İmza  mətbuatda önəmli faktordur

Amma yeni jurnalistika imzaların yavaş-yavaş itməsinə gətirib çıxarır

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə mətbuatda müəllif yazıları ilə bağlı keçirilən tədbirdə maraqlı bir problemə diqqət çəkib. Tanınmış jurnalist mətbuatda, xüsusən də internet saytlarda müxbir imzalarının sürətlə itdiyini deyib: "Jurnalist kimi məni çox narahat edən bir məsələ var. Təəssüflər olsun ki, mətbuatda imzaların itməsi prosesi gedir. Burada söhbət cəmiyyətdə kifayət qədər tanınan media nümayəndələrinin imzasından yox, medianın yükünü çiyinlərində daşıyan sıravi müxbirlərdən gedir. Onların imzaları sürətlə itməkdədir. Bir çox saytlar, informasiya agentlikləri artıq müxbir imzasından imtina ediblər.

Məsələn, hansısa məlumat saytda verilir və yazılır ki, "ölkə.az” xəbər verir, nə bilim "qafqazinfo.azbildirirs. Materialları hazırlayıb ictimaiyyətə ötürən müxbirlərin adı, soyadı verilmir. Mən 3-4 günə sadəcə bir yazı yazıram və onu 15 saytda paylaşıram, özümdən yekə də şəklimi qoyuram. Amma günə 4 xəbər yazan jurnalistin adı-sanı olmur. Hesab edirəm ki, imza çox önəmli məsələdir”.

S.Verdizadə deyib ki, jurnalistikaya o zaman ictimaiyyətdə tanınan 20 ən yaxşı imzaya görə gəlib: "Tanınmış qələm sahiblərinin yazıları məni ruhlandırmışdı. Qocaman jurnalistimiz Məzahir Süleymanzadəni qiyabi şəkildə 25 il bundan öncə tanıyırdım. Amma onun özünü canlı

olaraq 5 il əvvəl görmüşəm. Məndən dəfələrlə soruşublar ki, mətbuatda yaxşı qələmi olan filan jurnalist var idi, indi o hardadı, ölüb, işdən çıxıb, nə olub ona? Mən də deyirəm ki, həmin adam hazırda jurnalistikadadır və əvvəlkindən daha çox yazır. Amma imzası itdiyi üçün camaat o müxbiri tapa bilmir”. Qurum rəhbəri bildirib ki, mətbuatın yükünü çəkən sıravi müxbirlər sabah harasa getsələr jurnalist olduqlarını sübut edə bilməyəcəklər: "Hansısa başqa media orqanına işə düzəlmək istəyəndə baş redaktor həmin müxbirdən müəllif yazısı istəyəcək. Onun imzalı yazısı yoxdursa, baş redaktora nə təqdim edəcək?! Bilmirəm, bəlkə də XXI əsrdə imzaya, imzalı jurnalistikaya ehtiyac yoxdur? Əgər imza jurnalist üçün hər zaman önəmlidirsə, onda bu problemə diqqət yetirək”. Həqiqətən, indiki dövrdə mətbuatda imzasız jurnalistlər mərhələsinin formalaşması iddiası realdırmı? Ümmumiyyətlə, imza və təxəllüs media nümayəndəsi üçün nə qədər önəmlidir, müxbir sadəcə anonim xəbər daşıyıcılığı funksiyasını yerinə yetirməlidir, yoxsa öz imzası ilə tanınmalıdır? "Şərq” qəzeti olaraq media nümayəndələri arasında sorğu apardıq. Mövzuya münasibət bildirən əksər jurnalistlər imzanın mətbuatda önəmli faktor olduğunu vurğuladılar. Ancaq mediamızda imza probleminin olmadığını söyləyənlər də oldu. Məsələ ilə bağlı danışan "Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev deyib ki, son illər jurnalistikada ciddi dəyişikliklər müşahidə edilir: "Deyərdim ki, internet jurnalistikası ənənəvi jurnalistika ilə bağlı çox ənənəni alt-üst edib. Bu kontekstdə sanki imzalar da yavaş-yavaş itir. Diqqət etsək, jurnalistikamızdakı tanınmış imzalar son 10-15 ildə populyarlaşan imzalardır. Amma buna görə saytları da qınamalı deyil. Xəbər operativliyi faktoru hər şeyi arxa plana keçirib. Bu yaxşı mənadakı hərisliyin yanında imza problemi o qədər də qabarıq görünmür. Yəqin elə bunun nəticəsidir ki, son illər diqqət cəlb edən yeni imzalar yoxdur. Düzdür, son illərdə gündəmə gələn, özünü tanıdan istedadlı, dinamik gənc jurnalist dostlar var, amma onların əksəriyyəti reportyorlardır. Bu baxımdan, qeyd etdiyiniz problem yeni jurnalistikanın reallığıdır. Yaxşı da olsa, pisolsa yeni reallıq budur. "Müxbirlər saytı informasiya ilə təmin edirlər, amma özləri imzalı jurnalist kimi tanınmırlar, arxa planda qalırlar” yanaşması isə müasir dövrün tələbləri, kapitalizm prinsipləri ilə üst-üstə düşmür. Saytlar gördükləri işə görə müxbirlərə maaş, qonorar verirlər. Heç bir KİV-in əməkdaşını populyarlaşdırmaq, onun imzasını tanıtmaq öhdəliyi yoxdur. İmzanı jurnalist özü tanıtmalıdır”.

"Yeni Müsavat” qəzetinin redaktoru Xalid Kazımlı bildirib ki, hər bir yazının, cümlənin, hətta uğurlu bir söz birləşməsinin, ibarənin müəllifi olmalıdır və bilinməlidir ki, bunu kim yazıb: "Bu, həmin jurnalistlərin karyerası baxımından önəmlidir. Bəlkə kimsə bir yaxşı yazısına, operativdolğun xəbərinə görə, daha yaxşı media qurumundan sərfəli təklif alacaq? Belə şeylər olur. Məsələnin başqa tərəfi də var. Sabah jurnalistin məqaləsinə görə məsuliyyət yaransa o, yenə də anonim qalacaqmı? Güman ki, qalmayacaq. Adama "yazı yazmısan, cavab ver” deyəcəklər. Ona görə də jurnalistlər özlərinin ən uğurlu və məsuliyyətli saydıqları yazılarına imza qoymalıdırlar. Xəbər çox olarsa, bəzən təxəllüsdən, ikinci imzadan da istifadə edə bilərlər”.

"Türküstan” qəzetinin baş redaktoru Aqil Camal vurğulayıb ki, imza məsələsi agentliklərdə olduğu kimi, xəbər portallarında da geniş yayılmış tendensiyadır: "Amma son dövrlərdə tədricən müəlliflərin imzaları görünməyə başlayıb. Yazılarda jurnalistlərin imzalarının görünməsində ilk növbədə saytlar maraqlı olmalıdır. İşçi potensialına malik olduqlarını göstərmək üçün bu zəruridir. Həmçinin, müəlliflər özləri imzalarının hazırladıqları materiallarda yer almasını tələb etməlidirlər. Biz "Turkustan.info” saytında əməkdaşlarımızın hazırladıqları müsahibə, reportajya özəl xəbərlər olanda imzaları göstəririk. Hesab edirəm ki, yeni dövrdə yeni imzaların tanınması üçün bu mütləq şərtdir. Onsuz da, jurnalistin əzab-əziyyətlə hazırladıqları materiallar başqa saytlar tərəfindən mənimsənilir və imzalar silinir. Uzaqbaşı sayta istinad edilir. Heç olmasa, çalışdıqları saytlarda jurnaslitlərin adları göstərilməlidir”.

"Gündəlik Teleqraf” qəzetinin əməkdaşı Naibə Qurbanova da Seymur Verdizadənin dediklərində həqiqət olduğunu düşünür: "Müşahidələrə əsasən demək olar ki, ölkədə populyarlıq, inam qazanmış əksər saytlar orada çalışan yazarların gücünə bu adı qazana biliblər. Lakin sonradan müəyyən obyektivsubyektiv səbəblərdən həmin yazarar başqa mətbu orqanlara keçsələr də, sayt əvvəlki populyarlığında qalır. Çünki artıq oxucusunu toplayıb. Bununla belə, sosial medianın inkişaf etdiyi bir dövrdə fövqəladə istedadı olan hansısa jurnalistin kölgədə qala biləcəyi inandırıcı deyil. Çünki hər kəs öz məhsulunu paylaşır, olan münasibəti də görür. Belə olan halda yaxşı qələm sahibinin imzasının it-bat ola biləcəyi heç kəsi narahat etməməlidir”. Jurnalistə görə, söz, fikir adamının qazancı elə adı, təxəllüsüdür: "Hər yazılan xəbər, informasiya öz mahiyyətindən başqa jurnalistin həm də zehni əməyi sayılır və mütləqdir ki, ən xırda informasiya belə olsa jurnalist öz imzası ilə yazdığını təsdiqləsin. Təbii ki, əgər jurnalist yazdığından utanmırsa, yazdığı kiçik məlumatdan tutmuş geniş reportaja, müsahibəyə qədər bütün yazdıqlarının altına imzasını qoymalıdır.

Tanınan imza həm də jurnalistika üçün nümunə deməkdir. Təbii ki, hər yazarın öz dəsti-xətti olurbu nümunə özünü bu sahədə sınamaq istəyənlər üçün flaqman ola bilər”. Tanınmış jurnalist İdrak Abbasov da həmkarı Seymur Verdizadəyə bu məsələni qardırdığı üçün təşəkkür edib: "Bu problemin yaranmasının müxtəlif səbəbləri var. Nəzərə almaq lazımdır ki, jurnalistika da biznesdir. Hər bir jurnalist biznes subyekti, onun adı-soyadı isə brendidir. Xarici ölkələrdə insanlar müəllifə görə verilişlərə baxır, xəbər və araşdırmaları oxuyurlar. Çünki həmin brendi tanıyır, onun peşəkarlığına etibar edirlər. Təəssüf ki, bizdə jurnalistika biznesə çevrilə bilmir. Hələ də rəhmətlik sovet imperiyası dövründə olduğu kimi jurnalistikaya yanaşırıq. Jurnalistin işi xəbər vermək və xəbər biznesinin bir vinti olaraq gəlir əldə etməkdir. Sivil dünya təcrübəsindən məsələyə yanaşdıqda bu faktor müxbirlərin hüquqlarının pozulması anlamına gəlir”.

"Azvision.az” saytının əməkdaşı Anar Kəlbiyev də bildirib ki, hər bir jurnalistin tanınması üçün yazılarında imzasının olması vacibdir: "Bu, informasiya, reportaj, müsahibə və s. ola bilər. Düzdür, elə hallar olur ki, informasiya hazırlayırsan imza qoymursan. Bu artıq informasiya hazırlayan müxbirin öz istəyindən asılıdır. Sözsüz ki, imzasının tanınmasını istəyən müxbir daha fərqli informasiyalar tapmalıdır. Çünki hazırda xəbər saytlarında təkrarçılıq çoxdur. Bu baxımdan fərqlənmək daha çox tanınmaq üçün fərqli rezonans doğura biləcək informasiyalar yazmalısan. Sözsüz ki, doğru olmaq şərti ilə. Mən daha yaxşı tanınım deyə, pafoslu uydurma informasiyalar yazmaq yolverilməzdir”.

(davamı var)

İsmayıl.

Şərq.- 2016.- 3 sentyabr.- S. 11.