Bakıda
kimlərə heykəl qoyulsun?
Cəbi Bəhramov: “Koroğlu heykəlinin ümumi görünüşü heç bir halda məni qane eləmir”
Firdovsiyyə Əhmədova: “Hələ də adları əbədiləşdirilməyən şəxsiyyətlər cümhuriyyətçilərdir”
Boran Əzizli: "Babəkdən öncə Mübariz İbrahimovun, Fərid Əhmədovun xatirəsini əbədiləşdirmək, onlara heykəl ucaltmaq lazımdır”
Azərbaycanın ictimai-siyasi-ədəbi həyatında özünəməxsus rolu olan şəxsiyyətlərin adına qoyulan heykəllərinə görə Bakı seçilən paytaxtlardandır. Rayonların, şəhərlərin, qəsəbələrin ən görkəmli yerlərində müxtəlif heykəllərin, abidələrin ucaldılması göz oxşayır. Amma istənilən halda Azərbaycanda heykəl mövzusu həmişə mübahisəli olub.
Sovet hökumətinin dövründə Lenin, Kirovun hündür heykəllərinə baxıb, onların yerində özümüzün milli qəhrəmanları, tarixi şəxsiyyətlərimizi təsəvvür edən insanlar az olmayıb. Uzun illər həsrət qalsaq da, müstəqillik illərindən üzü bu yana tarixi şəxsiyyətlərin, vətən qarşısında xidmətləri olan müasirlərimizin xatirəsini əbədiləşdirmək üçün onlara heykəllər ucaldıldığınn şahidi oluruq. Amma yenə də müəyyən qədər mübahisə doğuran mətləblər var. Məsələn, elə biri "kimə heykəl qoyulmalıdır” sualının özüdür ki, zaman-zaman çox ciddi müzakirələrə səbəb olur. Yekun qərar isə budur ki, hər adama heykəl ucaltmaq doğru deyil. Ölkənin tarixində, ayrı-ayrı sahələrin inkişafında rol oynamış şəxslərə heykəl ucaldılmalıdır. Azərbaycanda son illər yaxşı ənənə formalaşıb. Artıq başqa tarixi şəxsiyyətlərimizə də heykəllər ucaldılmağa başlanılıb. Prezidentin sərəncamına əsasən xalq qəhrəmanı Koroğluya heykəl ucaldılıb, 7-ci əsr ərəb istilaçılarına qarşı mübarizənin rəhbəri Babəkə abidə hazırlanır. Ancaq ləngidilir. Buna səbəb abidənin harada ucaldılacağının hələ də dəqiqləşməməsidir. Maraqlıdır, nəyə görə, xilafəti yerindən oynadan Babəkə Bakıda yer tapılmır? Görəsən, ziyalılar necə düşünür? Babəkin abidəsi şəhərin hansı istiqamətində ucaldılmalıdır?Tarix üzrə fəlsəfə doktoru, professor, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov Babəkin heykəlinin şəhərin ən hündür yerlərindən birində qoyulmasını məsləhət görür. Onun sözlərinə görə, abidənin harada ucaldılmalı olduğunu hər kəsdən yaxşı memarlar bilər. Onlar baxmalıdırlar ki, bu abidə şəhərin harasından diqqəti cəlb edər.
Professor Babəkin heykəlinin ucaldılması üçün Babək prospektinin təklif edilməsi fikri ilə də razılaşıb: "Babək prospektində də şəhərdən gələn istiqamətdə diqqət cəlb edən hündür yer var. Hesab edirəm ki, abidənin həmin ərazidə yüksəldilməsini məqsədəuyğun hesab etmək olar. Babək bütün Azərbaycanın azadlığı uğrunda mübarizə aparan sərkərdələrimizdən biridir. Onun abidəsi elə bir formada qoyulmalıdır ki, həmin dövrü tam şəkildə simvolizə edə bilsin. Mütləq şəkildə abidə kompleksində Bəzz Qalasının quruluşu da yer almalıdır. Babəkin mübarizə səhifəsini Bəzz qalasından ayrı təsəvvür etmək olmadığı kimi, abidəni də onsuz yaratmaq olmaz. Babəkin əlimizdə olan portretlərindən biri çox uğurlu bir əsərdir. Hesab edirəm ki, həmin portreti qalanın üzərində qoyub, bütün Azərbaycana baxması təsvirini yaratmaq olar. Hər halda bu heykəl elə yonulmalıdır ki, sonradan cəmiyyətdə narazılıq doğurmasın. Biz analoji halın Koroğlunun heykəlində şahidi olduq. Sözün açığı, Koroğlu heykəlinin ümumi görünüşü heç bir halda məni qane eləmir. Koroğluya heykəl ucaldarkən ilk növbədə Qırata önəm verilməli idi. Qırat kənardan baxanda alov kimi yerdən püskürməsi təsvirində verilməli idi. Eyni zamanda, Koroğlunun Misri qılıncı, əlindəki qalxan da heç bir halda dastandakı effekti vermir. Bir tarixçi və vətəndaş olaraq, hesab edirəm ki, tarixi şəxsiyyətlərimizin abidəsini ucaldarkən daha diqqətli və məlumatlı olmaq lazımdır”.
C.Bəhramovun sözlərinə görə, hər adama heykəl ucaltmaq olmaz: "O şəxslərin abidəsi yaradılmalıdır ki, Vətən tariximizdə xüsusi iz qoymuş insanlardır. Bütün əlamətləri nəzərə alınmalı və abidə elə qoyulmalıdır”.
Tarix elmləri üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədovanın sözlərinə görə, tarixi şəxsiyyətlərin heykəllərinin ucaldıldığı küçənin onların adını daşıması artıq bir ənənə halını alıb.
Bu mənada Babəkin heykəlinin də Babək prospektində qoyulması bu prinsipə əsasən daha məqbul görünür. Babəkə qarşı ölkədə birmənalı münasibət bəslənmədiyini vurğulayan xanım tarixçi deyib ki, onu Azərbaycan xalqının tarixində misilsiz xidmətləri olan şəxsiyyət, milli azadlıq mücadiləsinin unudulmaz qəhrəmanı kimi təqdim edən də olur. Əks mövqedə olanlar da var. Əgər Babəkə qəhrəmanlıq simvolu kimi yanaşılırsa, onun heykəli Bakının ən əzəmətli yerində ucaldılmalıdır. Amma indiki vəziyyətdə Babək prospektinin diqqətəlayiq yerində abidənin qoyulması da məqsədəuyğun olar.
Bir çox tarixi şəxsiyyətlərə qoyulan heykəllərin estetika baxımından cəmiyyətdə narazılıq doğurmasına diqqət çəkən Firdovsiyyə xanım deyib ki, vaxtı ilə heykəllər ideologiyaya xidmət məqsədilə qoyulurdu. Yaxşı olar ki, biz həmin səhvləri təkrarlamayaq: "Bu cür səhvlərə yol verməmək üçün də mütləq heykəli ucaldılan şəxsiyyətlərin tarixi fəaliyyəti araşdırılmalıdır. Heykəltaraşlar həmin şəxsin fəaliyyətini o dərəcədə mənimsəməlidir ki, obrazı yaradan zaman onun irsinə müvafiq olmalıdır. "Koroğlu” dastanının qəhrəmanı bütün türk dünyasına məxsus bir obrazdır. Amma çox təəssüflər olsun ki, Bakıda ona qoyulan heykəl heç də dastanlarda təsvir olunduğu kimi deyil. Haqlı olaraq, xalq da, ictimaiyyət üzvləri də zaman-zaman öz etirazını bildirir. Hesab edirəm ki, heykəl qoyulursa Babəkin irsi dərindən öyrənilməlidir. Bu isə illər tələb edən bir prosesdir. Bir ilin içərisində ərsəyə gələn heykəl heç bir halda tarixi reallığı özündə əks etdirmə baxımından yetərli deyildir. Əgər qoyulacaq heykəl ədəbi xadimlər üçündürsə, ədəbiyyatçılar, tarixi şəxsiyyətdirsə, tarixçilərlə müzakirələr aparılmalıdır. Heykəllər kollektiv əməyin məhsulu olmalıdır. Çünki bu heykəllər uzun müddət qalır. Həm də ki, heykəllər təkcə Azərbaycan cəmiyyəti üçün nəzərdə tutulmayıb. Paytaxta gələn qonaqlar məhz heykəllərin timsalında Azərbaycan tarixini, Azərbaycan ədəbiyyatını öyrənir, keçmişimiz haqqında informasiyalar əldə edirlər. Elə bizim özümüzün də əlimizdə şəkilləri olmayan şəxsiyyətlər barəsində təsəvvürlərimiz heykəllər vasitəsilə formalaşıb. Ona görə də bu iş əlaqəli şəkildə və tam məsuliyyətlə həyata keçirilməlidir”.
"Kimlərə heykəl qoyulmalıdır” sualına gəldikdə isə F. Əhmədova Azərbaycan tarixinin tarixi şəxsiyyətlərlə bağlı kifayət qədər zəngin irsə malik olduğunu deyib: "Kimlərə heykəl qoyulmasına dair bir siyahı tutsaq, Bakı heykəllər şəhərinə çevrilə bilər. Mənə elə gəlir ki, müstəqil dövlətçiliyimizin formalaşmasında özünəməxsus xidmətləri olan, lakin hələ də adları əbədiləşdirilməyən şəxsiyyətlər cümhuriyyətçilərdir. O insanların əməyini qiymətləndirmək üçün onlara fərdi heykəllər və ya kompleks abidələr qoymaq olar. Bakıda bir Cümhuriyyət Xiyabanı yaradıb, həmin Xiyabanda cümhuriyyətçilərə kompleks abidə qoyulmalıdır. Hansı ki, orada Azərbaycan dövlətçiliyinin ənənələrinin formalaşmasında əməyi olan şəxsiyyətlərin hər birinin obrazı öz yerini alacaq”.Heykəllərin sökülməsinin əleyhinə olduğunu vurğulayan tarixçi deyib ki, sovet dövründə qoyulan və müstəqillikdən sonra götürülən heykəllər üçün ayrıca olaraq "Sovet dövrü abidələri” adlı bir park salınmalı və heykəllər həmin parkda yerləşdirilməli idi: "Parka gedən qonaqlara, ziyarətçilərə isə onların əməlləri haqqında informasiyalar verilməli, mənfi və ya müsbət tərəfləri dəyərləndirilməli idi. Zənnimcə, qoyulan heykəllərin sonradan məhv edilməsi xalqa başucalığı gətirən bir addım deyil. Eyni zamanda gələcək nəslin formalaşmasında müsbət rol oynamır”.
Tarixçi-alim Boran Əzizli isə ilk növbədə Azərbaycanda Babəkə qarşı birmənalı münasibət göstərilməməsi məsələsinə diqqət çəkib. Alimin sözlərinə görə, Babək Azərbaycan xalqının qəhrəmanı kimi təqdim olunmalıdır: "Çox təəssüflər ki, bəzi publisistlər tarixdə baş verən hadisələri mexaniki şəkildə müasir dövrə uyğunlaşdırırlar. Babəkin guya islam dininə qarşı çıxması kimi yersiz məsələləri qaldırırlar. Ammabir şeyi unudurlar ki, Vətən hər şeydən öndə gəlir. Babək ərəb işğalına qarşı döyüşmüşdü, islam dininə qarşı yox. Hesab edirəm ki, şəhərin görkəmli yerlərinin birində Babəkə abidə qoyulması məqsədəuyğundur”.
Amma Boran Əzizlinin qənaətincə, Babəkdən öncə Mübariz İbrahimovun, Fərid Əhmədovun xatirəsini əbədiləşdirmək, onlara heykəl ucaltmaq lazımdır: "Azərbaycanın davası bitməyib. Ordumuz hələ də yadelli işğalçılara qarşı vuruşur, ərazi bütövlüyümüzün bərpasına çalışır. Bir neçə əsr bundan əvvəl torpaqlarımızın müdafiəsi uğrunda mübarizə aparan tarixi sərkərdələrimizin varlığı ilə öyünmək təqdirəlayiq haldır. Amma günümüzün real qəhrəmanlarına heykəl qoymağın daha effektli olacağını düşünürəm. Bu, hər şeydən əvvəl gənc nəslin vətənpərvərlik ruhunun formalaşmasında başlıca rol oynaya bilər. Sovet dövründə qoyulan heykəl və abidələr yazıçı və şairlərə həsr olunurdu. Həmçinin heykəlləri ideologiyalaşdırıb, onlara xidmət edən şəxslərin xatirəsi əbədiləşdirilirdi. Hansı ki, şəhərin ən görkəmli yerlərində abidəsi ucalan şairlər arasında Azərbaycanı tərənnüm edən, ilhamını Vətən torpağından alan Əhməd Cavadın, Almas İldırımın da adı olmalı idi. Əgər bu gün Azərbaycan müstəqil dövlətdirsə, niyə şəhərin küçələrində vaxtı ilə onun müstəqilliyinə qarşı çıxan şəxslərin heykəlləri saxlanmalıdır?! Konkret olaraq Nəriman Nərimanovun heykəlini nəzərdə tuturam. Məşədi Əzizbəyovun heykəli götürülən zaman həmin heykəl də sökülməli idi. Hələ 1917-ci ildə müstəqilliyimizin əleyhinə çıxan, 18-20-ci illərdə Nəsib bəy Yusifbəyliyə hədələyici məktublar göndərən bir şəxsin xatirəsini niyə əziz tutmalıyıq ki?! Belə çıxır ki, bu gün xaricdə məskunlaşıb Azərbaycanın müstəqilliyi əleyhinə bəyanatlar yayan insanlara da gələcəkdə heykəl qoyulacaq?! Bir əldə iki qarpız tutmaq olmur. Biz Azərbaycanın müstəqilliyi uğrunda canını, varlığını sipər edən, yadelli işğalçıların ölkədən qovulmasında özünəməxsus xidmətləri olan tarixi şəxsiyyətləri, şəhid olan gənclərimizin xatirəsini uca tutmalı, onlara heykəl qoymalı, ziddiyyət doğuran səbəbləri aradan götürməliyik”.Boran Əzizlinin sözlərinə görə, heykəllərin yeri memarların və ictimaiyyətin birgə müzakirəsi fonunda öz həllini tapmalıdır: "Nizami adına Ədəbiyyat İnstitutundakı heykəltəraş işi alqışalayiqdir. Amma şəxsi qənaətimcə, şəhərin ən yüksək yeri haradırsa, müəyyənləşdirilməli və tən ortasında Mübariz İbrahimovun əzəmətli heykəli ucaldılmalıdır. Açıq şəkildə bəyan edirəm ki, bizim insanlarımız işğalçı ərəblərlə gələn adamlara pir deyib, onlara hər gün nəzir-niyaz aparır. Amma ildə bircə dəfə də olsa, Mübarizin qəbrini ziyarət etmirlər. Əksəriyyət heç onun harada dəfn olunduğunu belə bilmir. Bütləşmiş ziyarətgahlarda qurban kəsməkdənsə, həmin qurbanı Mübarizin ayaqları altında kəssələr, nolacaq?! Böyük Vətən müharibəsində iştirak edən insanlara az qala hər rayonda, hər kənddə abidə qoyulub. Etiraz etmirik. Onların da özlərinə görə xidmətləri olub. Bəs, Qarabağ uğrunda döyüşən şəhidlərin abidəsi hanı?! Onların xatirəsi niyə əbədiləşdirilməyib!? Axı vaxtı ilə dillərə dastan olan "Böyük vətən” anlayışı günümüz üçün keçərli deyil. Bizim öz dövlətimiz, öz vətənimiz var, anamız Azərbaycanımız var. Alman faşizminə qarşı mübarizəni təqdir edirik. Amma tələb edirik ki, erməni faşizminə qarşı mübarizə apararaq şəhid olan eloğlularımız üçün də abidə qoyulsun. Hər bir Qarabağ döyüşçüsünə ayrı-ayrılıqda heykəl ucaltmaq mümkün olmasa da, ümumiləşdirilmiş formada Bakıda və hər rayonun mərkəzində Qarabağ şəhidlərinin abidəsi qoyulmalıdır. Hesab edirəm ki, sizin gündəmə daşıdığınız bu problem bir kampaniya xarakterli olmamalı və müntəzəm olaraq qaldırılmalıdır. Bəlkə də, bu məsələ ictimaiyyətin diqqətinə çatdırılarsa, müsbət istiqamətdə bir dönüş əldə etmək olar!”.
Şəymən
Şərq.-
2016.- 12 may.- S.8