“50 MANATLIQ AKTYOR OLA BİLMƏRƏM”

Rasim Balayev: “Yaxşı qonorar versinlər, gedim seriallarda çəkilim

Ondansa elə ac ölərəm, bilərəm ki, sənətim dəyərdən düşmədi

 

Bu gün kino sənətinə sərmayə qoyulsa da, serialların çəkilməsi üçün şərait yaradılsa da, bəzi sənətkarlar var ki, son illər onları filmlərdə, seriallarda görə bilirik. Türkiyədə məşhur aktyorlar filmlərdə görünür, elə seriallarda da onları görmək mümkündür. Amma bizdə seriallarımızda bir neçə bəlli sənətçilərin simasından başqa digərlərini görə bilmirik.

Bəs görəsən, Azərbaycan kinosunun qaymaqları sayılan sənətkarımızı niyə yeni çəkilən ekran əsərlərində görə bilmirik? Vaxtilə Azərbaycan filmlərini onlarsız təsəvvür edə bilməsək , bu gün rejissorlar bu aktyorlara müraciət etmirlər. Ya da müraciət etsələr , onların razılığını ala bilmirlər. Səbəb? Çəkilən ekran əsərləri zəif olduğu üçün kinomuzun qaymaqlarından uzaq düşmüşük? Ya onlara müraciət etmirlər?

"Şərq”in suallarını Xalq artisti Rasim Balayev cavablandırdı. İllərlə bədii filmlərimizə diktə edən sənətkar Rasim Balayev od püskürdü. Rasim Balayevin cavabları yəqin ki, bir çox rejissorlarımızı bir daha düşündürməyə vadar edər:

"İllərini çəkiliş meydançasında keçirən bir aktyor olmuşam. Bəzən bir gün istirahət etməyə vaxt tapmırdım. İndi xeyli vaxtdır işsizlikdən yorulmuşam. Axı mən hələ qocalmamışam, hələ maraqlı obrazlar yarada bilərəm. Amma mən evdə oturmağa məhkum qalmışam. Nəyə görə? Soruşursuz ki, sizə təklif gəlirmi? Bəzən rejissorlar tərəfindən təkliflər gəlir. Amma o təklifləri qəbul edə bilmirəm. Çünki mən sənətimi ucuzlaşdıra bilmərəm, buna haqqım çatmır. Mən əsl sənətə xidmət etmişəm. Azərbaycan kinosunda bir az da olsa xidmətim var. İndi özümü ucuz filmlərdə, primitiv ekran əsərlərində görmək istəmirəm. Hərdən təkliflər gəlir, amma qəbul etmirəm. Çünkissenari, nə təklif olunan obraz səviyyəli olur. Qaldı deyirsiz ki, sənətimi kommersiyaya qurban vermək istəmirəm. Əslində, bəli, sənətimi kommersiyaya qurban vermək istəmirəm. Amma kommersiya filmləri də çəkilmir axı? 50-100 manata aktyor çəkilər. Seriallarda 50 manata aktyor çəkilir. Budu kommersiya? Bilsəm ki, kommersiya filmlərində yaxşı pul verirlər, gedib çəkilərəm ki, heç olmasa, maddi tələbatım ödənsin. Axı pul verən yoxdur. Aktyora da 50 manat pul verilər? Sənətkarın dəyəri bu qədər ucuzlaşıb ki? Heç olmasa, çəkilən seriallarda düz-əməlli qonorar olsa, gedib çəkilərəm, deyərəm sənət başqa, burda maddi marağım var. İndi kinodan, filmdən xəbəri olmayanlar film çəkir. Mən çəkiliş meydançalarında kino sənətinin dahiləri ilə çalışmışam, bəlkə ona görə indi çəkilən ekran əsərləri məni qane etmir. Səviyyəsi bir kənara, axı aktyora normal qonorar da verilmir. Mən 50 manatlıq aktyor ola bilmərəm. Bunu özümə, sənətimə yaraşdırmıram. "Ondansa elə ac ölərəm, bilərəm ki, sənətim dəyərdən düşmədi”.

Tahirə

Şərq.- 2016.- 15 mart.- S.13