ZƏRBAYCAN MƏTBUATININ ÖZ ƏNƏNƏLƏRİ VAR

 

Cahangir Məmmədli: “Beynəlxalq təşkilatlar yalnız özlərinə sərf edən demokratik normaları özlərindən asılı vəziyyətə salmaq istədikləri ölkələrə yeritmək istəyirlər”

Hikmət Babaoğlu: “Ölkəmizdə intellektul-mədəni cəmiyyət formalaşıb. Hər hansı bir qeyri-hökumət təşkilatının manipulyasiya vasitəsilə Azərbaycanda ictimai rəyə təsir etməsi mümkün deyil”

 

Aydın Quliyev: "Belə görünür ki, onlar sadəcə olaraq bir dəfə hesabat dərc ediblər və hər il onun başlığını dəyişməklə cəmiyyətə yenisi kimi təqdim edirlər”

 

Söz və mətbuat azadlığı bir çox hallarda cəmiyyətdə demokratiyanın meyarı, ölçüsü rolunu

oynayır. Söz azadlığının olmadığı, mətbuatın senzuraya məruz qaldığı cəmiyyətdə insan

hüquqları da tez-tez pozulur. Məhz bu səbəbdən bir çox beynəlxalq qurumlar və demokratiyanın

inkişafına xidmət edən təsisatlar müxtəlif ölkələrdə söz və mətbuat azadlığını daim diqqət

mərkəzində saxlayırlar.

Azərbaycanda KİV-lərin fəaliyyətini tənzimləyən, bu və ya digər şəkildə ona aidiyyəti olan

qanunların hamısı beynəlxalq standartlara tam uyğunlaşdırılsa da, təəssüflə qeyd etməliyik ki,

beynəlxalq hesabatlarda, bəzi xarici medialarda Azərbaycandakı söz azadlığına qərəzli

münasibət bəslənir, hakimiyyət məlumat azadlığını pozmaqda ittiham olunur. Xüsusən də,

"Freedom House”, "Human Rights Watch”, "Sərhədsiz Reportyorlar” kimi təşkilatların

hesabatlarında hər bir ölkə üçün xarakterik olan ayrı-ayrı mənfi hallar, bir çox hallarda təhrif

olunmuş məlumatlar qabardılır və onların əsasında ümumi qənaət formalaşdırılmasına cəhd

edilir.

Bəs, ölkənin aparıcı media orqanlarına rəhbərlik edən baş redaktorlar və tanınmış media

ekspertləri nə düşünür? Beynəlxalq hesabatlarda ölkəmizdə söz, fikir azadlığının, insan

haqlarının pozulmasına dair yer alan bəyanatlar nə dərəcədə inandırıcıdır?

 

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli deyib ki,

beynəlxalq təşkilatlar yalnız özlərinə sərf edən demokratik normaları özlərindən asılı vəziyyətə

salmaq istədikləri ölkələrə yeritmək istəyirlər: "Bu məsələ ilə bağlı beynəlxalq təşkilatlara qarşı

tamamilə kəskin münasibətdəyəm. Azərbaycan cəmiyyətinin və mətbuatının öz ənənələri var.

Ölkəmiz haqqında beynəlxalq hesabatlarda səsləndirilən qərəzli fikirlər ittihamdan başqa bir şey

deyil. Azərbaycan mətbuatı özünün qanunvericilik bazasına görə, dünyanın ən azad, müstəqil

mətbuat nümunələrindən biridir. Azərbaycan mətbuatının qanunvericilik bazasına edilən hər

dəyişiklik bütün dünyada qəbul olunmuş qaydalara uyğun edilir. Bu nöqteyi-nəzərdən də

Azərbaycanda mətbuatın durumu ilə bağlı irəli sürülən iddialar böhtan və qərəzdən başqa bir şey

deyil. Ona görə də "Azərbaycanda mətbuat, söz azadlığı pozulur” kimi ittihamlar Azərbaycanı

istəməyən qüvvələrin uydurmalarıdır. Onların məqsədi Azərbaycan jurnalistlərini öz yanlarına

çəkmək, hətta onlardan bir vasitə kimi istifadə etməkdir. Amma onların amalı baş tutmayacaq.Çünki Azərbaycanın mətbuat nümayəndələrinin böyük əksəriyyəti bu hesabatların yalan və

uydurma olduğunu çox gözəl bilir. Mən də hesab edirəm ki, Azərbaycanda söz, fikir və mətbuat

azadlığı var. Azərbaycanda söz azadlığı qanunlarla təsbit olunub. Azərbaycan Respublikasının

Konstitusiyası hər bir Azərbaycan vətəndaşına tam hüquqlu, bütün mənalarda müstəqil şəkildə

özünü ifadə azadlığı, söz sərbəstliyi verir. Konstitusiyamızın verdiyi hüquqlardan əlavə "KİV

haqqında” qanun, həmçinin media sistemi ilə bağlı digər qanunların hər biri jurnalistlərə söz

azadlığı verir”.

 

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "İki sahil” qəzetinin baş redaktoru

Vüqar Rəhimzadə də "Sərhədsiz Reportyorlar”, "Freedom House” kimi təşkilatların hər zaman

qərəzli hesabatlar hazırladıqlarını deyib: "Bir sıra beynəlxalq təşkilatlar var ki, onlar

Azərbaycana münasibətdə qərəzli, ədalətsiz mövqe nümayiş etdirirlər. Bu təşkilatların

Azərbaycandakı reallığı bəd gözlə, qara eynəklə görməsi adət halını alıb. Özləri də bilir ki,

Azərbaycanda söz, media azadlığı ilə bağlı uğurlu işlər həyata keçirir. Hesab edirəm ki, bu

sahədə Azərbaycan dünyaya nümunə ola biləcək uğurlu işlər reallaşdırıb. Azərbaycanda

müstəqil mediaya dövlət dəstəyinin olması və mətbuatın tam mənada iqtisadi imkanlarının

yaxşılaşmasına, peşəkarlığının artmasına gətirib çıxarıb. Lakin antiAzərbaycan qüvvələrin əlində

alətə çevrilən bu kimi təşkilatlar bilərəkdən görülən işlərə kölgə salmağa cəhd göstərir. Bu isə

nəticəsi olmayan cəhddir. Çünki Azərbaycanda görülən işlərə kölgə salmaq mümkün deyil”.

V.Rəhimzadənin sözlərinə görə, bu kimi təşkilatlar antiAzərbaycan qüvvələrin, ermənipərəst

dairələrin əlində ölkəmizə qarşı təzyiq vasitəsinə çevrilib: "Onlar antiAzərbaycan, ermənipərəst

dairələrin sifarişləri əsasında reallıqdan uzaq, həqiqətdən kənar hesabatlar yayırlar. Bunun bir

məqsədi var: Azərbaycana təzyiq etmək, bu sahədə görülən işlərə kölgə salmaq. Diktə ilə

çalışanlar heç nəyə nail ola bilməyəcəklər. Çünki onların özlərinin mahiyyəti şübhə doğurur”.

 

"Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev də hesab edir ki, "Sərhədsiz Reportyorlar”,

"Freedom House” və digər bu kimi beynəlxalq təşkilatlar daim Azərbaycanın əleyhinə olanların

sifarişlərini yerinə yetirməklə məşğuldur: "Bu kimi təşkilatlar mütəmadi olaraq Azərbaycanın

əleyhinə kampaniya aparırlar. Onlar daim Azərbaycanı "söz və mətbuat azadlığının olmadığı”,

"jurnalistlərə basqıların olduğu ölkə” və "azadlığın boğulduğu məkan” kimi qələmə verirlər. Bu

isə başa düşüləndir. Çünki bu qurumların hansı qüvvələr tərəfindən maliyyələşdirildiyi

məlumdur, ikili standartlarla çalışdıqları heç kəsdə şübhə doğurmur. Hesab edirəm ki, təşkilatın

rəyinin əksinə olaraq ölkəmiz bu sahədə bir çox dövlətlərdən öndədir. Əgər bu təşkilat həqiqətən

qərəzsizdirsə, öz nümayəndələrini göndərsin və bizimlə Azərbaycanda mətbuatın durumu ilə

bağlı fikir mübadiləsi aparsın, faktlarla tanış olsun, arqumentlərimizi dinləsin və bundan sonra

obyektiv hesabat hazırlasın”.

Bu cür təşkilatlara missioner kimi baxdığını vurğulayan baş redaktor deyib ki, onlar ancaq və

ancaq özlərinə yarayan dövlətlərin maraqlarından çıxış edərək, onların tapşırıqlarını yerinə

yetirirlər: "Ona görə də Azərbaycanda baş verən bütün prosesləri, həyata keçirilən bütün

layihələri özünəməxsus şəkildə şərh edirlər. Azərbaycanın bütün sahələr üzrə təqdim etdiyi

inkişaf modelləri bu gün dünyanın hər bir yerində istifadə olunmaqdadır. Bu baxımdan hesab

edirəm ki, özünü hansı ad altında təqdim etməyindən asılı olmayaraq bu cür təşkilatların qərəzli

fikirləri ölkəmizə sadəcə olaraq qara yaxmaqdan başqa bir şey deyil”.

 

Azərbaycanda mətbuatın tam azad və müstəqil olduğunu vurğulayan B.Quliyev deyib ki,

Azərbaycanda mətbuatın inkişafı və jurnalistin fəaliyyəti hüquqi normalarla tənzimlənir:

 

"Eyni zamanda mətbuatın inkişafı istiqamətində dövlət kifayət qədər addımlar atır. 2008-ci ildə

mətbuatın inkişafı ilə bağlı konsepsiya qəbul olunub. Bundan sonra 2009-cu ildə Azərbaycan

Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu

(KİVDF) yaradılıb. Azərbaycan mətbuatı qısa zaman ərzində böyük yol qət edib. Bu, onu

göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyev söz və mətbuat azadlığına maraqlıdır. Dünyanın

heç bir yerində dövlət jurnalistləri təmənnasız mənzillə təmin etmir. Azərbaycanda belə bir

təcrübə var. Bütün bunlar dövlətin, onun Prezidentinin mətbuata qayğısından irəli gəlir”.

"Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bu

təşkilatların qərəz və yalanda sərhəd tanımadıqlarını deyib.Onun sözlərinə görə, "Sərhədsiz Reportyorlar”, "Freedom House” və "Human Right” təşkilatlarının hesabatında yer alan qərəzli məqamlar heç bir halda Azərbaycan gerçəkliyini ifadə etmir, çünki ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub.

 

H.Babaoğlu bu cür bəyanatların Azərbaycanda söz və mətbuat azadlığının olduğuna heç bir

şübhə yarada bilməyəcəyini deyib: "Ölkəmizdə intellektul-mədəni cəmiyyət formalaşıb. Hər

hansı bir qeyri-hökumət təşkilatının manipulyasiya vasitəsilə Azərbaycanda ictimai rəyə təsir

etməsi mümkün deyil. Bu baxımdan, "Sərhədsiz Reportyorlar” qərəzli və qeyri-obyektiv

yanaşması ilə ölkəmizdə ictimai rəyə təsir edəcəyini düşünürsə, tamamilə yanılır. Digər tərəfdən,

Azərbaycanın çox güclü media ordusu var və Azərbaycan mediası qlobal informasiya məkanında

baş verdiyini - hansı transmilli medianın və ya qeyri-hökumət təşkilatının nəyə xidmət

etdiyini dərk edir. Üstəlik, bu prosesləri obyektiv şəkildə Azərbaycan cəmiyyətinə "tərcümə

edir”. Ona görə də "Sərhədsiz Reportyorlar” və digər bu kimi imperializmə xidmət edən

"yumşaq güc” vahidləri düşünməsinlər ki, bu cür informasiyalarla hədəfə sərrast atəş aça bilirlər.

Onların açdığı atəş "bumeranq” effekti ilə özlərinə dönür. Çünki atəşin kim tərəfindən nə

məqsədlə açıldığı Azərbaycan ictimaiyyətinə bəllidir”,-deyə millət vəkili vurğulayıb. Heç kimə

sirr deyil ki, bu hesabat qərəzli şəkildə hazırlanıb”.

 

"Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə "Freedom House”, "Sərhədsiz

Reportyorlar” kimi təşkilatların neçə illərdir ki, Azərbaycanla bağlı rəylərinin dəyişməz qaldığını deyib: "Çox təəssüflər ki, sözügedən beynəlxalq təşkilatların Azərbaycandakı media azadlığı ilə bağlı obyektiv hesabata illərdir rast gəlməmişik. Belə görünür ki, onlar sadəcə olaraq bir dəfə

hesabat dərc ediblər və hər il onun başlığını dəyişməklə cəmiyyətə yenisi kimi təqdim edirlər.

Əslində isə o təşkilatların Azərbaycanda media ilə bağlı dəyərləndirməsi heç bir reallığa uyğun

gəlmir. Fikir verirsinizsə, Azərbaycanda medianın durumu, insan haqları ilə bağlı qərəzli

hesabatlar hazırlayan təşkilatların sayı heç vaxt artmır. Əksinə, Azərbaycanda medianın

vəziyyətinin müəyyən sürətlə yaxşılaşmağa doğru getdiyini qeyd edən beynəlxalq qurumların

sayı hər gün bir az da artır. Hesab edirəm ki, bu artımın özü qərəzli hesabat yayan təşkilatlara

verilən ən yaxşı cavabdır. Çox güman ki, müəyyən müddətdən sonra həmin təşkilatların özləri

baş verənlərdən bir nəticə çıxaracaqlar”. "Azərbaycan xalqının böyük əksəriyyətinin ölkədə

reallığın nə olduğunu yaxşı bilir” deyən baş redaktorun sözlərinə görə, cəmiyyəti üçün artıq bu

cür qərəzli hesabatlar əhəmiyyət verilməyəcək dərəcədə adiləşib.

Şərq.- m2016.- 7 noyabr.-S.11