MİLLİ MƏTBUATIMIZIN “İŞIQ YOL”U...

Qəzetin ilk səkkiz sayındakı materiallar paralel olaraq həm ərəb, həm də latın əlifbası ilə verilib

Milli mətbuatın, elminmaarifin inkişafında böyük xidmətləri olan Eynəli bəy Sultanov zəngin və çoxcəhətli yaradıcılıq fəaliyyəti ilə xalqımızın ədəbi-mədəni tərəqqisinə unudulmaz töhfələr verib. Uzun illər Tbilisidə yaşayıb işləyən Eynəli bəy həmin şəhərdə Azərbaycan və rus dillərində çıxan müxtəlif mətbuat orqanlarında bədii və publisistik əsərlər dərc etdirib. Hətta onlardan bəzilərinin rəhbər heyətində təmsil olunub. 1920-ci illərdə ərəb əlifbasından latın əlifbasına keçid hərəkatının geniş vüsət aldığı bir vaxtda Tbilisidə yaşayan Azərbaycan ziyalıları da bu prosesdə yaxından iştirak edirdilər. Həmin sahədə ən mühüm istiqamətlərdən biri məhz yeni əlifba ilə mətbuat orqanlarının nəşri, əhali arasında müvafiq izahat işlərinin aparılması idi.Bu baxımdan onun Tbilisidə Azərbaycan dilində çıxan "İşıq yol” qəzetindəki fəaliyyəti diqqəti çəkir. Tanınmış ziyalı Mirzə Davud Rəsulzadənin sədrliyi ilə fəaliyyət göstərən Yeni Türk Əlifbası Tbilisi Komitəsinin məsul katibi olan Eynəli bəy Sultanov "İşıq yol”un fəaliyyətinə rəhbərlik edən əsas simalardan biri olub. "İşıq yol”un ilk buraxılışı 9 mart 1924-cü ilə aiddir. Həmin tarixdə ilk dəfə olaraq "Yeni fikir” qəzetinin bir səhifəsi "İşıq yol”a ayrılmışdı. 18 mart 1924-cü il tarixli ikinci saydan etibarən isə "İşıq yol” ayrıca nəşr olunmağa başladı. İlk vaxtlar "Yeni Türk Əlifbası Tiflis Komitəsinin naşiri-əfkarı olan hələlik həftəlik vərəqədir” qeydi ilə dərc olunan "İşıq yol” bir müddət sonra "Yeni Türk Əlifbası Tiflis Komitəsinin həftəlik qəzetidir” təqdimatı ilə çıxıb. Qəzetin ilk səkkiz sayındakı materiallar paralel olaraq həm ərəb, həm də latın əlifbası ilə verilib. 1924-cü il 16 may tarixli doqquzuncu saydan etibarən isə bütün materiallar ancaq latın əlifbası ilə dərc olunub. "İşıq yol”un səhifələrində Mirzə Davud Rəsulzadənin, Eynəli bəy Sultanovun, Əli Nazimin, Əziz Şərifin, Əliyar Qarabağlının, Məmməd Rzazadə Mühəqqərin və başqalarının müxtəlif səpkili yazıları mühüm yer tuturdu. Maraqlıdır ki, o zaman Naxçıvanda yaşayıb fəaliyyət göstərən bəzi ziyalılar və gənclər də "İşıq yol”a yazılar göndərirdilər. Qəzetin müxtəlif saylarında Naxçıvandan göndərilmiş "M.B.Əsgərov”, "X” və digər imzalı xəbərlər, Cavad Şərifin şeirləri bu baxımdan maraq doğurur.Vurğuladığımız kimi "İşıq yol”un əsas müəlliflərindən biri Eynəli bəy Sultanov idi. O, "İşıq yol” qəzetində "Birisi”, "Es”, "S” və digər imzalarla müxtəlif səpkili yazılar dərc etdirirdi. "İşıq yol”un 1924-cü il 28 mart tarixli üçüncü sayında tanınmış ədibin "Birisi” imzası ilə "Neçün anlamırlar?” adlı məqaləsi var idi. Həmin məqalədə E.Sultanov ərəb əlifbasından latın əlifbasına keçidin zəruriliyini vurğulayıb, bu islahata qarşı çıxanları tənqid edib. Eynəli bəy Sultanov əlifba islahatını zamanın qarşıya qoyduğu aktual vəzifə, sosial-mədəni tərəqqiyə rəvac verən mühüm faktor kimi qiymətləndirirdi. Onu dağdan axan, qarşısıalınmaz güclü selə bənzədirdi: "Bu işin qabağını siz saxlıya bilmiyəcəksiniz. Əgər dağdan gələn selin qabağını saxlamaq mümkündürsə, bu işin də qabağını saxlamaq olar... Çəkilin yeni əlifbanın yolundan... Yoxsa axırda peşman olarsınız”.

"İşıq yol”un dördüncü sayında Eynəli bəy Sultanovun "S” imzası ilə verilmiş "İstədiyimiz nədir?” adlı məqaləsi də əlifba məsələlərinə həsr edilib. Məqalədəki maarifçilik ruhu, yeni əlifbaya keçidin böyük əhəmiyyətini izah etmək niyyəti ilk baxışda nəzərə çarpır. Müəllif mükəmməl elmə çatmağın savad vasitəsilə gerçəkləşdiyini, savadsız cəmiyyətdə elmin mümkünsüzlüyünü nəzərə çatdırır. Savadın isə ilkin əsasında əlifba təliminin durduğunu vurğulayaraq yazırdı: "Vətəndaşlar! Gördüyümə və eşitdiyimə görə, biz sizi yeni əlifbanın tərəfinə çağıranda siz bizdən ülkürsüz, bizim sözlərimizi düşünmürsüz. Amma bizdən sizə xeyirdən başqa bir şey dəyməz. Dediyimə yaxşı qulaq asın, məqsədlərimizi bir-bir sizə sayım, ondan sonra görüm, sizin söziniz nədir? Bizim ən ümdə məqsədimiz budur ki, cümlə türk eli elmli olsun. Bu sözə bir irad edən varmı? Yox? Əlbəttə ki, ola bilməz. Elmə nə ilə çatmaq olar? Savadlıq ilə. Savadsız bir tayfanın, bir sinfin, ya bir cəmaətin içində elm yeriməz. Bu mətləb isə o qədər sadədir ki, adam utanır onu təkrar etməyə. Böylə olan surətdə türk xəlqi elmli olmaqdan qabaq gərək savadlı olsun”.

 

Ərəb əlifbasının çətinliyinin, bütövlükdə, xalqın elmi-mədəni səviyyəsinə mənfi təsir göstərdiyinə diqqət yönəldən E.Sultanov latın əlifbasına keçidin mahiyyət etibarilə ən müxtəlif təbəqələrin maarif yolunu asanlaşdıracağına inamını da ifadə edib: "Türk xəlqi bu zəmanədək savadı ərəb hürufatının vasitəsilə öyrənirdi. Demirəm ki, ərəb hürufatı ilə elm oxumaq mümkün dəyil, yox. Amma ərəb hürufatı çox çətindir. O səbəbə görə də türklərin içində bu hürufatda kamil savadlı və elmli olan azdır. Elmsavad neçün gərək azların malı olsun? Bu neməti bütün xəlqə rəva görməyənlər, yəqin, xəlqin düşmənidirlər, dostu deyillər. Dediyimizdən o çıxır ki, biz xəlqimiz üçün elmin yolunu asanlaşdırmaq istəyirik. Bu, gün kimi aşkar bir mətləbdir, amma bununla böylə bu sözləri biz o vəqtədək təkrar edəcəyik ki, yeni əlifbanın əmələ və kəndli içində bir düşməni qalmasın”."İşıq yol” qəzetinin dördüncü sayında E.Sultanovun digər bir yazısı da dərc olunub. "Es” imzası ilə verilmiş "Ədəbi dilimiz barəsində” adlı məqaləsində Eynəli bəy ədəbi dilin inkişafında şair və yazıçıların mühüm rolunu vurğulayıb. Bununla yanaşı, müxtəlif vaxtlarda dilimizi süni alınmalarla ağırlaşdıran bəzi qələm sahiblərini də pisləyib. Məqalədə belə başlayır: "Türk tayfasının ədəbiyyat dilinə qüvvət verənlər ancaq ədiblərimiz və şairlərimiz olubdur. Bunlar da qüvvət verdikdə, əlbəttə, dilimizi gözəlləndirmək istəyiblər. Lakin özləri ərəb və fars dillərində təlim tapdıqlarına görə, dilimizi də ərəbləşdirməyə və farslaşdırmağa çalışıblar. O səbəbdən zamanımızda bir öylə ədəbi türk dili meydana çıxıbdır ki, onu başa düşmək hər adamın işi deyil.

Böylə dilin bizə heç bir xeyri yoxdurola da bilməz. Çünki bu dil bütün millətin dili olmuyub, yalnız bir neçə nəfər ziyalının dili hesab edilə bilər. Çarəmiz onu asanlaşdırmağa qalıbdır”.

Maraqlıdır ki, Eynəli bəy öz yazılarının da dilində rast gəlinən alınmalara diqqət yönəldir. Obyektiv təhlil və dəyərləndirmələr yolu ilə ədəbi dili sadələşdirmək kimi vacib bir vəzifəni bütün aktuallığı ilə önə çəkirdi: "Baxın, elə mənim bu məqaləmdə, görün, onun içində nə qədər ərəb və fars kəlmələri var. Amma bacardıqca gərək öylə yazaqöz dilimizdə olan sözün əvəzinə heç yad sözü işlətməyək ki, oxuyanların hamısı yazdığımızı başa düşsün”. Məqalə müəllifi bu prosesdə xalq içərisində tanınan məşhur ədiblərin, eləcə də nəşriyyatların, mətbuat orqanlarının öhdəsinə də ciddi vəzifələr düşdüyünü nəzərə çatdıraraq yazırdı: "Ədəbi dilimizi birdən-birə asanlaşdırmaq çox çətindir. Bunu ancaq çox qüvvəli bir ədib bacara bilər ki, yazdığı kitablar çox olub, xəlqin içində böyük şöhrət qazansın. Tədricən dilimizi asanlaşdırmaq ancaq mətbuatımızın və nəşriyyatımızın vasitəsi ilə mümkündür. Ancaq bu şərt ilə ki, mühərrirlərimiz və qəzetə müdirlərimiz özlərinə söz versinlər ki, nə bir qəliz ibarəli məqalə yazsınlar, nə də böylə məqaləni mətbuata buraxsınlar”. Görkəmli ədibin ibrətli nümunə kimi məşhur rus ədibi Lev Tolstoyun əsərlərinin dili üzərində necə işləməsini, canlı danışıq dilindən lazımınca bəhrələnməsini xatırlatması da maraq doğurur: "Çox yaxşı olardı ki, yazıçılarımız bu barədə rusların və Avropanın ən məşhur ədibi Tolstoydan ibrət alaydılar. Böylə deyirlər ki, Tolstoy hər bir şeyi yazıb qurtaranda kəndçiləri başına yığıb yazdığını onlara oxuyardı və sonra təklif edərdi ki, kəndçilər onun oxuduğunu öz sözləri ilə nağıl etsinlər. Kəndçilərin birbəbir söylədiklərinə diqqətlə qulaq asan Tolstoy qələmi alardı əlinə və yazdığını kəndçilərin təkbirinə münasib düzəldərdi. Odur ki, rus tayfasının içində bir adam tapılmaz ki, Tolstoy kimi böyük ədibin dilini anlamasın”."İşıq yol” qəzetinin onuncu sayında Eynəli bəy Sultanovun "Xan, bəy, seyid” adlı maraqlı bir hekayəsi "Birisi” imzası ilə verilib. Həmin hekayə də indiyədək müəllifin kitablarına düşməyib. Əsərin adından sonra "həyatdan bir şəkil” qeydi diqqəti çəkir. Belə təqdimata ədibin bəzi digər əsərlərində də rast gəlinir. Məsələn, yazıçının "Podratçı”, "Əmələ ailəsi” hekayələrinin adlarından sonra "həyatdan bir şəkil” qeydi var. Əsərdə əsas yeri köhnə cəmiyyətdəki bəzi nöqsanların tənqidi tutur. Eynəli bəy Sultanovun bir sıra nəsr əsərləri üçün xarakterik olan faciə ilə gülüşün üzvi vəhdəti yazdığı məqalələrdə də özünü göstərib.

 

"İşıq yol”un on birinci sayında E.Sultanovun "Adammı, köpəkmi?” əsəri oxuculara çatdırılıb. Lətifə kimi təqdim olunan bu əsərdə müəllif kəndlərin birinə gedərkən adamları dini məkanlara ziyarətə aparmaq üçün haray çəkən çavuş ilə rastlaşmasını və onun çağırışının oyatdığı həyəcanı təsvir edir. Xəbər-ətərsiz kəndə yaxınlaşan çavuşun qəfildən uca səslə hayqırtısı camaatı qorxudur: "Çavuşun səsi çıxan kimi kəndə bir vəlvələ düşdü, itlər səs-səsə verib başladılar ulaşmağa. Arvadlar işlərini tulluyub baş-açıq, ayaq-yalın bayıra çıxıb, üz qoydular çölə. Balaca uşaqlar analarının dallarınca ağlaşmağa başladılar. Kişilər kimisi dəyənək, kimisi xançal götürüb bayıra tullandılar. Xülaseyi-kəlam, bir böyük qiyamət qopdu”. Sakitlik yaranandan sonra kənd qadınlarından birinin qonşusuna dediyi sözlər, əslində, bir qədər üstüörtülü şəkildə olsa da, müəllifin əsas qayəsini aydınlaşdırır: "Dövranın dönsün, ay urus,.. bunu da gördük”. Yəni burada çavuşun yaratdığı qarışıqlığın təsviri zahiri faktordur. Əslində, yazıçı dövrana, cəmiyyətdə qorxu, xof, təlaş yaradan rus işğalına dolayı yolla olsa da işarə edirdi. "İşıq yol”un on beşincion altıncı saylarında Eynəli bəy Sultanovun "İnsafsız kimdir?” hekayəsi verilib. Bu əsər də "Birisi” imzası ilə dərc olunub. Həmin hekayə 2016-cı ildə ədibin tədqiqatçısı Elxan Məmmədov tərəfindən çapa hazırlanmış hekayələr kitabına da daxil edilib. "İnsafsız kimdir?” əsərində yumoristik ovqat hakimdir: "Köhnə vaxtlarda Hacı Əli adlı bir fanatik dükançı hansısa işinin düzəlməsi üçün nəzir edir ki, məqsədinə çatsa, ən nainsaf adama on manat qızıl pul verəcək. Təsadüfən Hacının işi düz gətirir, amma o, ən insafsız şəxsi tapmaqda çətinlik çəkir. Üz tutduğu əzazil qorodovoy Murad daha nainsaf olan pristavı, pristav naçalniki nişan verir. Naçalnik isə Qazının lap insafsız olduğunu bildirir. Qazı Hacıdan nəziri qəbul etməsi müqabilində guya ona bir şey satmasının vacibliyini nəzərə çatdırır və həyətindəki qarı Hacıya satır. Bir müddət sonra həmin qarı Hacıya təmizlətdirir. Yayda isə satdığı qarı ondan geri istəyir, bu, baş tutmadıqda əvəzində əlavə olaraq yüz manat da alır”. Seçilmiş yumoristik süjetin imkanları daxilində müəllif çar hökuməti dövründəki müxtəlif təbəqələrin əsl simasını təqdim edib. Nəhayət, "İşıq yol” qəzetinin növbəti bir sayında öyrənirik ki, E.Sultanov azərbaycanlılara latın əlifbasını öyrətmək üçün Tbilisidə təşkil olunmuş kurslarda pedaqoji fəaliyyət göstərib. Bütün bunlar Eynəli bəy Sultanovun çoxcəhətli fəaliyyətinin bəzi səhifələrinə işıq salır.

 

İsmayıl

Şərq.- 2016.- 3 noyabr.- S.11