Azərbaycanda azad seçkilər,
ölüm cəzasının ləğvi, amnistiyalar və
Avropa standartları
Ümumiyyətlə, hər bir xalqın öz iradəsini ifadə etməsinin ən mühüm forması dövlət hakimiyyəti və seçkili yerli özünüidarə orqanlarına demokratik, azad seçkilər, habelə dövlət həyatının ən mühüm problemlərinə dair öz fikrini ümumxalq səsverməsi - referendum yolu ilə bildirməsidir. Bütün dünyada seçkilər və referendumlar dövlətin və ictimai həyatın idarə olunmasında vətəndaşların ən kütləvi (çox vaxt yeganə) iştirak formasıdır.
Adil Vəliyev göstərir ki, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması, seçki ilə bağlı demokratik təsisatların inkişafı hüquqi dövlətin əsas məqsəd və vəzifələrindən biridir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə əldə edilmiş ən mühüm nailiyyətlərdən biri ictimai-siyasi sabitlikdir.
Dövlət vətəndaşların seçki və referendumlarda öz iradələrini sərbəst surətdə bildirmələrinə demokratik prinsipləri və seçki hüququ normalarını müdafiə etmək yolu ilə təminat verir. 1995-ci ildə Konstitusiya qəbul edildikdən sonra seçki qanunvericiliyi bütövlükdə təzələnmişdir. Seçki hüququ isə qanunvericiliyin ən çox işlənilmiş sahələrindən birinə çevrilmişdir. İlk öncə "Referendum haqqında" 1997-ci il 30 dekabr tarixli Qanun, daha sonra "Azərbaycan Respublikası Prezidentinin seçkiləri haqqında" 1998-ci il 9 iyul tarixli Qanun qəbul edilmişdir. Bu Qanun müasir seçki qanunvericiliyinin əsasını qoyaraq, bir növ örnək Qanun olmuşdur. Daha sonra "Bələdiyyələrə seçkilər haqqında" 1999-cu il 27 iyun, "Milli Məclisə seçkilər haqqında" 2000-ci il 5 iyun tarixli qanunlar qəbul edilmişdir.
Yeni qəbul edilmiş Seçki Məcəlləsi seçkilər haqqında mövcud olan beş qanundan ibarət toplu əsasında tərtib olunmuşdur:
* Milli Məclisə seçkilər haqqında Qanun;
* Prezident
seçkiləri haqqında Qanun;
*
Referendum haqqında Qanun;
* Bələdiyyələrə
seçkilər haqqında Qanun;
* Mərkəzi Seçki Komissiyası haqqında Qanun.
Beləliklə, Seçki Məcəlləsi seçkilərin
və referendumun keçirilməsi barədə vahid sənəddir.
Son 10 ildə Azərbaycanda seçkilərlə
bağlı kifayət qədər təcrübə
toplanıb. Təkcə son 5 ildə prezidentliyə, Milli Məclisə,
bələdiyyələrə seçkiləri və
referendumu yada salmaq kifayətdir. Ancaq daim
bir problem mövcud olub. Bu, qanunun eyni
cür tətbiqi ilə bağlı problemdir. Yəni hər bir seçki ayrı-ayrı qanunlarla
tənzimlənib və müxtəlif formalarda həyata
keçirilir. Bu baxımdan məcəllənin
əsas məqsədi seçkiləri və referendumu eyni
qaydada tənzimləməkdir ki, bu da irəliyə doğru
çox müsbət bir addımdır.
Eyni zamanda, qeyd edilməlidir ki, Seçki Məcəlləsini
zəruri edən seçki qanunvericiliyinin daha da təkmilləşdirilməsi
ilə bağlı Avropa Şurası Təşkilatı
qarşısında götürülmüş öhdəlikdir.
Ombudsman təsisatının yaradılması ilə Azərbaycanda
demokratikləşmənin inkişafının davam etdirilməsi
üçün sonrakı islahatların təməli qoyuldu. Ölkəmizdə
belə bir təsisatın yaradılması üçün
kifayət qədər əsaslar olmuşdur. Belə ki,
Azərbaycan Respublikası Prezidentinin 22 fevral 1998-ci il tarixli
"İnsan və vətəndaş hüquqlarının və
azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər
haqqında" Fərmanı və "İnsan
hüquqları müdafiəsinə dair Dövlət
Proqramının təsdiq edilməsi haqqında" 18 iyun
1998-ci il tarixli Sərəncamına uyğun olaraq
respublikamızda bu sahədə bir çox işlər
görülmüşdür. Təbii ki, Avropa
Şurası qarşısında götürülmüş
öhdəliklərin yerinə yetirilməsi baxımından
da Ombudsman təsisatının yaradılması zəruri idi.
Ombudsmanın
mahiyyətinin nədən ibarət olduğuna aydınlıq
gətirək:
* Bəzi
dövlətlərdə (Fransa, ABŞ) Ombudsman icra strukturu tərəfindən
təyin edilir ki, bu da təklif olunur. Ancaq elmi və
ictimai fikirdə Ombudsman daha çox qəbul olunur,
çünki bununla bu xidmət başqa hüquq-müdafiə
sistemlərindən seçilir.
* Bu xidmətin
nəzarət-təftiş funksiyaları şəffafdır,
o vasitəçidir, müstəqil tədqiqatçıdır.
* Ombudsman
- formal prosessual tələblərdən azad və konkret
hüquqi çərçivə ilə məhdudlaşdırılmayan
hüquqi yardım növüdür.
*
Müasir dünyada Ombudsman inandırmaq təsisatıdır.
O, qərəzsiz və müstəqil araşdırıcı
rolu oynayır.
Müvəkkil təsisatının
yaradılmasının konstitusiya xarakterli bir məsələ
olduğunu və insan hüquqları üzrə Müvəkkilin
özünün dövlətin siyasi-hüquqi sisteminin vacib
bir komponenti olduğunu nəzərə alaraq, bu qanunvericilik
aktı məhz Konstitusiya qanunu kimi, Konstitusiyaya əlavə kimi
qəbul olunur.
A.Vəliyevin fikrincə, Ombudsman xidmətinin təsisi
bugünkü gerçəkliyin mühüm tələbatı
olmaqla yanaşı, bu təsisatın yaradılması nəinki
hüquq-müdafiə strukturları sistemini tamamlayır, həm
də mövcud olan hüquqi boşluqları doldurur, vətəndaşların
hüquq və azadlıqlarının müdafiəsi
mexanizmində qüsurları aradan qaldırır.
İnsan
Hüquqları üzrə Müvəkkil (Ombudsman) əməli
hüquq-müdafiə fəaliyyəti göstərməklə,
vətəndaşların real problemləri ilə yaxından tanış olur. O öz əməli fəaliyyətinin
nəticələrini sistemləşdirib təhlil etməklə,
qanunvericiliyin yeniləşməsinə də kömək
edir. Bu təsisat insan hüquqlarının beynəlxalq
müdafiə vasitələrindən istifadə
üçün kamil hüquq-müdafiə strukturlarından
biridir. Müvəkkil təsisatının
yaradılması Azərbaycanın dünyanın vahid
hüquq məkanına, inteqrasiyasına təkan verdi.
Avropa
Şurasının tövsiyələrinə uyğun olaraq
"Beynəlxalq Qırmızı Xaç Komitəsi"nin
azadlıqdan məhrumetmə yerlərində səlahiyyətlərinin
həyata keçirilməsinin təmin edilməsi barədə"
Azərbaycan Respublikası Hökuməti və Beynəlxalq
Qırmızı Xaç Komitəsi arasında 2000-ci il iyunun 1-də saziş imzalanmışdır.
Bu saziş Beynəlxalq Qırmızı
Xaç Komitəsi nümayəndələri tərəfindən
azadlıqdan məhrumetmə yerlərində zəruri olan
daxili intizam və əsas təhlükəsizlik qaydalarına
riayət edilərək həbs edilmiş,
saxlanılmış və ya başqa üsullarla azadlıqdan
məhrum edilmiş şəxslərə, məhkumlara, habelə
məhkum olunmamış şəxslərə, onların həbsdə
olduqları bütün mərhələlərdə baş
çəkilmə prosedurlarının həyata keçirilməsini
tənzimləyir.
Penitensiar müəssisələrin fəaliyyətinin
beynəlxalq standartlara uyğunlaşdırılması
üçün 2000-ci ildə Cəzaların İcrası Məcəlləsi
qəbul olunmuşdur. Bu Qanun hazırlanarkən BMT-nin 1955-ci il
"Məhkumların davranış qaydalarının minimum
standartları", Avropa Şurası tərəfindən qəbul
olunmuş "Avropa Penitensiar qaydaları" və digər
beynəlxalq Konvensiya və aktlar nəzərə
alınmışdır.
A.Vəliyev
yazır: "Yeni qanunvericiliklə məhbuslara şəxsi təhlükəsizlik,
vicdan və din azadlığı, telefon
danışıqlarından istifadə hüququ, məzuniyyət
və digər hüquqlar verilmiş, növbəti bağlama
və sovqat alınmasında, məktub və teleqram göndərilməsində
nəzərdə tutulmuş məhdudiyyətlər aradan
qaldırılmış, onlara bir sıra yeni imtiyazlar
verilmişdir.
Bu məcəllə ilə məhbusların
saxlanılması şəraiti yaxşılaşdırılmış,
onların hüquqları genişləndirilmiş, penitensiar
sistemdə dərin islahatların əsası qoyulmuşdur.
Məhbuslara münasibətdə Azərbaycan dövləti
öz üzərinə götürdüyü öhdəliklərə
hörmətlə yanaşır və onların yerinə
yetirilməsi üçün mühüm işlər
görür".
Belə ki, ilk növbədə Azərbaycanda
ölüm cəzasının ləğvi və cəza siyasətinin
humanistləşməsi ölkəmizin Avropa ailəsinə
qoşulmasını təmin edən mühüm amillərdən
biri olmuşdur.
Bir çox Avropa dövlətləri ölüm cəzasını
ləğv edənə qədər uzun illər bu məsələni
araşdırmış və çox zaman da qəti qərar
verməkdə çətinlik çəkmişlər. Təsəvvür
edin ki, 1950-ci ildə qəbul edilmiş İnsan
Hüquqlarına dair Avropa Konvensiyasında yaşamaq hüququ
maddəsində ölüm cəzasının
mövcudluğu qeyd olunub. Ancaq 1983-cü
ildə Avropa Şurası tərəfindən qəbul
edilmiş bu Konvensiyanın 6 saylı əlavə Protokolunda
ölüm cəzası birdəfəlik ləğv
olunmuşdur.
A.Vəliyevin qeyd etdiyi kimi, ölüm cəzasını
birdəfəlik ləğv etmək üçün Avropa
dövlətlərinə uzun illər lazım olmuşdur. Əbədiyaşar
Prezidentimiz hakimiyyətə gəldikdən sonra ilk qərarlarından
biri ölüm cəzasına moratorium qoyulması oldu. Bundan sonra ölüm cəzasınin ləğv
olunması yolunda bir neçə siyasi addımlar
atıldı. Heydər Əliyev
ölüm cəzasının ləğvi ilə
bağlı qəti qərar verməzdən əvvəl bu məsələ
ictimaiyyət tərəfindən müzakirə olundu. Müzakirələrdən sonra ölkə Prezidenti
qətiyyətli və humanist bir addım ataraq Şərqdə
ilk dəfə ölüm cəzasının ləğv
olunması ilə bağlı qərar qəbul etdi.
1998-ci il fevral ayının 3-də Prezident Heydər
Əliyev Milli Məclisə ölüm cəzasının ləğv
olunması ilə bağlı müraciət etdi. Müraciətdə
deyilirdi: "Mən cinayət-hüquq siyasətini hərtərəfli
təhlil edərək ədalət, azadlıq, humanizm və
insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq ölkəmizdə
ölüm cəzasının ləğv edilməsi qənaətinə
gəlib bu tarixi bəyanatı vermişəm. Ölüm
cəzasının ləğvini məhz bu siyasətin məntiqi
nəticəsi kimi qiymətləndirirəm".
Parlament ölüm cəzasının ləğvi ilə
bağlı ölkə Prezidentinin təklifini dəstəklədi
və Azərbaycanda ölüm cəzası ləğv
olundu.
Heydər Əliyevin hakimiyyətə
qayıdışdan sonra atdığı ilk addımlardan biri
də Əfv İnstitutunun bərpası olmuşdur. Belə ki, Azərbaycan
Respublikası Prezidentinin 4 may 1995-ci il
tarixli Fərmanı ilə Bağışlama Məsələləri
Komissiyası yaradılmışdır. Həmin
dövrdən bu günə qədər komissiya tərəfindən
minlərlə məhkumun sənədləri
araşdırılmışdır. Nəticədə,
Azərbaycan Prezidenti tərəfindən 37 Əfv Fərmanı
imzalanmışdır.
Bu dövr ərzində məhkum olunmuş şəxslərə
münasibətdə əfv siyasəti ilə yanaşı,
amnistiya aktlarının tətbiqi nəticəsində də
humanistlik göstərilmişdir. Beləliklə, 1995-ci ildən indiyə
kimi imzalanmış 37 Əfv Fərmanı və 8 amnistiya
aktı 65 min məhbusa şamil edilmişdir.
Amnistiya məhkumun cəza çəkməkdən azad
edilməsini, yaxud cəzanın daha yüngül cəza ilə
əvəz edilməsini nəzərdə tutur. Amnistiyanın
tətbiq edilməsi humanizmin və cinayət törətmiş
şəxslərə göstərilən etimadın təzahürüdür.
A.Vəliyev qeyd edir ki, hər hansı bir dövlətdə
amnistiya tətbiq edilərkən bu aktın cəmiyyətdə
doğura biləcəyi nəticələr, onun qəbul edilməsini
zəruri edən şərait, cinayətkarlığın vəziyyəti,
iqtisadi səmərə, dövlətçilik mənafeləri
və digər problemlər hərtərəfli tədqiq
edilir.
Bu baxımdan, son dövrlərdə respublikada
yaranmış ictimai-siyasi sabitlik, cinayətkarlıqla
mübarizənin gücləndirilməsi və hazırda
kriminogen vəziyyətin sabitliyi, iqtisadi durumun getdikcə
yaxşılaşması amnisiya aktlarının qəbul edilməsini
şərtləndirən ən mühüm amillərdəndir.
1999-cu ilin fevral ayının 11-də Ümummilli Liderimiz
Heydər Əliyev "İslah-əmək müəssisələrində
və istintaq təcridxanalarında qanunçuluğun möhkəmləndirilməsi,
cəzaların icrası qaydalarının təmin edilməsi
və hüquqi islahatların həyata keçirilməsinə
dair tədbirlər haqqında" Fərman
imzalamışdır. Bu qanunverici sənəd Azərbaycanın
penitensiar sistemində aparılan islahatların hüquqi
bazasını daha da möhkəmləndirmiş və cəzaçəkmə
yerlərinin fəaliyyətinin təkmilləşdirilməsi
üçün əlverişli zəmin yaratmışdır.
Bu Fərmanla Azərbaycan Respublikası
Prezidentinin yanında dövlət komissiyası
yaradılmışdır. Komissiyaya islah-əmək
müəssisələrində və istintaq təcridixanalarında
qanunvericilik, təşkilati və digər məsələləri
nəzərdə tutan tədbirlər proqramı hazırlamaq,
cəzaçəkmə yerlərinin beynəlxalq standartlara
uyğun təşkili və fəaliyyətinin təmin edilməsi
üçün onların maddi-texniki bazasının möhkəmləndirilməsi,
müasir nəzarət, mühafizə, mühəndis-texniki
qurğularla və digər xüsusi vasitələrlə təchiz
olunması üçün zəruri tədbirlər görmək,
penitensiar müəssisələrin əməkdaşlarının
sosial-müdafiəsinin yaxşılaşdırılması,
onların əmək haqqının artırılması, cəzaçəkmə
yerlərində məhkumların saxlanılması şəraitinin
daha da yaxşılaşdırılması sahəsində tədbirləri
davam etdirmək tapşırılmışdır. Dövlət Komissiyası ölkə
başçısının fərmanına əsasən Tədbirlər
Proqramı hazırlamış və təsdiq edilmişdir.
Bu Proqramda Azərbaycanın penitensiar sistemi
qarşısında duran bir çox vacib problemlər öz həllini
tapmışdır.
Vahid
ÖMƏROV
Səs.-
2016.- 23 yanvar.-S.13