SEYRAN SƏXAVƏT - 70

Kiçik əhvalatlarda böyük həqiqətlər...

Çağdaş Azərbaycan nəsri zəngin Azərbaycan ədəbiyyatı və dünya ədəbiyyatının ən mütərəqqi ənənələri ilə formalaşıb inkişaf etmiş, fəal mənəvi qüvvəyə çevrilmişdir. Bu nəsrin Seyran Səxavət kimi güclü yaradıcıları var ki, əsərləri ölkə hüdudlarından kənarda da xüsusi diqqətə səbəb olmuşdur. O, çağdaş Azərbaycan ədəbiyyatında ədəbi-bədii, fəlsəfi-estetik və milli düşüncənin formalaşmasında əvəzsiz xidmətləri olan yazıçıdır. Əsərləri insan həyatının, məişətinin, düşüncəsinin köklü problemlərinə müraciət etməsi, dərin humanizmi, realizmi, fəlsəfi-psixoloji dərinliyi ilə çağdaş nəsr nümunələri arasında özünəməxsus yer tutur. Onun yaradıcılığı çoxjanrlı və çoxşaxəlidir. Seyran Səxavət şair, nasir, publisistdramaturq kimi geniş auditoriyası olan bir sənətkardır. Nəsr onun yaradıcılığında xüsusi yer tutur. Seyran Səxavətin bədii nəsrini müasir ədəbi tənqid daim diqqətlə izləmişdir. Onun nəsri nikbin ruhu, incə lirizmi, tragik momentləri komik situasiya ilə birləşdirmək imkanlarına görə müasir nəsrin ən yaxşı nümunələrindəndir. Müəllif bir çox hallarda, yumorsatira vasitələrindən ustalıqla istifadə edərək sosial-ictimai qüsurların komik yolla islahına çalışır, hadisə və xarakterlərin təbiətindəki komizmi, gülünclüyü, gülüş doğuran cəhətləri açıb göstərir. Fikrin rəmzi-bədii ümumiləşdirmələrlə ifadəsi, məcazların məharətlə və yerli-yerində işlənməsi, hadisə və xarakterlərin bədii-psixoloji təhlili, ictimai və fərdi münasibətlərin möhkəm bağlılığı, sosial ziddiyyətlərin güclü bədii ifadəsi, təhkiyə və dialoqlarda yazıçının qələminin gücü, mövqeyinin aydınlığı, lirikepik təsvirin komiktragik hallarla ustalıqla əlaqələndirilməsi yazıçının üslubunun əsas keyfiyyətləridir. Seyran Səxavət hadisə və xarakterlərin bədii-psixoloji təhlilinə xüsusi diqqət yetirir, hər bir obrazın mənəvi dünyasını, psixoloji aləmini lazımi səviyyədə əks etdirmək üçün insanın xarakterindən, hadisələrin mahiyyətindən doğan təbii cizgilər tapır, obrazların nitqi ilə onların daxili aləmini, arzu və istəklərini, məhəbbət və nifrətini, mənfi və müsbət olmaqla fərqlənən bütün mənəvi keyfiyyətlərini üzə çıxarır. Onun nəsrində həssas yazıçı duyumu, psixoloji vəziyyətlərin real və canlı təsviri yüksək təsir bağışlayır, situasiya və şərait əsas tutulmaqla insanın psixoloji aləmi düzgün təhlil olunur. Psixologizmin dərinliyi yazıçının təsvir və təhkiyəsinin ən mühüm özəl əlamətlərindəndir. Seyran Səxavət ədəbiyyat aləminə şeirlə qədəm qoymuş, "Adalar” və "Mənim planetim” adlı iki şeir kitabı nəşr olunduqdan sonra nəsr yazmağa başlamışdır. İranda tərcüməçi işləyərkən "Hamı elə bilirdi” adlı ilk hekayəsini yazmış və nəşr olunmaq üçün Bakıya göndərmişdir. Hekayə "Ədəbiyyat” qəzetinin Üzeyir bəy Hacıbəyliyə həsr olunmuş yubiley nömrəsində çap olunmuşdur. Ramiz Rövşən bu hekayəyə yüksək qiymət verərək Seyran Səxavəti dünya şöhrətli Amerika yazıçısı Folknerlə müqayisə etmişdir. Bu hekayə müəyyən mənada avtobioqrafik səciyyə daşıyır, müəllifin babası Bəylər kişionun müasirləri hekayənin əsas obrazlarıdır. Seyran Səxavətin ilk hekayələr kitabı da məhz bu hekayənin adı ilə "Hamı elə bilirdi” adlanır. Bu kitab 1979-cu ildə Bakıda çap olunmuşdur. Kitaba yazıçının "Hamı elə bilirdi”, "Çayçı Rəşid”, "Alça çiçəyi”, "Toy havası”, "Ət taxtası”, "Dəyirmanın boğazında”, "Parovozsürən” hekayələri və "Ağrı” povesti daxil edilmişdir. Bu əsərlər onlardakı obrazlar canlılığı və avtobioqrafik məzmunu ilə diqqəti çəkməkdədir. Müsahibələrinin birində də yazıçı qeyd edir ki, yaratdığı obrazların yarıdan çoxu həyati adamlardı, qələmə aldığı, təsvir etdiyi hadisələrin çoxu öz yaşantılarıdı, həyatının müəyyən fraqmentləridi.

 

Obrazların mənəvi-əxlaqi portretini yaratmaq, hadisə və situasiyaları müfəssəl şəkildə, təfərrüatı ilə təsvir etmək povestromana nisbətən hekayə üçün daha çətindir. "Hekayə nəsrin desant janrı olduğu üçünburada intellekt, elmsavaddan başqa kamilxüsusi fitri istedad, obrazlı təfəkkür mühüm rol oynayır. Seyran Səxavət dərin müşahidə və axtarışlarının, yaradıcılıq təcrübəsinin, kamil bədii ümumiləşdirmələrinin, zəngin mütaliəsinin, elmi təfəkkürünün, dərin bədii təxəyyülünün, cilalanmış və formalaşmış bədii dilüslubunun köməyi ilə kiçik hekayə janrına, povestromanlarda olduğu qədər bədii həyat materialı yerləşdirə bilir. Yazıçı həm də bunu oxucuların tam məmnun qalacağı bir formada, onları duymağa, düşünməyə, nəticə çıxarmağa sövq etmək, onlarda təbii, səmimi hisslər oyatmaq, hər bir əsərin gələcək taleyini düşünmək, yazıçı şəxsiyyətini qorumaq şərti ilə həyata keçirir. Seyran Səxavətin hekayələrinin başlıca mövzusu insanın mənəvi-əxlaqi kamilləşməsi, ruhən təmizlənməsi, günahlarını və səhvlərini dərindən dərk edib durulması, saflaşmasıdır. Onun əsərləri dil, üslub, sənətkarlıq, həm də poetik prinsip baxımından orijinallığı ilə seçilir. Fərdilik və fərqlilik, özünəməxsusluq Seyran Səxavətin yaradıcılığının əsas məziyyətləridir. Yazıçının hekayələrində müraciət etdiyi mövzular ilk baxışda sa-də, adi görünsə də, dərin bədii məzmunu, daşıdığı məna yükü, bədii sambalı, ədəbi tutumu, zəngin təsir gücü, yüksək sənətkarlığı, səmimi və inandırıcı təqdimatı həmin hekayələri həqiqi sənət nümunəsi səviyyəsinə yüksəltmişdir.

Qeyd etdiyimiz kimi, Seyran Səxavətin hekayələrinin böyük əksəriyyəti avtobioqrafik məzmunu ilə diqqəti çəkməkdədir. Məqalənin əvvəlində haqqında bəhs etdiyimiz "Hamı elə bilirdi” hekayəsi avtobioqrafizmi, maraqlı təhkiyə tərzi ilə yadda qalır. "Toy havası” hekayəsində də Əhmədin başına gələn hadisələr müəllifin öz yaşadıqları ilə yaxından səsləşir. Hekayədə hadisələr Əhməd -Məhəbbət xətti üzrə inkişaf etdirilir. Yazıçı bu uğurlu inkişaf xətti vasitəsilə hekayənin həyat materialını, hadisə, əhvalat və situasiyaların xarakterini yüksək bədiiliklə şərh edir. Hekayədə Əhməd və Məhəbbətin özündən çox daxili yaşantıları, onların məhəbbət, sədaqət və etibarla dolu həyəcanları, mənəvi-ruhi hiss və duyğuları iştirak edir, obrazlaşır. Hekayədə Əhmədlə Məhəbbətin bir-birinə bəslədiyi saf sevgi müəllifin dilindən son dərəcə səmimi və pafossuz ifadə olunur: "Əhməd Məhəbbəti sevirdi. Birinci dəfə idi ki, onunla təklikdə söhbət edirdi. Hər dəfə qəzet müzakirəsində qaçana-tutana macal verməyən Əhməd bu gün hələ fərli-başlı bir söz deməmişdi. Məhəbbət hər dəfə Əhmədlə rastlaşanda elə bil baxtını görürdü. Ona elə gəlirdi ki, Əhməd onun alnına yazılıb və onlar qoşa qarımalıdırlar. Onların ürəkləri bir çırpırdı. Hər ikisinin gözləri çoxdan əhd-peyman bağlamışdı, sadəcə olaraq bundan xəbərləri yox idi... Yazıçının təsvir və təhkiyəsi o qədər aydın, rəvan və axıcıdır ki, oxucu təsvir olunan həmin hadisələrin təsirindən uzun müddət çıxa bilmir. Müəllif obrazların mənəvi-ruhi aləmini, psixologiyasını, daxili narahatçılıqlarını, sevinc və həyəcanlarını, bu günə qədərki yaşantılarını onların daxili nitqi vasitəsilə açır. Seyran Səxavətin maraqlı hekayələrindən biri də "Ət taxtası”dır. "Ət taxtası” hekayəsində yazıçı cəmiyyətdəki nöqsanların və xəstə təfəkkürlü insanların islahına çalışır. Hekayədə əsas surət Tofiq adlı, yüksək əxlaqlı, nəcib bir insandır. O, cavan yaşında dünyasını dəyişən mühəndis dostunun həyat yoldaşını və övladlarını öz evinə qonaq çağırıb. Özü isə onları qarşılamağa gedib. Qonaqları gözləyərkən Tofiq Məmmədtağı adlı bir həpəndə rast gəlir. Məmmədtağı orda öz "canan”ını gözləyir və elə düşünür ki, gecənin bu vədəsi hamı onun kimi "cananovuna çıxıb. O, Tofiqə tez-tez sataşır, "səninki də gecikir” və s. kimi eyhamlı sözlər deyir. Tofiq qətiyyən ona fikir vermir. O, yaxşı başa düşür ki, bu cür əxlaqsız insanlar hamını öz arşınları ilə ölçür. Bir azdan Məmmədtağının maşınına yüngül əxlaqlı bir qadın yaxınlaşır. Tofiq onların söhbətlərindən başa düşür ki, həmin qadın evdə öz halalca ərini və doğma övladlarını aldadaraq Məmmədtağı ilə görüşə gəlmişdir. Bir azdan Tofiqin gözlədiyi qonaqları - mərhum mühəndis dostunun həyat yoldaşı və onun iki oğlu gəlib çıxır: "Tofiq oğlanları bağrına basdı. Bu dəfə Məmmədtağının yanında əyləşən qadın dilləndi: Görürsən, cananının uşaqlarını necə istəyir. Bəxtəvər yarıyanların başına. Tofiq onları maşına əyləşdirdi. Dostunun həyat yoldaşı ərinin ölümündən sonra qara paltarı əynindən çıxartmamış, oturub yetimlərini böyütmüşdü, evdə qadın olmuşdu, çöldə kişi”. Yazıçı əxlaq baxımından bir-birindən kəskin şəkildə fərqlənən bu iki qadın obrazını yaratmaqla cəmiyyətdəki əxlaqi naqislikləri, çatışmazlıqları tənqid edir. Cəmiyyətdə Tofiq kimi mərd, sədaqətli, etibarlı insanların az da olsa varlığı müəllifi sevindirir. "Dostunun oğlanları Tofiqə əmi deyirdilər, oğlanlarına isə əmioğlu. Əmioğlular qucaqlaşdılar. Cavanlıqda Tofiq öz dostu ilə belə qucaqlaşar-dı. Dostunun oğluna baxdı, atasını gördü. Əmioğullar Moskva Universitetində oxu-yurdular, ikisibirinci kursda. Dostunun ölümündən sonra Tofiq heç vaxt onun ailəsini tək qoymurdu. Bayramlarda, əziz günlərdə həmişə gedib onlara dəyirdi. Dostunun ölümünə həsr etdiyi şeirdən aldığı pulla onun kiçik oğluna hədiyyə alanda dostunun arvadı ağlamışdı. Tofiq də dözə bilməmişdi, o da ağlamışdı”. Əsərin məhz "Ət taxtası” adlandırılması da rəmzi səciyyə daşıyır. Bu hekayədə həm mövzu, hadisə, vəziyyət və əhvalatlar adidir, həm də iştirakçılar azdır. Amma bu adiliyin özündə də güclü bir məna dərinliyi, ağır məna yükü var. Bu hekayəni, o cümlədən Seyran Səxavətin demək olar ki, bütün əsərlərini yaddaqalan edən cəhətlərdən biri də yüksək bədii dil və sənətkarlıqla, sirayətedici üslubda təqdim olunmasıdır. Yazıçı hekayələrində həyatın, yaşadığı illərin estetik şərhini verir. "Yeddi-parada heç kəsin qəlbinə dəymədiyi”, "Allahın bədbəxt bəndəsi hesab etdiyi” Dadaşın başına gələn hadisələrdən bəhs edən "Alça çiçəyi” də belə hekayə-lərdəndir. Hekayədə hadisə, əhvalat və vəziyyətlərin tamlığı, hissi-idraki məqam-ların ardıcıllığı, bir-birini izləməsi, tamamlaması və bütün bunların yüksək obraz-lılıqla təqdim olunması oxucuda Seyran Səxavətin yüksək nasirlik səviyyəsi, dil-üslub kamilliyi, dərin müşahidə qabiliyyətinin olması ilə bağlı fikir formalaşdırır. Seyran Səxavətin əsərlərini təhlil edərkən aydın hiss olunur ki, yazıçının möv-qeyi Mirzə Ələkbər Sabirlə yaxından səsləşir. Böyük Sabir kimi Seyran Səxavət də məsələlərə münasibət bildirməkdə sərt və amansızdır. "Paravozsürən”, "Dəyir-manın boğazında” hekayələrində yazıçı Zülfəli, Bomba Saleh kimi obrazları danış-dıraraq onların üzünü açır və tipi öz dili ilə ifşa edir. Seyran Səxavətin əsərlərini oxuyarkən biz həyatın ziddiyyətlərindən törəyən fərdi-psixoloji və ümumi-ictimai yük daşıyan təzadlar sisteminin, güclü emosiya doğuran epizodların, fikirlə hissin bölünməz vəhdətinin və yazıçının hər addımda oxucunu gözlənilməzlik qarşısında qoya bilmək bacarığının şahidi oluruq. Seyran Səxavətin nəsrində bir şeiriyyət, şeir duyumluluğu var. Yazıçı bəzən mürəkkəb, hətta mücərrəd görünən fikirləri, hissləri belə oxucuya son dərəcə təbii və doğma axarda təqdim edə bilir. Oxuduqca sanki rastlaşdığın hadisələr gözünün önündə kino lenti kimi canlanır, obrazların fikir, düşüncə, istək və əzab aləmləri oxucuya aydın şəkildə təqdim olunur. Bu mənada, biz Seyran Səxavətin bədii nəsrində qəhrəmanların mənəvi dünyasını, bu dünyanın içini görür, obrazın ruhani varlığı ilə qarşılaşırıq. Obrazın ən qəribə ruhi vəziyyətini, psixologiyasını aydınlaşdırmaq, onu müxtəlif paradokslarla qarşılaşdırmaq, fərdi özəlliklərlə ümumbəşəri ahəngin ayrılmaz vəhdətini fəlsəfi-psixoloji aspektdə təhlil etməyə can atmaq ən qədim miflərdən tutmuş, yüksək inkişaf mərhələsində olan bugünkü ədəbiyyatlara qədər həmişə diqqət mərkəzində olmuşdur. Seyran Səxavət də gerçəkliyin adiqeyri-adi cəhətlərini götürür,

öz qəhrəmanını qəribə daxilixarici vəziyyətlərə salır və olduqca qüvvətli sirayətediciliklə, oxucunu heyrətləndirən doğruluqla insanın ruhi vəziyyəti haqqında danışır. Fərd və cəmiyyət, insandünya, əxlaq və mənəviyyatsızlıq problemi Seyran Səxavətin nəsrində konkret hissi formalarda öz bədii təcəssümünü tapmışdır. Əsərlərində ümumən bir genişlik, çoxqatlılıq və epiklik duyulur. Onun hekayələrində mənəvi-əxlaqi məsələlərin işıqlı mövqelərdən maraqlı həllinə və insan xarakterlərinin orijinal boyalarla təsvirinə rast gəlirik. Hekayələrinin dili xalq danışıq dilində olduğu qədər canlı və anlaşıqlı, üslubu, sujeti, bədii quruluşu isə olduqca təbii və sadədir. Yazıçı istər mövzu, problem, istərsə də bədii sənətkarlıq və dil cəhətdən Azərbaycan nəsrinin ən yaxşı ənənələrinə söykənir və onu inkişaf etdirir. Tənqidi-satirik, ironik ifadə tərzinin dərinliyi, dramatizmin qüvvətli yumorla birləşməsi, bədii formanın kamilliyi və zənginliyi Seyran Səxavətin nəsrinin əsas xüsusiyyətləridir. Onun təkcə nəsrinə deyil, ümumilikdə bütün yaradıcılığına xas olan humanizm oxucuda dərin mənəvi aləm formalaşdırır və insanı əxlaqiyə bütövlüyə, kamilliyə, özünüdərkə yönləndirir.

Xəyalə Zərrabqızı

Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, "Şərq”çilərin böyük və səmimi dostu, Azərbaycan ədəbiyyatında ədəbi-bədii, fəlsəfi-estetik və milli düşüncənin formalaşmasında əvəzsiz xidmətləri olan istedadlı yazıçı, şair, dramaturq, publisist Seyran Səxavət martın 23-ü 70 yaşını tamamlayır. Baharda doğulan yazıçımıza bahar təravətli ömür, can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.

 

Şərq.- 2016.- 18 mart.- S.13