Xarici ölkələrdə diaspora ilə mediyanin əmədaşlığı...
Prezidentin qurultaydakı çıxışını baş redaktorlar ciddi çağırış hesab edirlər
"Diasporumuzun xarici media orqanları ilə əlaqələri yaxşı təşkil olunmayıb. Xarici mediaya çıxışımız yaxşı vəziyyətdə deyil. Bu vəzifə diasporanın üzərinə düşür”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayının açılışında deyib. Dövlət başçısı bildirib ki, xaricdə böyük azərbaycanlı jurnalist təbəqəsinin yetişməsi vacibdir: "Həmin jurnalistlər istər-istəməz Azərbaycan həqiqətlərini çatdıracaqlar. 21-ci əsrdə informasiya mübarizəsi mühümdür. Hansı ölkəyə qarşı çirkin kampaniya aparılırsa, ictimai fikir də ona qarşı yönəlir. Ermənilər həmin mətbu orqanlarla geniş əlaqələr qurublar. Bu istiqamət prioritet istiqamətdir, zəif yerimizdir və qurultayda müzakirə olunmalıdır. Azərbaycan dövləti buna dəstək verə bilərsə, biz hazırıq. Bu, Azərbaycan diaspor təşkilatları üçün birinci məsələ olmalıdır”. Prezident deyib ki, ermənilər Azərbaycanı işğalçı, Ermənistanı yazıq ölkə kimi təqdim etməyə çalışıblar: "Buna ermənilər müəyyən qədər nail ola biliblər.
Belə olmasaydı, ABŞ Konqresi mənfur 907-ci düzəlişi qəbul etməzdi. Azərbaycan torpaqları işğal olunub, soyqırım törədilib, ancaq bu düzəlişi qəbul ediblər ki, guya, Azərbaycan Ermənistanı blokadada saxlayır. O dövrdə Azərbaycanı idarə edənlər idarəçiliyin nə demək olduğunu bilmirdilər. Bu gün də bu düzəliş qüvvədədir. Əvvəllər bu düzəlişin qaldırılmasına çalışırdıq, sonra qərara gəldik ki, buna ehtiyac yoxdur. Çünki bizim kiminsə yardımına ehtiyacımız yoxdur, özümüz ayaqda dururuq”. Dövlət başçısı bəyan edib ki, xaricdə hələ də çoxları Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu bilmir: "Biz bu istiqamətdə iş aparırıq, həqiqətlərimizi çatdırırıq. Diaspor təşkilatlarımız da internet saytları açmalı, Azərbaycan qəzetləri dərc etməli, həmin ölkələrin ictimaiyyətləri üçün bu media orqanları maraqlı olmalıdır. Dünyada informasiya əsrində yaşayırıq. Erməni diasporu bunu özü edir, səfil Ermənistan dövləti bunu edə bilməz, öz büdcəsi üçün pul tapa bilmir. Azərbaycan dövləti isə diaspor təşkilatlarına bu məsələdə kömək edə bilər. Yeri gəlmişkən, Ermənistan nə qədər çalışdı ki, aprel döyüşləri barədə yalan məlumatları dünyaya ötürsün, buna nail ola bilmədi. Yalnız erməni diasporuna satılmış xarici jurnalistlər aprel döyüşlərini ermənilərin qələbəsi kimi qələmə verməyə çalışdılar. Ancaq bacarmadılar. Hamı bilir ki, aprel döyüşlərində nə baş verib və nəticəsi nədir. Ermənistan rəhbərliyi xalqını və dünya ictimaiyyətini aldatmağa çalışır. Bunun qarşısını almaq üçün isə xarici ölkələrdə obyektiv yazan azərbaycanlı jurnalistlərin sayı çox olmalıdır”.
Prezidentin təmas etdiyi məqama münasibət bildirən millət vəkili, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu "Şərq”ə deyib ki, müasir beynəlxalq münasibətlər sistemində informasiya ən aparıcı vasitələrdən biri sayılır: "Media qurumları dövlətlərarası və xalqlararası münasibətlərdə, mövqelərin düzgün dərc olunmasında aparıcı funksiyanı yerinə yetirir. Ona görə də informasiya resurslarından milli-dövlət maraqları üçün istifadə edilməsi hər bir dövlət və xalq üçün olduqca aktual məsələlərdən hesab olunur. Cənab Prezident qurultayda xüsusilə qeyd etdi ki, Azərbaycan diasporasında təşkilatlanma səviyyəsi yüksəkdir. Son illərdə diaspor təşkilatlarının sayı iki dəfədən çox artıb. Ancaq yerli icra hakimiyyəti orqanlarında, qanunverici və məhkəmə strukturlarında təmsil olunma faizləri aşağıdır. Azərbaycanlıların yaşadıqları xarici ölkələrdə media institutlarına, mətbuat mərkəzlərinə çıxışlarında, həmçinin transmilli media ilə münasibətlərində müəyyən boşluqlar var. Bu işin yaxşı qurulması Azərbaycan üçün olduqca əhəmiyyətlidir. Prezidentin çağırışında göstərilən həmin strukturlarda çalışmaq üçün isə ilk növbədə diasporamız və media nümayəndələrimiz intellektual keyfiyyətlərə malik olmalıdır. Fikrimcə, Prezidentin bu çağırışının kökündə maariflənmə, yerli cəmiyyətə inteqrasiya olunmaqla bərabər həmin cəmiyyətlərin sosial piramidalarında müəyyən yüksəkliklərə qalxmaq məsələsi dayanır. Prezident öz çıxışı ilə diasporanı və media nümayəndələrini bu işə təşviq edir”. Baş redaktor bildirib ki, biz müharibə şəraitində yaşayan bir dövlətik. Ermənistan tərəfindən torpaqlarımızın 20 faizi işğal edilib: "Torpaqlarımızın işğalı, Xocalı soyqırımı və regiondakı proseslərlə bağlı informasiyaların dünya dövlətlərinə çatdırılmasında diaspor təşkilatlarının çox böyük rolu ola bilər. Çünki diaspor nümayəndələrimizin hər biri yaşadığı və vətəndaşı olduğu xarici ölkənin ilk növbədə rəsmi dilini bilir. Yəni onlar üçün dil baryeri yoxdur. Azərbaycanda yaşayan hansısa jurnalistin transmilli mediaya çıxması bir qədər çətindir. Burada dil faktoru böyük rol oynayır. O baxımdan xarici ölkədə məskunlaşmış azərbaycanlılar üçün fəaliyyət göstərmək daha asandır, problemsizdir. Bu amilləri nəzərə almaq lazımdır. Cənab Prezident məhz bu məsələləri önə çəkməklə bir daha jurnalistikanın postmodernik cəmiyyətlərdə nə qədər aparıcı institut olduğuna diqqət çəkib. Eyni zamanda diaspor təşkilatlarının təşkilatlanması və tarixi vətənlərinin maraqlarının qorunması istiqamətində informasiya "silahından” effektiv istifadə etməyi tövsiyə etdi. Düşünürəm ki, bundan sonra qarşıda duran vəzifələr məhz bu istiqamətdə həyata keçiriləcək”.
"Səs” Media Holdinqin rəhbəri Bəhruz Quliyev də vurğulayıb ki, Prezident qurultayda bir sıra mühüm və vacib məsələlərə toxunub. Onların ən birincisi diasporla medianın əməkdaşlığıdır: "Jurnalistikamızın xarici dövlətlərdə fəaliyyəti zəifdir. 20 faiz torpaqlarımızın işğal altında olduğunu nəzərə alsaq, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində dayanmadan işləməliyik. Halbuki son illərə qədər erməni təbliğat maşını bizdən güclü işləyirdi. Bizim etmək istədiyimizi onlar bizdən əvvəl edirdilər. Artıq dünyada Azərbaycan diasporası kifayət qədər formalaşıb və onu idarə edən müvafiq qurum var. Lakin diaspora komitəsinin fəaliyyəti fonunda jurnalistikanın gördüyü iş bir qədər azdır, yəni görüləsi işlər daha çoxdur. İnformasiya əsrində yaşadığımız bir dövrdə Azərbaycan reallığını tam şəkildə dünyaya çatdıra bilməməyimiz və işimizi düzgün qurmamağımız böyük bir qüsurdur. Cənab Prezident bunu görür və bütün çıxışlarında ictimaiyyətin diqqətinə çatdırır. Dövlət başçısı xarici mediaya təsirlərimizi artırmaq barədə öz tövsiyyəsini verir”. Ancaq baş redaktor deyib ki, bu iş təkcə jurnalistikanın işi deyil: "Xarici dövlətlərdə fəaliyyət göstərən müxtəlif mətbuat vasitələrinə təsir etmək təkcə medianın işi deyil. Burada diaspora komitəsi ilə jurnalistlər birgə işləməli və bu işdə tam səfərbər olmalıdırlar. Bizim dövlət agentliklərimizin xarici dövlətlərdə xüsusi büroları, əməkdaşları var. Onların hamısının borcu həqiqətlərimizi dünyaya çatdırmaqdır. Redaksiyalarla düzgün əlaqə qurmaqdır. Hər kəs öz ətrafında olan informasiya resurslarını lazımi anda səfərbər etməyi bacarmalıdır. Bu mənada bütün media qurumlarının üzərinə çox ağır yük düşür. Xüsusən xarici media qurumlarında çalışan azərbaycanlı jurnalistləri bu işə səfərbər etmək vacibdir”. B.Quliyevin sözlərinə görə, media ilə yanaşı, sosial şəbəkələrdə də bu işi məharətlə həyata keçirmək mümkündür: "Sosial şəbəkə istifadəçilərinin hər birinin ətrafında minlərlə insan var. Hansı dövlətdə yaşamasından və miliyətindən asılı olmayaraq insanlar sosial şəbəkələr ətrafında rahatca birləşə bilir. Bunu müsbət tendensiyaya çevirmək və informasiyanın daha geniş yayılmasında istifadə etmək lazımdır. Sosial şəbəkələrdə məişət zəminindən çıxıb, polemika və müzakirə formatında müzakirələr aparmalıyıq”.
"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də açıqlamasında bildirib ki, ölkə başçısı İlham Əliyev hər çıxışında bu məsələyə diqqət çəkir: "Prezident ötən qurultayda da bir çox mühüm istiqamətlərə diqqət çəkdi və diasporun fəaliyyəti üçün proqram xarakterli çıxış etdi. Sonuncu çıxış da proqram xarakterli idi və müxtəlif istiqamətlərdə diasporun fəaliyyətinin inkişafına nail olmağın yollarını göstərirdi. Bu vasitələrdən ən mühümü azərbaycanlı jurnalist təbəqəsinin xaricdə fəaliyyət göstərməsi ilə bağlıdır. İstedadlı şəxslərin jurnalistika sahəsində təhsil alması və həmin mətbuat orqanlarında çalışması üçün dəstək vermək lazımdır. Müvafiq diaspor qurumları və Azərbaycanın diplomatik nümayəndəlikləri də bu sahədə öz fəaliyyətini geniş şəkildə qurmalıdır. Bəllidir ki, bu gün Azərbaycanda yazılı mətbuatda çalışan və ya televiziya işçisinin xarici mediaya çıxmaq şansı olduqca çətindir. Həmçinin, Azərbaycandilli medianın da xarici mətbuata çıxmaq şansı yoxdur. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən xaricidilli mətbuat orqanlarının da ayrı-ayrı dövlətlərin ictimai rəyinə təsiri çox zəifdir. Azərbaycanlı jurnalistlər nüfuzlu xarici mətbuatda çalışarsa və öz fəaliyyətində Azərbaycanın haqlı mövqeyi ilə bağlı bir cümlə yazarsa, ölkəmizdə yayılan səhifə-səhifə materiallardan effektiv nəticə verər. Ermənilər artıq uzun illərdir bu istiqamətdə fəaliyyət göstərir. Nəzərə almaq lazımdır ki, neçə ildir erməni diasporu xarici ölkələrə səpələnib və öz xislətinə uyğun olaraq fəaliyyət göstərir. QHT sektoru və media aləminə öz nümayəndələrini salmaqla erməni yalanını yaymaqla məşğuldurlar”. E.Mirzəbəyli hesab edir ki, Azərbaycan həqiqətlərini deyən xarici mətbuatın heç vaxt mənəvi problemi olmaz. Çünki həmin media qurumu həqiqəti söyləyən tərəf kimi bu prosesdə iştirak edəcək: "Hesab edirəm ki, diaspor fəaliyyətinin yarıdan çoxunu düzgün informasiya yayılmasına yönəltmək lazımdır. Nəzərə almaq lazımdır ki, hazırda informasiya əsridir. İnsanların şüuruna təsir etmək yalnız informasiyadan keçir. Erməni yalanlarına qarşı çıxış etmək istəyiriksə, xarici media qurumlarında azərbaycanlı jurnalistlərin təmsil olunması istiqamətində müvafiq işlər görməliyik. Hesab edirəm ki, Prezidentin bu tövsiyəsindən nəticə çıxarılacaq və ciddi addımlar atılacaq”.
İsmayıl
Şərq.-
2016.- 7 iyun.- S.11