Yuxu, Su, İşıq və
Həsən bəy Zərdabi
Akif
Aşırlı
Tarixi şəxsiyyətlərin həyatının
bədii təsviri müasir qəhrəmanların ədəbiyyatda
əksindən daha çətin prosesdir. Məhz
ona görə də yazıçıların əksəriyyəti
həyatda gündəlik qarşılaşdığı
insanların təsvirini ədəbi fakta çevirməyə
çalışaraq çağdaş qəhrəmanlar
yaradırlar. Çünki müasir ədəbi qəhrəmanı
yazıçı daha yaxından müşahidə edə, mənəvi,
psixoloji durumunu izləyə bilir və bu yaradıcılıq
texnologiyası əlavə enerji itkisi yaratmır. Tarixi romanlar,
povest və ssenarilərin yazılma prosesi isə xeyli mürəkkəbdir. Artıq
tarixin toz basan səhifələrindən günümüzə
boylanan şəxsiyyətləri canlandırmaq
yazıçıdan yüksək erudisiya, təhlil,
dövrün ictimai-mədəni mühitini bilmək və
üstəlik danışıq tərzini mənimsəmək
tələb olunur.Tarixi şəxsiyyətlərin Azərbaycan
ədəbiyyatına gətirilməsinin tarixi o qədər də
qədim deyil. N.Nərimanov, M.S.Ordubadi,
S.Vurğun, Y.V.Çəmənzəminli, Ə.Cəfərzadə,
S.Rüstəmxanlı, Aqil Abbas, Fərman Kərimzadə kimi
qələm ustadlarının yaradıcılığında
xalqımızın tarixində mənfi, ya da müsbət
rolu olan şəxsiyyətlərin obrazları canlanıb,
povestlərə, cild-cild romanlara çevrilib. Bu qələm sahiblərinin sayəsində
Sözün və Şərtlərin imkan verdiyi qədər
bu tarixi şəxsiyyətlər ədəbi faktlara
çevrilib. Əli Əmirli, Elçin Hüseynbəyli,
Yunus Oğuz və bir çox müasir
yazıçıların tarixi mövzulara müraciət etmələri
ədəbi ənənələrin yaşadılmasına və
inkişafına böyük töhfədir.Milli
duyğuların təcəssümü olan şeirlər
müəllifi, azərbaycanşünas alim Sona xanım Vəliyevanın
Böyük Azərbaycan mütəfəkkiri, anadilli mətbuatımızın
banisi Həsən bəy Zərdabi şəxsiyyətinə
müraciəti XIX əsrin sonları XX əsrin əvvəlləri
Azərbaycan tarixinə bir növ baş vurması, səyahət
etməsi deməkdir. Çar Rusiyasının müstəmləkəçilik
qanunları və ruslaşdırma siyasətinin yerlərdə
hökm sürdüyü zaman milli şüura, ənənələrə
sadiq, yenilikçi şəxsiyyətlərin yetişməsi,
onların mücadiləsinin qələmə alınması
vacib və olduqca məsuliyyətli işdir.Xatırlamaqda fayda
var ki, maarifçilik hərəkatının banisi, ilk xeyriyyə
cəmiyyətinin qurucusu, milli teatrın və jurnalistika
sisteminin yaradıcısı H.Zərdabi obrazı S.Vəliyevanın
"İşığa gedən yol” romanına qədər
öz ədəbi taleyini gözləyirdi. İndiyə
qədər H.Zərdabi obrazı ədəbiyyatda işlənilməmişdir.Oxuculara
yeni təqdim olunan bu əsərin əsas
üstünlüyü ondadır ki, müəllif bədii təxayülünü
sənədlər, tarixi faktlarla ümumiləşdirir və
xronoloji ardıcıllığı qoruya bilir."İşığa
gedən yol”un ümumi, yığcam qiymətini müəyyənləşdirmək
istəsək, aydın olar ki, əsər XIX əsrin sonu XX əsrin
əvvəlki Qafqazın ictimai, siyasi, mədəni
mühitinin ədəbi həll faktıdır. Müəllif
Həsən bəy Zərdabinin timsalında Azərbaycanın
həmin dövr yaşantısını, siyasi, ictimai, mədəni
və etnoqrafik obrazını yaradır.Uzunmüddətli
yaradıcılıq işi olan "İşığa gedən
yol” romanı Azərbaycan bölgələrinin vəziyyətini,
ictimai problemlərini özündə ehtiva etməklə
yanaşı həm də mətbuat və teatr tariximizin təsviri
və tədqiqini əks etdirən sənədli əsərdir.Əsərin
qəhrəmanının Zərdabdakı uşaqlıq illəri,
Tiflisdəki gimnaziya həyatı, Moskva universitetində
qarşılaşdığı təhsil və eşq hekayəti,
Borçalıda, Qubada məmur obrazı və ən nəhayət
xalqın maariflənməsi üçün Bakıda
gördüyü çoxistiqamətli fəaliyyəti əsər
boyu oxucunu yormur. Çünki əsərin dili
olduqca rəvandır, anlaşılan və
axıcıdır. Yüyrək bir dildə qələmə
alınan bu irihəcmli romanın üstün cəhətləri
çoxdur və onlardan biri də Həsən bəy Zərdabi
və islam faktoruna yanaşma metodudur.Müəllif müasir
dövrümüzə qədər gəlib çıxan,
elmi-fəlsəfi, akademik araşdırmalarda tez-tez istifadə
olunan H.Zərdabinin ateist olması iddiasını ciddi-cəhdlə
əsaslandırmağa çalışanlardan fərqli yol
tutur və həqiqəti ortaya qoyur.Vaxtilə mədrəsədə
ona dərs demiş Molla Məhəmmədlə
görüşünü dialoq şəklində qələmə
alan müəllif Zərdabinin heç də islam tarixinə,
mədəniyyətinə biganə qalmadığını
göstərir."Molla, yadındadırmı
bizə müxtəlif hədislər haqqında söyləyirdin,
Peyğəmbərimiz nə buyurmuşdu? Buyurmuşdu
ki, Əli elmin qapısıdır. Mən
də həzrət Əlinin qapısını açdım,
elmə, obama, həzrəti Peyğəmbərimizin, Əlinin
buyurduğu, məsləhət bildiyi elmi, elmin
işığını xalqımıza gətirməyə
çalışdım. Tək dini təhsil
imamı kamil öyrədə bilməz”.
Hər
yeni bir işə başlayanda Zərdabi üzünü
Tanrıya tutur, ondan güc-qüvvət istəyir, dərdli, əzabkeş
millətinə nicat diləyir: "Allahım mənə həyatda
edə biləcəyim bütün işləri sən
buyurdun, mənim taleyimi, həyat amalımı sən müəyyən
etdin, indi mənə həm də yetərincə güc və
iradə ver ki, sona qədər bu yolla gedə bilim”. Müəllif
əsərin bir çox yerində Tanrı ilə H.Zərdabinin
iç söhbətini qələmə alır və bununla
da H.Zərdabinin timsalında müsəlman maarifçi,
yenilikçi obrazının cizgilərini yaradır.Rusiyanın
"çalxalanan dövrü”ndə Moskvada ali təhsil alan
Zərdabinin Vera adlı rus qızı ilə yaşanan ilk gənclik
macəralarını və Bakıya qayıdandan sonra yuxusunda
ona aşina olan, adını gimnaziyanı bitirən
qızların siyahısında gördüyü Hənifə
xanım Abayevaya elçi düşməsini ümumiləşdirərək
bədii yozum verən müəllif faktların bədiiləşdirilməsində
heç bir mübaliğəyə yer vermir. S.Vəliyeva
sənədlərə, memuarlara, dövrün mətbuat səlnamələrinə
söykənir. Zərdabinin
ömür-gün yoldaşı Hənifə xanım Məlikovanın
1925-ci ildə qələmə aldığı xatirələrindəki
fakta söykənərək müəllif Moskva universitetinin
rektoru Solovyovun qızının timsalında Vera
obrazını yaradır. Mənsub olduğu millətə
xidmət borcunun tələb etdiyi şərtləri öz
iç dünyasından keçirən əsərin baş qəhrəmanı
Veraya olan məhəbbətindən keçməli olur. Çünki o buna məcburdur. Gözünün
qarşısında anası Mənzər xanımın
qardaşı çar generalı Fərəc bəy Ağayev
durur. Rus ordusunda general rütbəsinə qədər rəşadətli
hərbi yol keçmiş F.Ağayevin xristianlığı qəbul
edərək rus xanımla evliliyinin gətirdiyi faciələr,
bütün qohum-əqrəbanın ondan imtinası, milli məişətdən
uzaqlaşdırılması Həsən bəyi ailə qurmaq
məsələsində ehtiyatlı davranmağa sövq edir.
S.Vəliyeva sanki bununla bu gün xaricdə təhsil alan gənclərəüz tutur, H.Zərdabinin
sevgi tarixçəsini misal gətirir və onlara öz
xalqının gözəl xanımlarıyla ailə
qurmasını bir növ tövsiyə edir. Həsən bəyi
çılğın ehtirasla sevən Veranı Hənifə
xanım Məlikova ilə müqayisə edən müəllif
milli oyanışda, ilk anadilli qəzet təsisində, milli
teatr, ictimai xeyriyyə cəmiyyəti yaratmaqda Veranın Həsən
bəyə çiyin verəcəyini, dayaq olacağına
inanmır. Və bununla da ömür-gün
yoldaşı seçimində H.Zərdabinin
yanaşmasını, iradəsini örnək göstərir.
Romanın ən üstün cəhətləri həm də
etnoqrafik etüdlərə kifayət qədər yer verilməsi
və xalqın milli adət-ənənələrinin
qorunmasına çağırışların
olmasındadır. Türk-müsəlman
xanımlarının geydiyi butalı əbanın təsviri,
belə gümüş kəmər taxmaları, anaların
övladlarının gələcəyi üçün
hazırladığı cehiz sandığı, Novruz
bayramı çərşənbələrin keçirilmə
qaydaları əsər boyu xatırlanır və ədəbi
obrazlarla cilalanır.
Qeyd etmək lazımdır ki, "İşığa
gedən yol” milli mətbuat tariximizin bədii obrazlarla oxucuya
çatdırılması üçün böyük mənbə
rolunu oynaya bilər. "Əkinçi”nin çətinliklərlə ərsəyə
gəlməsi, "Ziya”, "Ziyayi Qafqaziyyə”, "Kəşkül”,
"Şərqi-rus”, "Həyat”, "Kaspi” qəzetlərinin
fəaliyyəti və bu mətbu orqanlarının
yaradıcılarının obrazları əsər boyu hadisələrin
iştirakçılarına çevrilir, tarixdə
oynadıqları rol xatırlanır.
"Əkinçi”dən
sonra 1883-cü ildə Tiflisdə Ünsizadə
qardaşlarının nəşr etdikləri "Kəşkül”ün
bağlanmasını təhkiyə üsulu ilə müəllif
oxuculara Fərəc bəy Ağayevin dilindən bu cürə
təqdim edir: "Bilirsiniz, mən bu xəbəri həyəcanla
qarşıladım. "Əkinçi”dən
sonra gözümüzü "Kəşkül”ə
dikmişdik. Çox ciddi və ehtiyatlı iş
görülsəydi, yenə də bəhanə
tapacaqdılar”. F.Ağayevin təəssüf
hissinə qatılan H.Zərdabi yeni anadilli mətbuatın
yaradılması üçün bütün vasitələrdən
istifadəni məqbul sayır. Ümid yenə də
xeyriyyəçi, messanat, millət atası
ünvanını alan Hacı Zeynalabdin
Tağıyevə qalırdı. Zərdabda
sürgün həyatı yaşayan Həsən bəyi
"Kaspi”yə dəvət edən də, sonradan "Həyat”ı
yaradan da o oldu. Tarixi dəlillərə,
faktlara söykənərək S.Vəliyeva dövrün qələm
sahiblərinin öz ağsaqqal müəllimlərindən
qidalandığını dönə-dönə
xatırladır.
Əsərin
son bölümlərində H.Zərdabinin Bakı
Dumasındakı fəaliyyəti, erməni
daşnaklarının bəd niyyətlərinin
qarşısının alınması, 1905-ci ildə
Bakıda ermənilərin törətdikləri faciələr,
"Kaspi”nin mərkəzi rus mətbuat orqanlarının
yaydıqları böhtanlara cavabı və "Həyat” qəzetinin
nəşri ardıcıl olaraq oxuculara
çatdırılır. Xronoloji
ardıcıllığın qorunması oxucunun bilgiləndirilməsinə
xidmət edir ki, bu da müəllifin tarixi faktlara dəqiq
yanaşmasının nəticəsidir.
Ömrünü
millət yolunda fəda edən H.Zərdabinin ölüm səhnəsinin
təsviri də olduqca duyğulu, hüzünlü fikirlər
və səhnələrlə qələmə alınıb:
"Hənifə xanım onun əlini əlinə aldı,
gülümsəyərək gözünü yumdu, sanki son dəfə
dərindən nəfəs alırmış kimi bütün
nəfəsini içinə çəkdi və bir daha geri
qaytarmadı həmin nəfəsi. Bu an Hənifə
xanımın ətürpədən hönkürtüsü
evi başına aldı. Həsən bəy
artıq gözlərini əbədi yummuşdu”.
Əsərin
milli məzmunu həm də ondadır ki, oxucunu tək tarixi
şəxsiyyətlərlə qarşılaşdırıb,
onların həyat hekayələrini dinləməyə
sövq etmir, türk mifoloji düşüncəsini mətnin
iç qatına daxil edir. 600 səhifəlik əsərdə
İşıq, Su və Yuxunun Həsən bəy Zərdabi
ömürlüyündə oynadığı mifik rol fəlsəfi
və bədii məzmun qazanır.
İşıq Müstəqil Azərbaycandır. 1918-ci ilin
mayında istiqlaliyyətini bütün dünyaya bəyan edən
Azərbaycan Xalq Cümhuriyyətidir. H.Zərdabi
əsərin əksər hissələrində bu
İşığa doğru addımlayır. Bu əzmkar obrazın bütün əməli fəaliyyəti
məhz ona köklənib.
Su aydınlıqdır. Əsərin qəhrəmanının
Kürün, Xəzərin üzərində salınan
körpü ilə İşığa doğru gedir. Müstəqil Azərbaycanın aydın yolu
olduğuna müəllifin bir işarəsidir.
Və ən nəhayət Yuxu mifik obrazıdır. Yuxu şaman
türklərində öngörmədir. Üzləşəcəyi
bütün çətinliklər və bu çətinliklərdən
qurtulmağın yolu Həsən bəyə bu Yuxularla
çatdırılır.
S.Vəliyevanın bir qələm əhli,
yazıçı kimi üstünlüyü bu üç
mifoloji komponenti qəhrəmanın həyatı ilə
bağlaya bilməsindədir.
Və ən nəhayət Yuxu çin olur. Həsən
bəy Zərdabi Azərbaycan Xalq Cümhuriyyətini və bu
cümhuriyyətin siyasi varisi müstəqil Azərbaycanı
ruhən görür və sevinir.
Akif
Aşırlı
Şərq.-
2016.- 8 oktyabr.- S.5