Hər kəsin İnformasiya almaq
haqqı var
Surdo-tərcümələrin
Azərbaycan televiziyalarından
yığışdırılması yaxşı hal kimi dəyərləndirilmir
Yadigar Məmmədli: “Xəbərlərdə və tok-şou xarakterli verilişlərdə mütləq olmalıdır. Düşünürəm ki, bu məsələni bizdə də ictimailəşdirməyə ehtiyac var”Vüsal Məmmədov: "Həmin peşəni öyrənən insan bilir ki, ixtisasdan pul qazana bilməyəcək. Bu səbəbdən heç kəsin marağı yoxdur ki, gedib vaxtını sərf etsin, sonda da işsiz qalsın”Davud Rəhimov: "Televiziyalardakı bu boşluğu doldurmaq üçün xeyli vaxt lazımdır”Rüfət Soltan: "Cəmiyyətin bütün üzvləri kimi onlar da məlumat almaq istəyir, ancaq ala bilmirlər”Son vaxtlar ölkədə Kütləvi İnformasiya Vasitələrinin (KİV) müxtəlif sferalarda inkişafını təmin etmək məqsədilə mütərəqqi addımlar atılıb. Bu tədbirlər sırasında ən çox izlənilən KİV vasitəsi olan televiziyalara dair də çoxsaylı tədbirlər yer alıb. Bir sözlə, teleməkanların yol verdiyi bir sıra nöqsanların - telejurnalistlərin dili, milli-mənəvi dəyərlərə zidd, bayağı verilişlərin bağlanması və s. kimi məsələlərin aradan qaldırılması yönündə nəzərəçarpan işlər görülür. Və həmin addımların müsbət effekt doğurduğu da göz önündədir. Buna rəğmən televiziyalarda müəyyən problemlər hələ də qalmaqdadır. Belə çatışmazlıqlardan biri də eşitmə və danışma qabiliyyəti olmayanlar üçün surdo-tərcümələrin (jest dili) olmamasıdır. Halbuki, heç uzağa getməyək, qardaş Türkiyə telekanallarında nəinki bu ölkənin ictimai-siyasi həyatında ciddi rol oynayan məlumatları, hətta mahnı klipləri də surdo-tərcümələrlə təqdim edilir.
Bu baxımdan surdo-tərcümələrin Azərbaycan televiziyalarından yığışdırılması yaxşı hal kimi dəyərləndirilmir. Əksəriyyət bunu lal-karların hüquq pozuntusu adlandırır. Maraqlıdır, görəsən, bizim telekanallar niyə surdo-tərcümələrə yer vermir?Sualımızı cavablandıran Demokratik Jurnalistlər Liqasının sədri, tanınmış jurnalist Yadigar Məmmədli bunun vacib amil olduğunu bildirib: "Əslində bu, insan haqları ilə bağlı məsələdir. Hər bir kəsin informasiya almaq hüququ var. Ona görə də eşitmə və danışma imkanları məhdud insanlara bu cür xidmətlər göstərilməlidir. Baxın, hazırda Türkiyə və eyni zamanda Rusiya telekanallarında bu çox geniş yayılıb. Doğrudur, bunun bütün verilişləri əhatə etməsi bəlkə də yanlış olar. Amma xəbərlərdə və tok-şou xarakterli verilişlərdə mütləq olmalıdır. Düşünürəm ki, bu məsələni bizdə də ictimailəşdirməyə ehtiyac var. Həmin sahədə müəyyən xidmətlərə ehtiyac duyulur. Bu sahəni bilən insanlar hazırlanmalıdır. Sıradan bir iş deyil. Bütün hallarda surdo-tərcümələrin bərpasına nail olmaq lazımdır”.Surdo-tərcüməçilərin hazırlanmasına gəlincə, həmsöhbətimiz bildirib ki, tərcümə mərkəzlərində də surdo-tərcüməçilər hazırlamaq olar: "Surdo-tərcüməçilərə ehtiyac var”.
Müsahibimiz vurğulayıb ki, bununla bağlı MTRŞ-yə də müraciət etmək olar: "Bütün televiziyalara filmlərin çəkilməsi üçün dövlət büdcəsindən pul da ayrılır. Onlara göstərilə bilər ki, bu serialların içərisində lal-kar şəxslər də olsun. Hər halda bunun çoxçeşidli yolları var. Buna təşəbbüs göstərmək lazımdır. Surdo-tərcüməçilər hazırlana bilər, problem deyil. Amma məsələ odur ki, onlar harada işləyəcəklər. Bu, həlli mümkün məsələdir”."Subtitrlər verilir deyə, telekanallarda surdo-tərcümələrə ehtiyac qalmır” iddiasına gəlincə, Y.Məmmədli deyib ki, subtitrlər surdo-tərcümələri tam əvəz edə bilmir: "Düzdü, bu, boşluğu müəyyən mənada doldura bilər. Amma tam əvəz edə bilməz. Subtitrlər Rusiya və Türkiyə televiziyalarında subtitrlərdən istifadə olunur, amma surdo-tərcümələr də qalır. Deməli, aydınca görünür ki, subtitrlər surdo-tərcüməni tam əvəzləyə bilmir. Xeyli əvvəl AzTV-də belə bir xidmət vardı. Orada əsas xəbərlər surdo-tərcümə olunurdu. Məncə, onu bərpa etmək lazımdır”.
Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov deyib ki, eşitmə və danışma imkanları məhdud olan insanlar da cəmiyyətimizin üzvləridir. Onları cəmiyyətdən təcrid etmək olmaz: "Bu səbəbdən lal-karlara da televerilişləri tam başa düşmələri üçün imkanlar yaradılmalıdır”. Baş yazarın sözlərinə görə, kanallar maliyyə məsələsində simiclik edirlər: "Xərcləri çıxacaq deyə, surdo-tərcüməçi tutmurlar. Anlamalıdırlar ki, biznesdən əlavə, həm də sosial məsuliyyət daşıyırlar. Bunu nəzərə alıb, əsas verilişlərdə surdo-tərcüməçi tutmalıdırlar”. Surdo-tərcüməçilərin azlığına diqqət çəkən həmsöhbətimiz bildirib ki, surdo-tərcüməçilər ona görə azdır ki, hazırda onların işinə tələbat yoxdur: "Həmin peşəni öyrənən insan bilir ki, ixtisasdan pul qazana bilməyəcək. Bu səbəbdən heç kəsin marağı yoxdur ki, gedib vaxtını sərf etsin, sonda da işsiz qalsın. Onlara tələbat yaranarsa, o zaman heç bir şübhəm yoxdur ki, bizdə surdo-tərcüməçilərin sayı artacaq”. "Subtitrlər gedir deyə surdo-tərcüməyə ehtiyac qalmır” iddiasına gəlincə, V.Məmmədov diqqətə çatdırıb ki, subtitrlərin surdo-tərcüməni əvəz etməsi mümkün deyil: "Adətən televiziyalarda subtitrlərə rast gəlməmişəm. Rast gələndə də kiminsə adını izah etmək üçün verirlər. Amma bütöv bir xəbərin subtitlərini vermirlər. Düzdü, bəzən aşağı hissədə xəbərləri yazırlar. Amma bu, lal-karları tam anlatmaq demək deyil. Hansısa xəbərdə bir cümlə subtitr vermək bütöv xəbəri anlatmaq məsələsinə gəlməli deyil, gəlmir də. Aşağıda xəbəri nəzərdə tuturlarsa, bu, surdo-tərcüməni əvəz etmək üçün kifayət etmir”.Müsahibimizin sözlərinə görə, özəl telekanallar özlərinin sosial məsuliyyətini başa düşməlidirlər: "Buna görə də eyni məsuliyyət onların da üzərinə düşür. Bu səbəbdən özəl olmaq məsuliyyətdən yayınmağa əsas vermir”. Həmsöhbətimiz onu da əlavə edib ki, qanunvericilik baxımından teleməkanların surdo-tərcümələr verməməsi heç də hüquq pozuntusu deyil: "Amma mənəvi prizmadan yanaşanda, bu, televiziyaların lal-karların qarşısında mənəvi məsuliyyətinin pozulmasıdır”.Əlil Təşkilatları İttifaqının rəhbəri Davud Rəhimov isə hesab edir ki, televiziyalardan surdo-tərcüməçilərin yığışdırılmasının səbəbi bu sahədə mütəxəssislərin olmamasıdır: "Olan mütəxəssislər isə ya yaşlanıb, ya da ki dünyalarını dəyişiblər. Belə peşəkarların hazırlanması müəyyən vaxt aparacaq. Televiziyalardakı bu boşluğu doldurmaq üçün xeyli vaxt lazımdır”.Jurnalist Rüfət Soltan da qeyd edib ki, son illərə qədər AzTV-də surdo-tərcüməçilər işləyirdi. Bu tərcüməçilər mimika və jestlər vasitəsilə kar və lalları başa salırdı: "Təbii, onlar da verilişə baxırdılar. İndi isə bu tərcüməçilər yoxdur. Mənə elə gəlir ki, televiziyalar lal və karlar üçün nəzərdə tutulan tərcüməçini artıq pul xərcləməməkdən ötrü efirə buraxmır. Amma bilmirlər ki, lal və karların buna böyük ehtiyacı var. Cəmiyyətin bütün üzvləri kimi onlar da məlumat almaq istəyir, ancaq ala bilmirlər. Televiziyalar kar və lal tamaşaçıları nəzərə alıb verilişlər hazırlasa, yaxşı olar. Tərcüməçilər efirə cəlb edilsə, lallar və karlar televiziyaya baxar. Bu baxımdan lal və karlar üçün telekanallarda tərcüməçilərin olması vacibdir. Hər şeyi birdən etmək mümkün deyil. Hər şey tədricən həyata keçiriləcək”.Həmkarımızın fikrincə, daha çox dövlət televiziyaları surdo-tərcümələrə yer ayırmalıdırlar: "Bilirsinizmi, onlar dövlətdən maliyyələşirlər. Bunu təşkil etməyə yetərincə imkanları var. Amma özəl telekanallar bunu etməyə bilərlər və özlərinin müdafiə yolları da var ki, maliyyə çətinliklərimiz mövcuddur. Amma büdcədən maliyyələşən telekanallar bunu mütləq gerçəkləşdirməlidirlər”. R.Soltan hesab edir ki, subtitrlər surdo-tərcümələri əvəz edə bilmir: "Doğrudur, telekanallarda subtitrlər verilir. Orada yalnız xəbərin başlığı təqdim olunur. Başlıq isə hələ tam olaraq xəbərin mahiyyətini aça bilmir. Bu baxımdan hesab edirəm ki, telekanallar surdo-tərcümələrə yer ayırmalıdırlar. Buna ciddi ehtiyac var. Çünki lal-karlar da cəmiyyətimizin üzvləridir. Onların da məlumatlanmaq kimi haqları var. Onlar da məlumat almalıdırlar, ölkədə baş verən ictimai-siyasi hadisələrdən məlumatlı olmalıdırlar”. Müsahibimiz diqqətə çatdırıb ki, surdo-tərcüməçilik beynəlxalq təcrübədə də mövcuddur: "Demək olar ki, Avropa ölkələrinin telekanalları buna geniş yer verirlər. Qardaş Türkiyə telekanllarında da buna geniş meydan verilir. Hətta Türkiyədə özəl teleməkanlar da surdo-tərcümələrə diqqət ayırırlar. Bu baxımdan hesab edirəm ki, daha çox izləyici auditoriyası qazanmaq məqsədilə və lal-karların informasiya almaq ehtiyacını təmin etmək məqsədilə belə bir addım atmaq olar. Hətta özəl telekanallarımız da bunu təşkil edə bilərlər. Əslində bu, onların imicinə müsbət təsir göstərər”. R.Soltan düşünür ki, surdo-tərcüməçilərin olmaması bu sahəyə tələbatın azlığı ilə əlaqədardır: "Bu sahəyə tələbat olarsa, axın olacaq. İndi baxırlar ki, surdo-tərcümələr heç kimə lazım deyil. Bu sahə ilə bağlı heç bir yerdə çalışa bilməyəcəklər. Ona görə də insanlar onu seçmir. Gərək tələbat olsun ki, mütəxəssis də hazırlansın. Üstəgəl, bu çox çətin sahədir”. Həmsöhbətimiz qeyd edib ki, aidiyyəti qurumlar təşəbbüs göstərib, telekanallara buna dair tapşırıqlar verə bilər: "Düşünürəm ki, bunun tətbiqi dövlətdən maliyyələşən telekanallar üçün böyük çətinliklər yaratmaz. Sadəcə, təşəbbüs göstərilməlidir”.
Ayyət Əhməd
Şərq.-
2016.- 10 iyun.- S.11