İslam ölkələrinin jurnalistləri həmrəy olacaqlar
İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistlər
Assosiasiyası bu məqsədlə
yaradılıb
Oktyabrın 3-də Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının niyyət konfransı baş tutub. Konfransı İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasov açaraq qurumun fəaliyyəti, qarşıya qoyduğu məqsədlər barədə məlumat verib. Sonra F.Abbasovun İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının yaranma zərurəti, məqsədi və vəzifələri ilə bağlı məruzəsi dinlənilib.O qeyd edib ki, regional, dini baxımdan bir çox jurnalist təşkilatları, birlikləri yaradılıb. Bu təşkilatlar əsasən onların öz maraqlarını ifadə edir. Bununla da jurnalist peşəkarlığı, doğru, dəqiq xəbər yayılması ilə bağlı hüquqlar pozulur. Bundan ən çox zərər çəkənlərin isə islam ölkələrinin olduğunu desək, səhv etmərik. İslam ölkələrinə yönələn bu siyasətə qarşı fəaliyyət göstərən, haqq səsini ucaldan media qurumu isə yox dərəcəsindədir.Sözügedən birliyin mahiyyətindən söz açan "Trend” informasiya agentliyinin baş direktorunun müavini Emil Hüseynli qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistlər Assosiasiyası kimi qurumun formalaşması, fəaliyyəti sözsüz ki, qlobal məsələlərdə vahid platformadan çıxış etməyə bir tribuna yaradır: "Son illərdə dünyada gedən proseslər bir daha onu göstərdi ki, bu cür təşkilatlanmaya ehtiyac var və yarana biləcək təhlükənin qarşısını almaq üçün bir səmərəli vasitə ola bilər. Elə bu təşkilatın yaranmasının əsas məqsədi, mahiyyəti islam ölkələrinə qarşı qərəzli siyasətin qarşısını almaq, hətta deyərdim, "hücum diplomatiyası”na söykənərək tutarlı yazılarla, təhlillərlə, bəyanatlarla çıxış etməkdir. İslamafobiya meyillərinin güclənməsi özü-özlüyündə, təsadüfən yaranmayıb ki? Qərb texnoloqlarının hazırladıqları xüsusi proqramlarla xristian mediasında islamafobiya meyillərini artıran "təhlillər”, ekspert açıqlamaları yayırlar, bir növ ictimai şura yalançı təbliğat vasitələrini yeridirlər. İslam dini haqqında yanlış rəy formalaşdırmaq cəhdləri artdığı bir zamanda İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistlər Assosiasiyası buna qarşı adekvat addımlar atmaq gücündə olacaq. Son illər islam dünyasında yaranan münaqişə ocaqlarına fikir verin - Yaxın Şərq hadisələri, Fələstin xalqının milli müstəqillik uğrunda mübarizəsi, Suriyada hərbi əməliyyatlar, Dağlıq Qarabağ münaqişəsi. Bütün bunlar onu göstərir ki, İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistlər Assosiasiyası kimi qurumlar yaradılması zəruridir və islam dünyasında davamlı sülhün və təhlükəsizliyin təmin olunmasında vahid məqsəd uğrunda səfərbər olunaraq mübarizə aparmaq lazımdır.Ekspertin fikrincə, bu qurum islamafob meyillərin zəifləməsində effektli təsir göstərə bilər: "Assosiasiyanın Bakı görüşündə qəbul edilən bəyanatda açıq şəkildə vurğulanır ki, islam dini haqqında yanlış rəy formalaşdırmaq cəhdləri narahatlıq doğurur. Qeyd edilir ki, Qərbin islamafob dairələri, onların idarə etdiyi transmilli KİV-lər və təşkilatlar müsəlman dünyasında baş verən hadisələri, prosesləri birtərəfli və əsasən, qərəzli formada təqdim edir. Buna görə də beynəlxalq ictimaiyyətdə müsəlman ölkələri və islam dini haqqında yanlış təsəvvür yaranır. İslam terrorla eyniləşdirilir, hər bir müsəlman isə potensial terrorçu obrazında təqdim olunur. Yaranmış vəziyyət müsəlman ölkələri arasında fikir ayrılıqlarının aradan qaldırılmasının, vahid mövqeyin formalaşdırılmasını tələb etdiyi kimi informasiya sahəsində də qarşılıqlı əlaqələrin gücləndirilməsini zərurətə çevirib. Bəyanatda səslənən bu fikirlər deməyə əsas verir ki, Qərbin idarə etdiyi mətbuat hansı qərəzli siyasəti yeridəcəklərsə, ona islam ölkələrinin jurnalistləri tutarlı cavab verəcəklər”.E.Hüseynli hesab edir ki, qurumun effektli olması üçün koordinasiyalı işlər gücləndirilməlidir: "Bu baxımdan birliyin ortaq media quruluşunun yaradılması effektli olar. Quruma üzv olan ölkələr bu mövzuda yazılarını, informasiyalarını yerləşdirməklə təbliğat maşınını işə salarlar. Hətta, düşünürəm ki, qurumun vahid bir sosial şəbəkəsi yaradılsın. Feysbuk, tvitter sosial şəbəkələri vasitəsilə insanların ictimai şüuruna təsir edilir. Niyə islam ölkələri də bu cür vahid bir şəbəkə yaratmasınlar? Həm sayt, həm sosial şəbəkələr vasitəsilə islam ölkələrində baş verən proseslər, münaqişə ocaqları, o cümlədən Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri dünyaya çatdırmaq daha asan olar”."Teleqraf Holdinq”in baş direktoru Aynur Camalqızı sözügedən tədbirin, irəli sürülən təşəbbüsün olduqca əhəmiyyətli bir addım olduğunu söyləyib: "Belə bir layihənin həyata keçirilməsi nəinki Azərbaycan, bütövlükdə müsəlman və türk dünyası üçün olduqca zəruri idi. Müsəlman və türk dünyası ilə dövlətlərarası, rəsmi əlaqələr yüksək səviyyədə qurulub. İslam Əməkdaşlıq Təşkilatında digər müsəlman dövlətlər kimi Azərbaycan da yüksək səviyyədə təmsil olunur. Ümumilikdə islam dövlətləri ilə sıx əlaqələrimiz mövcuddur. Eynilə bu münasibəti türkdilli ölkələrə də aid edirəm. Bizim türk dövlətləri ilə yüksək səviyyədə dostluq-qardaşlıq münasibətlərimiz var. Rəsmi əlaqələr də arzu olunan səviyyədədir. İndi isə bu münasibətlərin, əlaqələrin media müstəvisinə gətirilməsi, bu dövlətlərdə fəaliyyət göstərən media qurumlarının, həmçinin həmin media qurumu rəhbərlərinin, orada çalışan əməkdaşların bir araya gətirilməsi olduqca əhəmiyyətli, zamanında verilmiş bir qərardır. Bu addım ölkələrimiz və medialarımız arasındakı əlaqələri daha da genişləndirəcək. Nəticədə müxtəlif müsəlman-türk ölkələrindəki media mənsubları ilə sıx əməkdaşlıq əlaqələri qurulacaq. Bununla da biz öz ölkələrimiz barədə xarici mətbuatda, o cümlədən Avropa və Qərb mətbuatında heç bir həqiqətə uyğun olmayan, dezinformasiya xarakterli məlumatların yayılmasına qarşı fəaliyyət ortaya qoymuş olacağıq. Bugünkü reallıq bundan ibarətdir ki, dünya mediasında sadəcə müstəqil Azərbaycanla bağlı deyil, digər müsəlman-türk dövlətləri barədə də həqiqətdən kənar, daha çox təzyiq və təsir xarakteri daşıyan məqsədli məlumatlar yayılır, həmin ölkələr barədə yanlış rəy formalaşdırılır. Bəzi güc mərkəzlərinin bu cür fəaliyyət həyata keçirməsi nəticəsində islamafob meyillər daha da güclənir. Bunun qarşısını almağın yolu maariflənməkdən, bilikdən, məlumatlandırmaqdan keçir. İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası da məhz bu funksiyanı yerinə yetirəcək. Düşünürəm ki, birlikdə ölkələrimiz barədə yayılan yalanları ifşa edəcək, öz dövlətlərimizi, xalqlarımızı, dövlət başçılarımızın həyata keçirdiyi uğurlu siyasəti, islam dini, islam aləmi barədə müfəssəl məlumatları dünyaya doğru-düzgün çatdıracağıq”.Ölkə.az saytının baş redaktoru Məmməd Gülməmmədov qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin jurnalistlərini bir araya gətirəcək vahid platformaya ehtiyac var idi: "Bu ideyanın həyata keçirilməsi üçün real addımların atılmasını müsbət hal kimi qiymətləndirirəm. Düşünürəm ki, bu platforma ilk olaraq təşkilata üzv dövlətlər arasında əlaqələrin daha da yaxşı qurulmasında, əməkdaşlığın genişlənməsində mühüm rol oynayacaq. Bilirsiniz ki, dünyada geniş yayılmağa başlayan islamafob meyillərində maraqlı ölkələr var. Hətta mən deyərdim ki, bu, uzun illərdir gizli şəkildə planlanmış, indi isə həyata keçirilən çirkin kampaniyadır. İslam dinini terrorla birbaşa əlaqələndirmək, mənfi rəy formalaşdırmaq istəyən müəyyən maraqlıdairələrə qarşı İƏT ölkələri də hərəkətə keçməli, insanların yanlış məlumatlandırılmasının qarşısını almaq üçün addımlar atmalıdır. Bir çox müsəlman ölkəsində gedən proseslərin işıqlandırılmasında transmilli medianın roluna nəzər salsaq, açıq şəkildə görərik ki, bu hadisələr birtərəfli və qərəzli formada verilir, islam haqqında beynəlxalq ictimaiyyətdə qeyri-obyektiv və yanlış fikir formalaşdırılır, müsəlmanlar terrorçu kimi təqdim edilir. Diqqət yetirin, 20 ildən artıqdır ki, mənfur qonşularımız Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycan ərazisinin 20 faizini işğal edib, bizim tarixi, milli, mədəni və dini abidələrimiz dağıdılıb. BMT tərəfindən müvafiq qərar və qətnamələr qəbul edilməsinə baxmayaraq Ermənistan nəinki beynəlxalq qanunları, nüfuzlu təşkilatların qərarlarını saymayıb, həm də Qərbin islamafob dairələrinin, transmilli mətbuat orqanlarının imkanlarından istifadə edərək öz işğalçı siyasətinə həyasızcasına haqq qazandırmağa çalışır. Bu kimi faktlar islam həmrəyliyinin gücləndirilməsinin, informasiya sahəsində əməkdaşlığın artırılmasının, əlaqələrin yüksək səviyyədə qurulmasının zəruriliyini açıq şəkildə ehtiva edir”.Müsahibimizin qənaətincə, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mətbu orqanları arasında əlaqələrin qurulması, birgə fəaliyyətin olması və onlayn resursların yaradılması mütləqdir: "Media dünyada prioritet sahələrdən birinə çevrilib, KİV sahəsində də çevik siyasət xüsusi önəm kəsb edir. Bu, ictimai rəyi istiqamətləndirən ən əsas amildir. Bundan maksimum yararlanmaq və öz həqiqətlərimizi dünyaya çatdırmaq üçün birgə addımlar atmalıyıq. Ümid edirəm ki, İƏT ölkələri tərəfindən yeni yaradılacaq platforma öz işini uğurlu quracaq və faydalı şəkildə fəaliyyət göstərəcək”.
Ayyət Əhməd
Şərq.-
2016.- 8 oktyabr.- S.11