TÜRKİYƏ-AZƏRBAYCAN
DOSTLUĞU DÜNYA ÜÇÜN DƏ
ÖNƏMLİDİR
İki ölkənin əməkdaşlığı nəinki regionun, bütövlükdə,
dünyanın enerji təhlükəsizliyinin
təminatında həlledici rol
oynamaqdadır
Müstəqilliyin bərpasından ötən 25 ildə sosial-iqtisadi, siyasi və digər sahələrdə uğurla inkişaf edən Azərbaycan-Türkiyə strateji müttəfiqliyi bu gün dövlətlərarası münasibətlərdə dünyaya örnəkdir. Hər iki dövlət yeri gələndə biri-birlərindən ötrü şəxsi maraqlarını da arxa plana keçirə bilirlər. Bunun əsas səbəbi, əlbəttə ki, Türkiyə ilə Azərbaycanın qan və can qardaşlığıdır.Ulu öndər Heydər Əliyevin də dəfələrlə dediyi kimi, bu qardaşlıq sarsılmaz və əbədidir. Xüsusilə beynəlxalq münasibətlər müstəvisində iki dövlətin biri-birini ardıcıl və davamlı dəstəkləməsi olduqca təqdirəlayiqdir. Azərbaycan ilə Türkiyə arasında siyasi, iqtisadi əlaqələr, elm, təhsil, mədəniyyət və digər sahələrdəki əməkdaşlıq hazırda elə bir yüksək mərhələdədir ki, bunları həmin ölkələrin cəmiyyətlərinə anlatmağa, eləcə də dünyaya izah etməyə heç bir ehtiyac duyulmur. Türkiyəyə qarşı atılan istənilən addıma ilk reaksiyanın Azərbaycandan gələcəyinə nəinki Türkiyə cəmiyyətində, beynəlxalq aləmdə də heç kim şübhə etmir. Əlaqələrin bütün sahələrdə dayanıqlı inkişafını təmin etməkdən ötrü hər iki dövlətin rəhbərlərinin, hökumət üzvlərinin, eləcə də iş adamlarının qarşılıqlı səfərləri, müştərək komissiyaların, işçi qrupların fəaliyyəti davamlı olaraq yüksək səviyyədə həyata keçirilir. Bərabərhüquqlu və ən ali dəyərlərə söykənən Azərbaycan-Türkiyə əlaqələri hazırda dünyanın başqa ölkələri arasında mövcud olan və ya ola biləcək ikitərəfli münasibətlərə örnəkdir. İndi Azərbaycanın və Türkiyənin birliyini təkcə mənəvi dəyərlər, tarixi köklər deyil, eyni zamanda, regionun, eləcə də yeni minilliyin nəhəng layihələri möhkəmləndirir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələrinin gerçəkləşməsinə nail olan Azərbaycan və Türkiyə nəinki regionun, bütövlükdə, dünyanın enerji təhlükəsizliyinin təminatında həlledici rol oynamaqdadır. Bu gün ən nəhəng qaz və neft kəmərləri Azərbaycan-Türkiyə tranzit məkanı vasitəsilə dünyaya uzanmaqdadır. Bunun hansı siyasi güc olması bütün dünya dövlətlərinə yaxşı məlumdur. Məhz bu amillər hər iki ölkənin dünya iqtisadiyyatına inteqrasiyasında mühüm rol oynayır və qarşılıqlı əməkdaşlığı nəzərdə tutan yeni layihələr dünya birliyində Azərbaycanın və Türkiyənin nüfuzunun, mövqeyinin güclənməsinə təkan verir. Son illərdə ölkələrimiz arasında münasibətlərin dinamizminin möhkəmlənərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyması qarşılıqlı əməkdaşlıq tellərinin genişlənməsinə impuls verib. Prezidentlərin Ankara görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinin və təsir dairəsinin daha da artırılması ilə bağlı fikirlərlə yanaşı, Asiyanın hazırda iqtisadi və ticari baxımdan XXI əsrin mərkəzinə çevrilməsi faktı da yer alıb. Qafqaz bölgəsi Asiya ilə Avropa arasında ən mühüm nəqliyyat, ticarət və enerji marşrutlarından biri kimi getdikcə daha çox diqqət mərkəzinə çevrilir. Bu baxımdan tarixi "İpək yolu”nun bərpası və təkmilləşdirilməsi məqsədilə reallaşdırılan tədbirlər qətiyyətlə davam etdirilməlidir. Azərbaycanın həmin layihələr üzrə qovşaq və yolların kəsişməsində yerləşməsi baxımından mühüm rolu var. Qardaş Türkiyə Bakı və Ələt limanlarında aparılan işlərlə yanaşı, logistik dəhlizi əhatə edən bütün layihələrdə Azərbaycan tərəfi ilə sıx əməkdaşlıq və əlaqələndirmə şəraitində işləmək qərarını verib. Türkiyə Prezidenti Ərdoğan nitqində Azərbaycanın enerji resurslarının təhlükəsiz şəkildə Avropaya çatdırılması kimi mühüm bir məsələyə də toxunub. Bildirib ki, qardaş ölkənin Azərbaycanla "Cənub qaz dəhlizi” layihəsinin həyata keçirilməsi üçün TANAP layihəsi üzrə səmərəli əməkdaşlığı mövcuddur. Hazırda adıçəkilən qaz dəhlizinin əhəmiyyəti daha da artıb. Həmin dəhlizin, necə deyərlər, onurğa sütununu TANAP təşkil edir. Bu baxımdan layihənin mümkün qədər qısa vaxtda həyata keçirilməsi zəruridir. Prezident İlham Əliyev bildirib ki, enerji layihələri bizi birləşdirir: "2012-ci ildə Türkiyə və Azərbaycan TANAP layihəsinə start verdi. Əgər biz o vaxt bu layihəyə start verməsəydik, bu gün "Cənub Qaz Layihəsi” də reallaşa bilməzdi. Bu dəhlizin icrasında Türkiyə və Azərbaycan aparıcı rol oynayır. Biz çalışacağıq ki, böyük transmilli, böyük maliyyə vəsaiti tələb edən layihəni vaxtında icra edək və əminəm ki, iki ildən sonra biz TANAP layihəsinin açılışını qeyd edəcəyik. Təməl daşını da birlikdə Qars şəhərində qoymuşuq. Nəqliyyat sahəsində bizim birgə icra etdiyimiz layihə qitələri birləşdirir. Bu gün bu məsələ geniş şəkildə müzakirə olundu və nəqliyyat sahəsində yeni imkanlar artıq mövcuddur. Bu imkanlar araşdırılır”. Türkiyə ilə Azərbaycanı həm də hərbi əməkdaşlıq birləşdirir. Azərbaycanlı hərbçilər bu yaxınlarda birgə təlimlər keçiriblər. Bu da yaxşı bir ənənəyə çevrilib. Bu gün iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıq dərinləşir. Azərbaycan artıq Türkiyədən müxtəlif hərbi texnika, silah alır. Türkiyənin bu sahədəki uğurlu fəaliyyəti, əlbəttə ki, Azərbaycanın müdafiə potensialını gücləndirir. Nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin mühüm önəm daşıması diqqətə çatdırılıb, qlobal iqtisadi böhran və neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, hər iki ölkə arasında ticari əlaqələrin inkişaf etməsi göstərilib. Qeyd edilib ki, Azərbaycanla Türkiyə arasında ticari-iqtisadi əlaqələrin 2023-cü il üçün 15 milyard dollarlıq səviyyəyə qaldırılması əsas məqsədlər sırasındadır. Bunun üçün lazım olan bütün tədbirlər həyata keçiriləcək.
İsmayıl
Şərq.-
2016.- 18 mart.- S.4