“Hər tənqidi ümumi
cəmiyyətin ayağına yazmaq olmaz”
Nəriman Əbdülrəhmanlı: “Ola bilər ki, “Qanun” nəşriyyatının buraxdığı kitablarda hansısa söz və ya cümlə kimlərinsə xoşuna gəlməsin”
“Nə qədər oxucu varsa, o qədər də zövq var. Bunları biri-birindən ayırmaq lazımdır”
Nasir-tərcüməçi Nəriman Əbdülrəhmanlı "Şərq”ə maraqlı açıqlamalar verib. Onunla uzun illər çalışdığı və ölkədə aparıcı nəşriyyat olan "Qanun” nəşrlər evinin fəaliyyəti, bu nəşriyyatın cəmiyyətimizə faydası, nəşriyyatın fəaliyyətinə törədilən süni əngəl, "Qanun”la tərcüməçi və yazarlar arasındakı pul qalmaqalı, kitab yarmarkaları, ölkəmizdə kitaba olan marağın artması və başqa məsələlər ətrafında söhbət apardıq.
- "Qanun” nəşriyyatının fəaliyyətini necə dəyərləndirirsiz?
- Bu nəşriyyatın fəaliyyətini, xidmətlərini çox yüksək qiymətləndiririrəm. 10 ildən artıqdır ki, həmin nəşriyyatla birbaşa yaradıcılıq əlaqəsi saxlayıram. Və müəyyən müddət orda çalışmışam. O nəşriyyat rəsmi nəşriyyat kimi yaradıldığında ilk rəhbəri mən olmuşam. "Qanun” nəşriyyatı Azərbaycanın kitab nəşri işində çox ilklərə imza atıb. İlk dəfə tərcümə ədəbiyyatını bu qədər populyarlaşdırıb. Azərbaycan oxucusunu dünya klassiklərinin və ya dünyanın ən məşhur yazıçılarının əsərləri ilə tanış edib. Çox vaxt öz daxili imkanları hesabına bir çox Azərbaycan yazıçılarının kitablarını çap edib, oxuculara çatdırıb. Yəni "Qanun” nəşriyyatı Azərbaycanda kitab nəşri sahəsində aparıcı yerlərdən birini tutur. Təəssüf ki, müəyyən səbəblərdən onun işinə əngəl və çətinliklər törədilir. Buna rəğmən hesab edirəm ki, hazırda "Qanun” nəşriyyatı Azərbaycan kitab nəşriyyatının yeniliklərə imza atmış nəşriyyatıdır.
- Bəzən belə iddialar səsləndirilir ki, "Qanun” dünya ədəbiyyatını tərcümə edib, Azərbaycan cəmiyyətini bəşəri ideyalarla tanış etdiyi üçün ona məqsədli şəkildə maneə yaradılır. Bu, doğru yanaşmadırmı?
- Bu, bir az dilettant fikirdir. Zənnimcə, həmin əngəllər onunla bağlı deyil. "Qanun” nəşriyyatı kifayət qədər azərbaycanlı müəlliflərin də əsərlərini çap edir. Hətta elə vaxt olub ki, öz hesabına gənc yazıçıların əsərlərini çap edib, onları tanıdıb. Sonra azərbaycanlı klassiklərin əsərlərini öz daxili imkanları hesabına çap edib, cəmiyyətə çatdırıb. Yəni bəşəri ideyaları Azərbaycan oxucusuna çatdırdığına görə, kiminsə "Qanun” nəşriyyatı qarşısında maneələr yaratması ağlabatan iş deyil. Mən buna inanmıram.
- Hazırda "Qanun”damı çalışırsız?
- Yox. Orada xeyli müddət çalışdım. Sonradan başqa bir işə keçməyimlə əlaqədar "Qanun”la yollarımı ayırmalı oldum. Amma indi də nəşriyyatın sifarişi ilə kitablar tərcümə edirəm. Öz kitablarımı həmin nəşriyyatda çap etdirirəm. "Qanun” nəşriyyatı ilə qarşılıqlı olaraq daimi əlaqəm var.
- Bilirik ki, "Qanun” nəşriyyatı mütəmadi yarmarkalar keçirir. Bu ənənə ölkəmizdə bədii ədəbiyyata və ümumiyyətlə, kitaba olan marağı artıra bilirmi?
- Ötən 2-3 illə müqayisədə "Qanun” nəşriyyatının bu aksiyaları nəticəsində cəmiyyətdə kitaba meyillənmə ilə əlaqədar dönüş yarandı. Bu nəşriyyat hər həftə paytaxtın insan kontingenti çox olan yerlərində kitab satışı həyata keçirir. Bundan başqa, ali məktəblərdə endirim yarmarkaları təşkil edir. Tələbələrin imkanlarını nəzərə alaraq qiymətləri 50, 70 və 80 faiz aşağı salırdılar ki, tələbələr o kitabları alıb, oxuya bilsinlər. Təbii ki, bu hal çox müsbət bir irəliləyişə səbəb oldu. Düşünürəm ki, 2-3 il əvvəllə müqayisədə kitaba münasibət dəyişib. "Qanun” nəşriyyatının feysbuk səhifəsinə nəzər yetirsəniz görərsiniz ki, bu nəşriyyat kitabın reklamı ilə çox geniş şəkildə məşğul olur. Kitabı cəmiyyətə tanıdıb, oxutmağa çalışırlar. Bu, böyük bir zəhmətdir. Onu dəyərləndirmək lazımdır.
- Bəzən ayrı-ayrı adamlar "Qanun”un tərcümələrinin zəif olduğunu dilə gətirirlər. Doğrudanmı, "Qanun”da bu cür dilettant tərcümələr olur?
- Hər kəsin öz zövqü və bədii səviyyəsi var. Ona görə də, hər deyilən sözü, tənqidi ümumi cəmiyyətin ayağına yazmaq olmaz. Ola bilər ki, "Qanun” nəşriyyatının buraxdığı kitablarda hansısa söz və ya cümlə kimlərinsə xoşuna gəlməsin. Amma "Qanun” əsasən peşəkarlarla işləyir. Kitabları da göz qabağındadır. Yarmarkalarda və ya internet mediada açıb baxa bilərsiniz. Yəni ki, bu, ayrı-ayrı oxucu rəyləri ola bilər. Kimi bəyənər, kimi də bəyənməz. Bunlar ümumi mütləq fikir deyil. Nə qədər oxucu varsa, o qədər də zövq var. Bunları biri-birindən ayırmaq lazımdır.
- Bu günlərdə yazar-tərcüməçi Əziz-Rzazadə "Qanun” nəşriyyatını ona olan borcunu qaytarmamaqda və ümumiyyətlə, bu nəşriyyatı onunla əməkdaşlıq edənlərin əmək haqlarını verməməkdə ittiham edirdi. Bu halı necə dəyərləndirirsiz?
- Nəşriyyat rəhbərliyi ilə əməkdaş arasında olan məsələdir. Mən buna qarışmaq istəmirəm. Məsələnin nə yerdə olduğunu da dəqiq bilmirəm. Və belə bir söz-söhbətin ortaya çıxmasına da təəssüf edirəm. Bu məsələ ictimailəşmədən tərəflər arasında həll oluna bilərdi. Əlbəttə, işləyən adamın haqqı ödənilməlidir. Buna söz ola bilməz. Bu mənada belə söz-söhbətin yayılmasını təəssüflə qarşılayıram. "Qanun” nəşriyyat evinin direktoru Şahbaz Xuduoğlu açıqlamasında qeyd etdi ki, məsələ qapanıb, həll olunub və ortada heç bir narazılıq yoxdur.
- Sizinlə də nəşriyyat arasında belə arzuolunmaz hal yaşanıbmı?
- Yenə bildirirəm ki, 10 ildən artıqdır ki, həmin nəşriyyatla birbaşa yaradıcılıq əlaqəsi saxlayıram. Bu illər ərzində "Qanun”la mənim aramda bu cür hadisə baş verməyib. Nəşriyyat mənim əməyimi qiymətləndirib. Mən də nəşriyyatın tələb etdiyi səviyyəni saxlamağa çalışıram. Hər şeyi qarşılıqlı razılaşma əsasında həll edirik. Heç bir xoşagəlməz hadisə qeydə alınmayıb.
- Ölkəmizdə "Qanun” kimi nəşriyyat evlərinin sayının artırılmasına ehtiyac varmı?
- Azərbaycanda nəşriyyatların sayının artırılmasına ehtiyac yoxdur. Ölkəmizdə kifayət qədər nəşriyyat fəaliyyət göstərir. Sadəcə olaraq, həmin nəşriyyatlara dövlət tərəfindən yardım, diqqət göstərilsə, bunun cəmiyyətə daha çox xeyri dəyər. Birincisi, kitabların çapına tətbiq olunmuş 18 faizlik əlavə dəyər vergisi ortadan götürülməlidir. Bu, dünyada ən yüksək faizdir. Elə ölkələr var ki, onlarda ƏDV 3-5 faizdir. Əlbəttə, ƏDV-nin yüksək qoyulması kitabların qiymətinin artmasına səbəb olur. Nəşriyyat kitablara çəkdiyi xərcə uyğun qiymət qoyur. İkincisi, mən elə bilirəm ki, qəzetlər kimi nəşriyyatlara da heç olmasa, ildə bir dəfə maddi yardım göstərilməlidir. Nəşriyyatlara da bu cür dəstək göstərilməlidir ki, onlar kommersiyaya qaçmadan mədəniyyətə, ədəbiyyata, xalqın mənəviyyatına və tarixinə xidmət edən kitabları çap edə bilsinlər.
Ayyət Əhməd
Şərq.-
2016.- 20 oktyabr.- S.6