Azərbaycan diasporasının
inkişafında mühacir mətbuatının
rolu…
Azərbaycan diasporunun bugünkü vəziyyətə çatması, onun uğurlu inkişaf yolu keçməsində heç şübhəsiz tarixin müxtəlif dövrlərində ayrı-ayrı ölkələrdə yaşayan mühacir azərbaycanlıların rolu böyük olub. Bu sırada mühacir Azərbaycan mətbuatının tanınmış nümayəndələrinin yorulmaz fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Yaxın və uzaq tarixə nəzər salarkən aydın görünür ki, mühacir Azərbaycan mətbuatının nümayəndələri fəaliyyət göstərdikləri ölkələrdə bir növ Azərbaycan diasporunu təmsil ediblər. Onların istər birgə, istərsə də fərdi fəaliyyətlərində bütün bu amillər ön planda olub. Mühacir mətbuat nümayəndələri yaşadıqları və fəaliyyət göstərdikləri ölkələr vasitəsilə Azərbaycanın haqq və hüquqlarının dünya ictimaiyyətinə çatdırılmasında da müstəsna rol oynayıblar. Ona görə də haqlı olaraq qarşıya məqsəd qoyulur ki, Azərbaycan mühacirətini bir qurum kimi öyrənməli, elmi-nəzəri şəkildə onun demoqrafik, siyasi-ictimai və sosioloji təsnifatını verməliyik. İndiyə qədər məlum səbəblərdən bu sahədə, yəni Azərbaycan mühacirətinin öyrənilməsi sahəsində çox az iş görülüb. Bu sahədə ciddi, sanballı tədqiqatlar demək olar ki, son zamanlara qədər olmayıb.
Çünki mühacirətə birtərəfli münasibət, bu münasibətdəki bədnam sinfilik prinsipi uzun zaman hakim ideologiyanın tərkib hissəsi olub. Son dövrlərdə isə bu sahədə bir sıra təqdirəlayiq işlər görülüb. Azərbaycan mühacirəti, o cümlədən mühacirət mətbuatı ilə bağlı araşdırmalar meydana çıxıb. Bu gün də Azərbaycan mühacir mətbuatı ilə bağlı tədqiqatlar davam etdirilir. Kütləvi informasiya vasitələrində ayrı-ayrı müəlliflərin bu mövzuda maraqlı yazıları dərc edilir. Araşdırmalardan aydın olur ki, Türkiyənin İstanbul və Ankara şəhərlərində, Almaniyada, Polşada, Fransada çoxlu sayda qəzetlərimiz, jurnallarımız, kitablarımız nəşr edilib. Mühacirət mətbuatımızın dəyərli nümunələri sayılan bu media orqanlarında Azərbaycanın mədəniyyəti, tarixi, ədəbiyyatı, incəsənəti və folkloru ilə bağlı yazılar çap edilib. Lakin sovet dövründə həmin qəzet və jurnalların Azərbaycana gətirilməsi və geniş təbliği qeyri-mümkün olub. Yalnız 1991-ci ildə SSRİ rəsmən dağıldıqdan və Azərbaycan Müstəqillik Aktını qəbul etdikdən sonra digər sahələrdə olduğu kimi, ölkəmizin tarixinə yeni baxışlar sistemi formalaşıb. Nəticədə bu istiqamətdə yeni araşdırmalar, tədqiqatlar, kitablar ortalığa qoyulub. Azərbaycan mühacirət tarixinin yaranma səbəbləri, milli istiqlalımız uğrunda mübarizəsi və əsas fəaliyyət istiqamətləri
olduqca maraq kəsb edən mövzudur. Mühacirət irsinin sistemli şəkildə öyrənilməsi uzun illər sovet ideologiyasının təsiri altında formalaşmış tariximizin qaranlıq məqamlarına aydınlıq gətirir. Xüsusi qeyd olunmalıdır ki, mühacirət mətbuatı hər cür ideoloji təsirdən uzaq olub və faktları obyektiv işıqlandırıb. Türkiyənin, Almaniyanın, Polşanın arxivlərində saxlanan Azərbaycan mühacirət irsi, mətbuat və milli Azərbaycan nəşriyyatı nümunələri bu sahənin aktuallığı ilə bağlı daha yeni fikri və tendensiyanı formalaşdırır.
Mühacirət mətbuatının həm tədqiqi, həm də tədrisində iki məsələ xüsusi qeyd edilməlidir. Birincisi, bütün müəlliflər istisnasız olaraq 1923-cü ilin sentyabr ayında Türkiyənin İstanbul şəhərində Məhəmməd Əmin Rəsulzadənin və Səid Əfəndinin redaktorluğu ilə çıxan "Yeni Qafqasya”nı ilk mühacir qəzet hesab edirlər. Böyük qələm sahibi, ömrünün sonuna qədər Azərbaycanın istiqlalı uğrunda ideoloji mübarizə aparan azadlıq aşıqı Mirzə Bala Məmmədzadənin 1937-ci ildə qələmə aldığı "Milli Azərbaycan Hərəkatı” adlı əsərindəki "Yeni Qafqasya” yalnız azərbaycanlıların deyil, rus əsarəti altındakı bütün türklərin xaricdə çıxardıqları ilk məcmuə sayılırdı. Mirzə Bala Məmmədzadənin Azərbaycanın milli hərəkatında misilsiz xidmətləri olub. Həmin dövrə nəzər salsaq görərik ki, mühacirət mətbuatının əsas diqqət yetirdiyi məsələlərdən biri xarici ölkələrdə məskunlaşmış azərbaycanlıların problemlərini üzə çıxarmaq, onları işıqlandırmaq idi. Həmçinin mühacirət mətbuatı ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlıların birlik və bərabərliyinə çağırış edən materiallarla da çıxış edirdi.
Cəlil Məmmədquluzadənin 1921-ci ildə qədim Azərbaycan şəhəri Təbrizdə nəşrini davam etdirdiyi "Molla Nəsrəddin” jurnalı da mühacir nəşr hesab edilə bilər. Çünki həmin illərdə o, bir dövlətdən başqa bir dövlətin ərazisinə köçmüşdü. Hələ sağlığında "bütün türk dünyasının mücahidi” adını qazanmış görkəmli ideoloq, publisist, filosof Əli bəy Hüseynzadənin yaradıcılığında mühacirət jurnalistikası nümunələri xüsusi mərhələni təşkil edir. Hələ 1904-cü ildə Misirdə çıxan "Türk” qəzetində türk birliyi, hətta panturanizm ideyasını ortaya atan Əli bəy Hüseynzadə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, onun ideoloji kursunun müəyyənləşməsində mühüm rol oynayıb.
Azərbaycan mühacirət jurnalistikası
tarixində böyük şərqşünas-alim,
publisist, tənqidçi, ideoloq
və görkəmli ictimai xadim Əhməd bəy Ağaoğlunun
xüsusi çəkisi və yeri var. Millətinə
və dövlətə xidmət göstərmək istəyən
hər bir kəs, xüsusilə qələm
sahibləri üçün ideal bir nümunə səviyyəsinə
yüksələn Əhməd bəy Ağaoğlu
hələ Fransada təhsil
aldığı 1885-1894-cü illərdə Parisdə
çıxarılan "Nouvel Revyü” kimi
tanınmış mətbu orqanında qələmini
sınayıb. Əhməd bəy Ağaoğlu
da digər mütəfəkkirlər kimi istər Türkiyədə, Fransada, istərsə də digər ölkələrdə
yaşadığı mühacir həyatı
dövründə həmin ölkələrdə yaşayan soydaşlarımızla mütəmadi
olaraq görüşüb.
Onların birlik və bərabərliyi üçün çağırışlar
edib, məqalələr yazıb. Sonralar Vətənə
dönən Əhməd bəy Ağaoğlu
"Kaspi” qəzeti ilə sıx əməkdaşlıq
etməyə başlayır və bir
müddət həmin mətbu orqanın redaktoru
vəzifəsində çalışıb. Əhməd bəy
Ağaoğlunun Azərbaycan xalqı
qarşısındakı ən böyük xidmətlərndən
biri 1905-ci ildə onun
erməni millətçiliyi, erməni vəhşiliyinə,
"Daşnaksütyun” Partiyasına "Dur” deməyi bacaran "Difai” Partiyasını yaratması olub. 1908-ci ildə Bakı Filarmoniyasında ona qarşı edilən hörmətsizlikdən
sonra Əhməd bəy Ağaoğlu
Türkiyəyə gedib. O, Bakıda
başladığı jurnalistlik fəaliyyətini
İstanbul şəhərində daha geniş vüsət və
çoşqunluqla davam
etdirib. Həmin dövrdə Əhməd
bəy Ağaoğlu Azərbaycan
mühacirət jurnalistikasının ən parlaq
nümunələrini yaradıb. Bütün həyatı fırtınalar içərisində
keçən Əhməd bəy Ağaoğlu
1918-ci ildə Azərbaycan Xalq Cümhurriyətinə
yardım üçün Bakıya gələn
Türkiyənin Qafqaz Ordusu
tərkibində müşavir kimi Vətənə gəlib, müstəqil
dövlət quruculuğunda fəal iştirak edib, Azərbaycan
parlamentinə üzv seçilib.
1919-cu ildə isə Əhməd bəy Ağaoğlu
Paris sülh
konfransına yollanan nümayəndə
heyətinin tərkibinə daxil olub. Lakin bu
səfər baş tutmayıb. Çünki İstanbulda
ingilislər Əhməd bəy Ağaoğlunu
həbs ediblər. O, sözdə ermənilərə
qarşı soyqırımda təqsirli bilinərək keçmiş İttihad və
Tərəqqi Partiyasının liderləri ilə birlikdə Malta adasına sürgünə göndərilib.
1921-ci ilin
may ayında isə iki illik sürgün
həyatına son qoyulub. Anadoluya, Milli
Qurtuluş Hərəkatının
rəhbəri Mustafa Kamal
Paşanın yanına
gəlib. 1923-cü ildən Əhməd bəy Ağaoğlunun həyat və yaradıcılığında yeni bir mərhələ
başlayıb.
1939-cu il, ömrünün
sonuna qədər Əhməd bəy Ağaoğlu əməli,
ağlı, zəkası
və qələmi ilə həmişə sadiq qaldığı mərama xidmət edib.
Azərbaycanın mühacirət jurnalistikasının
parlaq simalarından biri istiqlal hərəkatının
fəal iştirakçılarından
sayılan, eyni zamanda milli qurtuluş
hərəkatının ideoloqu
və lideri Məhəmməd Əmin
Rəsulzadədir. Gənc yaşlarından
Bakıda siyasi fəaliyyətə başlayan
Məhəmməd Əmin
Rəsulzadə 1908-1911-ci illərdə
Tehranda, 1911-1913-cü illərdə
İstanbulda sözügedən
sahəyə uyğun
fəaliyyət göstərib.
İranda Məşrutə İnqilabından sonra Məhəmməd Əmin
Rəsulzadə bu ölkədə "Yeni İran” qəzetinin nəşrinə başlayıb.
Lakin çox keçmədən
İran irticası Məhəmməd Əmin
Rəsulzadəni bu ölkədən İstanbula
köçmək məcburiyyətində
qoyub. O, Türkiyədə
gənc millətçilərin
birləşdiyi "İttihad
və Tərəqqi” Partiyası ilə əlaqə saxlayıb. Bu qurumla yaxından
əməkdaşlıq edib.
Paralel olaraq Məhəmməd Əmin Rəsulzadə
"Türk Ocağı”na
daxil olub və 1911-ci ildən nəşrə başlayan
"Türk Yurdu” jurnalında məqalələr
dərc etdirib. Onun "İran türkləri”,
"İran tarixçeyi-inqilabi”
silsilə məqalələri
böyük əks-səda
doğurub. Azərbaycan
Xalq Cümhuriyyətinin
süqutundan bir müddət sonra İstanbulda məskunlaşan
Məhəmməd Əmin
Rəsulzadə əvvəlcə
"Qafqasya”, sonra isə "Azəri-türk”,
"Odlu Yurd”, "Bildiriş” kimi milli nəşrlərin işıq üzü görməsinə nail olub.
Həmin
qəzet və jurnallarla yanaşı, Məhəmməd Əmin
Rəsulzadə Türkiyə,
Fransa və Almaniyada çıxan digər nəşrlərlə
də əlaqə saxlayır, əməkdaşlıq
edib. Azərbaycanın istiqlal mücadiləsi
tarixində ilk istiqlal
şairi isə Məhəmməd Hadi hesab edilir. Məhəmməd Hadi 1910-cu ildə
Türkiyənin İstanbul
şəhərinə gələrək
burada çox sevdiyi mühitə qovuşub. O, İstanbulda
qəzet və jurnallara məqalələr
yazırdı. Azərbaycanın istiqlalı uğrunda ideoloji mübarizə tarixində böyük rol oynamış şəxslərdən biri
də istedadlı yazıçı-publisist, tərcüməçi,
tədqiqatçı, redaktor
Ceyhun Hacıbəylidir.
O, bütün gücü
ilə kommunizmin iç üzünü dünyaya açıqlayıb,
güclü qələmi
ilə bir çox dillərdə müqəddəs davasını
dünyaya bəyan edib. O, hələ tələbə olanda Parisin nüfuzlu qəzetlərinə məqalələr
yazıb, tədricən
jurnalist kimi püxtələşib. Tale Ceyhun Hacıbəyliyə
sonuncu mühacirətdən
əvvəl də Parisdə yaşamağı
qismət edib və həmin dövrdə də Ceyhun Hacıbəyli öz qələmini yerə qoymayıb. Ceyhun Hacıbəyli bütün dünyada məşhur olan "La
Revue de Doux Mondes” jurnalının uzun illər əməkdaşı
kimi çalışıb.
Ceyhun Hacıbəylinin zəngin
irsində onun mühacirət jurnalistikasına
aid olan materialları mühüm yer tuturdu. "Azadlıq”
radiosunun Ceyhun Hacıbəylinin vəfatı
ilə bağlı verdiyi xəbərdə deyilirdi: "Ceyhun bəy əziz Vətəninin və xalqının qurtuluş mübarizəsinə liderlik
edənlərdən biri
olub. Eyni zamanda istedadlı
bir publisist olan Ceyhun Hacıbəyli
istilaya uğrayan Vətəninin haqq və hüquq davasını bütün
dünya ictimaiyyəti
qarşısında layiqli
müdafiə edirdi”.
İsmayıl
Şərq.-
2016.- 9 iyun.- S.11