“Diaspora təşkilatları siyasi xarakter daşımalıdır
Faiq Səfərov: “Dağlıq
Qarabağ münaqişəsinin
həlli üçün
yeni texnologiya yaratmışıq”
“Biliyi olmayan, özünü tanımayan biri xaricdə öz ölkəsini necə tanıdacaq?!”
XX əsrin sonlarından etibarən dünyanın siyasi sistemində ciddi dəyişikliklər baş verdi və yeni-yeni müstəqil dövlətlər meydana gəldi. Artıq dünya dövlətlər vasitəsilə deyil, böyük təşkilatlar, cəmiyyətlər vasitəsilə idarə olunur. Bunun ən bariz nümunəsi kimi müxtəlif ölkələrin xaricdəki lobbilərinin öz dövlətlərinin xeyrinə çalışmasını göstərmək olar.
Azərbaycanın xaricdə tanıdılması istiqamətində dövlət hər cür şərait yaratsa da, sayı-hesabı bilinməyən diaspor təşkilatları bəzən bir araya gələ bilmir, parçalanır və görülən işlər effektini itirir. Təkcə Avropanı götürsək, burada onlarla diaspor təşkilatı var ki, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq əvəzinə, həmin ölkələrdə özlərinin biznes fəaliyyətini genişləndirməklə, dövlətdən ayrılan pulları şəxsi mənafeləri üçün istifadə etməklə məşğuldurlar. Buna baxmayaraq, dövlətdən hansısa dəstək almadan Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdıran, bu missiyanı layiqli şəkildə həyata keçirən diaspora təşkilatları da mövcuddur. Həmin təşkilatlardan biri Latviya-Azərbaycan Kültür (Mədəniyyət) Assosiasiyasıdır. Bugünlərdə Azərbaycanda olan və vaxt tapıb redaksiyamıza gələn təşkilat sədri Faiq Səfərov birliyin tarixi və fəaliyyəti ilə bağlı "Şərq”in suallarını cavablandırıb. F.Səfərov bildirib ki, o, 18 yaşına kimi Azərbaycanda, paytaxt Bakıda yaşayıb. Daha sonra isə Latviyaya gedib və 50 ildir ki, Riqada yaşayır...
- Öncə təşkilatın yaranma tarixi və fəaliyyəti haqqında məlumat verməyinizi xahiş edərdik. Qurum nə vaxt yaranıb və diaspora işinizi hansı istiqamətdə qurursuz?
- Dünyada ilk Azərbaycan diaspora təşkilatını biz yaratmışıq. Təşkilatımız 1988-ci ildə, hələ Azərbaycan müstəqil olmadığı bir dövrdə yaranıb. Dünyanın müxtəlif ölkələrində yaşayan, fəaliyyət göstərən 50 minə yaxın üzvümüz var. Müstəqil ictimai birliyik və heç kimə tabe deyilik. 1989-cu il martın 21-də ilk dəfə olaraq "Azərbaycan Bazar günü Milli məktəbi”ni təsis etmişik. Həmin məktəbdə tələbələrə 5 dildə - Azərbaycan, türk, latış, rus və ərəb dillərində təhsil verirdik. Bununla yanaşı, məktəbdə təhsil alanlara "Qurani-Kərim”i öyrədirdik. Dünyanın başqa heç bir ölkəsində, nə supergüc sayılan ABŞ-da, nə də qonşu Rusiyada buna bənzər şey yox idi.
Moskvada Azərbaycan diasporasının nümayəndəliyi var idi, amma belə bir məktəb orada yalnız 1991-ci ilin sonlarında yaradıla bildi. Baxmayaraq ki, onların imkanı daha çox idi, amma bizdən sonra məktəb yaratmışdılar. Biz öz cibimizin hesabına 5 dildə təhsil verən məktəb formalaşdırdıq. 1992-ci il martın 10-da Avropanın mərkəzində, 250 milyonluq TV-auditoriyada Çingiz Mustafayevin "Xocalı soyqırımı” adlı video-çəkilişini göstərmişik. Latviyada keçirilən "YURMALA 89” musiqi festivalında "daşnakların” Azərbaycan xalqına qarşı törətdiyi böyük provokasiyanın qarşısını almışıq. Azərbaycanlıların bu ilk böyük konfransda dünyanın aparıcı qəzet, TV və informasiya agentliklərinin müxbirləri də iştirak edirdi. Bu tədbir Latviyada yaşayan Azərbaycanlıların və bütün Dünya Azərbaycanlılarının ilk beynəlxalq qələbəsi sayılır. 2007-ci ildə Latviyada çap olunan, tirajı 40 000 olan "Vesti Seqodnya” qəzetində "Bakıda görüşərik” adında məqaləm çap olundu. Bu məqalədən sonra Azərbaycan-Latviya ticarət dövriyəsi 8 milyon avrodan 32 milyon avroya çatdı. Bu günə qədər bu məqaləni 400 milyon insan oxuyub. Məhz bizim təşkilatın səyi nəticəsində 1992-ci ilin yanvar ayında Latviya Azərbaycanın müstəqilliyini tanıyıb. O cümlədən, təşkilat olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeni texnologiya yaratmışıq. Hətta Azərbaycana Nobel mükafatını gətirməyin yollarını da öyrənmişik.
- Digər diaspora təşkilatlarının fəaliyyətini necə dəyərləndirirsiniz? Sizcə, bu sahədə əsas problemlərimiz nədir?
- Diasporanın ümumi fəaliyyətini
qənaətbəxş hesab etmirəm. Ümumiyyətlə, diaspora
hansısa komitə, qurum-filan deyil, bir ideologiyadır. Bizim təşkilat yaradılan
vaxt Azərbaycanın
imici artıq formalaşmışdı. Ümumiyyətlə, Bakı şəhəri
tarixən çox məşhur olub. XIX əsrin sonu,
XX əsrin əvvəllərində
Çar Rusiyasında
baş verən bütün siyasi-ictimai proseslərin mərkəzi
məhz Bakı idi. İrəvan mərkəz kimi
heç bir rol oynamırdı. Tbilisi isə daha
sonra Stalinə görə şişirdilib,
önə çəkilmişdi.
Amma əhəmiyyətli şəhər
olmasına rəğmən
Bakını dünyada
kifayət qədər
tanıda bilmədik.
Xaricdə çoxları elə
bilir ki, Bakı Gürcüstanın
paytaxtıdır. İşimizi düzgün qurmuruq.
Bildiyiniz
kimi, NATO-nun Şərq
Əməkdaşlığı Təşkilatı 2005-ci ildə
Latviyada yaradılıb.
2006-cı ildə Riqada Şərq sammiti keçirilirdi və mən o tədbirdə iştirak etdim. O zaman NATO-nun Şərq Əməkdaşlıq
Təşkilatı 6 dövlətdən
ibarət idi. Onların içində Azərbaycan
1-ci yerdə dururdu.
Amma zaman keçdikcə, ölkəmiz 5-ci sıraya
düşdü. Ukrayna isə
2-ci yerə qalxdı və Avropa Birliyindən faizsiz 3 milyard dollar yardım aldı. Mən demirəm ki,
Qərb strukturları
Azərbaycana maddi yardım etməlidir.
Məqsədimiz bu deyil.
Azərbaycan dövlətinin maddi
imkanları yüksəkdir.
Ölkəmizdə böyük miqyaslı
beynəlxalq tədbirlər
keçirilir. Bizim məqsədimiz
ölkənin imicini qaldırmaq, dövlətimizi
daha çox tanıtmaqdır. Ancaq bunun
üçün heç
nə etmirik. Adını deməyim, bir deputatımız durub Yeni Zellandiyaya, Avstraliyaya gedir. Orada tədbir keçirir və s. Axı Avstraliya hara, Azərbaycan hara?
- Yəni hesab edirsiz ki, diaspora
fəaliyyəti Azərbaycana
uzaq yox, yaxın ölkələrdə
daha aktiv olmalıdır?
- Fikrimcə, ilk olaraq ətraf dövlətlərdən,
coğrafi və strateji baxımdan bizə yaxın olan ölkələrdən
başlamaq lazımdır.
Məsələn, MDB ölkələri, Mərkəzi Asiya ölkələri və
s. Avstraliyaya gedib gəlməklə, orada hansısa abidə açmaqla diaspora işini həyata keçirmək olmaz.
Yəni bu, qalıcı olmaz. Sabah avstraliyalılar
bizi unudacaqlar. Heç Azərbaycanın harada olduğunu belə xatırlamayacaqlar.
- Vurğuladınız ki, işimizi düzgün qura bilmirik. Sizcə, bunun səbəbləri nədir?
- O gün "Memar Əcəmi” metrostansiyasının
yanından keçəndə
yanımdakı iki yeniyetmədən Memar Əcəminin kim
olduğunu soruşdum.
Onlardan biri dedi ki, "deyəsən şair olub”, digəri
isə onun müğənni olduğunu
söylədi. Daha sonra
TQDK-nın bir açıqlamasına rast
gəldim - "30 min şagird
ana dilindən iki alıb”. Bu misalları çəkməkdə
məqsədim ölkədə
baş qaldıran savadsızlığa diqqət
çəkməkdir. Çox ciddi məsələdir.
Çünki hər şeyin
təməlində savad,
bilik, elm durur. Biliyi olmayan, özünü tanımayan biri xaricdə öz ölkəsini necə tanıdacaq?! Savadlılıq səviyyəsini qaldırmaq
lazımdır. O zaman
ölkəni inkişaf
etdirmək və xaricdə tanıtmaq olar. Bununla yanaşı, Azərbaycana
gələnlərin sayını
artırmaq üçün
addımlar atmalıyıq.
Latviya kiçik ölkədir.
Amma ora hər il
5-7 milyon turist gəlir. Azərbaycana isə maksimum
200 min turist gəlir.
Yalandan rəqəmləri şişirdirlər.
Xatırlayıram, 1980-90-cı illərdə daha həvəslə, maraqla işləyirdik.
O vaxt bizdə ideya, milli ruh
var idi. Təəssüflər olsun ki, indi milli ruh
daha çox maddiyyatla əvəz olunmağa başlayıb.
- Diaspora fəaliyyətində medianın
rolunu necə dəyərləndirirsiniz?
- Bu işdə mətbuat böyük iş görə bilər. Amma medianın ölkəmizdəki
durumu digər ölkələrdən fərqlidir.
Riqada qəzetlərin tirajı
minimum 12-15 mindir. Orada milyonçu
jurnalistlər var. Media çox
güclü silahdır.
Bu gücdən səmərəli istifadə
etməklə bir çox məsələlərdə
müsbət nəticə
əldə etmək olar. Bu yaxınlarda
ANS televiziyasının lisenziyası
ləğv olundu.
Səbəbi çox sadə
idi. Medianın öz konsepsiyası
var, mətbuat dövlət siyasətinə
qarşı çıxmamalıdır.
Fikir verdinizmi, ANS bağlananda heç kim "uf”
belə demədi. İnanın, bütün
televiziyalar bağlansa,
yenə də heç kim
təəssüflənməyəcək.
Çünki əhalinin yarısı
türk, digər yarısı isə rus kanallarını izləyir. Təbii ki, bu, xoşagəlməz haldır.
Televiziyaların durumu, ümumilikdə
qəzet və internet
medianın vəziyyəti
yaxşılaşdırılmalıdır
ki, bu orqanlar
inkişaf edə bilsinlər. Digər bir
məqamı da qeyd edim. Hər dəfə gələndə Bakıda
böyük bir kitab mağazasına baş çəkirəm
və çox az adam görürəm. Amma Riqada
kitabxanalara oxucu əlindən girmək olmur. Eyni zamanda tarixçilərimizin
fəaliyyəti də
məni qane etmir. Məncə, tarixçilərimiz öz peşəsini sevmirlər. Bakıda nə
qədər mədəni-tarixi
abidələr sökülür.
Latviyada demək olar ki, tarixi abidələrə
əl vurmurlar. Əgər zərurət olarsa, kərpicləri nömrələyərək,
ehtiyatla sökürlər
və daha sonra sıra ilə qaytarıb yerinə yığırlar.
- Latviyada nə qədər azərbaycanlı
yaşayır?
- Latviyada sovet vaxtı 10 mindən artıq azərbaycanlı
yaşayırdı. Sonra onların
sayı azaldı.
Hazırda Latviyada 560-600 nəfər
tələbə azərbaycanlı
yaşayır. Düzdür, səfirlər bu rəqəmi şişirdirlər.
Hətta
bəziləri iddia edir ki, Latviyada
2 min azərbaycanlı yaşayır.
Ancaq bu, yanlışdır.
Latviyada işləmək üçün
mütləq dövlət
dili olan latış dilini bilmək lazımdır.
Avropada isə 18 milyon azərbaycanlı yaşayır.
Bilirsiz, xarici ölkələrdə
təşkilatlarımız çoxdur. Amma onların hamısı
məişət qurumları
kimi fəaliyyət göstərir. Əslində isə diaspora təşkilatları siyasi
xarakter daşımalıdır.
Biz diaspora fəaliyyətindən
siyasəti çıxarmışıq,
onun yerini əhəmiyyətsiz şeylərlə
doldurmuşuq. Məsələ burasındadır ki, indiki dövrdə yenidən həmin mexanizmi qaytarmaq mümkün deyil. Ona görə də əvəzinə yeni formul tapmalıyıq.
Yerindən duran deyir ki, "mənim hansısa xarici ölkədə diaspora təşkilatım var”.
Bir vaxtlar Rüstəm İbrahimbəyov, Abbas Abbasov və başqaları Azərbaycan
"diaspora təşkilatı”
yaratdıqlarını iddia
edirdilər. Amma mən
mətbuata çıxdım
və onların qurumunu diaspora yox, "milyarderlər ittifaqı” adlandırdım.
Mənim
sözümdən sonra
bütün mətbuat
o termindən istifadə
etməyə başladı.
- Yəqin ki, mütəmadi olaraq Azərbaycana gəlirsiz, Latviya ilə Azərbaycanı müqayisə edirsizmi?
- Azərbaycana tez-tez gəlirəm. Ümumiyyətlə, Avropa Birliyinin üzvü olduğumuza görə, bütün dünyanı vizasız gəzə bilirik. Hətta Corc Buş sayəsində ABŞ-a vizasız gedib-gəlirik. Məndən Azərbaycan barədə, burdakı yaşayış səviyyəsi haqqında soruşanda ölkəmizi tərifləyirəm. Qətiyyən pisləmirəm, çünki bura bizim Vətənimizdir. Hər zaman Azərbaycanda həyat səviyyəsinin, dolanışığın yüksək olduğunu deyirəm. Bildirirəm ki, azərbaycanlılar hər gün ət yeyir. Amma Riqada ət və meyvələr çox dadsızdır, ərzaqlar kağız dadı verir. Azərbaycanda isə məhsulların keyfiyyəti yüksəkdir.
- Avropa Birliyi ilə Azərbaycanın əlaqələrini necə dəyərləndirirsiniz? Müəyyən vaxtlarda münasibətlər korlanır, daha sonra yenidən əlaqə qurulur...
- Avropa Birliyi Azərbaycanda keçirilən referendumda iştirak etməkdən imtina edirdi və referendumu boykot etməyə çalışırdı. Amma bizim təşkilat Avropa Birliyinin üzvü kimi gəlib Vətənimizdə seçkiləri izlədik, onunla da AB-nin boykotu qüvvədən düşdü. Avropa Birliyi ilə əlaqələri sıxlaşdırmalıyıq. Amma nə Avropa Birliyi, nə də onun nümayəndələri bizə demokratiyadan dərs keçə bilməz. Biz onlara hesabat verməməliyik. Birincisi, AB ictimai birlikdir. İkincisi də qurumun üzvləri bizim pullarımızla dolanırlar. Üçüncüsü isə hələ 4000 il əvvəl Azərbaycan ərazisində yaşayan qədim kuti tayfaları ilk demokratiya institutunu yaradıblar. Daha sonra 1918-ci ildə Şərqdə ilk demokratik cümhuriyyətin əsasını qoymuşuq. Biz həmin xalqıq, ona görə də heç kim bizə dərs verməyə çalışmasın.
İsmayıl
Şərq.-
2016.- 19 oktyabr.- S.7