Mətbuat  ictimai  qınağı həyata keçirir

 

Təbriz Vəfalı: “Media cəmiyyətimizin, ictimaiyyətimizin görən güzgüsü, döyünən ürəyi olmalıdır”

Murad Alıyev: “Xəbər hazırlayan, dərc edən KİV-lər öz peşəkarlığını heç nəyə qurban verməməlidirlər”

 

Cəmiyyətdə mövcud problemlərin həlli yollarına fərqli yanaşmalar həmişə mövcud olub. O yanaşmaları müəyyən edən bir çox faktorlar var. Həmin amillərdən biriictimai qınaqdır. Bəs ictimai qınaq nədir? Əlbəttə, ictimai qınaq ictimai nəzarətin bir formasıdır. Ümumi ictimai rəyin ifadə edilməsinin bir üsuludur. Bu, təsir formasıdır. İnsanları müəyyən yanlış əməllərdən çəkindirmək üsuludur. Hansısa yanlışlığa yol vermiş insan ictimai qınaq nəticəsində buya başqa hərəkətinə son verir.

Onu müəyyən dərəcədə korrektə edir. İctimai rəyin təsiri ilə geri çəkilir. Bu baxımdan cəmiyyətlərdə ictimai qınağın mövcudluğu çox önəmlidir. Heç kimə sirr deyil ki, ictimai qınağın müxtəlif formaları var. Amma onun ən yaxşı yollarından biri mediada, kütləvi çap məhsullarında, kütləvi yayımda, yəni ictimaiyyətin daha çox baxdığı məlumat mənbələrində verilən qınaqdır. Yəni media ictimai əxlaqa uyğun olmayan məsələləri tənqid edir. Hər hansı bir şəxsin yol verdiyi yanlış hərəkətlərin cəmiyyətə bəxş etdiyi mənfi fəsadları insanların diqqətinə çatdırır. Onları bu cür davranışlardan çəkinməyə çağırır. Çünki media ictimai rəyə ciddi təsir edən, dövlət siyasətini ictimai müzakirəyə çıxaran, cəmiyyəti informasiya ilə təmin edən və maariflənməyə xidmət göstərən bir ictimai institutdur. Bəs, maraqlıdır, görəsən, mediamızda ictimai qınağa yer verilirmi? Ümumiyyətlə, Azərbaycan media məkanında ictimai qınaq hansı səviyyədədir?Sualımızı cavablandıran "Həftə içi” qəzetinin redaktoru Təbriz Vəfalı Azərbaycan mətbuatının illər öncəki və hazırkı durumunun qısaca xronikasına nəzər yetirməyi təklif edib: "Məlum olduğu kimi, əvvəllər respublikamızda yazılı mətbuat orqanlarının, yəni qəzetlərin və jurnalların sayı kifayət qədər idi. Onların arasında xeyli sayda oxucusugeniş auditoriyası olanlar da var idi. İstər SSRİ dövründə, istər Azərbaycanın müstəqillik qazandığı ilkin dövrlərdə, istərsə də sonrakı dövrlərdə sözügedən yazılı mətbuatda dərc olunan bəzi tənqidi yazılar ölkə ictimaiyyətində çox ciddi qarşılanırdı. Həmin yazılarda qaldırılan problemlər mütləq ictimai narazılığı və narahatlığı özündə ehtiva edirdi. Hətta həmin yazıların dərcindən sonra müvafiq dövlət orqanları, aidiyyəti qurumlar problemlərin həlli istiqamətində əməli işlər görürdülər. Şəxsən mənim bəzi araşdırma yazılarım və reportajlarım olub ki, cəmiyyətdə ciddi rezonans doğurub. Yazılarımın qəzetlərdə dərcindən sonra ictimai narazılıq və narahatlıq yarandığından aidiyyəti dövlət qurumlarından redaksiyamıza, şəxsən mənim adıma məktub göndərilib ki, yazdığım məqalələrdə qaldırılan məsələlər araşdırılıb, faktlar təsdiqini tapıb, müvafiq ölçüdə işlər görülüb, günahkarlar layiqli cəzalarını alıblar və problemlər öz həllini tapıb”.T.Vəfalının sözlərinə görə, son illərdə yazılı mətbuatın, əvvəlki illərdə olduğu kimi ictimai qınaq yarada bilməsi faktları çox azalıb: "Bundan əlavə, bəzi yazılı KİV-lər də var ki, ayda 1-2 dəfə nəşr olunur, kimlərisə tərifləyir, yaxud şantaj dolu yazılar yazılır. Məqsəd isə təriflənən, yaxud şərlənən insanlardan pul qoparmaqdır. Belə qəzetlərin yürütdüyü çirkin siyasət jurnalistikamızın, nüfuzlu yazılı mətbuat orqanlarının adına, sanına bir ləkə olduğundan oxucular, sıravi vətəndaşlar və məmurlar zaman-zaman KİV-lərdən uzaq düşməyə başlayıblar”.Azərbaycanda elektron KİV-lərin sayının durmadan artdığını söyləyən müsahibimiz qeyd edib ki, bu gün xeyli sayda informasiya agentliyi, informasiya mərkəzi, media saytları və sair fəaliyyət göstərir: "Həmin media resursları arasında qeydiyyatdan keçənlər də var, rəsmi şəkildə fəaliyyət göstərməyənlər də. Üstəlik, həmin media resurslarının kimlər tərəfindən idarə edilməsi, redaksiya heyətinin kimlərdən ibarət olduğu da bilinmir. "Reket jurnalistikası”nın daha geniş və kütləvi şəkildə yayılmasına xidmət edən bu cür saytlar qeyri-obyektiv yazılarla, xəbərlərlə yalnız öz şəxsi maraqlarını təmin etməyə çalışırlar. Şübhəsiz ki, obyektivlikdən kənar, qeyri-dəqiq məlumatlar ölkə ictimaiyyətində çaşqınlıq yaradır. Bəzən eyni məsələ ilə bağlı biri-birinə zidd olan xəbərlər yayılır və yazılır. Nə qədər ki, KİV-lərimiz dövlət maraqlarını şəxsi maraqlara qurban verir, Azərbaycan mediasının nəinki respublikamızın hüdudlarından kənarda, hətta ölkəmizdə belə ictimai qınaq yaratması çox qəliz və müşkül məsələ olacaq”.Həmsöhbətimiz diqqətə çatdırıb ki, media orqanları obyektiv və dəqiq məlumatlar yaysalar, vətəndaşların fikirlərinə geniş yer ayırsalar, şühbəsiz ki, yaradılan ictimai qınaq cəmiyyətimizə təsir göstərəcək: "Mən həmişə demişəm ki, media cəmiyyətimizin, ictimaiyyətimizin görən güzgüsü, döyünən ürəyi olmalıdır. Amma çox təəssüflər olsun ki, şəxsi maraqlar ucbatından sözügedən güzgü kirlənib, döyünən ürəkdə qara qanlar axır. Ona görə də cəmiyyətimizdə, ictimaiyyətimizdə mediamıza və jurnalistlərimizə inam kəskin şəkildə azalmaqda davam edir”.Report.az informasiya agentliyinin rəhbəri Murad Alıyev isə hesab etmir ki, medianın işi ictimai qınağı təmin etməkdən ibarət olmalıdır: "Mətbuat orqanı mövcud olan problemi açıq-aşkar nümayiş etdirməli, hərtərəfli işıqlandırmalıdır ki, oxucu obyektiv reaksiya verə bilsin. Bəzi hallarda şahidi oluruq ki, bir hadisə tamamilə başqa məcrada hansısa bir saytda dərc olunur, sonradan həmin xəbəri onlarla digər saytlar tirajlayırlar, sosial şəbəkələrdə müzakirələr qalxır, ictimai qınaq funksiyası işə düşür, lakin sonunda həmin məsələnin əslinin başqa cür olduğu aydınlaşır. Yəni, bu baxımdan bir media vasitəsinin ictimai qınağa necə təsir etdiyini görmüş oluruq. Bu səbəbdən medianın üzərinə böyük məsuliyyət düşür - əldə etdiyi məlumatı dəqiqləşdirib düzgün formada təqdim etməlidir. Məhz belə olan təqdirdə ortaya qoyulan problem ictimai qınağa səbəb olarsa, onun həlli də ədalətli şəkildə baş tutar. Yəni, mediaictimai qınaq məsələlərinə olduqca həssas yanaşmaq lazımdır. Getdikcə genişlənən oxucu auditoriyası, ən ucqar kənd sakininin belə informasiyaya asan çıxış imkanları ictimai qınağın daha geniş formada təmin olunmasına səbəb olurlar. Bu səbəbdən xəbər hazırlayan, dərc edən KİV-lər öz peşəkarlığını heç nəyə qurban verməməlidirlər. Digər tərəfdən elə mətbuatın özü ilə bağlı bəzi problemlər var ki, onların hüquq müstəvisində həlli ilə yanaşı, ictimai qınağa da tuş gəlməsinə ehtiyac var. Misal üçün, "jurnalist” adından istifadə edərək şantaj xarakterli hərəkətlər edən şəxslərə qarşı ictimai qınağın olması vacibdir”."Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli bildirib ki, son illər ümumiyyətlə, cəmiyyətdə ictimai qınaq anlayışı əhəmiyyətli dərəcədə zəifləyib: "Xeyli insanda sanki "mən belə rahatam, əcəb edirəm, başqalarına nə?” kimi fikir formalaşıb. Əslində, burada haradasa məntiq var; məsələn, hər kəs şəxsi həyatını necə yaşadığını özü bilər. Amma söhbət ictimai əhəmiyyət kəsb edən, hər kəsin həyatına təsir edən məsələlərdən, deyək ki, məmur özbaşınalıqlarından, rüşvətdən, korrupsiyadan gedirsə, buna təbii ki, ictimai qınaq olmalıdır. Bu kimi tendensiya Avropa ölkələrində də var. Daha dəqiq desək, sivil ölkələrdə normal cəmiyyət formalaşmasının əsasını elə ictimai qınaq təşkil edir. Təbii ki, bizdə də mətbuat bu məsələlərə müəyyən qədər yer ayırır. Bunun kifayət qədər olub-olmadığını söyləmək çətindir. Çünki burada daha çox konkret hadisəyə münasibətdən söhbət gedir. Elə hadisə olur ki, media ona kifayət qədər yer ayırır, daim gündəmdə saxlayır. Elə olay da baş verir ki, müxtəlif səbəblərdən tez unudulur”.

E.Məmmədli hesab edir ki, ictimai qınaq Azərbaycan mediasında daha çox vətənpərvərliklə bağlı məsələlərdə özünü göstərir: "Tutaq ki, kimsə Qarabağ məsələsinə dair Azərbaycanın maraqlarına uyğun olmayan mövqe sərgiləyirsə, ermənilərlə hansısa bir əməkdaşlıq edirsə, o adam təbii olaraq ən ağır formada qınaqlara tuş gəlir”.

Həmkarımızın qənaətincə, mediada yer alan ictimai qınaq cəmiyyətə yüksək səviyyədə təsir göstərmir: "Çünki Azərbaycan cəmiyyətində qəzet, sayt oxuyan insanlar ölkə əhalisinin heç 10 faizini də təşkil etmir. Cəmiyyətə mətbuatı oxumağı aşılamaq lazımdır. Məncə, ictimai qınaqlardan biri də məhz bu olmalıdır ki, insanlarımız media ilə maraqlanmır, bunu tənqid etmək, vətəndaşlarımızı mətbuat oxumağa təşviq etmək lazımdır”.

Jurnalist Ruslan Xəlil də düşünür ki, bir sıra hallarda ictimai qınağı elə medianın özü təşkil edirictimai qınağın önündə media gedir: "Bu, bir sıra hallarda effekt verir. Son bir ildə ictimai qınaq nəticəsində bir neçə xoşagəlməz hal aradan qaldırılıb. Amma təəssüf ki, media qurumları ictimai qınağı peşəkarcasına işıqlandırmırlar. Media nümayəndələri özlərini jurnalistdən daha çox ictimaiyyətin nümayəndəsi kimi aparırlar və ümumi kampaniyaya qoşulub tərəfə çevrilirlər”.

(Davamı var)

Ayyət Əhməd

Şərq.- 2016.- 7 sentyabr.- S.11