“MƏN
ƏLLƏRİMLƏ YOX, AYAQLARIMLA YAZIRAM”
Qulu Ağsəs: “Gedə bilmirəm deyə, təkcə ayaqlarım yox, ürəyim, ruhum, bütün varlığım Ağdama getmək üçün can atır”
“Dəfələrlə olub ki, tanımadığım adamların sosial şəbəkələrdə rastlaşdığım şeirlərini özündən belə xəbərsiz çap eləmişəm”
"Sözlə yaşayan adam” rubrikasının budəfəki qonağı "Ulduz” jurnalının baş redaktoru, şair, publisist Qulu Ağsəsdir. Qulu Ağsəs Azərbaycan poeziyasına yeni nəfəs gətirən şairlərdəndir. Şeirləri dünyanın müxtəlif dillərinə tərcümə olunan şair "Sənsən hər yer”, "Külək dostum”, "Nabran novellası”, "Nöqtələr” adlı kitabların müəllifidir. O, "Şərq”ə müsahibəsində maraqlı və fərqli yazı üsulundan, Azərbaycan ədəbiyyatına marağın azalma səbəbindən, çəkdiyi Vətən həsrətindən və rəhbəri olduğu "Ulduz” jurnalının fəaliyyətindən danışıb.
Yaradıcılığın planlı olmadığını deyən Qulu Ağsəsə görə, bir çoxları üçün əsas olan uzun müddət oturub, yazı-pozu işləri ilə məşğul olmağı bacarmaqdır. Amma onun yaradıcılıq üsulu bu ənənədən tamam fərqlidir. Oturub yazmağı bacarmadığını vurğulayan şair nə qədər çox yerisə, bir o qədər də çox yazır. Əvvəl bu sözləri özünəməxsus baməzəliyi ilə tanınan şairin növbəti zarafatı kimi anlasaq da, Qulu Ağsəs "oturub fikirləşəndə, şeir yaza bilmirəm” deyərkən ciddi olduğunu dedi: "Belə demək mümkünsə, mən əllərimlə yox, ayaqlarımla yazıram. Saatlarla oturub fikirləşsəm belə, ağlıma bir cümlə gəlməz. Amma təklikdə gəzib, müəyyən bir məsafə qət edən kimi sözlər biri-birinin ardınca düzülür. Hətta beynimdə hazır olan şeirləri belə vərəqə köçürməyə ərinirəm. Nəhayət ki, dünən uzun müddətdir beynimdə gəzdirdiyim bir neçə şeirimi qələmə aldım. Vətənpərvərlik mövzusunda yazdığı "Yurduma dəyən olmasın” şeirinə bəstəkar Xanım İsmayılqızının mahnı bəstələdiyini vurğulayan şair "Xan” qrupunun ifa etdiyi mahnının artıq "youtube”yə yerləşdirildiyini deyib: "Səhv etmirəmsə, gələn ay təqdimatı olacaq. O cümlədən də sürpriz şəxs üçün romanslar üzərində işləyirik. Hələlik ifaçının adını çəkmək istəmirəm, amma onu deyim ki, nadir səsə sahib birisidir. Nadir sözünü elə-belə demirəm. Mənim şeirlərim əsasında hazırlanan romanslar hazır olanda ifaçının Azərbaycanda o cür səsə sahib yeganə insan olduğunu görəcəksiniz”.
- Bəs, yazdığınız mövzular sırf gəzdiyiniz yerlərin ab-havasına uyğun olur, yoxsa...
- Əlbəttə ki, yox. Mən səfər etdiyim, yaxud da gəzdiyim yerlər haqqında şeir yazmıram ki?! Sadəcə olaraq, fikrimdə tutduğum sözləri hərəkətdə ümumiləşdirirəm. Nə zaman ki, yazmağa ehtiyac duyuram, həmin vaxt mütləq 1-2 km yeriməliyəm. Masa arxasına ancaq beynimdə hazır olan şeiri köçürmək üçün otururam. Elə təsəvvür edin ki, özüm özümün mirzəsiyəm, operatoruyam. Yəni hərəkətdə olarkən yazdığım şeirləri vaxt tapanda qələmə alıram.
- Çox maraqlı yazı tərziniz var. Bu vərdiş sizdə uşaqlıqdan var, yoxsa sonradan...
- Həmişə belə yazmışam. Elə ona görə bayaq sanki əllərimlə yox, ayaqlarımla yazıram dedim.
- Əslən Qarabağdansınız. Heç olubmu ki, paytaxtda gəzdiyiniz yerdə ayaqlarınız sizi Ağdama aparsın və işğal altında qalan torpaqlarımıza aid şeir yazasınız?
- Əlbəttə ki. Ölkəsində müharibə gedən yazıçı birbaşa vətəndaş mövqeyi nümayiş etdirməlidir. Düzdür, Qarabağ haqqında ən gözəl əsəri bizim şəhidlər, ən gözəl şeiri ordumuz yazdı və bundan sonra da yazacaq. Amma biz də bir yazar olaraq üzərimizə düşəni etməliyik. Hazırda Moskvada Qarabağ mövzusuna həsr olunan nəsr əsərlərindən ibarət kitab çapa hazırlanır. Həmin kitab üçün "Peyğəmbərin məqbərəsində qətl” adlı hekayə göndərmişəm. Həmin kitab Qarabağın taleyi, əsrin əvvəllərində baş verən hadisələrlə bağlıdır. Təbii ki, mövcud Qarabağ münaqişəsi ilə bağlı da şeirlərim var. Ayaqlarımın Ağdama getməsinə gəldikdə isə Vətən həmişə adamı çəkir. Hələ o torpaqlara getmək qadağandırsa, o zaman insan doğulduğu torpaqlara daha çox can atır. Bəlkə də, Qarabağ bizdə olsaydı, Ağdama getmək əvəzinə Qəbələyə, Şamaxıya getməyi daha üstün tutardım. Amma gedə bilmirəm deyə, təkcə ayaqlarım yox, ürəyim, ruhum, bütün varlığım Ağdama getmək üçün can atır.
- Bəs, nə düşünürsünüz? Bir daha o torpaqlara gedə biləcəyikmi? Sizcə, münaqişənin həlli yolu nədən keçir?
- Dağlıq Qarabağ münaqişəsinin bircə həlli yolu var, o da ermənilərin torpaqlarımızdan rədd olub getməsindən keçir. Bu gün özünü bəşəri, sülhpərəst adlandıran ermənilər Bakıya ayaq açıb, Xocalı abidəsini, Şəhidlər Xiyabanını ziyarət edib, saxta göz yaşı axıdır, erməni vəhşiliklərinə görə üzr istəyirlər. Mən xalqımızın erməni saxtakarlığına yenidən inanmasını istəmirəm. Bütün bunlar timsah göz yaşlarıdır. Ermənistan ordusu Qarabağdan çıxmayınca, bu münaqişənin həllindən söhbət gedə bilməz. İstər sülh, istərsə də savaş yolu ilə biz buna nail olmalıyıq. Əgər erməniləri torpaqlarımızdan qovmağın tək yolu danışıqlar prosesindən keçirsə, eşq olsun, bu sülhə! Yox əgər danışıqlar nəticə verməyəcəksə, eşq olsun savaşa! Əsas odur ki, işğalçıların ayağı torpaqlarımızdan kəsilsin!
- Yazdıqlarınızı kitab halında çap etdirmək planlarınız varmı, yoxsa ona da ərinirsiniz?
- Bir neçə ay əvvəl "Çağdaş Azərbaycan ədəbiyyatı” seriyasından ingilis dilində kitabım çap olunub. Kitab "Dawn” (Dan yeri) adlanır. Şeirlərimi ingilis dilinə yazıçı Kamran Nəzirli tərcümə edib. Bu kitab daha çox xaricdə keçirilən kitab sərgiləri və festivalları üçün nəzərdə tutulub. Düzdür, biz müxtəlif ölkələrdə keçirilən kitab sərgilərinə qatılırıq. Bu cür sərgilər türk xalqları ölkələrində keçiriləndə dil məsələsi bizim üçün böyük problem yaratmır, dilimizdə cüzi fərqlər olduğu üçün bizim ədəbiyyat nümunələrimizi qırğızlar, qazaxlar, tatarlar rahatlıqla oxuyub başa düşə bilirlər. Amma İranda, qərbdə, ərəb ölkələrində keçirilən kitab festivallarında bizim kitablar ancaq poliqrafiya baxımından diqqəti cəlb edir. İngilis dili dünyanın ən aparıcı dili olduğu üçün Kamran Nəzirli ilə birlikdə şeirlərimi məhz bu dilə tərcümə edib, kitab halında birləşdirmək qərarına gəldik.
- Bəs, ana dilimizdə?
- Sözün düzü, Azərbaycanda kitab çap etdirmək məsələsinə həmişə ehtiyatla yanaşmışam. Bunun da səbəbi kitaba ad tapmaq məsələsində çətinlik çəkməyimlə bağlıdır. Əvvəllər şeirlərə ad seçmək də mənim üçün böyük problem idi. Amma sonradan bunun çarəsini tapdım və şeirlərimi adsız yazmaq qənaətinə gəldim. Kitabda isə belə bir şansım yoxdur. Kitabın mütləq adı olmalıdır. Ancaq hər nə qədər ehtiyatlansam da, zənn edirəm ki, artıq yazdığım şeirlərimi kitab halında cəmləşdirməyin vaxtıdır.
- Cəmiyyətdə belə bir şablon ifadə var: "Azərbaycan ədəbiyyatı Biləcəridən o tərəfə keçə bilmir”. Sizcə, yazarlarımızın xaricə çıxış "bileti” nədir?
- Dünyada Azərbaycanı nə qədər tanıyırlarsa, ondan bir az da ədəbiyyatımızı tanıyırlar. Bunun da obyektiv və subyektiv səbəbləri var. Əvvəla onu deyim ki, bir dövlət, millət üçün 25 illik müstəqillik çox azdır. Təəssüflənərək qeyd etməliyəm ki, hələ də bizi Rusiyanın müstəmləkəsi kimi tanıyan ölkələr var. Avropa ölkələrinin bir çoxu belə Azərbaycanı yeni-yeni tanımağa başlayıb. Dövləti belə dünyada tam tanınmayan bir ölkənin ədəbiyyatının xaricə çıxış imkanları axı necə geniş ola bilər? Azərbaycan dünyada özünəməxsus bir yer tutduqdan sonra ədəbiyyatımız üçün də yaşıl işıq yanacaq. Ədəbiyyatımızın dünyaya çıxış biletinin biri də dil faktorudur. Azərbaycan ədəbiyyatını dünya dillərinə tərcümə edən peşəkar yazarlarımız demək olar ki, yox səviyyəsindədir. Biz ingilis, alman, rus, ərəb, italyan dillərində çap olunan bədii əsərləri pis-yaxşı öz dilimizə tərcümə etməyi bacarırıq. Lakin əks istiqamətdə vəziyyətimiz heç də ürəkaçan deyil.
Yeri gəlmişkən qeyd edim ki, İtaliya universitetlərinin birində mənim üç şeirim tərcümə edilərək saytlarda yayımlanıb. Bu barədə mənim email adresimə Milan musiqi akademiyasının professoru, bəstəkar, şair-tərcüməçi Davide Buarter yazı göndərib. Hətta Xalq şairi Məmməd Arazın və Rəşad Məcidin şeirləri də saytda yerləşdirilib. Həmin adam mənə tərcümeyi-halımı yazmaq üçün müraciət edib. Mən də ingilis dilində başa düşsəm də, fikrimi ifadə etməyi bacarmıram. Bunun üçün mütləq bir mütəxəssisə müraciət edib, tərcümeyi-halımı və yeni şeirlərimi tərcümə elətdirib, sonradan italiyalı həmkarıma göndərməliyəm. Düz iki aydır ki, mən onun məktubuna cavab yaza bilmirəm. Halbuki mənim şeirlərimin və tərcümeyi-halımın İtaliya mətbuatında yer alması mənim üçün kifayət qədər uğur hesab olunar. Bunları vurğulamaqda məqsədim odur ki, görün dili bilməməyimiz bizim nə qədər vaxtımızı alır.
- Sizcə, dil bilgisizliyi maneə yaratmasa, Azərbaycan ədəbiyyatı xaricdə uğur qazana bilər?
- Şübhəsiz! Düzdür, bəzən bunun əksini iddia edən adamlar var ki, Azərbaycan ədəbiyyatı dünya dillərinə tərcümə edilsə belə, əcnəbilərin maraq dairəsində olmaz. Amma "Əli və Nino” əsəri bu iddiaların əsassız olduğunun bariz nümunəsidir. İlkin olaraq, alman dilinə tərcümə olunan bu əsər qısa vaxt ərzində ən çox satılan kitablardan birinə çevrildi. Hətta Gürcüstanda "Əli və Nino”ya heykəl qoyuldu. Bakıda bu kitabın adına kitab mağazaları şəbəkəsi yaradıldı. Yəni, bu ad artıq brendə çevrilib. Deməli, bizim nəsrimizin, poeziyamızın düzgün piarı olsa, Azərbaycan ədəbiyyatı xarici ölkələrdə layiqincə tanına və təmsil oluna bilər.
- Sanki Azərbaycan ədəbiyyatına ölkə daxilində də yetərincə maraq yoxdur. Yazarlar bu problemin qaynağını oxucuların üzərinə atır. Oxucular da adekvat cavab qaytarırlar ki, maraqlı əsər yazan yoxdur deyə, biz də dünya ədəbiyyatına maraq göstəririk. Bu barədə Sizin düşüncələriniz maraqlıdır.
- Sözün açığı, bu məsələdə kimin haqlı, kimin haqsız olduğunu araşdırmağa vaxt sərf etsək, uduzan sadəcə Azərbaycan ədəbiyyatı olacaq. Amma bir fakt var ki, texnologiyanın imkanları fonunda kitaba maraq bütün dünyada azalıb. Hər hansı bir şeiri və ya əsəri internet resurslarından əldə edən oxucu niyə kitaba pul versin ki? Lakin Azərbaycana baxanda Gürcüstanda, Türkiyədə kitab oxuyanların sayını qənaətbəxş hesab etmək olar. Bu isə o anlama gəlir ki, Azərbaycanda kitaba olan marağın azalmasının yeganə səbəbi dünyada gedən proseslər deyil. Görünür, biz öz oxucularımızın böyük bir qismini itirmişik. İnkar etməyin heç bir mənası yoxdur, biz özümüz də günahkarıq. Amma olan oldu deyib, üstündən keçməməliyik. Biz axtarıb itirdiyimiz oxucuları geri qaytarmağın yollarını tapmalıyıq. Oxucuları günahkar çıxarıb, mənasız mübahisələrə yol açmaq bizə heç nə qazandırmayacaq. Yazarların öz oxucularını geri qazanmaqdan başqa çıxış yolları yoxdur. Hər bir yazar əsərləri oxunsun deyə yazırsa, deməli, yazmazdan əvvəl kitablarını oxutmağın yollarını tapmalıdır. İkinci və ya üçüncü bir yolumuz yoxdur. Əslində kitab çapından söz düşəndə, ad tapa bilmədiyimi, ərindiyimi deyirəm, amma bir səbəbi də məhz bu problemlə bağlıdır. Fikirləşirəm ki, indiki reallıqda uzağı 500 tirajlıq bir kitab çap edə bilərəm. Onu da ki, ancaq dost- tanışa paylayacam. Əmin deyiləm ki, 1000-2000 tirajlıq kitab çap eləsəm, alan olacaq.
- "Ulduz”da vəziyyət necədir?
- Aprel döyüşlərində şəhid olan döyüşçülərimizin xatirəsinə "Esse müsabiqəsi” elan etmişdik. Elə bu yaxınlarda AYB.az saytı ilə birgə təşkil etdiyimiz Qarabağ mövzusunda esse müsabiqəsinin yekunu ilə bağlı tədbir keçirildi. Müsabiqəyə 50-dən çox yazı təqdim edilsə də, onlardan yalnız 16-sı esse janrının tələblərinə cavab verirdi deyə, müsabiqəyə buraxılıb.
Həmin yazıları müsabiqənin eksperti, tənqidçi Əsəd Cahangirə göndərdik və dəyərləndirmədən sonra Rəşid Bərgüşadlının "Tikanlı cığırlar” essesi qalib gəldi. Müəllifin mövzuya yanaşmasındakı orijinallığı, mətnin aktuallığı kifayət qədər diqqət çəkən idi. Bu cür müsabiqələri müxtəlif mövzularda davamlı şəkildə keçirmək planlarımız var. Çox güman ki, uşaq ədəbiyyatı sahəsi ilə bağlı elan edəcəyik. "Ulduz”un sayında isə AYB sədri, Xalq yazıçısı Anarın "Molla Nəsrəddin -110 il sonra” kitabını oxuculara pulsuz hədiyyə eləmişik. Bu bir kampaniya xarakterlidir. Müəlliflərin "Ulduz”a hədiyyə etdikləri kitabları biz də jurnal alan oxucularımıza hədiyyə edirik ki, insanlarda kitaba maraq artsın. Həm də bu kitaba maraq sayəsində "Ulduz”un bu sayı sürətlə yayıldı.
- Əvvəllər "Ulduz”dan narazı gənclər çox
idi. Amma son zamanlar jurnalın fəaliyyəti
ilə bağlı etirazlar səngiyib. Və bu, sizin baş
redaktor olduğunuz vaxtdan sonra baş
verib. Narazılıqların səngiməsi sizin
uğurunuzdur, yoxsa gənclərin "Ulduz”
a marağı azalıb?
- "Ulduz”un hər
bir sayı gənclərlə söhbət
və onların əsərləri ilə başlayır. Hər ay mütəmadi olaraq başqa bir gəncin dərgidə kitabını
çap edirik. Yəni ki, "Ulduz” jurnalı hər zaman gənclərin üzünə açıq
olub, öz səhifələrində onlara
yer verib. Ola bilər ki,
kiminsə yazıları
bizi qane etməyib deyə, onun əsərlərini işıqlandırmamışıq. Azacıq istedadı olan heç bir gənci əliboş qaytarmamışıq. Düşünmürəm
ki, gənclərin
"Ulduz”a marağı
azalıb. Onların hamısı
öz yazılarının
jurnalda çap olunmasında maraqlıdırlar.
Hər gün mənim və jurnalın digər əməkdaşlarının email ünvanlarına, feysbuk hesablarına tanımadığımız
insanlardan şeirlər,
yazılar göndərilir.
Biz də seçib
yaxşılarını çap
edirik. Dəfələrlə olub ki, tanımadığım adamların
sosial şəbəkələrdə
rastlaşdığım şeirlərini
özündən belə
xəbərsiz çap
eləmişəm. Onları dəvət
edib, öz yardımlarımızı təklif
etmişəm. Elə vaxt
da olur ki,
gənclər özləri
gəlib, təşəkkür
edirlər ki, xəbərim olmayıb heç, yazım jurnalda çap olunub. Hətta "Ulduz”da çıxan
yazılar haqqında ekspertlərimiz geniş təhlil yazır və həmin təhlillər yenidən jurnalda çap olunur. Qonorar fondumuzdan pul
ayırıb onlara vəsait də ödəyirik.
- Son vaxtlar tendensiyaya çevrilmiş bir hal da var:
başqalarını inkar
etmək. Necə baxırsız bu
məsələyə? Doğrudanmı, özünü təsdiqin yolu başqalarını inkardan
keçir?
- Əvvəla, onu deyim ki, yazıçılar, şairlər onsuz da cığal olurlar. Bu həmişə belə olub. Elə bu gün gənclərin gedib - gəlib sataşdığı Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin özü də həyatı boyu cığal olub. Ona görə də, bu kimi halların tedensiyaya çevrilməsində, gənclərin cığallıq eləməsində elə bir problem görmürəm. Əgər gənclərimiz klassiklərimizlə bəhsləşirsə, deməli, onları özündən üstün tuturlar. Heç kəs özünü geridəki adamla müzakirə eləmir. Əsas məsələ odur ki, gənc yazarlarımız bəyənmədikləri şairlərimizdən, yazıçılarımızdan artıq Azərbaycan ədəbiyyatına nə verəcəklər? Yaxud da onlar səviyyəsinə yüksələ biləcəklərmi? Səməd Vurğun da, Bəxtiyar Vahabzadə də, o cümlədən də gənclərin tənqid etdiyi digər görkəmli şəxsiyyətlərimiz öz yaradıcılıqları ilə Azərbaycan ədəbiyyatı tarixində silinməz iz buraxıblar. Bəs, bunlar nə edəcək? Bax, onu zaman göstərəcək.
Şəymən
Şərq.-
2016.- 17 noyabr S.7