Gənç  jurnalistlərə etik davranışlar təblik  ediləcək

 

Əfsələddin Ağalarov: “Jurnalistika fakültələrində daha çox nəzəriyyə öyrədilir və praktik biliklər məhduddur”

Bizdüşündük ki, jurnalistika fakültəsinin tələbələrini, o cümlədən də jurnalist olmaq istəyən digər gəncləri bir araya toplayıb, belə bir layihə həyata keçirək”

 

 

Jurnalistika prinsip etibarilə şərəfli və müqəddəs peşədir. Hər bir jurnalist öz vəzifəsini yerinə yetirərkən insan hüquqlarını və etik davranış qaydalarını nəzərə almalıdır. Amma çox təəssüflər ki, jurnalistikanın bu qızıl qanununun pozulması hallarına bu gün cəmiyyətdə rast gəlirik. Jurnalistlər bilavasitə xalqın haqq sözünü çatdıran, ictimai rəyə və şüurlara təsir imkanları olan adamlardır. Jurnalistin peşə vəzifəsinə həm də cəmiyyəti lazımi informasiya ilə təmin etmək, əhali arasında maarifçilik işi aparmaq, mədəni dəyərləri daha geniş yaymaq kimi prestijli funksiyalar daxildir.

 

Demokratik cəmiyyət düzənində mətbuat və söz azadlığı KİV nümayəndələrinə əlavə hüquq və səlahiyyətlər verdiyi kimi, onun üzərinə həm də əlavə məsuliyyət qoyur. Bu məsuliyyəti dərk edən jurnalist həm peşə etikasına riayət etmiş olacaq, həm də peşə ləyaqətini yüksək tutmuş olacaq.

 

Jurnalistika üçün ümumi olan elementar prinsiplərə riayət etmək hər bir mətbuat işçisinin sadəcə peşə borcudur. Mətbuatı, jurnalistika elmini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev həmişə KİV-ləri müdafiə edib, mətbuatın inkişafına hər şəraiti yaradıb, onları məhkəmə çəkişmələrindən, böyük borclardan qurtarıb. Və bu gün 600-dən çox qəzet, jurnal, agentlik, teleradio məhz dövlət başçısının böyük qayğısı nəticəsində sərbəst fəaliyyət göstərə bilir. Ancaq indi dövlətin yaratdığı möhkəm təməl üzərində inkişaf edən milli mətbuatımızda tamam başqa xarakterli problemlər yaşanmaqdadır: KİV-də məhz peşə etikası normalarına biganəlikdən doğan xaotik təzahürlər müşahidə olunur! Bir qrup "media öncülü” qeyri-peşəkarcasına bazara "isti” xəbər çıxartmaq adı ilə jurnalistika prinsiplərinə tamamilə zidd olaraq obyektivlikdən və etikadan uzaq mülahizələrin, yalan, böhtan və dezinformasiyaların mətbuata çıxmasına şərait yaradır, hətta özləri yol göstərirlər. Halbuki hər bir jurnalist xidməti vəzifəsini yerinə yetirərkən insan hüquqlarını, demokratik prinsipləri və etik davranış qaydalarını nəzərə almalıdır. Jurnalistikanın bu qızıl qanununun pozulması halları bu gün cəmiyyətdə müəyyən narazılıqlara səbəb olur. Media ekspertlərinin fikrincə, jurnalistikada əxlaq kodeksi məsələsi nəzəri cəhətdən xeyli işlənsə də, praktik cəhətdən xeyli problemlər mövcuddur.

 

Məhz bu kimi problemlərin aradan qaldırılması üçün də Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənc Jurnalistlər arasında etik davranışlarının təbliği - etikjurnalist.az” layihəsinin təqdimat mərasimi keçirilib. 3 sentyabr tarixində baş tutan təqdimat mərasimində layihə iştirakçıları, QHT sədrləri, Kütləvi İnformasiya Vasitələrinin (KİV) rəhbərləri və ictimai xadimlər iştirak ediblər.

 

Layihə rəhbəri, "azxeber.com” portalının baş direktoru Əfsələddin Ağalarov "Şərq”ə açıqlamasında layihə ilə bağlı geniş məlumat verərək görüləcək işlərdən danışıb: "Layihəmiz çərçivəsində "etikjurnalist.az” saytını yaratdıq. Bu sayt vasitəsi ilə gənc jurnalistlər, jurnalistikaya marağı olan digər peşə sahiblərinin yazıları müxtəlif zamanlarda dərc ediləcək. Yazılacaq mövzularda həm jurnalistikamızın aktual problemlərindən, həm də mediada, sosial şəbəkələrdəki etik davranışlarla bağlı problemlərə toxunulacaq. Sonda peşəkar jurnalistlərdən ibarət münsiflər heyətinin rəyi ilə 3 ən yaxşı iştirakçı birinci, ikinci, üçüncü yeri bölüşdürəcəklər. Layihənin digər aktiv iştirakçıları isə sertifikatlarımızla təltif ediləcək”.

 

Qeyd edək ki, layihə iştirakçıları tərəfindən qələmə alınacaq yazılar "etikjurnalist.az” saytında dərc olunacaq və qaliblər ictimaiyyətə təqdim ediləcək.

 

Ə.Ağalarov son illər müxtəlif mətbu orqanlarda jurnalistikanın ən əsas prinsiplərinin pozulması ilə bağlı çoxlu sayda nümunələrlə qarşılaşdıqlarını və bunun birbaşa jurnalist peşəkarlığı ilə əlaqəli olduğunu söyləyib: "Jurnalistika fakültələrində daha çox nəzəriyyə öyrədilir və praktik biliklər məhduddur. Bizdüşündük ki, jurnalistika fakültəsinin tələbələrini, o cümlədən də jurnalist olmaq istəyən digər gəncləri bir araya toplayıb, belə bir layihə həyata keçirək. İlkin

 

məqsədimiz də etik davranışların təbliğidir. Müxtəlif ekstremal hadisələrdə biz jurnalistlər arasında qeyri-pəşəkarların kifayət qədər olduğunu müşahidə edirik. Xüsusən də, ölkəmizlə bağlı ümummilli məsələlərdə istər sosial şəbəkələrdə təmsil olunan vətəndaş jurnalistləri, istərsə də mediada təmsil olunanözünü peşəkar adlandıran jurnalistlər arasında bunu görmək mümkündür. Cəbhədə baş verən hadisələri ən birinci nümunə kimi çəkmək olar. Biz məhz bu layihə vasitəsi ilə iştirakçılara jurnalistikanın əsas prinsipləri ilə yanaşı, onlara yazacaqları yazılarda hər zaman azərbaycançılıq ideologiyasının ən ümdə olmasını aşılayacağıq. Gənc jurnalistlərə ilk növbədə vətəndaşlıq mövqeyinə sahib olduqlarını və dövlətimizin milli maraqlarının hər şeydən öndə gəldiyini anlatmağa çalışacağıq”.

 

Cəmiyyətdə mətbuatın adından istifadə edən, özlərinə sərvət qurmaq xatirinə jurnalistikanı xalqın gözündən salan kifayət qədər insanların olduğunu vurğulayan layihə rəhbəri deyib ki, həmin insanların da əksəriyyəti jurnalistikanın etik prinsiplərindən, davranış qaydalarından xəbəri olmayanlardır: "Bizdüşündük ki, "Gənc jurnalistlər arasında etik davranışlarının təbliği - etikjurnalist.az” layihəsi vasitəsilə gənc jurnalistləri maarifləndirək və eyni zamanda jurnalistikanın cəmiyyət üçün necə lazımlı bir peşə olduğunu diqqətə yetirək. Onu da deyim ki, layihəmiz 3 aydır ki, davam edir. Və biz layihə bitəndən sonra "etikjurnalist.az” saytını gənclərin öhdəliyinə vermək qərarındayıq”.

 

Layihənin kifayət qədər gənclərin marağına səbəb olduğunu vurğulayan Ə.Ağalarov jurnalistika fakültəsinin tələbələri və o cümlədən jurnalist olmaq istəyən sosial şəbəkə istifadəçilərinin layihədə iştirak üçün onlara müraciət etdiyini deyib: "Əslində bizə müraciət edən gənclərin sayı çoxdur. Amma bu layihə konkret bir təşkilatın nəzdində baş tutmadığı üçün fərdi xarakter daşıyır və məhdud imkanlarla keçirik. Ona görə də layihədə daha çox aktiv gənclərin və həqiqətən də jurnalist olmaq istəyən gənclərin iştirak etməsini məqsədəuyğun hesab edirik. Müraciət edən gənclərlə görüşdükonlar arasından 10 nəfərini seçdik. Hazırda həmin tələbələr layihə istiqamətində işləyir, yazılar yazırlar. Və sonda həmin yazılar münsiflər heyətinə təqdim olunacaqmüvafiq qiymətləndirmədən sonra sertifikatlar layihə iştirakçılarına təqdim olunacaq. Bizim gənclərdən əsas tələbimiz odur ki, öz yazılarında maksimum dərəcədə mövqelərini büruzə verməsinlər. Bilirsiniz ki, jurnalistikanın başlıca prinsipi obyektiv və qərəzsiz olmaqdır. Şəxsi həyatında heç xoşlamadığı birindən müsahibə alsa belə, peşəkar jurnalist subyektiv fikirlərini arxa plana keçirməyi bacarmalıdır. Çox təəssüf ki, Azərbaycan cəmiyyətində maarifləndirmə sahəsində kifayət qədər boşluqlar var. Media adından istifadə edib reketçiliklə məşğul olan insanlar yağışdan sonra çıxan göbələk kimidir. Biz çalışıb bu cür layihələr yolu ilə gəncləri onların təsirindən çıxarmalıyıq. Onlara jurnalistika prinsiplərini aşılamaq lazımdır ki, gələcəkdə təmizləmə prosesinə başlamaq üçün əlimizdə zəmin olsun. Layihə yay aylarına təsadüf etdiyi üçün tələbələrlə auditoriyalarda görüşmək imkanlarımız olmadı. Hələlik ki, ancaq universitetlərin tərkibindəki tələbə klublarının üzvləri ilə görüş imkanlarımız olub. Amma bizim əsas məqsədimiz daha çox jurnalistika təhsili olmayan, lakin jurnalist olmaq istəyən gəncləri bu layihəyə cəlb eləmək və onlara etik davranış qaydalarını aşılamaqdır”.

 

Bir çox media ekspertlərinin qeyri-peşəkarların internet mediada cəmləşməsi fikirləri ilə razılaşdığını vurğulayan həmkarımız deyib ki, kənardan kiçik kimi görünsə də, jurnalistikada peşəkarlıq problemi kifayət qədər ciddi xarakter alıb: "Bu məsələ bir neçə dəfə Azərbaycan Mətbuat Şurası və digər jurnalist təşkilatları tərəfindən də müzakirəyə çıxarılıb. Yazılı mətbuatda peşəkar jurnalistlərin çoxluq təşkil etməsi kimi yanaşmaları qəbul edirəm. Amma biz bir şeyi də nəzərə almalıyıq ki, internet media hələ ki Azərbaycanda tam formalaşmayıb. Əslində Azərbaycanda internet medianın durumuna nəzər saldıqda hər birimizin gözləri önündə yenicə addımlamağa başlayan bir körpə obrazı canlanır. Düzdür, bu gün yeni media təmsilçiləri arasında kifayət qədər oxucu kontingentinə sahib insanlar var. Amma qəzet mediadan internet mediaya transfer olunan bir qrup insanlar var ki, onlar ciddi səylə internet medianı da reket qəzetçiliyin gününə salmaq istəyirlər. Bütün bunların həlli isə zaman tələb edir. Həmdəki Azərbaycanın internet qanunvericiliyində çox ciddi boşluqlar var. Bilirsiniz ki, hələ yeni

media Kütləvi İnformasiya Vasitəsi kimi qəbul olunmayıb. Problemlərin həlli üçün bu məsələyə bir aydınlıq gətirilməlidir”.

 

Şəymən

Şərq.- 2016.- 15 sentyabr.- S.11