər bilik və bacarıqlarını artırmağa maraqlı olacaqlar ki, bu da həlli mümkün məsələdir”.

 

Şəymən

Şərq.- 2016.- 1 iyun.- S.11