“CƏNUB QAZ DƏHLİZİ” ÇOX MÜHÜM LAYİHƏDİR

Azərbaycanın geosiyasi çəkisi yüksəlir, ölkəmiz regionda sabitləşdirici faktor kimi çıxış edir

"Cənub Qaz Dəhlizi” yalnız region ölkələri üçün deyil, həmçinin Avropa ölkələri üçün çox mühümstrateji layihədir. "Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının hər iki toplantısının paytaxt Bakıda keçirilməsi Azərbaycanın bu layihənin reallaşmasında həlledici rolunun təsdiqi ilə yanaşı, ölkəmizin regionalqlobal miqyasda ciddi iqtisadi-siyasi tərəfdaş kimi qazandığı böyük nüfuzun növbəti təzahürüdür. Sözügedən layihənin ərsəyə gəlməsində regionda qlobal xarakterli bütün layihələrin təşəbbüskarı olan Azərbaycanın siyasi iradəsi həlledici rol oynayır.

Bu təşəbbüs ölkəmizin Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində faydalı əməkdaşlıq əlaqələrinin daha geniş miqyasda inkişafı üçün etibarlı zəmin hazırlayıb. Həyata keçirilən məlum layihə Avropa ölkələrinin enerji təminatında yeni imkanlar açaraq, qaz tədarükü mənbələrini şaxələndirməyə, yeni alternativ marşrutlardan istifadə etməyə şərait yaradıb. Məşvərət Şurasının ikinci iclasında bir sıra dövlətlərin əlaqədar qurumlarının rəhbər şəxslərinin və Avropa İttifaqının müvafiq təşkilatlarının yüksək səviyyəli rəsmi nümayəndələrinin iştirak etməsi "Cənub Qaz Dəhlizi” layihəsinin beynəlxalq və transmilli məzmunundan xəbər verir. Azərbaycanın geosiyasi çəkisi yüksəlir, ölkəmiz regionda sabitləşdirici faktor kimi çıxış edir. Azərbaycanla Avropa İttifaqı arasında getdikcə güclənən əlaqələr, qarşılıqlı faydalı münasibətlər regionda sabitliyinsülhün təmin olunmasına töhfə verir. Sülh və əmin-amanlığın, ərazi toxunulmazlığının qorunması istiqamətində prinsipial mövqe nümayiş etdirən Azərbaycanın dünya birliyinə təsir imkanları daha da genişlənir. Hətta Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç qeyd edib ki, "Cənub Qaz Dəhlizi”ni Avropanın öz enerji ehtiyatlarını necə şaxələndirilməsinin bariz nümunəsi hesab edirlər: "Söhbət yeni ünvandan gələn yeni təchizatçısı, yeni marşrut, yeni qazdan gedir. Bu, Avropanın enerji təhlükəsizliyinə həqiqətən yeni elementlər gətirir və bu da Avropa İttifaqına üzv ölkələr üçün çox vacibdir”. Xorvatiyanın iqtisadiyyat naziri Tomislav Peneniçbildirib ki, bu layihə Xəzər dənizinin təbii ehtiyatlarının bir çox ölkələrə çatdırılmasına mühüm töhfələr verəcək. Bir sözlə, "Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci iclasının Birgə Bəyannaməsində keçən dövr ərzində layihənin icrası istiqamətində görülən işlər yüksək qiymətləndirilir. Əldə olunmuş nəticələrin layihənin vaxtında və uğurla icrasına şərait yaratmaqla strateji hədəflərə çatmağa xidmət edəcəyi bildirilir. Bəyannamənin ümumi məzmunundan belə aydın olur ki, Avropa İttifaqı Azərbaycanın enerji mənbələrini şaxələndirmək təşəbbüsünü daha da genişləndirmək, "Cənub Qaz Dəhlizi”nə yeni tədarükçülər cəlb etmək niyyətindədir.

 

Layihənin əhəmiyyətindən danışan iqtisadçı-ekspert Vüqar Bayramov söyləyib ki, bu dəhliz istifadəyə veriləcəyi zaman Azərbaycana 100 milyard dollardan artıq vəsaitin cəlb edilməsinə imkan yaranacaq: "Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycan üçün əhəmiyyətli layihələrdən biridir. Bu layihə vasitəsilə Azərbaycanın mavi qazı Avropa bazarına çıxarılacaq ki, bu da dövlət gəlirlərinin artırılmasına zəmin yaradacaq. "Cənub Qaz Dəhlizi” istifadəyə veriləcəyi zaman Azərbaycana 100 milyard dollardan artıq vəsaitin cəlb edilməsinə imkan yaranacaq. Bundan başqa, layihə Azərbaycana daha dayanıqlı bazara çıxışı imkanları verəcək. Nəzərə alaq ki, Avropa bazarı 450 milyondan artıq istehlakçısı olan dünyada ən böyük bazarlardan biridir. Təbii ki, Avropaya nəql edilən mavi qazın həcmi artırılacaq ki, bu da Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından çox vacibdir. Çünki Avropanın təhlükəsizliyinin əsas elementlərindən biri məhz enerji təhlükəsizliyinin təmin edilməsidir. Avropa Azərbaycandan mavi qaz almaqda maraqlıdır ona görə ki, Avropa üçün diversifikasiya mühüm amildir. TAP layihəsi vasitəsilə Avropa birinci mərhələdə illik olaraq 10 milyard kubmetr, ikinci mərhələdə isə 20 milyard kubmetr mavi qaz alacaq. Digər istiqamət isə Türkiyənin sözügedən qaz dəhlizindən faydalanmasıdır. Bununla da Türkiyə mavi qazdan asılılığını aradan qaldıra biləcək. Bir sözlə, layihə Azərbaycanla yanaşı, qitə ölkələri üçün çox əhəmiyyətli bir layihədir. "Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci toplantısının Azərbaycanda keçirilməsi bir daha ölkəmizin siyasi iradəsindən xəbər verdi”.

 

İqtisad elmləri doktoru, professor Fikrət Yusifov da diqqətə çatdırıb ki, bu, Avropa siyasi meydanında ölkəmizin daha ciddi dividendlərə yiyələnməsi deməkdir: "Cənub Qaz Dəhlizi” Azərbaycanın reallaşdırdığı ən sanballı transmilli layihələrdən biridir. Bu dəhliz vasitəsilə Şahdəniz "Mərhələ-2” çərçivəsində hasil edilən qaz 3500 kilometr məsafə qət edərək Xəzər dənizindən Avropaya nəql ediləcək. Layihənin reallaşdırılması Azərbaycana tək iqtisadi dividendlər deyil, həm də çox ciddi siyasi dividendlər verəcək. Bu gün Avropa öz enerji təchizatı mənbələrini şaxələndirmək yolunda mümkün ola bilən hər addımı atmağa hazırdır. Son bir neçə ildə dünya siyasət meydanında baş verən olaylar Avropaya Rusiya qazından asılılığın nə demək olduğunu göstərdi. Bu səbəbdən də bu gün Avropa bu asılılıqdan qurtarmaq üçün kordinal addımlar atmaq məcburiyyətindədir. Azərbaycan qazının Avropa bazarlarına çıxarılması və bununla da Azərbaycanın Avropanın enerji təchizatındakı rolunun artması, Avropa siyasi meydanında ölkəmizin daha ciddi dividendlərə yiyələnməsi deməkdir. Qarabağ kimi bir problemi olan Azərbaycana siyasi dividendlər hava, su kimi lazımdır. Digər tərəfdən qaz ixracı hesabına ölkəmizə axacaq möhkəm valyuta iqtisadiyyatımızın real sektorunu daha böyük sürətlə inkişaf etdirməyə imkan verəcək. Düşünürəm ki, güclü iqtisadiyyatı olan ölkə ilə hər kəs hesablaşmağa borcludur. Azərbaycanın iqtisadi qüdrəti artdıqca, bir tərəfdən Qarabağ probleminin həlli sürətlənəcək, digər tərəfdən isə ölkə əhalisinin sosial durumu Avropa standartlarına yaxınlaşacaq. Bu səbəbdən "Cənub Qaz Dəhlizivasitəsilə satılacaq qazın Azərbaycana gətirəcəyi valyuta gəlirlərinin əhəmiyyəti böyük olacaq”. Ekspertin fikrincə, Prezident İlham Əliyevin yürütdüyü praqmatik, uzaqgörən tam müstəqil siyasət sayəsində Azərbaycan sözü eşidilən, rəyi nəzərə alınan ölkə kimi dünya dövlətləri arasında öz layiqli yerini, etibarlı tərəfdaş imicini daha da möhkəmləndirib: "Cənub Qaz Dəhlizi”nin reallaşdırılmasında həlledici rol oynayan Azərbaycan həm bu layihə ilə Avropaya inteqrasiya kursunu nümayiş etdirir. Avropalı tərəfdaşların isə bütün bunları dəyərləndirməsi olduqca vacibdir”.

 

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov da deyib ki, adıçəkilən koridor Azərbaycanın regionda beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsində mühüm əhəmiyyətə malikdir: "Ümumilikdə Azərbaycan neft qaz ölkəsi kimi enerji resurslarına görə bütün ölkələr, xüsusilə Avropa ilə əməkdaşlıq, tərəfdaşlıq niyyətlərini həmişə açıqlayıb, bu istiqamətdə fəaliyyətini davam etdirir. Azərbaycan nefti qazı müxtəlif boru kəmərləri vasitəsilə dünyaya ixrac edilir”. Mərkəz rəhbəri hesab edir ki, "Cənub Qaz Dəhlizilayihəsinin Azərbaycan üçün həm strateji, həm geopolitik, eyni zamanda əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından çox böyük önəmi var. Cənab Prezident İlham Əliyev həmin görüşdə çox mühüm fikirlər səsləndirdi ki, bu gün Azərbaycan həqiqətən bütün dünya, xüsusilə Avropa üçün təkcə enerji resurslarına görə yox, digər istiqamətlər baxımından da çox əhəmiyyətlidir. Eyni zamanda Azərbaycan üçünbu ölkələrlə əməkdaşlıq önəmlidir”.

 

R.Qonaqov söyləyib ki, bu kimi görüşlər və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması ölkəmizə qarşı zaman-zaman ortaya qoyulan ədalətsiz mövqeninaradan qalxmasına yol açacaq: "Çox təəssüflər olsun ki, zaman-zaman, hətta son vaxtlarda belə Azərbaycana qarşı ikili standartlar, ədalətsiz mövqe özünü göstərib. Vaxtaşırı olaraq müəyyən beynəlxalq təşkilatlar Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirirlər. Xüsusilə, Dağlıq Qarabağ probleminin həllində Ermənistana qarşı sanksiyaların tətbiq edilməməsi ikili standartlardan irəli gələn bir məsələdir. Bu gün Ukrayna ilə problem yaşayan Rusiyaya qarşı sanksiyalar tətbiq edilirsə, nə üçün eyni sanksiyalar Azərbaycan torpaqlarını işğal edən Ermənistana da tətbiq edilmir? Düşünürəm ki, bu kimi layihələrin həyata keçirilməsi Azərbaycana qarşı qərəzli mövqelərin aradan qalxmasına gətirib çıxaracaq. İndiyə qədər bir çox analitiklər düşünürdülər ki, Qərblə Azərbaycan arasında hansısa gərgin münasibətlər yaranıb. Ancaq cənab Prezidentin Avropaya son səfərləri onu nümayiş etdirdi ki, Azərbaycan bütün dünya üçün açıq ölkədir və Azərbaycan bütün dövlətlər, eləcə də Avropa ilə əməkdaşlıq və tərəfdaşlıq etmək niyyətindədir. Azərbaycandakı hər hansı bir problem dünya ölkələrində olan problemlərlə eynidir. Hər hansı bir ölkədə mövcud olan problem Azərbaycanda da ola bilər. Bu baxımdan düşünürəm ki, son görüş Azərbaycanla Avropa ölkələrinin münasibətlərinin daha da yaxınlaşmasında çox böyük əhəmiyyətə malikdir”.

 

Təşkilat sədri bəyan edib ki, Azərbaycanla enerji sahəsində əməkdaşlığa can atan ölkələr bu əməkdaşlığın regionun sabitliyindən keçdiyini dərk etməlidirlər: "Əslində Avropa ölkələri bunu dərk edirlər başa düşürlər ki, Azərbaycanın təhlükəsizliyi bütövlükdə regionun təhlükəsizliyi deməkdir. Bir çox görüşlərdə, toplantılarda həmin ölkələrin xarici işlər nazirləri, dövlət başçıları vurğulayırlar ki, doğrudan da, Azərbaycanın təhlükəsizliyi bu gün bütün region üçün mühümdür. Azərbaycan Prezidentinin keçirdiyi görüşlərdə bir daha vurğulandı ki, bu gün ölkəmizə yalnız neft-qaz ölkəsi kimi baxmaq lazım deyil. Azərbaycan bu gün bütün regionun təhlükəsizliyini təmin edən bir ölkədir. Məhz bu baxımdan bu gün Azərbaycan torpaqlarının müəyyən bir hissəsi işğal altındadırsa, bu, bütün Avropanı, dünyanı narahat etməlidir. Arzu edirik ki, həmin ölkələr bunu təkcə sözdə deyil, eyni zamanda əməldə dərk etsinlər nəhayət, Ermənistana qarşı müəyyən sanksiyalar tətbiq etsinlər. Ermənistana öz yerini göstərmək lazımdır ki, Azərbaycanın ərazilərini işğaldan azad etsin”.

 

Ayyət Əhməd

Şərq.- 2016.- 3 mart.- S.5