“ƏNƏNƏVİ MEDİADA PEŞƏKARLIQ QALMAQDADIR”

 

Yadigar Məmmədli: “Çünki qəzetçilərin şüurunda belə bir məqam formalaşıb ki, yazılı mətbu orqanda səhv etmək olmaz, qəzet sənəd sayılır”

“Əgər kimsə iddia edirsə ki, Qərb mətbuatı informasiya verməklə kifayətlənir, o adam yanılır. Avropa mətbuatı maarifləndirmə işinə böyük önəm verir”

Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması, azad medianın inkişafı hər zaman prioritet istiqamətlərdən olub. Milli və bəşəri dəyərləri rəhbər tutan ölkə mətbuatı da bacardığı qədər dövlətimizə, cəmiyyətimizə xidmət göstərib. Bu baxımdan, əksər ekspertlər hesab edirlər ki, hər zaman dövlətçiliyə və xalqa xidmət edən medianın problemləri diqqətə alınmalı və aradan qaldırılmalıdır.

Mətbuatın ümumi durumu, medianın əsas funksiyaları və son dövrlər ortaya çıxan ciddi problemləri ilə bağlı suallarımızı cavablandıran Demokratik Jurnalistlər Liqasının sədri, tanınmış jurnalist Yadigar Məmmədli "Şərq”ə açıqlamasına dövlət qeydiyyatından keçən KİV-lərin sayının artmasından və bunun yaratdığı narahatlıqdan danışaraq başlayıb. O deyib ki, media orqanlarının 5100-ə çatması gündəm yaratsa da, əslində bu, gözlənilən idi. Çünki son bir neçə ilə qədər bu rəqəm artıq 3000-i keçmişdi: "5100 KİV deyəndə, sadəcə qəzetlər nəzərdə tutulmur. Əgər elə olsaydı, bunu ciddi problem və anormallıq hesab edərdik. Qeydiyyatdan keçənlərin yarısından çoxu internet portallar, xəbər saytlarıdır.

Təbii ki, internet medianın, qəzetlərin sayt variantının yaranması və inkişaf etməsi təqdirəlayiq haldır. Amma məsələ burasındadır ki, 5100-ün içində sadəcə 400-500 mətbu orqan gündəlik və aktiv fəaliyyət göstərir. Yerdə qalanlarının isə sadəcə adı var. Ona görə də açıqlanan rəqəmi faciə kimi dəyərləndirmək lazım deyil. Hamı bilir ki, ölkədə vur-tut 35 gündəlik qəzet çıxır. Əsas məsələ media orqanlarının sayı yox, real fəaliyyət göstərən KİV-lərin fəaliyyətinin gücləndirilməsidir. Media qurumlarının arasında inteqrasiya, birləşmə olmalıdır. Yalnız bu halda media quruluşlarının böyük gücə, holdinqə çevrilməsinə nail ola bilərik. Dünyanın hər yerində televiziya, radio, qəzet və internet saytları bir şirkət daxilində fəaliyyət göstərir. Bizdə müəyyən qədə"APA-Holdingi buna misalgöstərməolar. Amma APA tv internet televiziya kimi fəaliyyət göstərir. Ümumiyyətlə isə ölkə mediası birləşmə və böyümə prosesindən geridə qalır. Fikrimcə, mətbuatımızın kifayət qədər güclü ola bilməməsinin səbəblərindən biri budur.

- Zaman-zaman Azərbaycan mediası 1990-cı illərin mətbuatı ilə müqayisə edilir və deyilir ki, ovaxtkı jurnalistika daha maraqlı və peşəkar idi. Sizcə, əvvəlki media ortamı ilə indikini fərqləndirən nədir?

- Hər bir KİV biznes növü sayıldığı üçün iqtisadi bazası olmalıdır. 1990-cı, eyni zamanda 2000-ci illərin əvvəllərində Azərbaycanda reklam bazarı var idi. Ovaxtkı reklamların ən çoxu indi qadağan olunan tütün məmulatları, siqaretlərlə bağlıydı. Bundan başqa, böyükşirkətlər, banklar qəzetlərə çoxlu reklamlar verirdi. Həmçinin, ölkəmizdə maraqları olan nüfuzlu xarici neft şirkətləri mediaya daha çox maraq göstərirdi. Bütün bunlar qəzetlərin gəlirini artırır və onu daha güclü, müstəqil edirdi. Təəssüf ki, sonrakı dövrlərdə reklambazarı azaldı və tədricən yoxa çıxdı. Bununla da mətbu orqanlarda ciddi fəsadlar yarandı, peşəkarlıq itdi. O dövrdə maaş yaxşı olduğu üçün təcrübəli jurnalistləri media qurumlarında saxlamaq mümkün olurdu. Amma vəziyyət çətinləşdikcə, KİV rəhbərləri həminjurnalistlərə istədikləri məvacibi verə bilmədilər. Nəticədə xeyli peşəkar müxbir medianı tərk etmək məcburiyyətində qaldı. Bununla da mətbuatda peşəkarlığın səviyyəsi aşağı düşdü. Əgər peşəkar qələm sahibləri işlərində qalsaydılar və gənc jurnalistləriöyrətdikdən sonra getsəydilər, vəziyyət bu yerə gəlməzdi.

- Bütün problemlərə rəğmən mediamızın cəmiyyətə təsir imkanları varmı? Mətbuat ictimaiyyəti öz arxasınca apara bilirmi?

Demək olmaz ki, media cəmiyyəti öz arxasınca aparmağı bacarır. Amma medianın təsir imkanları yoxdur demək də yanlışdır. Mətbuatın cəmiyyətdə baş verən proseslərə ciddi təsiri var. Media gündəm yaradır və müxtəlif problemlərin həllinə nail olur. Ancaqmedianın ictimai əhəmiyyətli, yoxsa şou xarakterli mövzuları gündəmdə saxlaması tamamilə başqa məsələdir. Hesab edirəm ki, KİV-lərin maarifləndirici funksiyası xeyli axsayır. Ancaq istənilən halda etiraf etmək lazımdır ki, media güclü silahdır. Hətta ən zəif haldabelə cəmiyyəti informasiya ilə təmin etmək, yönəltmək imkanına malikdir.

Bəziləri hesab edirlər ki, media sadəcə xəbər daşıyıcısı funksiyasını yerinə yetirməlidir və istiqamətverici, yönləndirici olmamalıdır. Onların fikrincə, bu hal ziddiyyət yaradır. Bəs siz necə düşünürsüz?

- Burda heç bir ziddiyyət ola bilməz. Medianın işi, sadəcə informasiya yaymaq deyil. Əgər kimsə iddia edirsə ki, Qərb mətbuatı informasiya verməklə kifayətlənir, o adam yanılır. Avropa mətbuatı maarifləndirmə işinə böyük önəm verir. Xüsusən, milli və dövlətçilikməsələsində xarici media qurumları daha ciddi mövqe tuturlar. Bu mövqeyə görə onları heç kim qınamır. Sadəcə olaraq hər bir jurnalist anlayır ki, o, müxbir olmaqla yanaşı, hansısa bir ölkənin vətəndaşıdır. Həsən bəy Zərdabidən üzü bu yana Azərbaycan mediasınında əsas funksiyası xəbər yaymaq və maarifləndirmək olub. Bununla paralel "Əkinçi” qəzeti həm də biznes strukturu kimi fəaliyyət göstərməyə çalışıb. Qəzetdə mütəmadi olaraq reklamlar gedib. Medianın prinsipləri 140 il öncə necə qoyulubsa, indi də o cürqalmaqdadır. Əlavə şou düzəltmək lazım deyil. Məsuliyyətli və peşəkar jurnalist mövqeyini özü seçir və bununla bağlı heç kim ona təsir etmir. Müxbir tövsiyə gözləmədən vətəndaşlıq mövqeyini ortaya qoymalı, dövlətçiliyi müdafiə etməlidir.

- Onlayn və yazılı media arasında müqayisə aparsaq, peşəkarlığın hansında daha çox olduğunu deyə bilərik?

- Təbii ki, ənənəvi mediada peşəkarlıq qalmaqdadır. İndi çıxan qəzetlərdə həmin prinsiplərə riayət olunur. Çünki qəzetçilərin şüurunda belə bir şey formalaşıb ki, yazılı mətbu orqanda səhv etmək olmaz, qəzet sənəd sayılır. Burda hər hansı qüsur yolverilməzdir.Bəziləri düşünür ki, internet mediada istənilən səhvə yol vermək olar. Bu, tamamilə yanlışdır. İnternet saytlar medianın bir qolu sayılır. Deməli, qəzetlərdə nəyi yazmaq olmazsa, eyni şey saytlar üçün də keçərlidir. Təəssüflər olsun ki, bəzi media nümayəndələri bunudərk etmirlər.

- Son dövrlər ölkə mediası, xüsusən çap mətbuatı ciddi problemlərlə üzləşib. Ona görə də dövlət tərəfindən KİV-lərə ayrılan vəsaitin artırılması təklif edilir. Amma bir sıra sayt rəhbərləri qəzetlərə maddi yardım edilməsini zəruri hesab etmirlər.

- Belə demək olmaz. Çünki qəzetlərin eyni zamanda saytları da var və onlayn fəaliyyət göstərirlər. Yəni internet portalları necə işləyirsə, yazılı media da eyni işi ortaya qoya, operativ informasiya yaya bilər. Bununla yanaşı, qəzetlərin sosial şəbəkələrdə xüsusisəhifələri var. Dövlət tərəfindən KİV-lərə ayrılan vəsaitin çoxaldılması təklifi medianın üzləşdiyi çətin durumdan çıxması üçün gündəmə gətirilir. Şübhəsiz ki, Prezidentin sərəncamı əsasında yaradılan KİVDF ötən müddət ərzində ölkə mediasının inkişafında mühümrol oynayıb. Sadəcə, mövcud problemlərlə baş etmək üçün yardımın bir qədər artırılmasına ehtiyac duyulur.

- İqtisadi problemlərlə yanaşı, Azərbaycan mediasınıəciddi problemləri nədir?

- Bilirsiz, medianın bütün sahələrində ciddi problemlər var. Ən böyük çatışmazlıq peşəkarlıq səviyyəsinin aşağı olmasıdır. Jurnalistikada peşəkarlığı artırmağın yeganə yolu universitetlərdə əlavə kursların təşkil olunmasıdır. Digər peşə sahələrində olduğu kimi,jurnalistlər üçün də ixtisas artırma kurslarının olması vacibdir. Dünya təcrübəsində pullu və pulsuz jurnalistika kursları fəaliyyət göstərir. Digər mühüm problem isə ixtisaslaşma ilə bağlıdır. Bir jurnalistin bütün sahələrdən yazması normal hal deyil. Ümumiyyətlə, KİV-lərin özünün tam şəkildə ixtisaslaşmasına ehtiyac var. Bizim mətbu orqanların hamısı "ümummillidir”. Demək olar ki, hamısında eyni material verilir. Müəllif məqalələri çox azdır. Qərb ölkələrində hər KİV-in 70-80 faiz informasiyası özünə məxsusdur. Azərbaycanmətbuatının problemləri çoxdur. Ancaq problemlərin obyektiv səbəbləri var. İqtisadi imkanlar zəifdir və reklam bazarı yoxdur. Bu baxımdan onları qınamaq olmur”.

 

İsmayıl

Şərq.- 2016.- 8 mart.- S.7