“Mən GƏNC QALMAQ ÜÇÜN HANSISA ƏLAVƏ
VASİTƏLƏRDƏN İSTİFADƏ
ELƏMİRƏM”
Qulu Məhərrəmli: “Ruhumun gənc
qalması ətrafımdakı insanların mənə
qarşı sevgisi və səmimiliyi ilə
bağlıdır”
Dünən Azərbaycanın tanınmış jurnalisti, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, Əməkdar jurnalist Qulu Məhərrəmlinin doğum günü idi. Təkcə yaşca yox, elə xaraktercə də ağsaqqal mövqeyinə sahib olan Qulu müəllimin 62 yaşı tamam olub. Və ən əsası odur ki, o, bütün ömrü boyu şəxsiyyəti təsdiq edən sınaqlardan uğurla və bacarıqla çıxıb, əxlaqi baxımdan da yüksəkdə dayanan dəyərlərə tapınıb.
Əslində elə Qulu Məhərrəmlini sevdirən də onun bütün insani keyfiyyətləri özündə cəmləşdirməsidir. Onun qələmi də, yaradıcılığı da ən az xarakteri qədər ləyaqətli və vicdanlıdır. Obyektivliyinə isə söz ola bilməz. Mübaliğəsiz deyə bilərik ki, Qulu Məhərrəmli jurnalistikadakı insanlar üçün peşəkarlıq etalonudur, Azərbaycanın televiziya və radio tarixinin ayrılmaz parçasıdır. Onun bu 62 ildə gördüyü işlər 100 il bundan sonrası üçün də kifayət edər. İctimaiyyət onu Vətənini, xalqını qəlbən sevən bir ziyalı, hadisələrə obyektiv yanaşan bir jurnalist, şərəfli pedaqoq peşəsinə sadiq bir müəllim, fəal vətəndaşlıq mövqeyi ilə fərqlənən bir şəxs kimi tanıyır, elə o cür də sevir. Qulu müəllim haqqında çox şey yazmaq, onunla çox şeydən danışmaq olar. Amma istedadla şəxsiyyəti özündə birləşdirmək potensialına sahib olan bu insan həddindən artıq da təvazökardır. Deyir "Mənim haqqımda çox şişirdilmiş sözlər yazmayın, sonra inanıram”.
"Həm "Şərq” qəzeti kollektivi adından professoru təbrik etmək, həm də ad günü təəssüratlarını öyrənmək üçün Qulu Məhərrəmli ilə əlaqə saxladıq. Həmişəki kimi suallarımıza səmimi cavab verən professor adəti üzrə təvazökarlığından da geri qalmadı.
Ad gününü ailəsi və yaxın dostları ilə qeyd edən Q.Məhərrəmli təmtəraqlı məclisləri xoşlamadığını deyib: "Ad günümlə bağlı təbriklər, tədbir, qonaqlıq təklifləri çox gəlir. Hətta rayonlara belə dəvət edirlər. Hamısına öz minnətdarlığımı bildirirəm, amma budəfəki ad günümü sadəcə yaxın dostların əhatəsində olacam.
- Ad günlərini qeyd etməyi sevmirsiniz, yoxsa ...
- 50 yaşım olanda Mətbuat Klubunda qeyd etmişəm. Bir də 60 yaşımı yubiley formasında qeyd elədik. Hətta dostlarım uzun müddət piarımı
da apardılar bu məqsədlə.
Sözün açığı, ad günümün böyük
bir səs-küyə
səbəb olmağını
heç arzulamıram
da. Bu qədər
insanın mənə
diqqət ayırmağına
daxilən sevinsəm də, insanların vaxt sərf eləməsi bir az da utandırır məni.
- Uşaqlıqdan ad günü
həvəsində olmamısınız,
yoxsa sizdə də qocalmaq xofu var?
- Ümumiyyətlə, nə
uşaqlıqda, nə
tələbəlikdə ad günümü təmtəraqlı
qeyd etmək həvəsində olmuşam.
Amma istər-istəməz insan
çalışdığı kollektivə uyğunlaşmaq
məcburiyyətində qalır.
Ad günlərini qeyd etmək də məndə sonradan bir növ
zərurət xarakteri
aldı. Amma hələ
də o fikirdəyəm
ki, ad günlərini geniş şəkildə
qeyd etməyə ehtiyac yoxdur. Sadəcə
ictimai şəxs olduğum üçün
ad günümü gizlətmək
imkanlarım məhduddur.
Hətta
buna çalışsam
belə, feysbuk imkan verməz. Sosial şəbəkələrdə mənə ünvanlanan təbriklərə anında
cavab verə bilməsəm də, bütün həmkarlarıma,
dövlət qurumlarında
çalışan insanlara,
millət vəkillərinə,
dostlarıma, tələbələrimə
təşəkkür edirəm.
- Qulu müəllim, nə xarici görünüşdən, nə
də ruhən sizə 62 yaş vermək olur. Maraqlıdır, daxilən özünüzü
neçə yaşda
hiss edirsiniz?
- Sözsüz ki, hər yaşın öz diktəsi var. Amma önəmli olan insanın ruhunun hər zaman gənc qalması, işığının
əskik qalmamasıdır.
Allah verən görkəm, xasiyyətdir.
Mən gənc qalmaq üçün hansısa bir əlavə vasitələrdən
istifadə eləmirəm
ki! (gülür).
Ruhumun gənc qalması da ətrafımdakı insanların mənə qarşı sevgisi və səmimiliyi ilə bağlıdır.
- Deyilənə görə,
60 yaşdan sonra hədəflər, ambisiyalar
azalır. Sizdə eləmi oldu?
- Əvvəldən ambisiyalı
biri olmamışam. Heç vaxt
böyük zirvələri
fəth etmək kimi bir hədəfim
olmayıb. Əsas işim
yaradıcılıq və
dilimizin qorunması ilə bağlı olub. Bu gün
də həmin fəaliyyətimi davam etdirirəm. Əlavə bir
istəyim də yoxdur. Əsas məqsədim bu
sahədəki peşəkarlığımı
daha da artırmaqdan
ibarətdir.
- Gənclik səhifənizi
vərəqləyəndə ən çox nəyin təəssüfünü
çəkirsiniz? "Kaş ki, filan
vaxt filan şeyi etsəydim” dediyiniz olubmu heç?
- Ta uşaq yaşlarımdan jurnalistikanın yolunu tutmuşdum. 7-8-ci siniflərdə oxuduğum
vaxtlardan telejurnalist olmaq həvəsinə düşmüşdüm. Ölkələri gəzmək, reportajlar
hazırlamaq, maraqlı
telelayihələr hazırlamaq
mənim ən böyük arzum idi. Allaha çox şükür
ki, bütün istəklərimə artıqlaması
ilə nail olmuşam.
Amma daha çox iş
görə bilərdim.
Bəzən buna görə
təəssüflənirəm. Sonra da elədiklərimlə
ovaxtkı mühiti, şəraiti tərəzinin
gözünə qoyanda,
baxıram ki, heç də az iş
görməmişəm.
- Bəs, elədiklərinizin
qarşılığını necə, ala bilmisiniz?
- İnsan gördüyü
işin qarşılığında
nəsə güdürsə,
ala bilməyəndə həddindən
artıq məyus olur və həvəsdən
düşür. Xoşbəxtlikdən mən belə
biri deyiləm. Hansısa addım atmazdan əvvəl oturub, qarşılığında alacaqlarımın
siyahısını tutmamışam.
Universitetdə dərs deməyə
başlayanda gördüm
ki, uşaqların dərs vəsaitləri yoxdur. Dərhal düşündüm bütün enerjimi sərf edib dərslik yazmalıyam ki, tələbələrim
daha yaxşı təhsil alsınlar.
Əlimdən gəldiyi qədər
ustadlarımız televiziyanın,
radionun tarixi haqqında yazdıqlarını
cilalamağa, müasir
dövrün tələblərinə
uyğunlaşdırmağa çalışdım. Yazdıqlarım,
ortaya qoyduqlarım özümü tam qane eləməsə də, mövcud şərait daxilində az
iş görmədiyimi
düşünürəm. Amma qarşıda da xeyli görəcəyim işlər var, heç bir qarşılıq güdmədən.
- Ad günündən danışıb,
hədiyyə məsələsinə
toxunmamaq olmaz. Yaddaqalan hədiyyəniz olubmu heç?
- 50 illik yubileyimdə qızlarımın mənə
hədiyyə etdiyi şəkil mənimçün
çox dəyərlidir.
Aradan uzun müddət keçməsinə baxmayaraq
hələ də saxlayıram və hər o şəkli görəndə məni gülmək tutur. Şəklimi çərçivəyə saldırıb, üstünə
də Azərbaycan, rus və ingilis
dillərində "Ulduzun
doğulması” yazdırmışdılar.
- Bəs, tələbələrinizdən
hədiyyə almısız?
-Tələbələrimin mənim
üçün yazdıqları
ürək sözləri
ən böyük hədiyyədir. Hətta əksəriyyəti auditoriyada cəsarət edib deyə bilmədikləri sözləri
feysbuk vasitəsilə
ünvanlayırlar. Sözün
açığı, tələbələrimin
mənim haqqımda tərif və xoş sözlər yazması məni bir az da təəccübləndir
ki, necə olur ki, mənim
kimi tələbkar müəllimi tələbləri
bu qədər çox sevir (gülür). Tələbələrimin mənə ən
böyük hədiyyəsi
dərslərimə diqqətlə
yanaşmaları və
müzakirələrdə fəal
olmalarıdır. Ona
görə ki, ünsiyyət olmadan heç bir müəllim birgə fəaliyyətə nail ola bilməz.
Qeyd edək
ki, Q.Məhərrəmli
1954-cü ildə Zəngilan
rayonunda anadan olub. Orta təhsilini
Şuşa şəhərində alıb.
1978-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.
Həmin
ildən təyinatla Azərbaycan televiziyasına
göndərilib. Uzun illər
AzTV-də müxtəlif
vəzifələrdə çalışan
Q.Məhərrəmli 2007-ci ilin oktyabrın 3-dən
"Xəzər” TV-də
fəaliyyətini davam
etdirib. Müxtəlif mövzularda 20-yə yaxın sənədli televiziya filminin ssenari müəllifidir.
Bu filmlərin bəziləri beynəlxalq
festival və müsabiqələrdə
nümayiş etdirilib.
Bir neçə xarici çoxseriyalı filmin Azərbaycan dilinə dublyajının bədii rəhbəri olub.
1982-ci ildən elmi fəaliyyətlə məşğul
olan Q.Məhərrəmli
1989-cu ildə "Radiodramaturgiya
dili” mövzusunda namizədlik, 2004-cü ildə
isə "Televiziya dili: funksiya və struktur” mövzusunda doktorluq dissertasiyası müdafiə
edib. Jurnalistika üzrə ölkədə
ilk elmlər doktorudur.
Elmi araşdırmalarında jurnalistikanın
və medianın ümumi nəzəriyyəsi,
televiziya və radionun tarixi, aktual elmi-nəzəri problemləri, o cümlədən
ekran-efirin mürəkkəb
dil sisteminin öyrənilməsi əsas
yer tutur. Q.Məhərrəmli 1991-ci ildən Bakı
Dövlət Universitetində
pedaqoji fəaliyyətə
başlayıb, 1998-ci ildə
baş müəllim,
2002-ci ildə dosent vəzifələrini tutub.
2006-cı ildən Televiziya və radio jurnalistikası kafedrasının
professorudur. 30-a yaxın kitabın, o cümlədən bir neçə monoqrafiya, dərslik və dərs vəsaitinin, həmçinin izahlı lüğətlərin müəllifidir.
Jurnalistika və elmi-pedaqoji
fəaliyyəti ilə
əlaqədar 60-a yaxın
xarici ölkədə
olub. Media problemlərinə həsr
edilmiş nüfuzlu beynəlxalq toplantılarda,
media forumlarında dəfələrlə
Azərbaycan jurnalistikasını
və jurnalistika elmimizi təmsil edib.
P.S. Biz də "Şərq”
qəzeti olaraq Qulu Məhərrəmlini
ad günü münasibəti
ilə təbrik edir, ona cansağlığı
və yeni-yeni yaradıcılıq uğurları
arzulayırıq. İnanırıq ki, Qulu müəllim özünün
böyük potensialından
bundan sonra da jurnalistikamız və dövlətimiz naminə səmərəli
şəkildə istifadə
edəcək.
Şəymən
Şərq.-
2016.- 3 noyabr.- S.7