Dünya azərbaycanlıların nöbbətı
qurultayı
Üç gün çəkəcək tədbirə
49 ölkənin təmsilçisi qatılıb
İyunun 3-də Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının IV Qurultayı öz işinə başlayıb. İki gün davam edəcək qurultayda 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edəcək. Qurultaya gələn qonaqlar arasında xarici ölkələrin Azərbaycana dost münasibəti ilə tanınan nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də var.
Xaricdən dəvət edilən qonaqlarla yanaşı, qurultayın işində Azərbaycanın müxtəlif dövlət və hökumət strukturlarının, qeyri-hökumət təşkilatlarının, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də iştirak edəcək. Qurultay iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Həmçinin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə çiçəklər düzülüb. Daha sonra Şəhidlər Xiyabanına gələn qurultay iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri qoyublar.
Qurultayın yekununda bir neçə mühüm sənəd qəbul olunacaq
Rəsmi açılışdan sonra qurultay öz işini panel iclasları ilə davam etdirib. İclaslarda diaspor rəhbərləri müasir dövrdə informasiya müharibəsi, bu sahədə yeni fəaliyyət mexanizmlərinin tətbiqi, Azərbaycan diaspor hərəkatında gənclərlə bağlı yeni strategiyanın hazırlanması, yeni qlobal iqtisadi tendensiyalar fonunda lobbi quruculuğu və s. mövzularda fikir mübadiləsi aparıb, rəy və təkliflərini səsləndiriblər. Tədbir çərçivəsində diaspor nümayəndələrinin Azərbaycanın dövlət və hökumət strukturlarının rəhbərləri ilə görüşləri də planlaşdırılıb. Görüşlərdə xaricdə yaşayan soydaşlarımızın problemlərinin həlli ilə bağlı müvafiq dövlət strukturlarının üzərinə düşən vəzifələr müzakirə edilib. İki gün davam edəcək qurultayda prioritet məsələlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları, eləcə də digər məsələlər olacaq. Tədbirin yekununda bir neçə sənədin qəbulu gözlənilir.
"İstəyirik ki, lobbimiz güclü olsun”
İsveçrədə tanınmış bir saytın və "Dost” qəzetinin sahibi, Azərbaycan-Türk İş Adamları Federasiyasının prezidenti Əkbər Gəncə deyib ki, diaspor fəaliyyəti ilə məşğul olanlar üçün bu cür qurultayların keçirilməsi çox mühümdür: "Qurultaylar bizə stimul verir. Görürsüz, dünyanın bir çox ölkələrindən bura gələnlər var. Hesab edirik ki, qurultaylar 4-5 ildən bir yox, daha tez-tez keçirilməlidir. Biz istəyirik ki, lobbimiz güclü olsun, ermənilərə qarşı təsirli və davamlı mübarizə apara bilək. Bayrağımız dünyanın hər yerində dalğalansın. Mən Avropadakı ilk cəmiyyətlərin dayaq sütunlarını quranlardan biriyəm. Azərbaycanın dünyada və Avropada bir daha tanıdılması üçün Dünya Azərbaycanlılarının IV qurultayının böyük əhəmiyyəti var”.
"Siyasi və iqtisadi baxımdan qurultayın əhəmiyyəti böyükdür”
Londonda fəaliyyət göstərən Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəhbəri Əli Təkin Atalar da bildirib ki, qurultay Azərbaycanın xaricdə tanınması üçün çox önəmlidir: "Mənim Bakıya üçüncü gəlişimdir. Hər gəlişimdə ölkənin daha da inkişaf etdiyini görürəm. Dünyanın hər yerindən Azərbaycana insanlar gəlir. Qurultay Azərbaycanın xaricdə tanınması üçün çox önəmlidir. Siyasi və iqtisadi baxımdan qurultayın əhəmiyyəti böyükdür. Məsələn, mən Londonda Azərbaycan evinin sədriyəm. Orada yaşayan azərbaycanlıları bir yerə toplayırıq. Burada Azərbaycan üçün lobbiçilik fəaliyyətimizi davam etdiririk. Bu gün qlobal dünyada hər şey qloballaşır. Onun qlobal olması üçün də dünyanın hər yerində diaspor təşkilatlarının olması vacibdir. Mən 40-45 ildir ki, Londonda yaşayıram. Son 20 ildə biz bir araya toplanaraq erməni lobbisinə qarşı fəaliyyət göstəririk”.
"Azərbaycanın haqq səsini Amerikada qaldırırıq”
ABŞ-da fəaliyyət göstərən diasporamızın aktiv nümayəndəsi Babək Sələbyanlı: "Ümumiyyətlə, güclü diaspora ölkələrin xarici siyasətinin güclü olmasını göstərir. Biz də dünyada yaşayan azərbaycanlılar olaraq Azərbaycanın milli, eləcə də ərazi bütövlüyü məsələsində hər zaman çalışırıq ki, haqlı olduğumuzu dünyaya göstərək. Amma çox təəssüf ki, bu günə kimi erməni lobbisi çox güclü olub. Beləcə, haqlı olduğumuz yerinə haqsız görünmüşük. Mən də bir azərbaycanlı olaraq əlimdən gələni çalışıram ki, ABŞ-da öz milli vəzifəmi Vətənim və millətim qarşısında yerinə yetirim. Mən 5 ilə yaxındır Vaşinqtonda yaşayıram və əslim Güney azərbaycanlıdır. Amma Azərbaycanın ərazi bütövlüyü məsələsinə gələndə, hamısını özümüzün milli vəzifəmiz bilirik. Biz ABŞ-da, Ağ Evdə, eləcə də ayrı-ayrı konqreslərdə, konfranslarda aksiyalar keçirməklə çalışırıq ki, Azərbaycanın haqlı səsini Amerika ictimaiyyətinə çatdıraq”.
"Diasporanın xarici ölkələrdə fəaliyyəti çox mühümdür”
Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayətinin sədr müavini Nəcəf Əhmədov da deyib ki, qurultayın çox böyük əhəmiyyəti var: "Çünki dünyada ayrı-ayrılıqda yaşayan bütün azərbaycanlıların Azərbaycanla birlikdə əlaqəsi olur. Diasporanın bütün xarici ölkələrdə, yəni Azərbaycan sərhədlərindən kənarda rolu mühümdür. Çünki erməni diasporası vaxtilə çox güclü olub. Amma bu gün Azərbaycan diasporası həqiqətən də böyük nailiyyətlər əldə edirlər”.
"Sizlərlə böyük işlər görmək istəyirəm”
Diasporamızın Yaponiya nümayəndəsi Tetsio Kozasa təbliğat işinin gücləndirilməsindən danışıb: "Bakı çox qəşəng və gözəl şəhərdir. Mən bu şəhəri görəndə çox təəccübləndim və onun gözəlliyinə heyran qaldım. Mən öz biznesimi Bakıda genişləndirməyə hazıram. Biz öz texnologiyalarımızı Azərbaycanda təqdim etmək üçün böyük şansa malikik. Dünya Azərbaycanlılarının IV Qurultayına gəlməyimdə də əsas səbəb sizinlə birlikdə böyük işlər görməkdir”. Qonaq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də münasibət bildirib: "Ümid edirəm tezliklə bir razılaşma olacaq. Biz bunun üçün hamımız birlikdə işləməliyik və öz dostluğumuzu göstərməliyik. Buna görə də gəlin birlikdə işləyək”.
İsmayıl
Şərq.-
2016.- 6 iyun.- S.4