KİV RƏHBƏRLƏRİNİN NAXÇIVAN SƏFƏRİ YADDAQALAN OLUB
Rəşad Məcid: “Həqiqətən də “Əshabi-Kəhf” Dini-Mədəni Abidə Kompleksi dini turizmin inkişafı üçün unikal məkandır”
Akif Aşırlı: “Məni ən çox sevindirən Naxçıvanın hər bir rayonunda, kəndində geniş yolların çəkilməsi oldu”
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşəbbüsü və təşkilatçılığı ilə Bakıda fəaliyyət göstərən 20-dək KİV rəhbəri oktyabrın 14-15-də Naxçıvan Muxtar Respublikasında səfərdə olublar. Səfər Naxçıvan şəhərində "Mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi” mövzusunda regional konfransda iştirak etmək məqsədilə təşkil olunub.
2 günlük səfər çərçivəsində Bakıdan gedən 20 nəfərlik nümayəndə heyətinin Naxçıvan Mətbuat Şurası və digər media orqanları ilə görüşü, birgə tədbiri keçirilib. Naxçıvandakı mədəni-tarixi abidələr ziyarət olunub. Nümayəndə heyəti Naxçıvanda medianın vəziyyəti ilə maraqlanıb, iş prinsipi ilə tanış olub. Həmçinin konfrans iştirakçılarına Muxtar Respublikanın gəzməli-görməli yerləri ilə, xüsusən də tarixi abidələrlə yaxından tanışlıq imkanı yaradılıb... Xatırladaq ki, həm konfransın gedişi, həm də redaktorların gəzib-gördükləri yerlər barədə istər mediada, istərsə də sosial şəbəkələrdə geniş məlumatlar, fotoşəkillər və rəylər verilib. Bəs, media kapitanlarının sözügedən səfəri Naxçıvanın tanıdılması, orada görülən işlər və digər məsələlərlə bağlı daha da obyektiv məlumatların yayılması baxımından nə kimi əhəmiyyət kəsb edir?
Naxçıvanda 7 il bundan əvvəl olduğunu deyən "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bir daha şəhərə heyran qalıb: "İlk səfərimdə məni ən çox heyrətləndirən haqqında eşitdiyim, ancaq görmədiyim "Duzdağ” Fizioterapiya Mərkəzi olmuşdu. Bu dəfə də Duzdağdan çox xoş təəssüratlarla ayrıldım. Hesab edirəm ki, Duzdağı təkcə Naxçıvanın deyil, bütövlükdə Azərbaycanın möcüzəsi, təbiətin bizə bəxş etdiyi böyük bir sərvətdir. Çox yaxşı haldır ki, Duzdağın içərisində müalicə müəssisəsi yaradıblar və müəssisə 300-ə yaxın çarpayı ilə təmin olunub. Bronxial xəstəliklər üçün orada yüksək səviyyəli şərait yaradılıb”. Səfər çərçivəsində ötən illəri xatırlayan R.Məcid hesab edir ki, Duzdağ hansısa Avropa ölkəsində olsaydı, bir ölkəni təkcə oradan əldə olunan turistik gəlir hesabına saxlamaq olardı: "Düzdür, Duzdağda şəfa tapmaq üçün İrandan, Türkiyədən, Gürcüstandan, Ukraynadan insanlar gəlir. Onu da deyim ki, Duzdağın yaxınlığında müasir və mükəmməl infrastruktura uyğun "Duzdağ” otelinin tikilməsi də kifayət qədər uğurlu addımdır. Naxçıvanda olan gözəllikləri görməyimizə səbəbkar olduqları üçün Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduna da öz minnətdarlığımı bildirirəm”. Naxçıvanda baş tutan konfransda yerli medianın hökumətlə əlaqələri, medianın durumunun da müzakirə olunduğunu vurğulayan R.Məcid daha sonra "Şərq qapısı” qəzetinin redaksiyası və Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində olduqlarını deyib.
Bu qəzet üçün çox gözəl şərait yaradıldığını deyən baş redaktorda medianın hazırkı vəziyyəti, burada jurnalistlərə göstərilən yüksək diqqət və qayğı ilə bağlı kifayət qədər aydın təsəvvür yaranıb. Faydalı müzakirələrlə yadda qalan konfransda Bakı şəhərində fəaliyyət göstərən KİV-lərlə Muxtar respublikanın dövlət qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edən maraqlı təkliflər irəli sürülüb. Səfər çərçivəsində baş redaktorlar fürsətdən istifadə edərək Naxçıvanın tarixi yerlərini gəzərək şəhərdə həyata keçirilən abadlıq-quruculuq işləri ilə tanış olublar: "Şəhərin gözəlliyi, ruha sakitlik gətirən ab-havası bizi valeh elədi. Biz müqəddəs məkan olan "Əshabi-Kəhf” ziyarətgahını da ziyarət etdik. Həqiqətən də "Əshabi-Kəhf” Dini-Mədəni Abidə Kompleksi dini turizmin inkişafı üçün unikal məkandır. Orda aparılan təmir işləri yüksək səviyyədədir. Qayalıqlarla əhatə olunan bu ziyarətgahın özünəməxsus ab-havası insana xüsusi bir rahatlıq verir, sanki ruhunu yeniləyir. Tarixi abidəni ziyarət edən əcnəbi qonaqlar da həddindən artıq xoş təəssüratlarla qayıdırlar öz ölkələrinə. Daha sonra biz "Əlincə qalası”nda olduq. Qala həm bizə tariximizi xatırlatdı, həm də öz əzəməti ilə zövqümüzü oxşadı. Yenicə təmir olunan qalanın işıqları da ətrafa qeyri-adi gözəllik saçırdı. Bundan əlavə, "Xan sarayı”, Möminə Xatun türbəsinə ziyarət də məndə xoş təəssüratlar doğurdu. Fürsət tapıb Naxçıvanda yerli məhsulların nümayiş olunduğu sərgiyə də baş çəkdik. Naxçıvan Biznes Mərkəzində yerli istehsal və emal müəssisələrinin çoxsaylı məhsullarının nümayiş edildiyi sərgi hamıda xoş ovqat və qürur hissi yaratdı. Hətta öyrəndik ki, əhalinin yerli məhsula olan tələbatının 90 faizi şəhərin özündə istehsal olunur. Bu nailiyyət isə Muxtar respublikada həm sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli liberal mühitdən, həm də zəngin sənaye potensialından xəbər verir. Biz orada olduğumuz müddətdə Naxçıvanın müxtəlif kəndlərində hazırlanan bal festivalı keçirilirdi. Biz də yarmarkada olduq və biri-birindən keyfiyyətli ballardan daddıq. Düşünürəm ki, aparılan uğurlu siyasət nəticəsində arıçılıq Naxçıvanda əhalinin əsas məşğuliyyət növlərindən birinə çevrilib. Bilirsiniz ki, bizim Naxçıvan səfərindən bir gün öncə Xalq şairi Məmməd Arazın doğum günü idi. Biz də fürsətdən istifadə edərək Məmməd Arazın Şahbuz rayonunun Nursu kəndində ötən il istifadəyə verilən ev muzeyini ziyarət etdik. Görkəmli şairimizin xatirəsini anıb, onun şeirlərini səsləndirdik. Xatirə kitabına ürək sözlərimizi yazdıq. Təqdirəlayiq haldır ki, Naxçıvan rəhbərliyi Azərbaycanın böyük şairinə bu cür diqqət göstərib”. R.Məcid hesab edir ki, gələcəkdə bu cür səfərlərə baş redaktorlarla yanaşı, redaktor müavinləri, jurnalistlər də cəlb olunmalıdır: "KİVDF-nin icraçı-direktoru Vüqar Səfərli ilə müzakirələrimiz zamanı bəlli oldu ki, bu cür səfərlərin mütəmadi keçirilməsi ilə bağlı Naxçıvan rəhbəri ilə razılıq əldə olunub. Mən də düşünürəm ki, müxtəlif media orqanlarında çalışan jurnalistlərimiz də gedib Naxçıvandakı inkişafı və füsunkar gözəllikləri öz gözləri ilə görsələr və qayıdıb gördüklərini qələmə alsalar, Naxçıvanın turizm potensialının inkişafına bir təkan olar.
"Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da səfər haqqında təəssüratlarının yüksək olduğunu söyləyib: "2000-ci ildə Naxçıvan üzərindən Türkiyəyə səfər edərkən aeroportda dayanmağımızı saymasaq, 90-cı illərin ortalarından sonra Naxçıvana ikinci səfərimdi. Naxçıvan səfərindən çox xoş təəssüratlarla qayıtdım. Şəhər həddindən artıq müasirləşib və gözəlləşib. Diqqəti cəlb edən yeniliklər çox idi. Məni ən çox sevindirən Naxçıvanın hər bir rayonunda, kəndində geniş yolların çəkilməsi oldu. Eyni zamanda orada təhsilə verilən önəm də son dərəcə müsbət hadisədir.
Naxçıvanın təhsil komplekslərinin hər biri müasir avadanlıqlarla təmin olunub. Hər bir orta məktəb binası az qala Bakıdakı ali məktəb böyüklüyündədir”.
Naxçıvanda insanların sosial həyatının yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atıldığını deyən A.Aşırlı həm də tarixi abidələrə yüksək səviyyədə sayğı olduğunu deyib: "Naxçıvanda tarixi abidələrə məxsusi diqqət ayrılır. Səfər çərçivəsində biz Azərbaycan tarixi üçün mühüm əhəmiyyət kəsb edən Əlincə qalasında olduq. Dəniz səviyyəsindən 3000 metr yüksəklikdə yerləşən bu qalaya çıxmaq əvvəllər çox çətin idi. Amma artıq qalaya rahat çıxmaq üçün yol çəkilib. Bizə verilən məlumata görə, qalaya çıxmaq üçün qurulan pilləkənlərin tikintisində qala ətrafındakı daşlardan istifadə olunub. Pilləkənlər isə işıqlandırma sistemi ilə təchiz olunub. Qala restavrasiya olunsa da, tarixiliyi qorunub saxlanılıb. "Xan sarayı”ndakı eksponatlar da mənim üçün cəlbedici idi. Azərbaycanın müxtəlif bölgələrinə səfər edərkən Heydər Əliyev adına inşa edilən muzeylərdə olmuşdum. Amma tam əminliklə deyə bilərəm ki, ən yaxşı muzey Naxçıvandadır. Orada birbaşa Heydər Əliyevin özünün vaxtı ilə istifadə etdiyi əşyalar qorunur. Heydər Əliyevin Naxçıvan Ali Sovetinin sədri olduğu dönəmlərdə Ali Sovetin bülletenləri nəşr olunurdu. Muzeydə həmin bülletenlər üzərində Heydər Əliyevin redaktə elədiyi sənədlərlə də tanış olduq. Naxçıvanın blokada vəziyyətindən çıxarılması üçün Heydər Əliyevin və Naxçıvanda fəaliyyət göstərən digər insanların fədakarlığını əks etdirən eksponatlar da muzeydə öz əksini tapıb. Sevindirici hallardan biri də artıq Naxçıvanın əhalisini öz məhsulları ilə təmin etməsidir. Səfər zamanı biz Naxçıvan Biznes Mərkəzində olanda ərzaq məhsullarının bir sıra çeşidləri ilə tanış olduq. Hesab edirəm ki, hazırda Naxçıvan öz inkişaf dövrünün mühüm bir mərhələsini yaşayır ki, burada Naxçıvan Muxtar Respublikasının rəhbərliyinin müstəsna xidmətləri var”. Naxçıvanla Bakı arasında çox güclü media əlaqələrinin olmasını vacib hesab edən A.Aşırlının sözlərinə görə, Naxçıvanda gedən inkişaf Azərbaycanın digər bölgələrində də təbliğ olunmalıdır. Eyni zamanda Naxçıvanın turizm potensialını beynəlxalq aləmə göstərmək üçün Azərbaycan mediası öz imkanlarından istifadə etməlidir: "Naxçıvanın çox ciddi turizm potensialı var. Düşünürəm ki, ən çox da bu işıqlandırılmalıdı. Daxili turizm potensialının qiymətləndirilməsi, digər tərəfdən isə xaricdən turistlərin cəlb edilməsi üçün Naxçıvan mediası və Naxçıvandakı dövlət strukturları ilə bizim mərkəzi media qurumlarının ciddi əməkdaşlığına ehtiyac var. Mənə elə gəlir ki, bu əməkdaşlıqlar sıx olmalıdır”. KİVDF və Naxçıvan rəhbərliyinə dərin təşəkkürünü bildirən baş redaktor Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvana bu cür səfərlərin daimi olmasını arzu edir.
Şəymən
Şərq.- 2016.- 27 oktyabr.- S.5