“Nizami  Cəfərovla türk dünyasına səyahət”

Murad Köhnəqala və Şəlalə Göytürkün birgə müəllifliyi ilə kitab işıq üzü görüb

Şair Murad Köhnəqala və yazar Şəlalə Göytürkün birgə müəllifliyi ilə "Nizami Cəfərovla Türk dünyasına səyahət” adlı kitab işıq üzü görüb. "Elm və təhsil” nəşriyyatında dərc olunan bu kitab adından da göründüyü kimi türkoloji araşdırmalar sırasından bir topludur.

Kitabda intellektual fəaliyyəti, ictimai çalışmaları ilə mənsub olduğu xalqın taleyinə işıq tutan bir şəxsiyyət kimi təqdim olunan elm xadimi, millət vəkili, professor Nizami Cəfərovun zəngin biliyə, güclü analitik təfəkkürə, universal zəkaya malik nadir insanlardan olması həqiqəti öz əksini tapıb. Müəlliflərin qənaətinə görə, Azərbaycanın türkləşməsi, milli dövlətçilik təfəkkürünün formalaşması, milli mədəniyyət təşəkkülünün mərhələlərinə dair analitik məqalələrin, Azərbaycan dilifolkloru, şifahi və yazılı ədəbiyyatımızın tarixi, milli mədəniyyətimizin təşəkkülü və inkişafına dair çoxsaylı sanballı araşdırmaların müəllifi olan Nizami Cəfərov təkcə Azərbaycana deyil, eləcə də bütün türk dünyası elminə çox böyük qiymətli sərvət bəxş edib. Kitabda da qeyd olunduğu kimi, türkcəmizin bilicisi Nizami Cəfərovun Azərbaycan xalqı qarşısındakı xidmətləri təkcə onun elmi fəaliyyəti ilə bitmir. O həm də ümumtürk dünyasının birləşdiricisi, körpüsü rolunu oynayan türkdilli xalqların ortaq mədəniyyət ocağı - "Atatürk mərkəzi”nə başçılıq etməklə, Azərbaycan respublikasının digər türk ölkələri ilə ədəbi-mədəni əlaqələrini reallaşdırır. Həmçinin türkdilli xalqlarla ortaq maraqlarımızın inkişafında birbaşa iştirak edir, türk dünyası ilə əlaqələrimizi daha da genişləndirir.

"Nizami Cəfərovla türk dünyasına səyahət” kitabında millət vəkilinin çox istiqamətli elmi yaradıcılığından yalnız bir xətti, tarixin ən qədim dövrlərindən tutmuş bugünümüzədək uzun, mürəkkəb yol keçən türkdilli xalqların şifahi və yazılı ədəbiyyatı kontekstində Azərbaycan dili və ədəbiyyatının tarixi, bu günü və gələcəyi barədə düşüncələri müəlliflər tərəfindən təhlil edilib. Kitab girişdən və ayrı-ayrı yarımhissələr də daxil olmaqla, beş fəsildən ibarətdir.Fəsillər ardıcıl olaraq "Ümumtürk dili və ədəbiyyatına qısa səyahət”, "Türk ədəbiyyatı İslamiyyətdən öncə”, "Mifologiya və eposçuluq”, "Dədə Qorqud işığında” və nəhayət, "Azərbaycan intibahı” kimi geniş tədqiqatlar tələb edən, lakin maksimum dərəcədə yığcamlaşdırılmış, lakonik qəlibə salınmış mövzuları əhatə edir.

Şəymən

Şərq.- 2016.- 26 may.- S.12