“YÜKSƏK QIZDIRMA
İLƏ DƏ XƏBƏRLƏRİ OXUMUŞAM”
Tamilla Ələkbərova: “Valideynlərim rəhmətə gedəndə 10 gün efirə çıxmadım”
“Televiziyanın qapısından tutmuş indiki Şəhidlər Xiyabanına qədər uzun bir növbə vardı. Sonradan bildim ki, diktorluq müsabiqəsindən keçmək üçün 800 adam gəlibmiş”
Elə simalar var ki, onları uşaq vaxtından özünmüzə doğma saymışıq. Bəlkə qohum olmayıblar, bəlkə əslində yad insanlardılar, amma çoxlarından bizə doğma olmağı bacarıblar. Bəziləri zaman-zaman evimizin hər gün qonağı olublar, efirdən evimizə qonaq düşüblər. Bəlkə də televiziyanın özəl xüsusiyyətlərindən vacibi budu. O bizim ailə üzvümüz ola bilib. Televiziyadakı tanınmış simalar da bəzən fərqinə varmadan uşaqlığımızın, gəncliyimizin xoş anlarını bizimlə bölüşməli olublar.
Bugünkü qonağımızı da uşaqlıqdan tanıyıb sevmişik. Qeyri-adi səsi, mükəmməl diksiyası ilə hər kəsi özünə valeh edib. İllər keçsə də, nə səsi, nə də xarici görünüşü dəyişib.
Bu dəfə "Şərq”in qonağı Azərbaycan Milli Televiziyasının məşhur diktoru, məlahətli səs tembri ilə seçilən Tamilla Ələkbərova oldu.
- Hər zaman efirimizin bəzəyi olan Tamilla xanım indi hardadır, nə işlə məşğul olur? Tələbələriniz varmı?
- Tələbələrim yoxdu. Ancaq artıq 10 ildir "Çaşı oğlu” şirkətlər qrupu ilə dərsliklər hazırlayıram. 1-ci sinifdən 10-cu sinfə qədər olan dərsliklərin audiovizual disklərini yazırıq. Misal üçün, elə uşaqlar var ki, kitabdan oxumaq istəmir. Onlar üçün audiovizual dərsliklər hazırlanır. Hətta elə dərsliklər var ki, onların videogörüntülü şəkildə hazırlanması da mümkündür. Həmin dərsliklərin səsyazmaları mənim səsimlə hazırlanır. Audiovizual da var ki, mənim səsimlə hazırlanır. Ona görə də ehtiyacım yoxdu ki, tələbələrim olsun. Əslində demək olar Azərbaycandakı bütün uşaqlar elə mənim tələbələrim sayılır. Sağ olsunlar, efirlər də məni verilişlərinə dəvət edir, hərdən gedirəm. İnsanların mənə olan münasibətindən çox razıyam, hara gedirəmsə, isti münasibət görürəm, qucaqlayıb bağırlarına basırlar.
- 18 yaşından efirdəsiz... Bu təsadüf idi, yoxsa zərurət?
- Mən onda Pedaqoji İnstitutun kimya-biologiya fakültəsində oxuyurdum. Bir neçə adam auditoriyaya gəldi və mən də daxil olmaqla, 4-5 nəfəri seçdilər. Sonradan öyrəndik ki, həmin adamlar televiziya işçiləridir və efir üçün diktor seçirlər. Atamın bu işə razılıq verməyəcəyini bildim. Çünki o, çox mühafizəkar insan idi. Müsəlman adət-ənənələrinə riayət edərdi. Evdə bu xəbəri anama deyəndə o, məni sakitləşdirdi. Atamdan xəlvət televiziyaya getdim. Ora çatanda dəhşətə gəldim. Televiziyanın qapısından tutmuş indiki Şəhidlər Xiyabanına qədər uzun bir növbə vardı. Sonradan bildim ki, diktorluq müsabiqəsindən keçmək üçün 800 adam gəlibmiş. Cavan qız idim, əlimə bir mətn verdilər ki, oxuyum. Onu həm rus, həm Azərbaycan dilində oxumalıydım. Rus məktəbini bitirdiyim üçün rusca mətni rahat oxudum, amma Azərbaycan dilində mətni ölə-ölə başa çatdırdım. Axırda mənə dedilər ki, görkəmin də, səsin də efirə uyğundur, ikinci mərhələyə gələrsən. Ordan uça-uça çıxdım. İkinci mərhələdən də keçdim. Mənə bir ay sınaq müddəti verdilər. Əmioğlumun dostu da televiziyada işləyirdi. Məni soyadımdan tanıyıbmış. O, əmim oğluna zəng elədi və birlikdə atamın yanına gedib, diktor olmağıma etiraz etməməsi üçün onu yola gətirdilər. Bir ay sınaqdan sonra diktor kimi işləməyə başladım.
- 30 illik diktorluq fəaliyyətiniz dönəmində efirə çıxa bilmədiyiniz zaman olub?
- Yüksək qızdırma ilə də xəbərləri oxumuşam. Lakin valideynlərim rəhmətə gedəndə 10 gün efirə çıxmadım. Çox cavan yaşında qardaşımı itirdim, onda dəli kimi olmuşdum. Düz 40 gün efirə çıxmadım.
- Məşhur olduğunuzun fərqində idiniz?
- Heç vaxt. Həyat yoldaşım o dövrdə idman komitəsinin birinci sədrinin müavini idi. İndiki dillə desək, nazir müavini. Maşınla işə gəlib, maşınla evə gedirdim, heç vaxt öyünmürdüm.
- Yeri gəlmişkən, həyat yoldaşınızla harada tanış olmusunuz?
- Yay fəsli idi, işə tələsirdim. "Baksovet” metrosunun yanından qaça-qaça trolleybusa minmək istəyirdim. Bu məqamda APİ-nin bir müəlliməsi ilə qarşılaşdım. Məni təbrik elədi ki, ay Tamilla, biz səninlə fəxr edirik. Onda gördüm ki, bir yaraşıqlı oğlan kənardan məni müştəri gözü ilə süzür. Sözün açığı, onun bu hərəkəti heç xoşuma gəlmədi. Fikrimi dəyişdim, trolleybusa yox, taksiyə mindim ki, bu oğlan dalımca düşməsin. Evə gedəndə gördüm ki, anam mənə şübhəli baxışlarla baxıb gülümsəyir. Dedi ki, sənə elçi düşüblər. Onda da anamın bir rəfiqəsinin alim oğlu məni istəyirdi. Sən demə, rastlaşdığım həmin oğlandan danışırmış. O oğlan da atamın uzaq qohumu idi, evdən deyiblər ki, bu diktor qızı sənə alacağıq. Oğlan da baxıb efirdə məni bəyənməyib, amma sonradan dalımca düşəndə xoşuna gəlmişəm. Gedib evdə deyib ki, həyatda qəşəng qız imiş, elçi gedə bilərsiniz. Sonra bizi tanış etdilər. Onu görənə qədər söhbətin yolda gördüyüm oğlandan getdiyini bilmirdim. Yaraşıqlı oğlan idi, elə görən gündən vurulmuşdum. Beləcə, evləndik.
- Deyirlər, çox qısqanc həyat yoldaşınız olub...
- Həddən artıq. Həyat yoldaşım məni üç dəfə işdən çıxardıb.
- Niyə?
- Birinci dəfə toydan sonra məni işə qoymadı. O vaxt televiziyanın sədri Elşad Quliyev evimizə gəldi ki, niyə bu xanımı efirə buraxmırsan, xəbərlərimiz qalıb havada. Xahiş-minnət, məni işə qaytardı. Sonra uşaqlarımız dünyaya gələndə məni işə qoymadı. Bir dəfə Moskva diktoru Anna Şilovanı yuxumda gördüm və başladım qışqırmağa ki, Anna, yalvarıram sənə, ərimi yola gətir, ona efirsiz yaşaya bilməyəcəyimi söylə. Səhəri gün gördüm, qayınanam yoldaşımı o biri otağa çağırıb xəlvətcə deyir ki, sən Allah, icazə ver, Tamilla işə getsin. Əks təqdirdə, bu qız dəli olacaq. Məcbur olub məni işimə qaytardı.
- Maraqlıdır, diktorluq fəaliyyətiniz dövründə ən dəhşətli və ən xoş xəbər hansı olub?
- İki xəbərdən sarsılmışam. Biri noyabrın 20-də baş verən təyyarə qəzası və içərisində olan Azərbaycanın tanınmış insanlarının faciəsi, digəri Salatın Əsgərovanın ölüm xəbəri. Salatın qızlarımla eyni məktəbdə oxumuşdu, xətrini çox istəyirdim. Ölümü də ürəyimə dammışdı. Ağdama getməmişdən bir gün qabaq, gecəyarısı zəng eləyib, məni çox istədiyini söylədi. Səhəri gün ölüm xəbərini aldıq. Mən o an efirdə "Günün ekranı” xəbərlər proqramını aparırdım, efir redaktoru yazılı mətni mənə sarı itələdi ki, oxuyum. Heç bilmədim, nə xəbər idi. Görəndə ki, Salatın Əsgərovanın ölüm xəbəridir, efirdə olduğumu unudub, həyəcanla "yox, yox, yox” deyib bayıldım. O an mənimlə bərabər xəbərləri oxuyan Davud tez əlimdəki mətni alıb oxudu. Həmin vaxt məni dərhal efirdən çıxardılar, təcili yardım maşını çağırdılar. İsmət Qayıbovla da ailəvi dost idik, onun və təyyarədə faciəli şəkildə həlak olanların xəbəri də məni dəhşətə gətirmişdi.
- Bu gün efirdə olan aparıcılarla bağlı təəssüratlarınız da maraqlıdı. Daha çox hansı qüsurları müşahidə edirsiz?
- Qüsurlar var. Əsasən də efirdə bəzi aparıcılar ləhcə ilə danışırlar. Bu düzgün deyil. Azərbaycanın hər bölgəsi mənə doğmadı. Sadəcə efirin öz danışıq tərzi var. Orda bədii dildə danışmaq lazımdı. Bu günlərdə bir neçə köhnə diktor efirlərə qonaq olduq. Tamaşaçılar darıxdığını bildirdilər. Efirdə çalışan bugünkü gənclər var ki, deyirlər ki, Tamilla xanım, biz efiri sizə baxaraq sevmişik. Yəni bu gün də tamaşaçı sevgisini hiss etmişik.
- Deyirlər televiziya yaxşı mənada bataqlıqdı. Ordan çıxmaq olmur.
- Əslində həqiqətən elədi.
Yaxşı mənada insanı özünə çəkir.
Ora gələn insan sonra başqa
yerdə qərar tuta bilmir. Bax, mən
özüm də uzun illər çalışmışam, efirdə
olmuşam, amma hərdən elə olur ki, efirdə
aparıcıları görürəm,
darıxıram, istəyirəm
yenidən ekran qarşısında olum.
Qəribə bir bağlılıq
yaradır efir. Daha dəqiq desəm, bir xəstəlik kimidi. Bəlkə müqayisəm kobud
səslənəcək, necə
narkoman tutaq ki, nəyəsə aludə olursa, bax televiziya da elədi. Qəribə
bir aludəçilik yaranır. Sən televiziyadan asılı
olursan, həyatını
onsuz yaşaya bilmirsən. Həqiqətən darıxırdım. Uşaqlar üçün
kitablar hazırlayanda mən rahatlıq tapmağa başladım.
Qoymadılar darıxım. Aludəçilik hissi çətin
olur. Efirdə olan insan sonradan kənarda qalanda depressiyaya belə düşə bilir. Qəribə bir xəstəlikdi.
Hərdən qonaq çağıranda
niyə qəbul edirəm. Loru dildə desək,
içimdəki qurdu öldürürəm efirə
gələndə. Onda sakitlik
tapıram.
- Efirdə olmaq üçün yaşın
önəmi varmı?
Bizdə
daha çox gənclərin efirdə olmasına üstünlük
verilir.
- Əslində həqiqətən
bircə bizdə efirdə yaş məhdudiyyəti özünü
göstərir. Amma Amerikada, Türkiyədə,
İngiltərədə efirdə
təcrübəli aparıcılar
yetərincə var ki, yaşlı nəslin nümayəndələridir.
Bircə
bizdə yaş problem
yaradır. Elə
buna görə düzünü desəm,
bir az
incik düşmüşdüm.
Tutaq ki, AzTV-də illərlə çalışan
gözəl aparıcımız
var idi, Kəmalə xanım.
O niyə efirdən kənarda qalmalıdı?
O zamanlar ilk maqazin proqramını yaradan insan olub, indi
efirdən kənarda qalıb. Bu haqsızlıqdı.
Hər yaşda efirdə olmaq olar. Vacib olan efir təcrübəsinin
olmasıdı. 60 yaşında xəbərləri
oxuyan tanınmış
dünya kanallarında
aparıcılar var. Bizdə
niyə olmasın?
Şükür Allaha, nitqimizdə
qüsur yoxdu, səsimiz efirə tam cavab verir. Niyə bizim əvvəlki diktorlardan efirlərdə istifadə olunmasın?
Çətin vaxtlarda biz ələkdən
keçən diktorlar
olmuşuq. Mən özüm
kənarlaşdım. Çünki diqqətsizlik, hörmətsizlik
gördüm. Üzümü çöndərib çıxdım,
hətta sənədlərimin
dalınca gəlmədim.
Kəmalə xanım gətirdi
evə sənədlərimi.
Köhnə diktorlara qarşı
hörmətsizlik edildi.
Mədəni şəkildə ərizə yazıb işdən çıxartmağa
çalışdılar. Mən də istəmədim kimsə mənə desin ki, ərizə yaz, çıx. Nə sədrin yanına girdim ki, niyə
işdən çıxarırsız,
nə ərizə yazdım. Ordan getdim, bir də qayıtmadım.
Özümə hörmət qoydum
deyə sakit getdim.
- Çox maraqlıdır ki, müstəqillik dövründə efirlərdə
diktorlara tələbat
yox idi. Gənc aparıcılara meydan verildi. İndi isə tam əksinə,
yenidən efirlərdə
köhnə diktorlara tələbat yaranıb, onların təcrübələrindən
istifadə etməyə
ehtiyac hiss olunur.
- Mənə elə gəlir ki, bu tələbat tamaşaçılardan yaranıb.
Tamaşaçı köhnə diktorları
efirlərdə görəndə
onlara xoş gəlir, onların danışığı, diksiyası
tamaşaçını qane
edir deyə tələbat qeyri-ixtiyari yaranır.
- Təbii ki, hər zamanın öz tanınmışları
olur. Maşallah, bugünkü aparıcılar
arasında da çox sevilənləri,
tanınmışları var. Efirdə həddindən artıq əl-qolla danışmaq da düzgün deyil. Bəlkə məni qınayarlar.
Amma efirdə həddindən artıq sərbəstlik də bəsitliyə gətirib çıxarır.
Mən bunun əleyhinəyəm.
Efirdə müəyyən məhdudiyyətlər olmalıdı.
Çünki sən tamaşaçı
qarşısına çıxırsan.
Yenə deyirəm, özümün
də sevərək izlədiyim aparıcılar
var ki, onları
bəyənirəm.
- Qızlarınıza siz icazə vermədiz, yolunuzu davam etdirsin? Nə əcəb iki qızınızdan heç biri efirə gəlmədi?
- Qızlar özləri istəmədi, həm də ataları razı olmadı. Böyük qızım Nərmin Xarici Dillər Universitetini, digəri isə Universitetin filologiya fakültəsini bitirib. Üç nəvəm var - Aysel, Musa, Fatimə. Nəticəmin adı Həsəndir.
- Sizin vaxtınızda da həmkarlarınız arasında qısqanclıq, paxıllıq olurdu?
- Heç vaxt aramızda qısqanclıq olmayıb. Həmişə mehriban olmuşuq. Bu gün də ayda bir dəfə köhnə diktorlar yığışıb otururuq.
- Televiziya sizə nə verdi?
- Hörmət. Hara gedirəmsə,
ancaq insanlardan xoş münasibət görürəm. Biz maşın, villa, bağ qazanmasaq da, hörmət qazanmışıq.
Tahirə
Şərq.-
2016.- 15 noyabr.- S.11