“Reket jurnalistikası  mətbuatın  baş ağrısıdır

 

Aydın Quliyev: “Məmurların fəaliyyətləri şəffaf şəkildə olmadığı üçün ölkədə “reket jurnalistika”sının kökünün tamamilə kəsilməsi bir qədər çətin olacaq”

Elçin Mirzəbəyli: “Qara siyahı” və buna uyğun olaraq ictimai qınaqla bağlı təbliğatın aparılması effektiv nəticə verib”

Dəqiqlik, qərəzsizlik, vicdanlı olmaq, operativlik və sair bu kimi şərtlər mətbuatda əsas prinsiplər sayılır. Amma heç də bütün jurnalistlər bu prinsiplərə əməl etmir. Reket jurnalistikası deyilən və az qala, ölkə mediasının "baş bəlası”na çevrilən bir sahə var ki, 4-cü hakimiyyətin hörmətindən və adından istifadə edərək böhtan və şantaj yolu ilə vəzifəli şəxslərdən, məmurlardan pul qopartmağa çalışır.

Reket jurnalistika xofu ölkəmizdə elə sürətlə yayılıb ki, artıq vəzifəli şəxslər jurnalist görəndə əllərini ciblərinə atmağa adət ediblər. Bunun qabağını almaq üçün Mətbuat Şurasının apardığı mübarizə müəyyən təsirə malik olsa da, yetərli deyil. Çünki hər dəfə yeni siyahılar tərtib olunduqca, yeni "reket göbələklər” yaranır. Elə adıçəkilən orqana ən çox şikayətlər də reket qəzetçiliklə bağlı olur. Jurnalistlərin peşə davranışlarını tənzimləmək üçün göstərilən səylər, verilən qərarlar, keçirilən "dəyirmi masa”lar əsasən reket jurnalistikasına qarşı mübarizəyə həsr olunduğu üçün digər problemlər adətən ikinci planda qalıb.

(Əvvəli ötən sayımızda)

Bu məsələ bəzən o qədər aktuallaşır ki, insanlar onun müzakirəsinə hətta həftələrlə vaxt sərf etməli olur. Uzun illərdir müzakirə mövzusuna çevrilən "reket jurnalistika”sının geniş yayılmasının səbəbləri və ona qarşı mübarizə üsulları haqqında qəzet redaktorları müxtəlif fikirlər səsləndirir. Bir çoxları isə Mətbuat Şurasının təzyiqlərinin keçərli olmaması, reket jurnalistikaya qarşı daha ciddi mübarizə tədbirlərinin həyata keçirilməsinin vacibliyini bildirir.

"Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev hesab edir ki, Mətbuat Şurasının "reket”çiliklə bağlı ardıcıl fəaliyyəti var: "Mətbuat Şurasının fəaliyyət göstərdiyi müddət ərzində ən uğurlu işlərdən biri, məhz reket jurnalistikasına qarşı apardığı mübarizədir. Bu, reket jurnalistikasına qarşı ictimai mübarizəni aktivləşdirdi və belə ciddi problemə ictimaiyyətin diqqətini yönəltdi. Amma etiraf etmək lazımdır ki, hələ də "reket”çiliklə məşğul olan qəzetlərin kökünü tam şəkildə kəsmək qeyri-mümkündür. Bu, müəyyən qədər təbii nəticədir. Çünki mətbuatda "reket” faktoru illər boyu Azərbaycanda yaranıb. Təbii ki, bu da aydın məsələdir ki, illər boyu yaranan bir problemin kökünü qısa müddət ərzində kəsmək bir qədər çətindir. Burada Mətbuat Şurasının "qara siyahı”sına adı daxil edilmiş ayrı-ayrı mətbuat orqanlarının fəaliyyətinin ləğv olunmasının hüquqi əsaslarının yaradılması, bu gün aktual mövzu kimi gündəmdə müzakirə edilməkdədir. Eyni zamanda, MŞ-nin ayrı-ayrı üzvləri müxtəlif vaxtlarda müəyyən təşəbbüslərlə çıxış ediblər. Düşünürəm ki, "reket”çiliklə məşğul olan qəzetlərin tamamilə aradan qaldırılması istiqamətində addımların atılması üçün müəyyən bir hüquqi bazanın yaradılmasına ehtiyac var. Mətbuat Şurası hər cür vasitələrdən istifadə etməklə "reket”çiliklə məşğul olan qəzetlərin kökünü kəsməyə çalışıb. Bu gün Mətbuat Şurası bu problemin həlli naminə bütün imkanlardan və səlahiyyətlərdən istifadə edir. Fikrimcə, MŞ-dən bu problemin həll olunmasında bundan artığını tələb etmək bir az ədalətsizlik olar. Sadəcə olaraq, MŞ-yə müəyyən əlavə səlahiyyətlərin verilməsi üzərində düşünmək daha yaxşı olardı”. Müşahidələrinə əsasən, "reket jurnalistika”sının Azərbaycanda ən azı 10 il tarixi olduğunu qeyd edən baş redaktor bildirib ki, həm Mətbuat Şurasının özü, həm də onun komissiyası bu reket jurnalistikasına qarşı apardığı mübarizə istiqamətində görülən işlər düzgün bir yoldur: "Reket jurnalistika”sına qarşı aparılan bu mübarizədə müsbət nəticələrə rast gəlmək mümkündür. Sadəcə olaraq, bununla bağlı bir qədər dözümlü və hövsələli olmaq lazımdır ki, bu aparılan proses özünün məntiqi sonluğuna çata bilsin. Ona görə də, bu məsələdə tələsmək lazım deyil, sadəcə olaraq, seçilmiş kursu prinsipial şəkildə axıra qədər aparmaq lazımdır”. İndiki zamanda reket jurnalistikasının tamamilə sıradan çıxa biləcəyinə o qədər də ümid etmədiyini vurğulayan A.Quliyev hesab edir ki, məmurların fəaliyyətləri şəffaf şəkildə olmadığı üçün ölkədə "reket jurnalistika”sının kökünün tamamilə kəsilməsi bir qədər çətin olacaq: "Sirr deyil ki, "reket jurnalistika”sının müəyyən bir hissəsi bəzi məmurlar tərəfindən idarə olunur. Bunun da kökünün tamamilə kəsilməsi üçün bütün məmur ordusunun fəaliyyəti ictimai nəzarət altına alınmalıdır”.

 

"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də hesab edir ki, Mətbuat Şurası və Şuranın Komissiyaları "reket jurnalistika”ya qarşı mübarizə istiqamətində mümkün olan bütün addımları atıb: "Çap mediasında reketçiliyin sayının azalması istiqamətində kifayət qədər irəliləyişlərə də nail ola bilib. Amma onlar yağışdan sonra çıxan "göbələk” olduqları üçün birdəfəlik köklərini kəsmək olmur. Mətbuat Şurası da qeyri- hökumət təşkilatı olduğu üçün yalnız ictimai qınaqla bağlı qərarlar qəbul edə bilir. Şura böhtan və şər xarakterli yazılar yazan, jurnalistika adına ləkə gətirən media orqanlarının və ya konkret şəxslərin adlarını "qara siyahı”ya salmaqla fəaliyyətlərinin nədən ibarət olması ilə bağlı cəmiyyəti maarifləndirə bilər. Bu istiqamətdə də zəruri olan bütün addımları atırlar”.

Mətbuat Şurasının əlində heç bir hüquqi səlahiyyət olmadığını vurğulayan E.Mirzəbəylinin sözlərinə görə, konkret sanksiyalar tətbiq etmək və ya həmin insanların törətdikləri əməllərə görə həbs olunması istiqamətində real addımlar atsınlar: "Əslində çap mətbuatı və elektron mediasının reketçiliklə məşğul olan insanlar üçün bir vasitə olduğunu düşünürəm. Burada jurnalistikanın hər hansı bir rolu yoxdur. Bu cür dələduzluqla məşğul olan adamlar da jurnalist deyillər. Ümumiyyətlə, "reket mətbuat”, "reket jurnalistika” terminini qəbul etmirəm, bundan sonra da etməyəcəm. Reket jurnalistlərin "mətbuatdan reketçilik yolu ilə istifadə edən cinayətkarlar” kimi adlandırılmalarını daha doğru hesab edirəm. Hər hansı bir fırıldaqçıya, dələduza görə, bütövlükdə jurnalistika sahəsini ləkələyə bilmərik. Jurnalistikanın əvvəlinə "reket” sözünün əlavə olunması Azərbaycanda sayı kifayət qədər çox olan vicdanlı, məsuliyyətli, obyektiv və qərəzsiz qələm adamlarının fəaliyyətinə kölgə salır. Artıq vəziyyət o həddə çatıb ki, jurnalist adının çəkildiyi hər yerdə bizə qəribə münasibət sərgiləyirlər. Hətta elə adamlar var ki, bütövlükdə jurnalistikanın reketçiliklə məşğul olduğunu zənn edir. Təbii ki, bunun da kökü həmin dələduzların "əməyi”nin bəhrəsidir.

 

Bu gün Mətbuat Şurasının, KİV-lərə Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə keçirilən ayrı-ayrı görüşlərdə reketçiliklə məşğul olan şəxslərin və ya media qurumlarının kimliyi açıq şəkildə ortaya qoyulur. Amma nə bu, nə də onların adının "qara siyahı”ya salınması yetərli olur. Bu məsələlərdə artıq ictimai qınaqdan daha üst bir mərhələyə keçməyə ehtiyac var. Azərbaycan

Mətbuat Şurası bu illər ərzində reketlərə qarşı əlindən gələni edib. Yəni onların hazırladığı "qara siyahı” və buna uyğun olaraq ictimai qınaqla bağlı təbliğatın aparılması effektiv nəticə verib. Amma bu reketçilik mediada bədxassəli şiş kimidir, bir tərəfdən kəsib atırsan, digər tərəfdən metastaz verir. Bu baxımdan onların müalicəsi sadəcə mümkün deyil, cərrahiyyə əməliyyatı da artıq kömək eləmir. Ona görə də bu məsələyə hüquqi mexanizmlərlə nöqtə qoymaq lazımdır. Qanunvericilikdə bu cür problemlərin qarşısının alınması üçün kifayət qədər müddəalar var. Lakin müddəaların həyata keçirilməsi üçün mexanizmlər həddən artıq çox vaxt aparır. Tutaq ki, bir sayt ardıcıl şəkildə hesabat xarakterli məlumatlar yayırsa, onun bu fəaliyyətinin qarşısının alınması üçün təsdiq olunan mexanizm daha çox vaxt aparır. Hesab edirəm ki, ilk növbədə bu məsələyə müdaxilə imkanları tanınmalıdır. Konkret media vasitəsilə reketçiliklə məşğul olan və yaxud Azərbaycan dövlətinin maraqlarına qarşı çıxış edən cinayətkar qrupların fəaliyyətinə fərqli müstəvidə qiymət verilməlidir. Onlar mediadan öz cinayətkar əməlləri üçün istifadə edirlər, prinsipcə, onların mediaya aidiyyəti yoxdur. Bunlar mətbuat çətiri altında gizlənirlər. Bu məsələlərdə həm media aktiv şəkildə fəaliyyət göstərməli və bu qrupların ifşa olunmasına çalışmalıdırlar. Mətbuat Şurasına üzv olan, peşə etikasına əməl edən, Azərbaycan qanunvericiliyi çərçivəsində fəaliyyət göstərən ölkənin aparıcı media qurumları bu məsələdə birgə fəaliyyət göstərməlidirlər və bu məsələdə güzəştsiz mövqe tutmaq lazımdır”.

Baş redaktorun sözlərinə görə, reketçiliklə məşğul olan insanların fəaliyyəti hüquqi müstəvidə dəyərləndirilməlidir. İctimai qınaq bu insanlara təsir eləmir: "Burada da təəccüblü heç nə yoxdur. İctimai qınaqdan ehtiyatlanan adam zatən bu işlərlə məşğul olmaz. İctimai qınaqdan vicdanı olan adam çəkinər. Dələduzlarda vicdan nə gəzir? "Reket mətbuat” adı altında fəaliyyət göstərən insanların bir qismi dilənçidilər. Qapı-qapı gəzib, imkanlı şəxslərdən sədəqə yığırlar. Digər qismi isə təhdid və şantaj yolu ilə ciblərini doldururlar. Belə insanların qarşısını almaq isə Mətbuat Şurasının səlahiyyətləri xaricindədir. Birinci kəsimə İnzibati Xətalar Məcəlləsində məsuliyyət nəzərdə tutulub. Şantajçıların əməli isə birbaşa cinayət məsuliyyəti daşıyır. Reketçiliklə məşğul olan şəxslərin çoxlarının heç elektron ünvanlarında yoxdur. Saxta vəsiqələri ciblərinə qoyub, imkanlı şəxsləri şantaj edirlər. Var olmayan bir mətbu orqanın vəsiqəsindən istifadə etmək isə ikiqat cinayət əməli hesab olunur. Deməli, bu adam şantajdan əlavə həm də dələduzluqla məşğuldur”.

 

Şəymən

Şərq.- 2016.- 6 iyun.- S.11