UŞAQ BAĞÇALARI TƏHSİL NAZİRLİYİNƏ QAYTARILMAYACAQ

İsa Həbibbəyli hay- küyün yaranmasında medianı günahlandırır

Dünən Milli Məclisin Elm və təhsil komitəsinin toplantısı keçirilib. İclasda "Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsinin hazırlanması müzakirə edilib, bununla bağlı işçi qrupunun yaradılması istiqamətləri dəyərləndirilib.

Komitənin sədri, deputat İsa Həbibbəyli deyib ki, Azərbaycanda məktəbəqədər təhsil sahəsi Nazirlər Kabinetinin 2010-cu ildə təsdiqlədiyi "Məktəbəqədər təhsilin dövlət standartları və proqramı” və hökumətin 2012-ci ildə təsdiqlədiyi "Məktəbəqədər təhsilin nümunəvi nizamnaməsi” adlı sənədlərlə tənzimlənir:

"Yeni layihəyə həmin sənədlərin bır sıra müddəaları daxil ediləcək. "Təhsil haqqında” qanunun 2-ci fəslinin 18-ci maddəsi bütünlüklə məktəbəqədər təhsilə həsr olunub. Lakin "Təhsil haqqında” qanun çərçivə qanunu olduğundan, orada məktəbəqədər təhsillə bağlı yalnız ümumi müddəalar - məktəbəqədər təhsilin əsas məzmunu, yaş həddi, əhatə dairəsi və sair öz əksini tapıb. "Təhsil haqqında” qanuna görə, Azərbaycanda məktəbəqədər təhsil 3 yaşdan başlayır, 5 yaşdan isə məktəbəhazırlıq dövrü start götürür. Artıq məktəbəqədər təhsillə bağlı bir sıra ölkələrin də təcrübələri öyrənilir”. Millət vəkili bildirib ki, qanun layihəsinin hazırlanması parlamentin yaz sessiyasının gündəliyinə daxil edilib: "Layihənin ilkin variantının mayın ortalarına qədər hazırlanması planlaşdırılır. Əgər layihənin hazırlanmasını çatdıra bilsək, onu I oxunuş üçünMilli Məclisin müzakirəsinə verə bilərik. Biz məktəbəqədər təhsilə dair əsas anlayışları, yeni baxışları əlavə etməliyik. Layihə hazırlanarkən bu sistemin bütün mənzərəsi, prinsipləri nəzərə alınmalıdır. Layihədə mütləq məktəbəqədər təhsilin yaş həddini, hətta yaş qruplarını müəyyən etməliyik. Məktəbəqədər təhsil müəssisələrinin idarə edilməsi, maliyyələşdirilməsi, məktəbəqədər təhsildə təlim-tərbiyə işlərinin təşkili, maddi-texniki bazasının qurulması kimi məsələləri layihənin ayrı-ayrı fəsillərinin əsas istiqamətlərinə çevirməliyik”.

İ.Həbibbəyli uşaq bağçalarının, bütövlükdə məktəbəqədər təhsil müəssisələrinin yenidən Təhsil Nazirliyinin tabeçiliyinə qaytarılması məsələsinə toxunaraq deyib ki, belə bir məsələdən söhbət getmədiyi üçün, gündəmdə də deyil: "Bu söz-söhbətin, iddianın ortaya çıxmasında daha çox media günahkardır. Biz "Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin hazırlanması anonsunu verər-verməz media belə bir məsələni gündəmə gətirdi ki, uşaq bağçaları, bütövlükdə məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeçiliyinə qaytarılır. Belə bir məsələ yoxdur. Bundan söhbət gedə bilməz. Hesab edirəm ki, indi bu məsələnin ortaya atılması da düzgün deyil. Ümumiyyətlə, Azərbaycanda hazırda 3 növ məktəbəqədər təhsil müəssisəsi var - dövlət, bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisələri. Amma dünyada bunun növləri çoxdur - günərzi, ailə tipli məktəbəqədər təhsil müəssisələri və s. Gələcəkdə, yəni, məktəbəqədər təhsillə bağlı qanunun qəbulu və onun icrası ilə bağlı mexanizmlərin ortaya qoyulmasından sonra bizdə də yeni növ məktəbəqədər təhsil müəssisələri yaradıla bilər. Yəni demək istəyirəm ki, uşaq bağçalarının, məktəbəqədər təhsil müəssisələrinin də indilikdə Təhsil Nazirliyinin tabeçiliyinə qaytarılması ilə bağlı konkret mexanizmlər yoxdur. Bu məsələ hazırlanacaq yeni qanun layihəsinin də predmeti deyil. Eyni zamanda bu, dövlət başçısının sərəncamı və fərmanı ilə həll olunan bir məsələdir. Ona görə də media bu məsələdə tələskənliyə, çaşbaşlıq yaranmasına yol verməməlidir”.

Valideynlər anlamalıdırlar ki...

 

"Məktəbəqədər təhsil haqqında” ayrıca qanun layihəsinin hazırlanması mühüm məsələdir. Əlimizdə müəyyən baza var. Təhsilin bu növü ilə məktəb arasında bir vəsilədir. Burada təşkil olunan milli-mənəvi dəyərlərə söykənən tərbiyə məktəbdə təlim-tərbiyə işinin asan şəkildə həyata keçirilməsinə təsir göstərir”. Bu sözləri isə iclasda Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov deyib. Nazirlik rəsmisi vurğulayıb ki, məktəbəqədər təhsil icbari hesab olunmur: "Burada valideynlərin qarşısına belə bir öhdəlik də qoyulmur. Lakin bunun vacibliyi geniş şəkildə həm valideynlərə izah olunmalı, eyni zamanda uşaqların geniş cəlbi üçün məktəbəqədər təhsil müəssisələrində şərait olmalıdır. Bu məsələnin həlli də təbii ki, qanunda öz əksini tapmalıdır. Heç kimə sirr deyil ki, ölkədə uşaqların məktəbəqədər təhsilə cəlbi faizi digər ölkələrə nisbətən aşağıdır. Əlbəttə, bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Biz bu sahədə beynəlxalq təcrübəni öyrənməli və ölkəmizdə tətbiqini həyata keçirməliyik. Azərbaycanda uşaqların məktəbəhazırlıq təhsilinə cəlbini 2020-ci ilə qədər 90 faizə çatdırmalıyıq. Bu, çox vacib məsələlərdən biridir. Ümumiyyətlə, təhsilin keyfiyyətinin artırılmasında, xüsusilə də ibtidai təhsilin hamı üçün əlçatan olması və keyfiyyətinin səmərəliliyinin yüksəldilməsində məktəbəhazırlıq təhsilinin əhəmiyyəti müstəsnalıq kəsb edir.

Ucqarlarda məktəbəqədər təhsil müəssisələri hazırlığı lazım olan səviyyədə deyil

Nazirliyin şöbə müdiri qeyd edib ki, uzun illər bu sahədə təhsil eyni formatda qurulub: "Digər başqa növlərə ciddi diqqət yetirilməyib. Bəlkə də indi bu tendensiya davam edir. Bölgələrdə və ucqarlarda məktəbəqədər təhsil müəssisələri hazırlığı lazım olan səviyyədə təşkil olunmur. Ona görə də qanunda ayrı-ayrı məktəbəqədər təhsil növlərinin təsbit olunması çox vacibdirbunun təşkili mexanizmləri göstərilməlidir. Misal olaraq, kəndlər var ki, orada məktəbəqədər təhsil müəssisəsinə cəlb olunan uşaqların sayı elə də çox deyil. Bunun üçün ayrı bir müəssisə yaratmaqbuna maddi vəsait ayırmağa ehtiyac da yoxdur. Məqsədimiz uşaqların təhsildən kənar qalmamasıdır. Özəl bağçaların yaradılması imkanından geri çəkilməməliyik. Əksinə, buna rəvac verməliyik. Çünki məktəbəqədər təhsil müəssisəsinin olması üçün tək bina şəraiti lazım deyil. Həmin binanın içərisində də təsdiq olunmuş standartlara uyğun getməlidir. Amma ayrı-ayrı imkanlı şəxslər var ki, belə müəssisələr üçün müvafiq bina inşa edirlər. Təbii ki, həmin müəssisələr üçünlisenziya alınmalıdır. Ona görə də belə bir məsələ ilə bağlı qanunda məhdudiyyət qoyulmamalıdır”.

"Uşaq anadan olandan ömrünün sonuna kimi...”

"Təhsildə fasiləsizlik prinsipi var. Azərbaycanda təhsil sahəsində gedən islahatlar bu gün zəruri edir ki, təhsilin fasiləsizliyini təmin etmək üçün hüquqi bazanı daha da genişləndirməli onu möhkəmləndirməliyik”. Bu sözləri isə komitənin sədr müavini, deputat Bəxtiyar Əliyev səsləndirib. Millət vəkili məktəbəqədər təhsildəki yaş məsələsini xüsusi vurğulayıb: "Niyə biz bunu məktəbəqədər təhsil adlandırırıq? Əslində bu, geniş mənada tərbiyə təhsili özündə ehtiva edir. O zaman burada müəyyən suallar ortaya çıxacaq. Əgər məktəbəqədər təhsil 3 yaşdan başlayırsa, təhsil 3 yaşdan başlamalıdır ya qanunda nəzərdə tutulduğu kimi 5 yaşdan başlamalıdır. Uşaq anadan olandan ömrünün sonuna qədər tərbiyə prosesi kəsilməz davamlı olmalıdır. Hazırlanacaq qanun layihəsində bu müstəvidə axtarışlar edilməli, yanaşmaları müəyyənləşdirməliyik. Biz bu gün gözləyirik ki, məktəbəqədər təhsillə bağlı özəl şirkətlər adamları öz təşəbbüslərini irəli sürməlidirlər. Həmin müəssisələrdə çalışan işçilərin övladlarına qayğının göstərilməsi bütövlükdə ölkədə gələcək nəslin yetişdirilməsi, onların inkişaf etdirilməsi, gələcək əmək bazarı üçün rəqabət qabiliyyətli kadrların məhz uşaq yaşından onların peşə yönlərini müəyyənləşdirməkdə maraqlı olmalıdırlar”.

 

Uşaq bağçalarının məhdud olması bir sıra problem yaradır

B.Əliyev söyləyib ki, iqtisadiyyatımızın 85 faizini özəl sektor təşkil etdiyi üçün həmin müəssisələrin aktiv olması üçün çağırış edilməlidir: "Əsas vəzifə valideynlərin məktəblə, cəmiyyətlə əlaqəli şəkildə işləməsidir. Hər şeyi yalnız məktəbəqədər təhsilin öhdəsinə buraxmaq yalnız onlardan tələb etmək qətiyyən düzgün olmayacaq. Biz qanunda bütün bunları nəzərə almalıyıq. Uşaqlar müstəqil, tənqidi düşünə bilən, düşüncəyə malik şəxsiyyət kimi formalaşmalıdır. Ən vacib məsələlərdən biri əxlaq dəyərlərinin formalaşdırılmasıdır. Biz uzun müddətə hesablanmış qanun layihəsi hazırlamalıyıq. Geniş tərkibdə işçi qrupunun yaradılması zərurəti ortaya çıxıb. Biz bu gün təminatının hansı səviyyədə olmasını müzakirə etmirik. Çünki təminat bizi qane etmir. Uşaq bağçalarının, əlbəttə, məhdud olması bir sıra problem yaradır. "Lisenziyalar haqqındaqanunda bu sahənin lisenziyaları nəzərdə tutulub. Buna da qanunda baxılmalıdır. Məsələyə nəzarət gücləndirilməlidir ki, gələcək nəsillərin formalaşmasına hər hansı səhvə yol verilməsin. Düşünürəm ki, işçi qrupunu ağır gözləyir. 1 ay müddətində işçi qrupu qanun layihəsinin ilkin variantını təqdim edəcək”.

 

Anar Bayramoğlu

Şərq.- 2016.- 15 mart.- S. 5