“YALAN
DEYİRLƏR, TEATRA ƏSLİNDƏ MARAQ ÇOXALIB”
“Bir dəfə
rol oynamayan müəllim teatrdan nə öyrədə bilər?”
“İndiki müəllimlər stolüstü məşqin nə olduğunu bilmirlər”
Azərbaycan teatr səhnəsində elə sənətkarlar var ki, onlar yaratdıqları xarakterik obrazlarla yadda qalıblar. Nəzərə alsaq ki, hələ sovet dönəmlərində Azərbaycan Akademik Milli Dram Teatrının səhnəsində olmaq, böyük sənətkarlarla bir səhnəni paylaşmaq heç də asan deyildi, deməli, burada istedad önəmli rol oynayırdı.
Bu gün "Şərq”in qonağı Azərbaycanın Xalq artisti Ramiz Məlik oldu. Xalq artisti ilə maraqlı söhbəti siz oxucularımızla da bölüşmək istədik.
- Ramiz müəllim, hər
vaxtınız xeyir, necəsiniz?
- Hər vaxtınız xeyir. Şükür, çox yaxşıyam. Yol üstündəyəm. Səfərə hazırlaşıram.
- Sirr deyilsə, hara gedirsiz?
- Qax, Zaqatala, Balakənə qastrol səfərinə gedirik. Teatrın kollektivi ilə maraqlı səfərimiz olacaq. Bir neçə müddət
öncə də teatr digər heyətlə səfərə
getmişdi. İndi biz gedirik.
Həsən Həsənovun
"Qürbətdən gələn
məktublar” tamaşası
ilə qastrolumuz inşallah reallaşır.
Axundzadə obrazını bu
tamaşada mənə
həvalə ediblər.
- Əvvəllər bölgələrə
getmək ənənəsi
var idi. Sonralar bölgələrə
getmədilər. İndi yenidən
belə bir ənənənin yaranması
xoş xəbərdi.
-Təbii ki, teatrın səfərə
getməsi xoş hadisədi. Həmin bölgəyə digər teatr qruppamız "Xəcalət”
tamaşası ilə
getmişdi. Maraqla qarşılandı.
İndi
biz gedirik.
- Teatra maraq azalıb
deyirlər. Bu fikirlə razılaşmaq
düzgündürmü?
- Qətiyyən. Xeyr. Teatra maraq əksinə,
indi həddindən artıq çoxalıb.
İndi tamaşaçı
qıtlığı hiss etmirik.
- Sosial şəbəkələrin,
internet dünyasının həyatımıza bu qədər daxil olması teatra marağı azalda bilibmi?
- Sosial şəbəkələr,
virtual internet dünyası həyatımıza girə
bilib. Amma bu, teatra marağı azalda bilməz.
Bu gün bizim teatra maraq çoxdu. Bəli, vaxtilə
teatra getmək istəməyən tamaşaçı
bu gün teatra gəlir. Bu bir həqiqətdir.
Vaxtilə gəlməyənlər bu gün teatrın
qapısını döyüb
içəri daxil olurlar.
- Nə ilə bağlıdı bu? Sizcə, niyə son vaxtlar teatra maraq çoxalıb?
- Mən öz teatrımızdan danışa
bilərəm. Teatrımızın rəhbərliyi dəyişəndən
sonra teatr tarixi əhəmiyyətini
bərpa edib. Maraqlı tamaşaların qurulmasına
rəvac verir. Kollektivdə
sənət mühiti
yaranıb. Teatra teatr
dünyasından xəbərdar
insan rəhbərlik edir. Böyük bir kollektiv - Akademik Dövlət Milli Dram Teatrının adına uyğun
bir teatr yaradıb Azərpaşa Nemətov.
- Teatrda elə bir xaos yaşanırdı
ki, Akademik Milli Dram Teatrı nüfuzdan düşmüşdü.
- Tamamilə bu problemlər aradan qalxıb. Azərpaşa Nemətovun rəhbərliyə
gəlməsi teatrda mehriban bir kollektivin
bir araya gəlməsinə səbəb
olub. Hazırda teatrda ancaq məşqlər, yeni tamaşalar üzərində
işlər gedir.
Bunun da bir səbəbi
var. Rəhbərliyin dəyişməsi.
Bu yaxınlarda teatr "Ölülər”
tamaşasının premyerasını
təşkil etdi.
Çox
maraqla qarşılandı.
Tamaşaçı yetərincə var
idi.
- Demək ki, tamaşaçıya səviyyəli
tamaşa təqdim etmək lazımdı.
- Təbii ki, Akademik Milli Dram Teatrı tarixi ənənəsinə qayıdıb.
Bu teatrda dahilər
çalışıb. Mehdi Məmmədov, Ədil İsgəndərov,
Rza Təhmasibin qoyduğu xətt davam edir bu
gün. Yeni zamanın nəbzinə
uyğun yeni bir teatr tarixi
yazılır.
- Bu gün teatrda sizin kimi aktyorların
sayı çox azdı.
- Bilirsiz niyə? Çünki bizim vaxtımızda
teatr institutunda teatr sənəti bilən ustadlar dərs keçirdi. Bir də qeyd
edirəm, teatr institutunda, indiki Mədəniyyət və
İncəsənət Universitetində
yox a... Teatr institutunda bizim
dahi müəllimlərimiz
olub. Rza Təhmasib, Ədil İsgəndərov, Tofiq Kazımov, Mehdi Məmmədov kimi müəllimlərimiz olub.
Bu əsasən ondan asılıdır ki, gənclər təhsil aldıqları müddət
kim onlara
dərs keçib. Elə müəllimlər bu gün gənclərə dərs keçir ki, bir gün
də teatrda işləməyiblər. Onlar gənc aktyora nə öyrədə bilərlər? Bir dəfə
rol oynamayan, səhnəyə çıxmayan
müəllim teatrdan nə öyrədə bilər? Ancaq nəzəriyyə öyrədə bilərlər.
Təcrübə, praktika yoxdusa,
nə öyrənəcək
gənc aktyor? Onlar tədrisi yalnız nəzəri tərəfdən
öyrədiblər. Praktik heç
nə öyrədə
bilmirlər. Onlar
bilmirlər ki, stol arxası
məşq nə deməkdir. O dərs necə aparılır. Amma biz o vaxtlar dahi müəllimlərimizdən
stolüstü məşq
keçərdik. Bir ay müddətində
o tamaşanın analizini
keçirirdik. Obrazların xarakterini
öyrənirdik. Onların fəlsəfəsini,
hətta obrazların görünüşünü aydınlaşdırırdıq. Bu gün o tədrisi kim keçir?
Səhnədə obrazı necə
oynamaq, sözü necə tələffüs
etməyi öyrənirdik.
İndiki müəllimlər isə stolüstü məşqin nə olduğunu bilmirlər.
Ona görə də bu gün onların
əlindən çıxan
tələbəni əvvəlki
illərin aktyorları
ilə müqayisə
etmək mümkün
deyil.
- Ramiz müəllim, sizi seriallarda görmürük. Bunu özünüzə
yaraşdırmırsız?
- Mən seriallarda çəkilən aktyor deyiləm. Siz özünüz görürsüz seriallara
çəkilən aktyorlar
kimlərdi. Mən seriallarda
çəkilən səviyyədə
aktyor deyiləm.
Bunu sənətimə, adıma
yaraşdırmıram. Mənə bir neçə dəfə təkliflər
gəlib. Amma mən
demişəm ki, belə seriallara çəkilə bilmərəm.
Baxın,
görün kimlər
çəkilir? Vəssalam da.
Deməli, onlar serial səviyyəsində
aktyorlardı.
- Bugünkü maddi durumunuz sizi qane edir?
- Bəli, mən güzəranımdan narazı
deyiləm. Şükür etmək lazımdı.
- Siz toylara gedən
tamada da olmadınınz heç vaxt...
- Qətiyyən. Mən aktyoram. Tamada olmaq
aktyorun nüfuzuna təsir edir. Mən sənətimin çəkisini
də bilirəm, dəyərini də.
Ancaq dövlət təbdirləri
olanda orada aparıcı olaraq iştirak etmişəm.
Amma korparativ tədbirlərin səviyyəsində olan sənətim yoxdu. Kim toylara gedirsə,
bu da onun
öz şəxsi işidi. Mən dövlət tədbirlərinin
aparıcısı ola bilərəm. Toylara-filan getməmişəm. Ömründə də elə yerə gedə bilmərəm.
- Filmlərə necə, dəvət olsa, razılıq verərsiz?
- Bədii filmlər olsa, ssenari məni
qane etsə təbii ki, çəkilə bilərəm.
Amma bu ancaq
bədii film ola
bilər. Filmə dəvət etsələr,
gedə bilərəm.
- Sənət aləmində
hamının paxıllığını
çəkən olur.
Sizin də paxıllığınızı çəkən, rəqabət
aparan olub yəqin...
- Bilirsiz, rəqabət hissi sənət adamını yaşadır. Stimul verir. Mən rəqabəti normal qarşılayıram. Sənət nöqteyi-nəzərdən
paxıllıq varsa, bunu qəbul edə bilərəm.
Qaldı
mənə paxıllıq
edən olub, ya yox. Onu deyə bilmərəm.
Bəlkə də olub.
Mən bunu hiss etməmişəm. Mən hər
zaman sənətimlə
məşğul olmağa
üstünlük vermişəm.
Üzümə heç
kim deməyib
ki, paxıllıq edirəm. Hiss də etsəm, buna önəm verməmişəm.
- Xanımlar arasında pərəstişkarlarınız az olmayıb.
Bu, ailədə söz-söhbətə gətirib
çıxarmayıb?
- Qətiyyən, mən ailəli insanam. Həyat yoldaşım ziyalı xanım olub. O mənimlə ailə quranda sənətdə olduğumu qəbul edib. Heç vaxt da qısqanclıq problemi ilə qarşılaşmamışıq.
Mən teatrdakı bütün xanımlara da qızım, bacım olaraq baxmışam.
Mən ailəmə dəyər verməyi bacaran insanam.
- Neçə övladınız
var?
- Bir oğlum, bir qızım var. 4 nəvəm var. Nəvələrimin böyüyünün 20 yaşı var. İspaniyada Universitetdə təhsil alır. Mən övladlarımdan çox razıyam.
Tahirə Məmmədqızı
Şərq.- 2016.- 21 iyun.- S.13.