AZƏRBAYCAN MULTİKULTURALİZM
DİYARI ÜÇÜN ƏLVERİŞLİ MƏKANDIR
“Biz bir körpü kimi Şərqi də, Qərbi də
özümüzdə birləşdirmək
iqtidarındayıq”
2016-nın "Multikulturalizm ili” elan olunması
ölkədəki reallıqdan
qaynaqlanır. Ekspertlər də xatırladır
ki, Azərbaycanda bütün xalqlar, müxtəlif dinlərin nümayəndələri əsrlər
boyu bir ailə kimi yaşayıblar. Milli Məclisin
Beynəlxalq münasibətlər
və parlamentlərarası
əlaqələr komitəsinin
sədri Səməd Seyidovun sözlərinə
görə, 2016-cı ilin
"Multikulturalizm ili”
elan edilməsi dünyaya mesajdır:
"Bu gün dünyanın
bir nömrəli problemi məhz tolerantlığın, qarşılıqlı
hörmətin, mədəniyyətlərarası
dialoqun olmamasıdır. Avropada, Yaxın
Şərqdə gedən
proseslər onu göstərir ki, dünya sivilizasiyasının
bünövrəsini təşkil
edən, millətlərarası
münasibətlərə çox
ciddi təsir göstərən qarşılıqlı
hörmət anlayışı,
tolerantlıq anlayışı
aradan götürülüb.
Nəinki aradan götürülüb, hətta
bir alət kimi istifadə olunur ki, milləti
millətə qarşı
qaldırsınlar və
hansısa
problemlər yaratsınlar.
Bu nöqteyi-nəzərdən cənab Prezidentin
2016-cı ili "Multikulturalizm ili” elan etməsi bu proseslərə bir cavabdır. Qoy gəlsinlər və baxsınlar ki, Azərbaycan Parlamentində
bütün milli azlıqlar təmsil olunur, Azərbaycanda sünni-şiə problemi
yoxdur. Azərbaycanda qarşılıqlı hörmət anlayışı
əsasında fəaliyyət
göstərən və
yaşayan millətlər,
insanlar mövcuddur.
Mən problemi, sözün əsl mənasında, Qərbin öz içərisində elan etdiyi dəyərlərin
"korroziyaya uğraması”nda
görürəm”. Millət
vəkili bildirib ki, Azərbaycanda olan dəyərlər Qərb üçün də, Şərq üçün də vacib və çox
əhəmiyyətli nümunədir:
"Bu yaxınlarda İran
və Səudiyyə Ərəbistanı arasındakı
problemi gördük. Bu məsələdə də Azərbaycanın həm İran, həm də Səudiyyə Ərəbistanı
ilə müsbət münasibətləri bu problemin aradan qaldırılması üçün
çox böyük töhfə vermək imkanına malikdir. Ona görə də Azərbaycanda "Multikulturalizm ili”nin
elan olunması, birincisi, dünyaya bir mesajdır, ikincisi, Azərbaycanda insanların, millətlərin,
konfessiyaların birgə
yaşaması üçün
ən əsas düsturdur, üçüncüsü
isə Azərbaycanın
bu regionda rolunu müəyyən edən bir faktordur.
Yəni
biz bir körpü kimi Şərqi də, Qərbi də özümüzdə
birləşdirmək iqtidarındayıq.
Biz bu gün
bağlayıcı, inkişaf
etdirici bir amilə çevrilmişik”.
Milli Məclisin deputatı Kamilə Əliyeva da bəyan edib
ki, Azərbaycan tolerantlıq və multikulturalizm diyarı olaraq humanitar və mədəniyyət
sahələrində qlobal
əməkdaşlıq üçün
əlverişli məkandır:
"2016-cı ilin "Multikulturalizm
ili” elan olunması tarixi əhəmiyyətə malikdir.
Ölkəmizin qlobal mədəniyyətlərarası
dialoq mərkəzinə
çevrilməsi təsadüfi
xarakter daşımır.
Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istərsə
də iqtisadi inkişaf baxımından
yeni model bəxş edib, Azərbaycan əsl tolerantlıq və inkişaf məkanıdır”. K.Əliyevanın dediyinə görə, hazırda dünyanın bir sıra inkişaf
etmiş və inkişaf etməkdə olan ölkələrində
fərqli mədəniyyətlərin
toqquşmasının nəticəsində
xoşagəlməz tendensiyalar
meydana çıxır.
Millət vəkili bildirib
ki, islamofobiya, irqçilik, ksenofobiya kimi təhlükəli meyillərin bəzən süni şəkildə alovlandırılması bu
cür toqquşmaları
daha da dərinləşdirir,
nəticədə, insan
haqlarının pozulması
halları artır, sosial sabitlik pozulur. K.Əliyevanın
bildirdiyinə görə,
Azərbaycanda əsrlərdən
gələn multikulturalizm,
dözümlülük və
qarşılıqlı hörmət
mühitində sabitlik,
təhlükəsizlik, insan
haqlarının müdafiəsi
təmin edilib: "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
yaradılması haqqında
ölkə Prezidentinin
2014-cü il mayın
15-də imzaladığı Fərman ölkəmizin multikulturalizm dəyərlərinin
və təcrübəsinin
dünyada təbliği
istiqamətində atılan
mühüm addımdır.
Bütün bunlar digər ölkələr
üçün də
nümunə ola bilər”.
Bakı
Beynəlxalq Multikulturalizm
Mərkəzinin mətbuat
katibi Yadigar Məmmədli deyib ki, Azərbaycan bu mövzuda hər zaman başqalarından bir addım öndə olub: "Bilirsiniz ki, qurumumuz Prezidentin
fərmanı ilə
2014-cü il mayın 15-də yaradılıb.
Hazırda Prezident tərəfindən
davam etdirilən bu siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən
qoyulub. Yəni bu siyasətin
əsası 90-cı illərin
əvvəllərinə gedir.
Ümummilli lider o zaman Azərbaycanın başı
üzərini qara buludlar alanda, dövlətçiliyimiz təhlükə
altına düşəndə
azərbaycançılıq ideyasını dövlət
siyasətinə gətirdi.
Ümumiyyətlə, Azərbaycanda olan
bu ortam, etnik qrupların, müxtəlif xalqların
nümayəndələrinin və dini icmaların
birgə sülh şəraitində yaşaması
dünya çapında
fenomen hadisədir.
Məlumdur ki, dünyanın
bəzi ölkələrində
bu cür problemlər hələ də qalmaqdadır. Amma Azərbaycanda belə hallar müşahidə olunmur”. Y.Məmmədli
onu da nəzərə
çatdırıb ki,
yaranmalarından az vaxt keçməsinə
baxmayaraq, müəyyən
nailiyyətlər əldə
edə biliblər:
"Ən yadda qalan layihələrimizdən
biri beynəlxalq yay məktəbinin təşkil olunması idi. Layihəyə "Azərbaycan multikulturalizmi”
fənninin tədris olunduğu yerli və xarici universitetlərdə təhsil
alan tələbələr,
həmçinin nüfuzlu
elm adamları qatılmışdı.
Sevindirici haldır ki,
xarici tələbələrdə
buradakı vəziyyətlə
tanışlıqdan sonra
Azərbaycana qarşı
sevgi yarandı.
Bu layihədən sonra
qış məktəbinin
təşkil olunmasına
zərurət hiss etdik.
Qeyd edim ki, Bakı
Beynəlxalq Multikulturalizm
Mərkəzi qarşısına
qoyduğu işləri
onsuz da görürdü, amma prezidentin bu qərarından sonra yəqin ki, mərkəzin səlahiyyətləri
genişlənəcək, üzərimizə
daha böyük məsuliyyət düşəcək.
Şübhəsiz ki, planlarımızda,
fəaliyyətimizdə əlavə
və dəyişikliklər
edəcəyik”. AŞ PA-nın alt komitəsinin sədri, millət vəkili Sahibə Qafarova da bildirib
ki, mədəniyyətlər,
sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq
ənənələri olan
Azərbaycan belə formatda tədbirlərin keçirilməsi üçün
ideal yerdir: "Azərbaycan
mədəniyyətlərin inteqrasiyası və tolerantlıq təcrübəsinə
malik olan bir ölkədir. Bakı və Azərbaycan artıq dünyanın multikulturalizm, tolerantlıq,
dözümlülük mərkəzlərindən
birinə çevrilib.
Beynəlxalq ictimaiyyət də
bunu qəbul edir, dəstəkləyir.
Bir çox nüfuzlu mədəniyyət və
idman müsabiqələrinin,
tədbirlərin respublikamızda
keçirilməsi bu fikri təsdiqləməklə
yanaşı, həm də ölkəmizin inkişafından, dünyaya
açıq olmasından
xəbər verir.
Bütün bunların məntiqi
nəticəsi kimi, Azərbaycan dünya sivilizasiyalarının qovuşmasının
və multikulturalizmin nəzərə çarpan
nümunəsi kimi dünyada tanınır”.
İsmayıl
Şərq.-
2016.- 16 yanvar.- S.4