“YEGANƏ ÇIXIŞ YOLU MƏRHƏLƏLİ PLANA QAYIDIŞDIR”

Eldar Namazov: “Sarkisyan hesab edir ki, hazırda danışıqlara razılıq versə, masaya əliboş oturacaq”

Aprelin əvvəlində işğalçı Ermənistan ordusunun Dağlıq Qarabağda təmas xəttində atəşkəsi pozması nəticəsində başlayan, "üçgünlük müharibə” adlandırılan hərbi əməliyyatlar münaqişə ilə bağlı danışıqlar prosesində yeni səhifə açdı. Azərbaycan Silahlı Qüvvələrinin düşmənin təxribatlarının qarşısını alarkən fədakarlıq göstərməsi, işğalda olan bir neçə strateji yüksəklikləri cəmi üç gün davam edən hərbi əməliyyatlarla geri qaytarması, Ermənistanla yanaşı, konfliktlə bağlı olan gücləri də düşünməyə vadar etdi.

Artıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk Qrupu ölkələri anlayırlar ki, konflikt donmuş vəziyyətdə qala bilməz. Həmsədr ölkələrin rəsmiləri də artıq status-kvonun dəyişməli olduğunu söyləyirlər. Münaqişənin sülhlə həllini istəyən qüvvələr, anlayır ki, rəsmi İrəvan danışıqlarda konstruktivlik sərgiləyib, razılığa gəlməlidir. Əks təqdirdə, Azərbaycan öz torpaqlarını hərbi yolla azad edəcək gücdədir. Azərbaycan ordusunun gücünü görən, bundan qorxuya düşən işğalçı Ermənistan rəhbərliyi də başa düşür ki, torpaqları azad etməkdən başqa yol qalmayıb.

Bir çox analitiklər bildirirlər ki, ilin sonuna kimi, Dağlıq Qarabağ münaqişəsinin ya sülhlə, ya da hərbi yolla həlli qaçılmazdır. Ekspertlərin qənaətincə, münaqişənin həllində açar fiqurlardan olan Rusiya ən azından Dağlıq Qarabağ ətrafı rayonların azad edilməsi üçün, Serj Sarkisyan hakimiyyətinə təzyiq göstərir.

Qarabağ münaqişəsi ətrafında baş verənləri, görünən hərəkətliliyi "Şərq”ə geniş müsahibəsində "Azərbaycan Naminə” İctimai Mərkəzin rəhbəri, tanınmış politoloq Eldar Namazov şərh edib...

- Aprelin əvvəlindəki hərbi əməliyyatlardan sonra, danışıqlar prosesində dəyişikliklər gözlənilir. Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları, 22 ildir ermənilərin qurduğu və sürdürdüyü siyasi-diplomatik oyunu demək olar ki, alt-üst etdi. Ermənistanın danışıqlarda son mövqeyi ondan ibarət idi ki, guya qalibdirlər, orduları güclüdür. Belə bir fikir formalaşdırmışdılar ki, Azərbaycan işğalda olan torpaqları hərbi yolla azad etməyə çalışsa, ermənilərin ordusu Gəncəyə kimi əraziləri də tutacaq. Ona görə də, 20 ildən çoxdur ki, Qarabağ danışıqlarında heç bir güzəştə getmədiklərini deyirdilər. Bildirirdilər ki, qalib tərəf onlardır, orduları güclüdür, Azərbaycan güzəştə gedib Dağlıq Qarabağın müstəqilliyini tanısın. İllərdir aparılan danışıqlarda, ermənilərin tutduğu mövqe bundan ibarətdir. Allah şəhidlərimizə rəhmət eləsin. Aprelin əvvəlində o şəhidlərimizin, ümumən ordumuzun nümayiş etdirdiyi qəhrəmanlıq, Ermənistanın diplomatik cəbhədə tutduğu mövqeyi darmadağın etdi.

- Ordumuzun bu uğuru danışıqlarda hansı dəyişikliyi yaradacaq?

- Burada yeganə çıxış yolu mərhələli plana qayıdışdır. Hər kəs, o cümlədən beynəlxalq güclər də başa düşür ki, status-kvonu saxlamaq mümkün deyil. Bunun saxlanılması daha böyük hərbi əməliyyatlara, müharibəyə yol açmaqdır. Status-kvonun dəyişdirilməsinin tək yolu isə, mərhələli planla Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərin qaytarılmasıdır. Təsadüfi deyil ki, Rusiyanın son günlər Azərbaycana verdiyi təklifin məğzi, məhz mərhələli plandan ibarətdir. Danışıqlarda "paket” deyilən variant, ümumiyyətlə mövcud deyil. "Paket” variantı o deməkdir ki, biz ermənilərlə oturub indidən Dağlıq Qarabağın statusu ətrafında razılığa gələk. Bu da mümkün olacaq bir məsələ deyil. Ona görə də, yeganə variant, mərhələli həlldir. Bu həll planına uyğun olaraq torpaqlar azad edilməlidir, məcburi köçkünlər yurd-yuvalarına qayıtmalıdır, təhlükəsizlik məsələləri həllini tapmalıdır, Dağlıq Qarabağa müvəqqəti status verilməlidir. Bundan başqa sülh modeli yoxdur. Ya Ermənistan bu yolla sülhə gedəcək, ya da Azərbaycan ordusu öz sözünü deyib, işğalda olan ərazilərini separatçılardan təmizləyəcək.

- Sizcə, rəsmi İrəvan siz dediyiniz sülh modelinə razı olacaqmı?

- Əslinə qalsa, mərhələli həll ermənilərin də maraqlarını təmin edən plandır. 1998-ci ildə Ermənistanın ovaxtkı prezidenti Levon Ter-Petrosyan bu plana razılıq vermişdi. Əgər onları bu plan qane etməsəydi, Ter-Petrosyan buna razılıq verməzdi. Amma buna razılıq verdiyi üçün Rusiyanın təsir gücündə olan Ermənistan rəhbərliyindəki bəzi şəxslər, Petrosyanı devirdilər. Təsadüfi deyil ki, aprelin əvvəlində cəbhədə baş verən hərbi əməliyyatlar zamanı, Serj Sarkisyan Ter-Petrosyanın evinə gedərək, onunla görüşüb, müzakirə apardı. Sarkisyan anladı ki, mərhələli plana qayıdış qaçılmazdır, məhz Ter-Petrosyanın evinə gedib, bir saat onunla məxfi danışıqlar apardı. Əvvəlcə Ermənistanın sabiq prezidenti Robert Köçəryan, sonra da aprel ayına kimi Sarkisyan erməni cəmiyyətini aldadırdı ki, Ter-Petrosyanın razılaşdığı mərhələli həll planına Ermənistan getməyə bilər. Guya onlar Azərbaycanı nəyəsə məcbur edə bilərlər, Qarabağın müstəqilliyini qazana bilərlər və s. Amma 18 il vaxt keçib, bəlli oldu ki, həm Köçəryanın, həm də Sarkisyanın dedikləri nağıl olub. Rəsmi İrəvan anlayır ki, nağıllarla 18 il itiriblər. Bu zaman kəsiyində də, Azərbaycan güclü ordu formalaşdırıb, güc balansı Azərbaycanın dəfələrlə artıq xeyrinədir. Sadəcə, Ermənistanda mərhələli həll planına hakimiyyətin razılıq verməsinə maneə yaradan psixoloji amil var. Bu amil də odur ki, mərhələli plana görə vaxtilə Köçəryanla Sarkisyan bir yerdə Ter-Petrosyanı deviriblər. İndi Sarkisyan xalqına açıq etiraf etməlidir ki, o vaxt səhvə yol verilib, 18 il əvvələ qayıdıb, mərhələli plana getməliyik, başqa yolumuz yoxdur. Bunu deməyə isə görünür, Sarkisyanın hələlik nə vicdanı, nə cəsarəti, nə də siyasi iradəsi var.

- Maraqlı məqamlardan biri də odur ki, sanki bu gün Ermənistan hakimiyyətində başıpozuqluq var. Sarkisyan danışıqlardan imtina etdiyini deyir, bir gün sonra XİN başçıları, danışıqlara sadiq olduqlarını söyləyir. Amma bununla yanaşı, 27 apreldə işğalçı dövlətin ordusu cəbhədə gərginlik yaratdı, bizim mülki əhaliyə atəş açdı. Kənardan görünən odur ki, Ermənistan hakimiyyəti daxilində Qarabağ siyasəti ilə bağlı ziddiyətlər var...

- Onların 1994-cü ildən, yəni atəşkəs müqaviləsi imzalandığı gündən bu yana, danışıqlarda tutduğu mövqe eyni olub. Bu mövqe də, "Ermənistan qalibdir, ordumuz məğlubedilməzdir, Qarabağ müstəqil olacaq” kimi sərsəm fikirlərdən ibarət idi. Aprel döyüşlərindən sonra Azərbaycanın gücünü görən Ermənistanda, əvvəlki mövqe alt-üst olub. İndi doğrudan da çaş-baş qalan Sarkisyan, müəyyən qədər vaxt udmağa çalışır. O hesab edir ki, hazırda danışıqlara razılıq versə, masaya əliboş oturacaq. Çünki Sarkisyanın bu günə kimi danışıqlar masasında əlində tutduğu arqumentlərin hamısını, Azərbaycan ordusu darmadağın edib. Ona görə də indiki məqamda danışıqlara getmək üçün Ermənistan rəhbərliyi yekun qərara gələ bilməyib. Aprelin 27-də cəbhədə yaratdıqları gərginlik də, bununla əlaqədardı. Fikirləşdilər ki, bəlkə itirilmiş mövqeləri geri ala bilərlər. Bu istəkləri də təbii ki, Azərbaycan ordusunun ayıq-sayıqlığı, gücü nəticəsində puç oldu. İndi Sarkisyan boş, mənasız bəyanatlar verir, - "Danışıqlara indi getməyin mənası yoxdur” - deyib, gəvəzələyir. Təbii ki, rəsmi İrəvan danışıqlara gedəcək. Sərsəm, özündənrazı bəyanatlar vermələrinə baxmayaraq, Ermənistan rəhbərliyi bu gün təlaş, qorxu içərisindədirlər. Sarkisyan rejimi yaxşı bilir ki, hərbi əməliyyatlar başlasa, Azərbaycan ordusu daha çox uğurlara imza atacaq. Bu səbəb Sarkisyanı danışıqlara məcbur edəcək. Sadəcə dediyim kimi, müəyyən vaxt udurlar. Hazırda Minsk Qrupu ilə İrəvanın çox gərgin danışıqları gedir. Hələ ki, ermənilər bundan sonra hansı mövqe sərgiləyəcəklərini bilmirlər. Amma bütün proses ona hesablanıb ki, mərhələli həll planını İrəvan qəbul etsin. Hesab edirəm ki, həmsədrlər mərhələli planı Sarkisyanın qarşısına qoyub, deyəcəklər ki, bundan başqa həll variantı yoxdur. Bu gün həmçinin ermənilər daxildə də çox ciddi böhran yaşayırlar. Siyasi elitada da, cəmiyyətlə hakimiyyət arasında da gərginlik var. Sarkisyan mərhələli plana cəmiyyətin hansı reaksiya verəcəyini hesablamağa çalışır. Cəmiyyət də, bu plana hansı reaksiya verilməli olduğunu götür-qoy edir. Yəni haqqında Ermənistan daxilində ciddi çəkişmələr, fikir mübadiləsi var.

- Daxili çəkişmələr demişkən, Rusiya rəsmiləri cəbhədəki gərginlik zamanı İrəvana səfərdə etirazla qarşılandılar. Hətta Rusiyanın xarici işlər naziri Sergey Lavrovun qaldığı otelin qarşısında etiraz aksiyasında, təhqiredici plakatlar nümayiş edildi. Ermənilərin Moskvaya bu etirazının səbəbi nədir?

- Həm Ermənistanın siyasi elitasının, həm də cəmiyyətinin həmin vaxt Rusiya rasmilərinə etirazları vardı. Tibb elmində, isterika deyilən bir anlayış var. Bu da məntiqsiz hay-küy salmaq deməkdir. Biz həmin vaxt ermənilərin isterikasını gördük. Aydındır ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, Rusiya ilə onların hərbi müttəfiqliyi mövcuddur. Rusiya həm də, KTMT-də təmsil olunduğu üçün, Ermənistana hərbi yardım etməlidir. Ermənistan cəmiyyəti bu yardımı aprel döyüşlərində görmədi. Amma anlamaq lazımdır ki, Rusiya hərbi yardımı hansı hallarda etməlidir. KTMT-nin nizamnaməsinə görə üzv ölkələr, o cümlədən də Rusiya Ermənistanın ərazilərinə təcavüz olarsa, hərbi yardım edə bilər. Bu təşkilatın Dağlıq Qarabağa heç bir aidiyyəti yoxdur ki, bu məsələyə KTMT qarışsın. Ermənistan cəmiyyətində aprel döyüşləri zamanı böyük şok yaşandı, qorxu içində oldular və o qorxu davam edir. Travmatik vəziyyətdə insanlar, cəmiyyətlər ağılla düşünmürlər. Ermənilərin Rusiya rəsmilərinə qarşı etirazları da həmin günlərdə travmatik vəziyyətlərindən qaynaqlanırdı. Həmin dönəm həm Ermənistan rəhbərliyi, həm erməni cəmiyyəti məntiqsiz şüarlar səsləndirdilər. Müəyyən vaxt keçəndən sonra, onlar proseslərə soyuqqanlı yanaşıb, məğlubiyyətlərini etiraf edəcəklər. Təsadüfi deyil ki, Ermənistan parlamentinin sədr müavini iclasda dedi ki, Qarabağı qanuni yolla əldə etməyiblər, ona görə də işğaldakı ərazilərdən imtina etməli olacaqlar. Düzdü, həmin erməni rəsmisi müəyyən şərtlər dedi. Amma faktiki etiraf etdi ki, Azərbaycan ərazilərini qeyri-qanuni şəkildə işğal edib, hələ də işğalını davam etdirməkdədirlər. Sarkisyan Ermənistan parlamentinin ikinci şəxsi vasitəsi ilə, torpaqların azad ediləcəyi mesajını cəmiyyətə ötürür. Düzdü, radikal parlamentarilər bunu satqınlıq adlandırır və s. Amma görünən odur ki, aprel döyüşlərindən sonra siyasi böhran Ermənistanda var və davam edəcək. Bu böhran da, həm Ermənistan daxilində davam edəcək, həm də Rusiya ilə, xüsusən də KTMT-yə daxil olan dövlətlərin hamısı ilə olacaq. Sonucda isə ermənilər anlayacaq ki, heç bir dövlət onlara yardımçı olmayacaq.

- KTMT-nin baş katibi bildirib ki, aprel döyüşlərində İrəvan təşkilata müraciət etməyib...

- Edə də bilməz axı. Bu hüququ yoxdur. Çünki aprel döyüşlərinin Ermənistanın sərhədlərinə aidiyyəti yoxdur. Qarabağ ermənilər tərəfindən işğal olunmuş Azərbaycan torpağıdır, əməliyyat da orada gedir. Müraciət etsə belə, KTMT-nin səlahiyyəti yoxdur məsələyə qarışsın. Bu, beynəlxalq hüquqa tamamilə zidd olmaqla yanaşı, təşkilatın nizamnaməsinə də uyğun deyil. KTMT-yə daxil olmaq, o demək deyil ki, başqa dövlətin torpaqlarını işğal edəsən, hərbi blok da sənə yardım etsin. Bu yaxınlarda Suriya ilə bağlı da belə bir problem ortaya çıxdı. Konkret olaraq NATO-ya sual edilmişdi ki, Türkiyə ordusu Suriyaya girsə, alyans nə edəcək. NATO açıq bəyan etdi ki, əgər Türkiyənin ərazisinə müdaxilə olarsa, təşkilat Ankaranın yanında olacaq. Amma yox, Türkiyə ordusu başqa ölkədə əməliyyat keçirirsə, bunun NATO-ya aidiyyəti yoxdur. Hərbi blokların da, beynəlxalq hüquqla tənzimlənən nizamnamələri var. KTMT-yə daxil olan dövlətlər də bilirlər ki, onlar gedib başqa ölkənin ərazilərini işğal edən Ermənistana yardım edə bilməzlər.

- Mərhələli həll planına razı olan Ermənistanın ovaxtkı prezidentini devirdilər. Əgər həmin plana Sarkisyan razılıq verərsə, 1998-ci ildə baş verən analoji hadisə təkrarlana bilərmi? Bu gün, sabiq xarici işlər naziri Vardan Oskanyan siyasətə gəldiyini bildirərək, Sarkisyana təzyiq göstərəcəyini bildirir. Yəni Sarkisyan o vaxt Ter-Petrosyanı devirdiyi kimi, Oskanyan siyasi meydana çıxıb, Sarkisyanı devirə bilərmi?

 

Anar Bayramoğlu

Şərq.- 2016.- 3 may.- S.7